Dünya ermənilərin üzünə getdikcə daha yaxşı bələd olur

 

Artıq onların yalanlarına inanan yoxdur

 

 

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistanın hərbi arsenalını darmadağın etdi. 10 noyabr üçtərəfli Bəyanatını imzalamaqla Nikol Paşinyan Ermənistanı dövlət kimi məhv olmaqdan xilas etdi. Müharibə zamanı Ermənistan ordusu tamamilə darmadağın edilsə də, erməni şər maşını bütün gücü ilə fəaliyyətini davam etdirir. Bunların qarşısı qətiyyətlə alınsa da, onlar öz mənfur əməllərindən əl çəkmək istəmirlər.

Azərbaycan Prezidenti humanistlik göstərib ermənilərlə danışıqlar masası arxasında oturdu. Ermənistana beş bəndlik sülh təklif olundu... Azərbaycan tərəfi erməni vətəndaşlarına barışıq əli uzatdı. Minnətdarlıq əvəzinə qarşı tərəf nə etdi? 2022-ci ilin sentyabrında sərhədlərimizdə genişmiqyaslı terror törətdi. Yenidən qan töküb hay-həşir saldı. Milyarder Ruben Vardanyanın "havasına" oynadılar. R.Vardanyanın maddi vəsaiti hesabına meydanlara çıxıb, mübtəla olduqları köhnə azarlarından xilas olmadıqlarını göstərməyə başladılar. Revanşistlər onlara humanitar məqsədlər üçün verilmiş Laçın yolundan çirkin məqsədləri üçün istifadə etməyə, silah-sursat daşımağa başladılar. "Gorbagor" olmuş "status" məsələsini yenidən gündəmə gətirməyə cəhd etdilər. Sülh protokolunu imzalamaq əvəzinə özlərini ərköyün uşaq kimi aparmağa başladılar. Bu azmış kimi Qarabağda faydalı qazıntılarla zəngin olan "Dəmirli" və "Qızılbulaq" mədənlərinin qanunsuz istismarına başladılar.

Bu dəfə Azərbaycan cəmiyyətindən, mülki vətəndaşlardan, xalqdan ermənilərin özbaşınalığına daha sərt təpki gəldi. Vətəndaş cəmiyyətinin üzvləri igidlərimizin canı ilə ermənidən geri aldıqları torpaqlara üz tutdular. İctimai fəallar ermənilərin silah-sursat daşıdıqları, təbii sərvətlərimizi talayıb apardıqları Laçın yolunda etiraz aksiyasına start verdilər. Vətəndaş cəmiyyəti üzvlərinin ermənilərin özbaşınalıqlarına qarşı keçirdikləri etiraz aksiyası erməni cəmiyyətinə tərs bir şillə oldu. Vətənpərvərlər keçirdikləri etiraz aksiyası ilə bu torpağın qanuni sahiblərinin kim olduğunu ermənilərə, onların "yeni lideri" Ruben Vardanyana bir daha anlatdılar ki, Azərbaycanın ərazisində oturub mənəm-mənəmlik etmək olmaz. Ruben Vardanyan ermənilərə oğurladığı, çirkli yollarla qazandığı pullarından paylaya bilər, amma Azərbaycanın sərvətlərini talayıb Ermənistana daşıya bilməz. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bütün məsələlər birdəfəlik həll olunub. İndi Qarabağda yaşayan ermənilərə səhvlərini etiraf edib, Azərbaycanın qanunları ilə yaşamaq qalır. Bunu onlar da, bölgəyə münasibətləri normallaşdırmaq üçün gələn Rusiya sülhməramlıları da anlasalar, daha yaxşı olar.

Bu soyuq, qarlı-şaxtalı havada günlərdir ki, vətənpərvər Azərbaycan gəncləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər Laçın yolunda fasiləsiz etiraz aksiyası keçirirlər. Aksiyaçıların tələbi olduqca sadədir: "Torpaqlarımızda ekoloji terrora son qoyulsun", "Ermənilərin qanunsuz istismar etdikləri "Dəmirli" və "Qızılbulaq" mədənlərində ekoloqlara monitorinq aparmaq üçün şərait yaradılsın!" Çox təəssüf ki, Rusiya sulhməramlılarının komandanı general-mayor Andrey Volkov hələlik bu sadə şərtləri yerinə yetirməkdən yayınır. Vətənpərvər gənclərimiz, vətəndaş cəmiyyətinin üzvləri isə prinsipial olaraq haqlı mövqelərində qaldıqlarını, tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərində israrlı olduqlarını bildirirlər. Bizimlə söhbətində  Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı dedi: "Bu gün aksiyamızın onuncu günüdür. Ekoloji terrora "yox" deməklə başlayan aksiya davam edir. Ermənilərin torpaqlarımızda oturub onu talamağa, ekoloji terror etmələrinə imkan vermək olmaz. Bu gün Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onları yaşadıqları dövlətin qanunlarına riayət etməyə çağırırıq. Anlamalıdırlar ki, torpağımızda yaşayıb bizimlə zordan, gücdən danışmaq olmaz. Qanun hamı üçündür.

Məlumat üçün bildirək ki, humanitar məqsədlə ermənilərə verilmiş Laçın yolunu bağlamamışıq. Ehtiyacı olan ailələr sülhməramlıların müşayiəti ilə aksiyanın  ilk günündən bu yolla istədikləri vaxt hərəkət edə bilirlər. Ermənilərə qazın verilməsi ilə bağlı onu deyə bilərəm ki, bu, separatçıların özlərinin qurduqları oyun idi. Təxribat törədib dünyaya göstərmək istəyirdilər ki, Azərbaycan qazın nəqlini dayandırıb. Bu gün bizim etiraz etdiyimiz ərazidən Beynəlxalq Qızıl Xaç Təşkilatının 8 maşından ibarət  kolonu maneəsiz olaraq Xankəndiyə getdi. Bütün bunlar onu deməyə əsas verir ki, erməni "ideoloqlar"ı Qarabağda yaşayan soydaşlarını özlərinin siyasi oyunlarının əsiri ediblər. Hər gün bir yalan uydurub ondan təbliğat üçün istifadə edib xal qazanmaq istəyirlər. Artıq erməni yalanları da keçmir. Dünya ictimaiyyəti ermənilərin üzünə getdikcə yaxşı bələd olur.

Aksiyamız tələblərimiz yerinə yetirilənə qədər davam edəcək. Biz sülh istəyirik. Biz müharibə istəmirik. Biz erməni əsilli vətəndaşlarımızın da müharibədə həlak olmasına "yox" deyirik".

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 21 dekabr.- S.6.