Diaspor Məsələlərinə məsul Dövlət
Qurumları Rəhbərlərinin Beynəlxalq Forumu
Şuşada yekunlaşıb
Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Forumunun ikinci günü ölkəmizin mədəniyyət paytaxtı Şuşada davam edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Gəncə qapılarını və güllələnmiş heykəlləri ziyarət edən qonaqlara şəhərdə aparılan yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verilib.
Şuşadakı forum üzv dövlətlərin öz ərazilərində yaşayan və fəaliyyət göstərən iştirakçı dövlətlərin diasporlarının fəaliyyətinin qarşılıqlı tənzimlənməsi və koordinasiya məsələlərinin müzakirəsindən başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən forumun ikinci günündə Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov tədbir iştirakçılarına Şuşada aparılan abadlıq və bərpa-quruculuq işləri, eləcə də gələcək planlar barədə məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 200 milyonluq Türk dünyasının bir araya gəlməsində diasporun mühüm rolunun olduğunu bildirib, komitənin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Forumun iştirakçısı olan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının nümayəndələri diasporlar arasında ardıcıl və sistemli əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar.
Daha sonra 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi təklif olunan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, "Türk diasporu həftəsi"nin keçirilməsi təklif edilib.
Tədbir Diaspor
Məsələlərinə məsul Dövlət
Qurumları Rəhbərlərinin Beynəlxalq
Bakı-Şuşa Forumunun
iştirakçı qurumlarının birgə Bəyanatının
qəbul olunması ilə yekunlaşıb.
Azərbaycan.-
2022.- 22 dekabr.- S.6.