Azərbaycanda islamşünaslığa dövlət səviyyəsində önəm verilir

 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və "İdrak" İctimai Birliyinin birgə təşkil etdikləri "Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq" mövzusunda beynəlxalq forum öz işinə başlayıb. Tədbirdə ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra torpaqlarımızın qorunması uğrunda şəhid olanların ruhlarına hörmət əlaməti olaraq, Aİİ-nin tələbəsi Əmrah Eminovun təqdimatında Quran tilavəti təqdim edilib.

Aİİ rektoru, dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edərək vurğulayıb ki, forumun işində MDB dövlətlərindən və dünyanın bir çox ölkəsindən islamşünaslıq sahəsində tanınmış tədqiqatçılar iştirak edirlər. Forumun Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayan rektor qeyd edib ki, Azərbaycan MDB məkanında islamı qəbul edən ilk ölkə olub. O, həmçinin qeyd edib ki, müstəqil Azərbaycanda islamşünaslığa dövlət səviyyəsində önəm verilir. A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını və bu sahənin ayrıca bir ixtisas kimi tədris olunmasını deyilənlərə nümunə olaraq göstərib. 

 "İdrak" İctimai Birliyinin sədri Rüfət Quliyev "Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq" mövzusunda keçirilən beynəlxalq forumun işinə uğurlar arzulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, dünya miqyasında dini ayrı-seçkiliyin qabardıldığı, dinin siyasiləşdirildiyi və ya siyasi maraqların həyata keçirilməsində alətə çevrildiyi, bilərəkdən dini zəmində qarşıdurmalara rəvac verildiyi müasir dövrdə qlobal sülh və təhlükəsizlik naminə dinlər arasında harmoniya, dialoq və əməkdaşlığa nail olunması, o cümlədən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması prioritet məsələyə çevrilib.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov islam dininin yayılma tarixi, mövcud durumu barədə bəhs edərək hazırda Rusiyada yaşayan müsəlmanların sayı, məskunlaşdıqları ərazi barədə fikirlərini bölüşüb. İslamın Rusiya mədəniyyətinin əhəmiyyətli bir parçasına çevrildiyini, həmçinin müsəlman cəmiyyətinin ölkənin çoxmillətli əhalisinin vacib tərkib hissəsi olduğunu nəzərə çatdırıb. O, MDB ölkələrində islam elmlərinin tədqiqi və tədrisi məsələlərinə də toxunub.

Forumda çıxış edənlər qeyd ediblər ki, bu tədbirin keçirilməsində məqsəd MDB ölkələrində islamşünaslıq istiqamətində mövcud vəziyyəti müzakirə etmək, bu sahənin aktual problemlərinin tədqiqinə marağı artırmaq, həmçinin tədqiqatçılar arasında qarşılıqlı elmi əməkdaşlığı təşviq etməkdir.

 

Azərbaycan.- 2022.- 21 dekabr.- S.9.