Laçın yolu yalnız humanitar təyinatlıdır
Ermənistanın bu yoldan
hərbi cinayətlər törətmək üçün
istifadəsinə imkan verilməyəcək
Ermənistan tərəfi 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının müddəalarını yerinə yetirmir. Üç ölkə liderinin sözügedən tarixdə imzaladığı bəyanatın dördüncü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb.
Sənədin doqquzuncu bəndi isə pozularaq bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Eləcə də Ermənistan tərəfindən Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunaraq üçtərəfli Bəyanatın altıncı bəndinə zidd fəaliyyət göstərilir.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində separatçı rejimin "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarını və Laçın yolu vasitəsilə sərvətlərimizin talanmasını həyata keçirməsi buna real nümunədir.
Laçın yolundan sui-istifadə
edilməsinin qarşısı alınır
Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması, sülhə nail olunması üçün təkmil sülh modeli təqdim edib. Həmçinin qalib Azərbaycan sülh sazişinin bağlanması istiqamətində böyük əzm və iradə nümayiş etdirib. Laçın avtomobil yolunun vaxtından xeyli əvvəl istifadəyə verilməsi də bunun bariz nümunələrindən biridir.
Lakin ötən müddət ərzində Ermənistan tərəfi 2020-ci il üçtərəfli Bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla bir daha təsdiq olunmuş öhdəliklərini pozmağa yönəlik davranışlar sərgiləyib, kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını yubadıb, Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən yayınıb və s.
Eyni zamanda məlum olub ki, Ermənistan Laçın yolundan öz ölkəsində istehsal olunan minaları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonuna daşımaq və Azərbaycana qarşı təxribatlar törətmək məqsədilə istifadə edib. Belə ki, bu ilin avqustundan etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş piyada əleyhinə 2728 mina aşkar edilib. Ermənistan istehsalı olan minalar yerləşdirilmiş sahə artıq Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri tərəfindən yoxlanılıb.
Bu barədə dekabrın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə məlumat verərək bildirib ki, minaların Azərbaycan ərazisinə gətirilməsi yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan sui-istifadə edilməsidir.
Humanitar keçidə
heç bir maneə yoxdur
Dekabrın 12-dən Şuşa-Laçın
yolunda ekofəallarımız
və QHT nümayəndələrimiz
Rusiya Federasiyası sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərində
separatçı rejimin
təbii sərvətlərimizi
talamasına, ekologiyamıza
qarşı terror törətməsinə, "Qızılbulaq"
qızıl və
"Dəmirli" mis-molibden
yataqlarının qanunsuz
istismarını həyata
keçirməsinə qarşı
etiraz edirlər.
Vətəndaş cəmiyyətimizin üzvləri Azərbaycanın
sözügedən ərazilərində
təbii sərvətlərin
qeyri-qanuni istismarının
dayandırılmasını, bütün təbii sərvətlərin istismarının
Azərbaycan Respublikası
qanunvericiliyi əsasında
həyata keçirilməli
olduğunu bəyan edirlər.
Ekoloji hüquqların
müdafiəsi sahəsində
fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin, ictimai fəalların tələbləri arasında
Şuşa-Laçın yolundan
hərbi məqsədlər,
minaların, silah-sursatın
və talan olunan təbii sərvətlərin daşınması
məqsədilə istifadə
edilməsinə də
son qoyulması var. Vətəndaş
cəmiyyətinin nümayəndələri
Laçın yolundan hərbi məqsədlər
üçün deyil,
üçtərəfli Bəyanatda
razılaşdırıldığı kimi yalnız humanitar məqsədlər
üçün istifadə
edilməli olduğunu
bildirirlər.
Rəsmi İrəvan
isə hər zaman olduğu kimi, Azərbaycan ictimaiyyətinin haqlı narazılığını nümayiş
etdirdiyi dinc etiraz aksiyası ilə bağlı qərəzli iddialar səsləndirır, guya Laçın yolunun bağlanması, bölgədə
humanitar fəlakət
yaşanması, etnik təmizlənmə həyata
keçirilməsi barədə
böhtan və yalan xarakterli məlumatlar yayır.
Lakin faktiki olaraq Şuşa-Laçın yolu
Rusiya sülhməramlıları
tərəfindən bağlanıb. Dekabrın 12-dən etibarən davam edən aksiya zamanı etirazçılar
tərəfindən Laçın
yolundan humanitar yükləri daşıyan
avtomobillərin keçidinə
heç bir maneçilik törədilməyib.
Bu isə, həm də onu göstərir ki, Azərbaycan vətəndaş cəmiyyətinin
üzvlərinin, QHT nümayəndələrinin,
ekofəalların və
könüllülərin iştirakı
ilə keçirilən
dinc etiraz aksiyası sayəsində
Laçın yolundan öz təyinatı üzrə, yalnız humanitar məqsədlərlə
istifadə edilməsinə
nail olunub. Başqa sözlə, daha
Laçın yolunda erməni separatçılarının
at oynatmasına, Azərbaycana
qarşı təxribatlar
törətməsinə imkan
verilmir.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 22 dekabr.- S.8.