Azərbaycan ilə Türkiyə arasında tikinti sahəsində Anlaşma
Memorandumu imzalanıb
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ankara şəhərində qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş əvvəlcə təkbətək, sonra geniş tərkibdə keçirilib.
Görüşdə iki ölkə arasında uğurla davam edən strateji müttəfiqlik münasibətlərindən məmnunluq ifadə edilib, bu münasibətlər çərçivəsində iki nazirlik arasında tikintidə təhlükəsizlik məsələləri üzrə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb. Həmçinin görüşdə iki qurum arasında tikintidə qiymətqoyma və nəzarət, tikintinin keyfiyyət və təhlükəsizliyinin artırılması və digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə
“Azərbaycan-Türkiyə İqtisadi
Əməkdaşlığına dair Fəaliyyət
Planı”nın icrası ilə əlaqədar birgə
hazırlanmış “Azərbaycan Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa
dair Protokol” və “Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin
təkmilləşdirilməsi sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənədlər tikintidə
qiymətqoyma sisteminin təkmilləşdirilməsi,
tikintidə nəzarət, təbii fəlakətlər nəticəsində
tikililərə və infrastruktura dəymiş
zərərin qiymətləndirilməsi və aradan
qaldırılması, tikintidə innovativ
texnologiyaların tətbiqi kimi prioritet sahələr üzrə əməkdaşlıq
məsələlərini əhatə edir.
Azərbaycan.-
2022.-22 dekabr.- S.4.