Azərbaycanın və Rusiyanın XİN başçıları Laçın yolu ətrafında vəziyyəti müzakirə ediblər

 

Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədə və Laçın yolu ətrafında mövcud vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini və Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, azərbaycanlı fəalların etiraz aksiyasının Azərbaycan ərazilərində ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətinə qarşı həyata keçirildiyi, habelə hərbi təxribatların qarşısının alınması barədə etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu vurğulanıb.

Yoldan humanitar məqsədlər üçün istifadə edilməsinə bütün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfinin və Azərbaycan ərazilərində erməni sakinlərin “nümayəndələri” kimi özlərini təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin, bununla süni şəkildə guya humanitar vəziyyətin pisləşməsi təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.-23 dekabr.- S.4.