Bakıda diaspor məsələlərinə
məsul dövlət qurumları rəhbərlərinin beynəlxalq
forumu işə başlayıb
Tədbir çərçivəsində Azərbaycan,
Özbəkistan, Türkiyə və
Qırğızıstanın diaspor məsələlərinə
məsul qurumları arasında anlaşma
memorandumları imzalanıb
Dekabrın 20-də Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Əvvəlcə iştirakçı qurumların 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyasının müzakirəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Türk Dövlətləri Təşkilatının ərsəyə gəlməsinə gedən yolun məhz 2009-cu il Naxçıvan Zirvə Görüşündən başlaması təsadüfi deyil. Qeyd edilib ki, Prezident İlham Əliyevin dediyi kimi, canı və qanı bir türk ölkələri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan, diaspor məsələlərinə məsul qurumların üzərinə düşən vəzifə dünya türklərinin vahid yumruq kimi bir hədəfə vurmağı bacaran ümumtürk diasporunda birləşməsinə öz töhfəsini verməkdir.
“Azərbaycan fikir adamları, siyasət, elm və mədəniyyət xadimləri ilə həmişə Türk dünyasına öz layiqli töhfələrini verib və bundan sonra da verəcəkdir.
Dünya türklərinin yumruq kimi birləşərək ümumtürk diasporunu yaratması diaspor məsələlərinə məsul qurumların əsas məqsədlərindən biri olmalıdır”, - deyə F.Muradov vurğulayıb.
Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren deyib ki, bu görüşdə iştirak etmək və ortaq həll yolları tapmaq türksoylu diasporların əməkdaşlığına müsbət təsir edəcək.
Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Yerjan Mukaş qeyd edib ki, diasporlar düzgün istiqamətləndirildiyi təqdirdə, ölkələrimiz üçün siyasi, iqtisadi və sosial baxımdan faydalı ola bilərlər.
Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi ölkəsinin xaricdəki macar icmaları ilə bağlı siyasətinin ölkədən kənardakı macarların milli kimliyinin, dilinin, mədəniyyətinin, habelə ana vətənlə əlaqələrinin gücləndirməsinə yönəldiyini diqqətə çatdırıb.
Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev vurğulayıb ki, son illər türkdilli dövlətlərin inteqrasiyasına yönəlmiş əməkdaşlıq təqdirəlayiqdir. İnteqrasiya prosesi Avrasiya məkanında analoji layihələrlə müqayisədə öz dinamikliyi ilə seçilir.
“Biz - ortaq köklərə malik olan, demək olar eyni dildə danışan, eyni dinə etiqad edən, eyni münbit torpaqlarda yaşayan türkdilli xalqlar əcdadlarımızın nəsihətlərinə biganə qalmamalıyıq”, - deyə o qeyd edib.
Özbəkistan Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri komitəsinin sədri Rustambek Kurbanov bildirib ki, təşkilata üzv dövlətlərin rəhbərlərinin mütəmadi görüşləri və onlar arasında mövcud səmimi əlaqələr türkdilli dövlətlər arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün əsas olacaq.
Qazaxıstanın “Otandastar” Fondunun prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Kalybek Koblandin deyib ki, son illərdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlığın inkişafına, o cümlədən diasporların qarşılıqlı fəaliyyətinə böyük diqqət yetirilir.
Diaspor məsələləri üzrə dövlət qurumlarının rəhbərlərinin Birgə Bəyanatı xalqlarımız və ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə təkan verəcək.
Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Katibliyinin rəisi Kemal Köprülü çıxışında Türk dünyasının bir parçası olan Şimali Kipr Türk Cümhuriyyətini TDT-yə müşahidəçi üzv qəbul edən bütün üzvlərə təşəkkürünü bildirib.
Forumda dünyadakı türk diasporlarının inteqrasiyasına yönəlmiş mühüm layihələr, TDT-yə üzv ölkələr arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsi, diaspor qurumları arasında işbirliyinin vacibliyi, vətəndən kənarda yaşayan türk icmalarının ana dilində təhsil almaq imkanlarına malik olması və digər vacib mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.
Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu öz işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirəcək.
Azərbaycan.- 2022.- 21 dekabr.- S.9.