Azərbaycan Avropanı "yaşıl enerji" ilə də təmin etməyə qadirdir

 

Qarabağ və Şərqi Zəngəzurun mövcud potensialı hələ ölkəmizə çox dividendlər gətirəcək

 

Son illərdə Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilib. Xüsusən Rusiya-Ukrayna müharibəsinin başlanması fonunda tətbiq olunan sanksiyalar və rəsmi Moskvanın qaz nəqlini 80 faizə qədər azaltması Avropanın Azərbaycanın mavi qazına tələbatını artırıb. 

Ötən il Avropaya 8,2 milyard kubmetr qaz ixrac edən Azərbaycan bu il 11,3 milyard kubmetr, növbəti il isə bu həcmi artırmaqla təxminən 12 milyard kubmetr təbii qaz nəql etmək niyyətindədir. Eyni zamanda ölkəmiz "yaşıl enerji" layihələrinin təşəbbüskarı kimi çıxış etməklə, növbəti illərdə bərpaolunan enerji sahəsində də etibarlı  tərəfdaşa çevrilmək istəyir.

Bu barədə Prezident İlham Əliyev ötən həftə Buxarestdə "yaşıl enerji" ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına dair plenar iclasda çıxışı zamanı söz açıb. Dövlət başçısı bildirib ki, ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, "yaşıl enerji" təchizatçısına çevrilməyi planlaşdırır: "Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq".

Prezident qeyd edib ki, təkcə bir qlobal enerji şirkəti  Azərbaycanda 10 qiqavat "yaşıl enerji"nin istehsalına yatırımlar etməyi planlaşdırır. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, ixracın birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq.

 

Bərpaolunan enerjinin ümumi elektrik enerjisi istehsalında payı artıb

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü  Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, bərpaolunan enerji mənbələrindən istehsal edilən enerjinin həcmində artım var.

Onun sözlərinə görə, bu  ilin 10 ayında ölkə üzrə enerji istehsalı təxminən 4 faiz, bərpaolunan enerji  mənbələrində isə istehsal 5 faiz artıb. Bu isə ondan xəbər verir ki, bərpaolunan enerjinin ümumi elektrik enerjisi istehsalında payı yüksəlib. Deputat  qeyd edir ki, Azərbaycan hazırda 4 ölkəyə elektrik enerjisi ixrac etsə də, Avropa İttifaqı ölkələrinə də ixracat gözlənilir: "Bu da təbii ki, Azərbaycanın Aİ-yə yalnız ənənəvi deyil, eyni zamanda bərpaolunan enerji ixracatı deməkdir. Bu, bir tərəfdən, Azərbaycanın  strateji mövqeyinin möhkəmləndirilməsi, Avropanın enerji təhlükəsizliyindəki rolunun artırılması, digər tərəfdən, ölkəyə elektrik enerjisi ixracatından daha çox vəsaitin daxil olması baxımından vacibdir. Avropa İttifaqı ilə bərpaolunan enerji mənbələrindən əldə edilən enerjinin ixracatı ilə bağlı əməkdaşlığın formalaşması və gələcəkdə gücləndirilməsi Azərbaycanın regiondakı mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq.

 

Azərbaycan Avropanın ən etibarlı tərəfdaşına çevrilib

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü  Rüfət Quliyev qeyd edib ki, Azərbaycan Avropanın ən etibarlı enerji tərəfdaşına çevrilib. Ölkəmiz Anlaşma Memorandumuna əsasən növbəti ildən Aİ-yə qaz ixracını daha da artıracaq. Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu Aİ ilə ölkəmiz arasında daha sıx münasibətlərin yaranmasına gətirib çıxarır. Bu əlaqələr isə həm Aİ, həm də Azərbaycan üçün önəmlidir.

Deputat deyib ki, Azərbaycan yalnız mavi qaz deyil, "yaşıl enerji" sahəsində də etibarlı təchizatçıya çevrilmək niyyətindədir. Bu istiqamətdə addımlar atılır, ölkəmiz bərpaolunan enerji sahəsində layihələrin təşəbbüskarı kimi çıxış edir.

 Rüfət Quliyev bildirib ki, bundan başqa, Azərbaycan, Türkiyə və Türkmənistan arasındakı razılığa əsasən Trans-Xəzər qaz kəməri layihəsi də gündəmdədir. Hazırda layihə üzərində gedir. Bu layihəni "Cənub qaz dəhlizi"nə inteqrasiya edə bilsək, ildə 20 milyard kubmetr deyil, hətta iki dəfə artıq qaz ixrac edə biləcəyik.

 

Prioritet sahələrdən biri - "yaşıl enerji"yə keçid

 

Ümumiyyətlə, "yaşıl enerji"yə keçid bir çox ölkələr kimi Azərbaycanın da prioritet sahələrindən birinə çevrilib. Elə bunun nəticəsidir ki, ölkəmiz alternativ enerji sahəsində böyük layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edir, həmçinin xarici şirkətlərin, sərmayədarların bu sahəyə investisiya yatırmasına şərait yaradır.

Ölkədə bu istiqamətdə atılan addımlar, xüsusən torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə bərpaolunan enerjinin əldə edilməsi üçün potensialın olması bu enerji növünün istehsalının artmasına gətirib çıxaracaq.

Perspektiv nəzərə alınaraq Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min  40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

İşğaldan azad edilmiş ərazilər, yəni 10 min kvadratkilometr ərazi "yaşıl enerji" zonası elan olunub.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 21 dekabr.- S.5.