Gün gələcək Qərbi
Azərbaycandan olan soydaşlarımız əzəli torpaqlarına qayıdacaqlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Məlumat verildi ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Diqqətə çatdırıldı ki, əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və “Qarabağa dönüş” İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verildikdən sonra təmir edilib və zəruri avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur. Binada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomateriallar nümayiş olunur. Binada, həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri sərgilənir.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə giriş nitqi söylədi.
Prezident İlham Əliyevin giriş nitqi
- Mən ikinci dəfədir ki, bu binadayam. On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik.
Bildiyiniz kimi, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Bunu deməyə əsas verən
bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi
xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan
rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə
əsas verir. Bu gün Zəngilan rayonunun
Ağalı kəndində yaşayan insanların böyük
əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar
üçün doğma olan o torpaqları heç vaxt
görməmişlər. Torpaq həsrəti
və Vətən sevgisi onları oraya getməyə vadar etdi.
Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər
də az deyil. Yəni, bu,
xalqımızın xüsusiyyətidir, torpaq həmişə
çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar
da bu fikirlə, bu arzu ilə yaşayırlar.
Qərbi Azərbaycan bizim
tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər
təsdiqləyir, tarixi xəritələr təsdiqləyir,
bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər
Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim
bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər,
dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək
istəyiblər, ancaq buna nail ola bilməyiblər.
Çünki tarix var, sənədlər var, xəritələr
var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə
təsadüf edən xəritə bir daha onu göstərir
ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin adları Azərbaycan
mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan
ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki,
dünya ictimaiyyəti də bunu bilsin. Artıq
bu istiqamətdə işlər başlamışdır.
Ancaq, əminəm ki, İcma bu işləri
daha məqsədyönlü şəkildə və nəticəyə
hesablanmış tərzdə aparacaqdır.
Xalqımız əsrlər
boyu öz hüquqlarını qorumaq üçün, öz
tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq
göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif
vaxtlarında bizim xalqımız öz doğma
torpaqlarından məhrum edilmişdir. XX əsr
bu baxımdan xalqımız üçün çox
böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan
Xalq Cümhuriyyəti özünün ilk qərarlarından
birində bizim tarixi şəhərimizi – İrəvanı
Ermənistana faktiki olaraq bağışlamışdır.
Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət
idi və cinayət idi. Bunu biz
hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.
Biz heç vaxt tariximizi təhrif etməməliyik.
Tariximizdə şanlı səhifələr
də olub, əfsuslar olsun ki, qara səhifələr də
olub. Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması, qısamüddətli fəaliyyəti
haqqında mən dəfələrlə öz fikirlərimi
bildirmişdim. Azərbaycan Demokratik
Respublikasının qurucularının fəaliyyətini
yüksək qiymətləndirmişdim. Bu, doğrudan da
dünya miqyasında, müsəlman aləmində ilk
respublika idi, baxmayaraq ki, cəmi iki il
yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin
qara səhifələrini də unutmamalıyıq,
ört-basdır etməməliyik. Birincisi,
tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir.
İkincisi, bu faciəvi hadisə hamımız
üçün dərs olmalıdır.
O vaxt bu qərarı müxtəlif səbəblərlə
izah etməyə çalışanlar da olub, bu gün də
var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən
deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər.
Əgər kimsə hesab edirdi ki, İrəvanı
orada yaşayan insanlardan xəbərsiz öz doğma
diyarından məhrum etməklə Ermənistan və ermənilər
kifayətlənəcək, böyük səhv edirdi və
sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci
ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin
təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru
da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər.
Bu, xalqımıza qarşı növbəti
cinayət idi. Bunun da məqsədi tam
aydın idi. Birincisi, erməni millətçiləri
sovet hökumətində mühüm vəzifələrdə
idi. Digər tərəfdən, Azərbaycanı
Naxçıvandan və Türkiyədən coğrafi
nöqteyi-nəzərdən ayırmaq üçün
atılmış bir addım idi.
Yəni, görün, cəmi iki il ərzində xalqımızın
başına nə qədər böyük bəlalar gətirildi.
Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı
Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan
özümüzü sığortalamış ola
bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir
daha onu göstərir ki, bu, çox yanlış, səhv
addım idi və dediyim kimi xəyanət idi. Hətta
səndən güclü olan qüvvə qarşısında
heç vaxt geri addım atmamalısan, hər zaman öz
hüququnu qorumalısan, xüsusilə doğma
torpağını qorumalısan.
Bununla Qərbi azərbaycanlıların
faciələri bitmədi. Hamımız
yaxşı bilirik ki, 1948-1953-cü illərdə
xalqımız növbəti deportasiyaya məruz
qalmışdır. Bu, sovet hökumətinin
Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan
xalqına qarşı törədilmiş növbəti cinayəti
idi. Bu, eyni zamanda, böyük ədalətsizlik
idi, vicdansızlıq idi. Çünki İkinci
Dünya müharibəsi cəmi 3 il idi ki,
başa çatmışdır. Azərbaycan
xalqı böyük fədakarlıq göstərmişdir.
Təkcə sovet Azərbaycanından olan
insanların 300 mini həlak olmuşdur. O vaxt sovet Ermənistanında
yaşamış on minlərlə azərbaycanlı da həlak
olmuşdur. Azərbaycan İkinci Dünya
müharibəsində faşizm üzərində əldə
edilmiş Qələbədə müstəsna rol
oynamışdır. Azərbaycan nefti
olmasaydı sovet dövləti heç vaxt qələbə
qazana bilməzdi. Bunu hər kəs bilir.
Bu rəqəmlər dəfələrlə səsləndirilib.
Benzinin, sürtkü yağlarının və
neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz
edilirdi. Bütün bunlara baxmayaraq,
xalqımıza qarşı növbəti cinayətin törədilməsi,
yenə də deyirəm böyük vicdansızlıqdır və
saxta bəhanə adı altında xalqımız növbəti
deportasiyaya məruz qalmışdır.
Nəhayət 1980-ci illərin
sonlarında sovet hökuməti xalqımıza qarşı
növbəti cinayət törətdi. Bu dəfə
Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən
istifadə edən həm erməni millətçiləri, həm
onların sovet hökumətindəki havadarları dərhal hərəkətə
keçdilər. Heydər Əliyev 1987-ci
ilin noyabrında bütün vəzifələrdən
uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri
baş qaldırdılar. Sovet hökuməti
onlara dəstək oldu və həm Qarabağda, həm
ovaxtkı Ermənistan Respublikasında xalqımıza
qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan
deportasiya edildi və biz bu tarixi yaxşı bilirik,
xatırlayırıq və azərbaycanlıların
yaşadıqları o məntəqələrin sayını
da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar
yaşayırdılar. Mən ovaxtkı Ermənistanı
nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə
tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət
təşkil edirdilər və bütövlükdə 300-dən
çox şəhər və kənddə azərbaycanlılar
yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı,
qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr
verildi. Bütün bu cinayətlər sovet
hökumətinin gözünün önündə baş
vermişdi. Sonuncu kəndimiz Nüvədi
1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da
azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət
törədildi.
Qarabağın və Şərqi
Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni,
görün, təkcə XX əsrdə xalqımız nə
qədər böyük bəlalarla üzləşmişdir.
Ancaq sınmadı, əyilmədi,
inamını itirmədi, güc topladı və nəticədə
istədiyinə nail oldu. İki il
bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə
yerinə yetirərək ədaləti bərpa etdik,
düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın
ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq,
qururuq, yaradırıq, dağıntıları aradan
qaldırırıq və dünyaya göstərməyə
çalışırıq ki, gəlin, baxın, gözlərinizi
açın, bu vəhşilikləri törədən sizin
sevimli erməni xalqıdır. Bu cinayətləri
hansısa yad planetdən gələnlər yox, sizin sevimli və
himayəniz altında olan erməni xalqı törədib, məscidləri
dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri
dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər.
Sadəcə olaraq, dünya ictimaiyyəti bunu
görmür, ya da ki, görmək istəmir. Necə ki,
Qarabağda erməni vəhşilikləri faktiki olaraq
heç kim tərəfindən təsdiqlənmirdi.
Halbuki iki dəfə ATƏT-in
faktaraşdırıcı missiyası o vaxt işğal
altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə
də ikili standartlar görürük.
Bir tərəfdən, o vəhşilikləri,
dağıntıları, qanunsuz məskunlaşmanı etiraf
etməyə məcbur oldular, digər tərəfdən yenə
də balanslı yanaşaraq işğalçı ilə
işğala məruz qalanı necə deyərlər, bir
müstəviyə qoydular. Ona görə Qərbi
Azərbaycanda ermənilər tərəfindən törədilmiş
dağıntılar mütləq dünya ictimaiyyətinə
çatdırılmalıdır. Əminəm
ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin
dəstəyi ilə bunu edəcək.
Bütövlükdə XX əsrdə
xalqımızın çəkdiyi əzablar haqqında
dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər
zaman həqiqəti deyirik. Azad edilmiş
torpaqlara gələn 10 minlərlə xarici vətəndaş
bu gün artıq öz gözləri ilə görür ki,
xalqımız hansı vəhşiliklərə məruz
qalıb. Bu gün orada gedən
genişmiqyaslı quruculuq işləri bir daha
xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin
timsalında biz xalqımızın tarixi yaddaşını
görürük. Çünki oranı
heç vaxt görməyən uşaqlar, gənclər oraya
qayıdıblar. Əminəm ki, biz
eynisini Qərbi Azərbaycanda da görəcəyik.
Bu il başa
çatır. İl ərzində bir çox
önəmli hadisələr baş vermişdir. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən
hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim
tarixi şəhərlərimiz bu gün artıq vizual
müşahidə yolu ilə gözümüzün
önündədir. Bu gün biz artıq
Bala Göyçənin sahilindəyik. Bu
gün biz Göyçə gölünü binoklsuz
görürük. Birincisi, hesab edirəm
ki, bu, ədalətlidir. İkincisi, sentyabr
toqquşmaları bizi gələcəkdə böyük
problemlərdən sığortalayacaq. Çünki
Ermənistanda revanşist qüvvələr baş
qaldırır, - istər iqtidarda, istər müxalifətdə,
- faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin
şüuru o qədər zəhərlənib, azərbaycanofobiya
o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq
normal düşüncəyə malik olan, - mən siyasi sahəni
nəzərdə tuturam, - qalmayıb. Ona görə
onlar revanş fikri ilə yaşayırlar. Onlar
yenə də ümid edirlər ki, kimsə gələcək
onların əvəzinə bizimlə müharibə aparacaq,
onlar da hər zaman olduğu kimi, hansısa himayədarın
arxasında gizlənərək yenə də bizə
qarşı öz məkrli planlarını həyata
keçirəcəklər. Bax,
özümüzü bundan sığortalamaq üçün
biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində
daha əlverişli mövqelərə sahib olmalı idik və
buna nail olduq.
Bu gün yerləşdiyimiz
yüksəkliklərdən hətta Naxçıvan
dağları da görsənir. Yəni, bu, doğrudan
da tarixi nailiyyətdir. Qarabağın,
Şərqi Zəngəzurun döyüş meydanında azad
edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan
tarixində qalacaq. Bu il əldə
edilən həm hərbi, həm siyasi uğurlarımız da
gələcək üçün zəmin yaradır. Həm
qayıdış üçün, həm təhlükəsizlik
üçün, həm Azərbaycanı güclü dövlət
kimi qəbul etmək istəməyənlər
üçün də bir dərs oldu və bir daha göstərdi
ki, bizi heç kim və heç nə
dayandıra bilməz. Mən bunu artıq bir
neçə dəfə demişəm, bu gün də demək
istəyirəm. Bu gün Laçın
yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan
isterikasına səbəb olub. Burada təkcə
Ermənistan yox, bəlkə də onlardan daha çox
onların xaricdəki havadarları, onların arxasında
dayanan dövlətlər yenə də Azərbaycana
qarşı qarayaxma kampaniyası başlamışdır və
biz bu gün görüşdüyümüz vaxtda BMT-də
bizə qarşı növbəti təxribat hazırlanır.
Artıq bir neçə gündür ki,
xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr
bizə qarşı növbəti çirkin planlarını
həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə
bilmirlər, neçə gündür əlləşirlər.
Gələn həftə də öz səylərini
göstərəcəklər. Yəni,
Laçın yolunda baş verən hadisə gün kimi
aydındır. Bu, bizim legitim
hüququmuzdur. Bizim təbii sərvətlərimiz
istismar edilir, təbii sərvətlərimiz
daşınır. O təbii sərvətlərimizi
istismar edənlər istənilən beynəlxalq hüquqi
normaya görə cinayətkardırlar. Çünki
bu, bizim beynəlxalq birlik tərəfindən
tanınmış ərazimizdir və haqlı tələbimiz
var ki, bizim ictimaiyyət nümayəndələri və ilk
növbədə, ondan əvvəl dövlət
qurumlarının nümayəndələri monitorinq
keçirməlidirlər. Baxmalıdırlar
orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət
dayandırılmalıdır. Bizim
haqlı tələbimiz bundan ibarətdir. Ancaq
bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə
təqdim olunur. Yenə yalan, yenə iftira, yenə
böhtan, kim bunu edir, biz hamımız
yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan
dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək.
Biz artıq bunu dəfələrlə sübut etmişik və
İkinci Qarabağ müharibəsi bunu göstərdi,
müharibədən keçən iki il
bunu göstərdi. Heç kim bizə təsir
göstərə bilməz. Zənglər ola
bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət
vermək lazım deyil. Sadəcə olaraq, siyasi
nəzakət naminə biz bu zənglərə cavab veririk.
Ancaq bu, bizim mövqeyimizi zərrə qədər
dəyişməyəcək.
Hesab edirəm ki, Qərbi Azərbaycan
İcmasının bundan sonra daha mütəşəkkil
formada fəaliyyət göstərməsi hamımız
üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan
olan insanlar üçün, həm də bütün Azərbaycan
xalqı üçün. Hesab edirəm ki, biz bu
işi bundan sonra daha məqsədyönlü şəkildə
aparmalıyıq. Yəni, təşkilat
qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini
göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən
veriləcəkdir. Ona görə hesab edirəm
ki, İcma bir neçə istiqamət üzrə öz
işini davam etdirməlidir. Əlbəttə
ki, ölkə daxilində bu İcmanın fəaliyyəti
daha da gözəgörünən olmalıdır. Hər
halda Azərbaycan çərçivəsində bu
İcmanın fəallığı çox önəmli ola bilər.
Bununla bərabər, hesab edirəm
ki, İcmanın bundan az əhəmiyyət
kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti
olmalıdır. Çünki biz bu həqiqətləri
dünya ictimaiyyətinin diqqətinə
çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini
çatdırmışdıq. Faktiki
olaraq biz 1990-cı illərin əvvəllərində
Qarabağ münaqişəsi ilə bağlı təhrif
edilmiş təsəvvürü tamamilə dəyişdirə
bildik. İnformasiya müharibəsi və İkinci
Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti
xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar
keçirilməlidir. Azərbaycan diaspor təşkilatları
ilə birlikdə aksiyalar keçirilməlidir. Bizim bir
çox ölkələrdə diaspor təşkilatlarımız
var və bu il biz Şuşada tarixi Azərbaycan
diaspor təşkilatlarının qurultayını
keçirdik. Xarici ölkələrin siyasi dairələri,
mətbuat və qanunvericilik orqanları ilə təmaslar
qurulmalıdır. Yəni, biz haqlı
olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit
edilmiş hüquqdur.
Qərbi azərbaycanlılar
qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz
qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir
və onlar öz doğma torpaqlarına
qayıtmalıdırlar. Mən bunu deyəndə
təxmin edirəm, yenə də Ermənistanda növbəti
dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi
işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin
etmək istəyirik və yenə də deyirəm,
bütün konvensiyalar bu hüququ tanıyır. Ona
görə buna nail olmaq üçün
biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal
olmalıyıq. Hesab edirəm ki, İcmanın
çox mötəbər bir rəqəmsal platforması
olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi
abidələrimiz, ermənilər tərəfindən
dağıdılan saraylar, məscidlər, şəhərlər,
Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan
faktlar öz əksini tapmalıdır. Məsələn,
indi bunu artıq dünyada da bilməyə başlayırlar və
sual olunur, - bu sualı biz qoymuşuq, Azərbaycan nümayəndələri,
bu məsələ ilə məşğul olan insanlar qoyublar,
- indi göstərin görək İrəvanın tarixi mərkəzi
haradır? Haradadır İrəvanın
tarixi mərkəzi? Əgər deyirsiniz
ki, guya bu, dünyanın ən qədim şəhəridir.
Haradadır bunun tarixi mərkəzi?
İndi baxın, görün, Cənubi
Qafqazın digər ölkələrinə - Azərbaycanda,
Gürcüstanda, bizim şəhərlərimizdə, əksər
şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər
var. İstər Bakı olsun, Gəncə olsun,
Naxçıvan, Şəki, Qəbələ, digər
bütün şəhərlərdə. Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz
yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan
xalqının tarixi irsi idi, hansı ki, onlar
dağıdıblar. Şəhərsalma
adı altında bütün tarixi binalarımız, o cümlədən
İrəvan qalası, Sərdar sarayı
dağıdılıb. Yəni,
bütün bunlar göstərilməlidir. Yəni, siyasi və hüquqi tərəfdən
başqa, istənilən məsələdə bunun tarixi
mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində
qurulmalıdır.
Hüquqi tərəfə gəldikdə,
biz birlikdə fikirləşməliyik, beynəlxalq
hüquqşünaslar cəlb edilməlidir. Azərbaycan
dövləti burada da kömək göstərəcək.
Onlar bu qayıdış istəyini və
hüququnu beynəlxalq müstəvidə necə
reallaşdırmaq lazımdır yolunu göstərəcəklər.
Əlbəttə ki, bizim
tarixi həqiqətlərlə bağlı kitablarımız
yenilənməlidir. Müəyyən dövrdə kitablar dərc
edilmişdir, o cümlədən tarixi şəhərlərimizin,
kəndlərimizin adları ilə bağlı kitab dərc
edilmişdir. Siz o kitabın müəllifisiniz.
Mən onu görmüşəm. Amma onu
indi Azərbaycanda çox adam
görübmü? Yox. Bilmirəm
o, hansı tirajla dərc edilib. Yəni, siz
təşəbbüs olaraq bunu özünüz etdiniz,
imkanınız çatan tərzdə. Amma
biz bunu dövlət səviyyəsində etməliyik. O
kitabça bütün dillərə tərcümə edilməlidir.
Onun yanında həm də elektron
daşıyıcısı olmalıdır. Xarici dillərə tərcümə edilməlidir.
Yəni, bu təbliğat işləri mütləq
aparılmalıdır.
Hesab edirəm ki, ildə bir
dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla
bağlı beynəlxalq konfrans keçirilməlidir. Biz özümüz
üçün dost saydığımız ölkələrdən
alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik
ki, mötəbər bir beynəlxalq konfrans keçirək,
bunu təqdim edək. Yəni, bir çox
addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən
çıxmasın, əksinə bu mövzu beynəlxalq
gündəliyə daxil edilsin. Çünki
bu gün Ermənistan monodövlətdir. Biz
bunu deyəndə, haqlı olaraq dünya ictimaiyyətinə
bildiririk ki, bu, dözülməzdir. İndi
Avrasiya məkanında, yerləşdiyimiz regionda hansı
ölkə monodövlətdir? Bəs, sual
olunur nə üçün məhz Ermənistan monodövlətdir?
Cavab aydındır, ona görə ki, imkan verməyiblər
orada başqa xalqlar yaşasın. O xalqları oradan
müxtəlif yollarla çıxardıblar, kimi
öldürüblər, kimi hədələyiblər, kimin
evini yandırıblar. Beləliklə,
bütün başqa millətləri oradan qovub,
başqasının torpağında özləri
üçün dövlət qurublar. Bu ərazidə
heç vaxt Ermənistan olmayıb. İndiki
Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə
irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim
ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm.
Əgər kimsə başqa versiyanı təsdiq
edə bilsə, gəlsin təsdiq etsin.
Erməni xalqı nə vaxt
bizim torpaqlarımıza köçürülüb? Hamımız
yaxşı bilirik. Qarabağa nə vaxt
köçürülüb? Zəngəzura
nə vaxt köçürülüb? Kim
tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə
köçürülüb? Hamısını
yaxşı bilirik. Onların bizim ərazimizdə,
Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli
deyil kimin dövlətini onlar öz adlarına çıxmaq
istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü
şəkildə, təşkilatlanmış qaydada,
düzgün formada təqdim etməliyik. Əminəm
ki, buna nail olacağıq.
Mən bununla paralel olaraq
hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ
münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə
duran məsələ budur. Əlbəttə
ki, Qarabağ münaqişəsi həll olunmayana qədər
bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik.
Qayıdış Konsepsiyası
hazırlanmalıdır. Yenə də bu,
necə deyərlər, sülhsevər konsepsiya olmalıdır.
Biz bütün beynəlxalq konvensiyalarda bizə
məqbul olan müddəaları götürüb bunun əsasında
öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır.
Bizim tarixi yaşayış yerlərinin bir
çoxu, mütləq əksəriyyəti indi bomboşdur.
Biz bunu bilirik. Biz öz
keçmişimizi yaxşı bilirik. Qərbi
Azərbaycandan olan hər bir insan öz ulu babalarının
yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə
etmək olar. Azərbaycanlıların
yaşadıqları yerlərin əksəriyyətində
heç kim yaşamır. Ermənistanda
bütövlükdə indi depopulyasiya dövrü hökm
sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda,
dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki
olaraq diktatura və iqtisadi çətinliklər onları buna
vadar edir. Bizim kəndlərimiz
dağıdılır. Biz buna dözə
bilmərik. Ona görə biz
Qayıdış Konsepsiyası üzərində işləməliyik.
Bu, çox sanballı sənəd
olmalıdır. Əlbəttə ki,
mütləq digər təkliflər də olacaq. Mən, sadəcə olaraq, bu gün bu
görüş əsnasında gələcək fəaliyyətinizlə
bağlı öz fikirlərimi bölüşmək istərdim.
Əlbəttə ki, mən
sizdən də təkliflər gözləyəcəyəm. İcma həm
öz imkanları daxilində, həm də Azərbaycan
dövlətinin dəstəyi ilə bu işlərə, necə
deyərlər, böyük yer verməlidir. Əminəm ki, biz buna nail olacağıq.
Bir daha onu da bildirməliyəm
ki, bu yer İcma üçün təsadüfən
seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş
qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da
qayıtmağa hazırlaşırlar. Burada yerləşən
Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.
***
Sonra çıxışlar
oldu.
Qərbi Azərbaycan
İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin
deputatı Əziz Ələkbərov
dedi:
- Möhtərəm cənab Prezident.
Möhtərəm Müzəffər
Ali Baş Komandan.
Qərbi Azərbaycan
İcmasının rəhbərliyi və bütün üzvləri
adından Sizi ürəkdən salamlayır və tarixi torpaqlarımız
uğrunda mübarizə aparmaq üçün bizə
yaratdığınız hərtərəfli şəraitə
görə Sizə dərin təşəkkürümüzü
bildiririk.
Möhtərəm cənab
Prezident, bu gün Azərbaycan xalqı, dünya azərbaycanlıları
və bütün Türk dünyası Sizinlə qürur
duyur. Siz 44 günlük Vətən müharibəsi nəticəsində
xalqımıza Azərbaycan tarixinin son 270 ilində analoqu
olmayan möhtəşəm bir Zəfər
yaşatdınız.
Mən ona görə Azərbaycan
tarixinin son 270 ilində deyirəm ki, düz 270 il bundan əvvəl
Azərbaycan xanlıqlara parçalandı və bu
parçalanma son iki yüz ildə xalqımızın
başına gələn bütün faciələrin
başlanğıcı oldu. Bu parçalanmadan az
sonra ərazilərimiz yadellilər tərəfindən
işğal olundu, əhalimiz dəfələrlə
deportasiyalara, soyqırımlarına, etnik təmizləmələrə
məruz qaldı. Faciələrlə dolu bu tarixi proses düz
200 il davam etdi. Yalnız 2020-ci il sentyabrın 27-də Sizin siyasi iradəniz,
diplomatik gücünüz və hərbi sərkərdəlik
bacarığınızla bu 200 illik tarixi proses durduruldu və
geriyə sayım başladı. İlk növbədə, 30 il işğal altında qalan
torpaqlarımız düşməndən azad edildi. Bu gün
biz qətiyyən şübhə etmirik ki, bu geriyə
sayım 200 il əvvəlki sıfır
nöqtəsinə qədər davam edəcək və biz Qərbi
azərbaycanlılar da öz tarixi torpaqlarımıza
qayıtmaq imkanı əldə edəcəyik.
Möhtərəm cənab Prezident,
uzun illər Azərbaycan Qaçqınlar Cəmiyyəti
adı ilə fəaliyyət göstərən bir qurumun bu
gün Qərbi Azərbaycan İcması kimi fəaliyyətini
davam etdirməsi üçün göstərdiyiniz dəstəyə,
yaratdığınız şəraitə görə bir daha
Sizə təşəkkürümüzü bildiririk. Bu, bizə tarixi torpaqlarımıza qayıtmaq
uğrunda apardığımız mübarizədə yeni
güc verir. Əslində, bu mübarizənin təməlini
1997-ci il dekabrın 18-də imzaladığı
“Deportasiya haqqında” və 1998-ci il martın 26-da
imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” tarixi fərmanları ilə
Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu
mübarizəni davam etdirmək, sona çatdırmaq hər
birimizin vətəndaşlıq borcu və Ulu Öndərin
ruhu qarşısında övladlıq borcumuzdur.
Möhtərəm cənab Prezident, Qərbi
Azərbaycan İcması olaraq biz çiynimizi hansı
ağır və şərəfli yükün altına
verdiyimizin fərqindəyik və Sizi əmin edirik ki, Qərbi
Azərbaycan həqiqətlərinin öyrənilməsi,
dünya ictimaiyyətinə çatdırılması, erməni
saxtakarlıqlarının, erməni yalanlarının sona qədər
ifşası və son 200 ildə Qərbi Azərbaycandan
qovulmuş azərbaycanlıların, onların varislərinin
hüquqlarının beynəlxalq müstəviyə
çıxarılması, bərpası və bütün bu
cinayətlərə görə Ermənistan dövlətinin
və erməni millətçilərinin beynəlxalq məhkəmələrdə
cəzalandırılması üçün mümkün
olan hər şeyi edəcəyik.
Fürsətdən istifadə
edərək, Qərbi Azərbaycan torpaqlarına mənəvi
qayıdışın təməlini qoyan sərəncamlarınıza
görə Sizə təşəkkür edirik. Son il yarım ərzində
Aşıq Ələsgərin 200 illik yubileyi, Aşıq
Ələsgərin Bakı şəhərində heykəlinin
ucaldılması, İrəvan Müəllimlər
Seminariyasının və İrəvan Dövlət Azərbaycan
Dram Teatrının 140 illik yubileylərinin keçirilməsi
ilə bağlı sərəncamlarınız tarixi
torpaqlarımızdakı mənəvi irsimizə sahib
çıxmağın parlaq nümunəsidir. Bu il Qərbi Azərbaycanda daha bir təhsil
ocağının - İrəvanda ilk dünyəvi məktəb
olan İrəvan qəza məktəbinin 190, onun bazasında
yaradılan İrəvan gimnaziyasının 140 illiyidir. O
gimnaziyanın ki, 1918-ci ildə onun sonuncu
buraxılışını Azərbaycanın böyük
elm və dövlət xadimi Əziz Əliyev qızıl
medalla bitirmişdir.
Möhtərəm cənab
Prezident, bu gün xalqımız üçün tarixi bir
gündür.
Qarabağımızı, Şərqi Zəngəzurumuzu,
Şuşamızı xalqımıza qaytaran, xalqımıza
qürur, dövlətimizə başucalığı gətirən
Müzəffər Ali Baş Komandanımızın ad
günüdür. Bu münasibətlə
Qərbi Azərbaycan İcmasının bütün üzvləri
adından Sizi ürəkdən təbrik edirik. Taleyinizin bu önəmli günündə vaxt
ayırıb bizimlə bir arada olduğunuz üçün
Sizə bir daha təşəkkürümüzü bildiririk.
Sonda istəyirəm biləsiniz
ki, bütün Azərbaycan xalqı kimi, bütün dünya
azərbaycanlıları kimi, onların bir parçası olan
biz Qərbi azərbaycanlılar da bütün fəaliyyətinizdə
son nəfərimizə və son nəfəsimizə qədər
yanınızdayıq.
Sağ olun.
***
Qərbi Azərbaycan
İcmasının Müşahidə Şurasının sədri,
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü Misir Mərdanov
dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli tədbir
iştirakçıları.
Sabahınız xeyir olsun, hər
birinizi ürəkdən salamlayıram. Cənab
Prezidentin bu gün burada qeyd etdiyi kimi, XX əsrdə Qərbi
Azərbaycanda yaşayan soydaşlarımız erməni vəhşilikləri
nəticəsində etnik mənsubiyyətlərinə görə
dörd dəfə öz dədə-baba yurdlarından didərgin
salınmışlar. Sonuncu - 1988-ci il
deportasiyasından sonra bu insanların ictimai-mədəni
birliyinə nail olmaq məqsədilə Azərbaycan
Qaçqınlar Cəmiyyəti yaradıldı. Həmin cəmiyyətin bazasında yenidən təşkil
edilmiş Qərbi Azərbaycan İcmasının fəaliyyətə
başlaması münasibətilə bütün
soydaşlarımıza gözaydınlığı vermək
istəyirəm, gözünüz aydın olsun.
Bu arzumuzun reallaşmasına
böyük qayğı göstərən, bu gün -
dekabrın 24-də burada iştirakı ilə tədbirimizin və
İcmanın mahiyyətini dəfələrlə yüksəldən
cənab Prezidentə sonsuz minnətdarlığımızı
bildiririk.
Əslində, onilliklər ərzində
öz doğma torpaqlarını tərk etməyə məcbur
olmuş Qərbi azərbaycanlılar müxtəlif qurumlarda
birləşərək daim öz etirazlarını və tələblərini
bildirmiş, bu məsələyə beynəlxalq səviyyədə
diqqət cəlb etməyə dəfələrlə cəhdlər
göstərmişlər. Ötən müddətdə
neçə-neçə kütləvi informasiya vasitəsi,
qəzetlər, saytlar yaradılmış, dədə-baba
yurdumuzun tarixinə, adət-ənənələrinə və
digər məsələlərə həsr edilmiş yüzlərlə
məqalə, onlarla kitab yazılmışdır.
Ancaq nəyi, necə və nə vaxt
etmək lazım olduğunu hamıdan yaxşı bilən cənab
Prezident 30 ilə yaxın Ermənistanın işğalı
altında olan əzəli torpaqlarımız azad edildikdən
sonra bu İcmanın vahid bir qurumda birləşməsini məsləhət
görüb, əslində, İcmaya sahib çıxaraq onun
fəaliyyətinə şərait yaradıb, məhz indi bu
işin vacib olduğunu nümayiş etdirib.
Həqiqətən son 500 illik, bəlkə
də daha böyük tariximizin ən mühüm hadisələrindən
biri olan bu şanlı Qələbə Müzəffər Ali
Baş Komandanın qətiyyətini, əzmkarlığını,
hərbi-siyasi iradəsini bütün dünyaya bir daha
nümayiş etdirdi. Xalqımız bu Qələbəni
ümumxalq bayramı kimi dəyərləndirmiş, sıravi
əsgərdən Ali Baş Komandana kimi hamı bir-birini
ürəkdən təbrik etmişdir.
Bugünkü imkandan istifadə
edərək xalqımızın inamını özünə
qaytaran, Azərbaycan dövlətinin və xalqının
qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun
gücünü beynəlxalq səviyyədə
nümayiş etdirən möhtəşəm Qələbə
münasibətilə İcmamız adından cənab
Prezidenti ürəkdən təbrik edirəm.
Bu Qələbə Azərbaycanı
sonsuz məhəbbətlə sevən Ümummilli Lider Heydər
Əliyevin azadlıq ideallarının parlaq təzahürü
kimi xüsusilə əhəmiyyətlidir. Onun vəsiyyətlərini
reallaşdıran, Azərbaycanı dünya siyasətinin
bütün labirintlərindən yüksək məharətlə
keçirərək bizə Qələbə sevincini
yaşadan, ölkəmizi dünyada qalib dövlət,
xalqımızı isə məğrur xalq kimi tanıdan
Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı
bildiririk.
Möhtərəm cənab
Prezident.
Təxminən bir il
bundan əvvəl Siz sadə əməyimi yüksək qiymətləndirərək
məni Vətənin ali mükafatlarından olan 1-ci dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif
etmişdiniz. Bugünkü görüşümüzdən
istifadə edərək, yüksək diqqətinizə görə
Sizə dərin minnətdarlığımı
çatdırır və bildirmək istəyirəm ki,
bütün xalqımız kimi mən də Sizin rəhbərlik
etdiyiniz bu qalib Vətənə xidmət etməkdən
böyük məmnunluq hissi keçirirəm və
ömrümün sonuna kimi bu dövlətə, xalqa, ölkəyə
sədaqətlə qulluq etməyə söz verirəm.
Sizə məlumat vermək istərdim
ki, bu sahədə apardığınız və müdrik
siyasətdən ruhlanaraq bu il “Qərbi Azərbaycan
həqiqətləri” adlı tarixi mənbələrə əsaslanan
kitabı başa çatdırıb oxuculara təqdim
etmişəm.
Hörmətli tədbir
iştirakçıları, çıxışımın
sonunda əmin olduğumu bildirmək istəyirəm ki, cənab
Prezidentin müdrik rəhbərliyi ilə yaxın gələcəkdə
xəyallarda yaşatdığımız reallıqlara
qovuşacaq, öz doğma torpaqlarımıza gedib dədə-babalarımızın
məzarlarını, oradakı müqəddəs abidələri
ziyarət edə biləcəyik. Bu yolda hamımıza
uğurlar arzulayıram. Bir daha təşəkkür
edirəm.
***
Qərbi Azərbaycan
İcmasının Qadınlar Şurasının sədri,
Milli Məclisin deputatı Məlahət
İbrahimqızı dedi:
- Zati-aliləri, möhtərəm cənab
Prezident.
İcazə verin, Sizi Qərbi
Azərbaycan İcmasının Qadınlar Şurası və
erməni təcavüzü nəticəsində öz
doğma torpaqlarından didərgin düşmüş
çoxsaylı qaçqın bacı və analarımız
adından salamlayım. Bu ali məclisdə
çıxış etmək sözsüz ki, mənim
üçün böyük şərəfdir, amma Sizin,
Zati-alinizin, Müzəffər Ali Baş Komandanın
qarşısında çıxış etmək bir o qədər
çətin və məsuliyyətlidir.
Möhtərəm cənab Prezident,
Azərbaycan xalqı hələ də Müzəffər Sərkərdəliyinizlə
44 günlük Vətən müharibəsində
qazandığımız möhtəşəm Zəfərin
tükənməz sevincini yaşayır və bundan sonra da
daim bu sevinclə yaşayacaq. Sizin sarsılmaz və qətiyyətli
siyasi iradənizin rəmzi olan və dünya hərb tarixinə
“Dəmir yumruq” əməliyyatı kimi yazılmış Vətən
müharibəsində rəşadətli milli Ordumuzun qəhrəmanlığı
və xalqımızın milli birliyi ilə bir neçə əsrlik
tarixi olan dünya erməniliyi əbədi məğlubiyyətə
düçar oldu və 30 il düşmən tapdağında
olan Qarabağ azad edilərək, məcburi köçkün
soydaşlarımızın doğma yurdlarında
hüquqları bərpa olundu.
Qürur hissi ilə deməliyik ki, gələcək
nəsillər üçün tükənməz mənəvi
sərvət olan bu Zəfərlə Siz tarixi ədaləti bərpa
etdiniz, xalqımızı dünyaya qalib, şərəfli və
qürurlu məğlubedilməz bir xalq kimi
tanıtdınız. Sizə sonsuz təşəkkür
edirik, möhtərəm cənab Prezident.
Minnətdarlıqla deməliyik
ki, Sizin fəaliyyətiniz boyu Azərbaycanın milli
maraqları naminə qəbul etdiyiniz qərarlar
xalqımızın rifahını, dövlətimizin güc və
nüfuzunu dünyada ildən-ilə daha da artırır.
Ulu Öndərimiz Heydər
Əliyevin bütün vəsiyyətlərini sədaqətlə
həyata keçirərək, müasir dövrün
çağırışlarına cavab verən uzaqgörən
siyasətiniz sayəsində və zəngin dövlət idarəetmə
təcrübənizlə Azərbaycan bu gün tarixinin intibah
dövrünü yaşayır. Ötən illər ərzində
Siz təkcə Qarabağ uğrunda mübarizə
aparmadınız, ən mötəbər kürsülərdə,
ən mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun
və Göyçənin Azərbaycanın tarixi torpaqları
olduğunu və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə
heç vaxt barışmayacağını dünyaya bəyan
etdiniz.
Müdrikliklə səsləndirdiyiniz
və bu gün dillər əzbəri olan “nəyi, necə və
nə vaxt etmək lazımdır... bunu mən bilirəm” kimi
dərin mənalı fikirləriniz Qərbi Azərbaycan
İcmasının da fəaliyyətinin yol xəritəsidir.
Həyata keçirdiyiniz məqsədyönlü
siyasətin nəticəsidir ki, Qarabağın azad olunması
uğrunda bir yumruq olan dünya azərbaycanlıları
zaman-zaman etnik təmizləməyə, soyqırımına,
deportasiyaya məruz qalmış minlərlə qaçqın
soydaşımızın tarixi Azərbaycan torpaqları üzərində
itirilmiş hüquqlarının bərpası
üçün Müzəffər Ali Baş Komandanın əmrini
gözləyir. Əminik ki, Sizin
prinsipiallığınız, müdrik və uzaqgörən
diplomatiyanızla, dövlətimizin gücü və milli
birliyimizlə xalqımız haqlı mübarizəsində
öz məqsədinə qovuşacaq.
Möhtərəm cənab Prezident,
özümə borc bilərək, böyük ehtiramla deməliyəm
ki, respublikamızın Birinci vitse-prezidenti möhtərəm
Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti və
uğurlu mədəniyyət diplomatiyası ilə
xalqımızın qədim, eləcə də
ümumtürk və ümumbəşər mədəniyyətinə
çoxsaylı töhfələr bəxş olunub və Azərbaycan
bu gün bu qədim və zəngin mədəniyyəti ilə
dünyanın tolerantlıq mərkəzi kimi təbliğ
edilir və təqdir edilir.
Ərazi
bütövlüyümüz və torpaqlarımızın
azadlığı uğrunda canından keçmiş şəhidlərimizin
ailələrinə, qazilərə və müharibə
veteranlarına göstərilən ən yüksək dövlət
qayğısı məhz Sizin və
möhtərəm Mehriban xanım Əliyevanın nəcib və
humanist əməllərinizin sübutudur.
Möhtərəm cənab Prezident,
Azərbaycan xalqı qarşısında misilsiz və fədakar
xidmətlərinizlə Siz bugünkü və gələcək
nəsillər üçün örnək olmaqla, dünya azərbaycanlılarının,
eləcə də hər bir Qərbi azərbaycanlının
iftixarı, qüruru, dayağı və güvənc
yerisiniz.
Bu ali məclisdə Sizi bir daha əmin
etmək istərdik ki, Qərbi Azərbaycan
İcmasının, eləcə də İcmanın
Qadınlar Şurasının hər bir üzvü Sizin
müqəddəs siyasi kursunuzu var qüvvəsi ilə dəstəkləyəcək
və qəsb edilmiş tarixi Azərbaycan torpaqları üzərində
xalqımızın itirilmiş hüquqlarının
bərpası yolunda müsəlləh əsgəriniz olacaq.
Diqqətinizə görə çox
sağ olun. Allah Sizi qorusun! Allah Sizin ailənizi
qorusun!
***
Qərbi Azərbaycan
İcmasının Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin deputatı akademik
Əhliman Əmiraslanov dedi:
-Möhtərəm cənab Prezident.
Mən də bu təbriklərə
qoşularaq Sizi doğum gününüz münasibətilə
səmimi-qəlbdən təbrik edirəm, Sizə uzun
ömür, möhkəm cansağlığı və gələcək
fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram. Bu gün Qərbi
Azərbaycandan deportasiya olunmuş insanların varislərinin
bir araya gələrək Qərbi Azərbaycan
İcmasını təsis etməsi, mən hesab edirəm,
tarixi bir hadisədir. İcmanın yaradılmasının
ilk mərhələsindən başlamış bu günə
qədər Sizin diqqət və
qayğınızın şahidiyik. Sizin
üçün özəl olan bu gündə Qərbi Azərbaycan
İcmasına gəlməyiniz və bizimlə bir arada
olmağınız bu diqqət və qayğının bariz
nümunəsidir. Mən bu qayğıya,
bu diqqətə görə Qərbi Azərbaycan
İcmasının ağsaqqalları və ziyalıları
adından Sizə dərin təşəkkürümü və
səmimi minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab
Prezident, Qərbi Azərbaycan İcmasının, Siz də
öz çıxışınızda qeyd etdiyiniz kimi, ən
ümdə amalı tarixi Qərbi Azərbaycan torpaqları
olan Göyçəyə, İrəvana qayıtmaqdır. Bu gün Qərbi Azərbaycan
İcmasının və bizim Qərbi Azərbaycandan olan və
Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında
böyük xidmətlər göstərmiş çoxlu sayda
ağsaqqallarımız var və İcmaya axın bu gün də
davam edir. Burada qeyd olunduğu kimi, möhtərəm cənab
Prezident, Sizin Müzəffər Ali Baş Komandan kimi rəşadətli
Azərbaycan Ordusuna rəhbərliyiniz sayəsində qəhrəman
Ordumuz torpaqlarımızı işğaldan azad etdi, ərazi
bütövlüyümüz bərpa olundu. Bu
möhtəşəm tarixi Qələbə Qərbi azərbaycanlıların
da öz doğma torpaqlarına qayıtmaq hüququ yaratdı,
onlarda qayıtmağa ümid yaratdı.
Möhtərəm cənab
Prezident, Qərbi Azərbaycandan deportasiya olunmuş insanlara
münasibət müxtəlif dövrlərdə eyni
olmayıb. Məhz müxtəlif dövrdə siyasi hakimiyyətin
onlara ögey münasibəti nəticəsində bu insanlar
böyük məhrumiyyətlərə düçar olublar,
itkilər veriblər. Bu da bir tarixi faktdır ki,
yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra, eləcə də hakimiyyətinin bütün dövrlərində
bu insanlara diqqət, qayğı olub və onların bir
çox problemlərinin həll edilməsi istiqamətində
uğurlu addımlar atılıb.
Bu böyük faciəyə
hüquqi-siyasi qiymət də vaxtilə verilməyib. Ulu Öndər
Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə
gəldikdən sonra imzaladığı fərmanlardan sonra bu
deportasiya və soyqırımına hüquqi-siyasi qiymət
verilib, bu hadisələrin, bu faciənin sistemli
araşdırılması və geniş miqyasda ictimailəşdirilməsi
üçün ciddi addımlar atılıb.
Bütün bunlara baxmayaraq, möhtərəm
cənab Prezident, Qərbi Azərbaycandan olan ziyalılar Azərbaycanın
elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənətinə
çox böyük töhfələr veriblər. Mən bu
gün böyük qürur hissi ilə həmin ziyalılardan
böyük ictimai-siyasi xadim, dövlət xadimi Əziz
Əliyevin, akademiklərdən Mustafa bəy
Topçubaşovun, Heydər Hüseynovun, Zərifə
xanım Əliyevanın, Həsən Əliyevin, Cəlal
Əliyevin, böyük ustad Aşıq Ələsgərin,
böyük bəstəkarımız Səid Rüstəmovun,
böyük ədəbiyyatşünaslarımızdan Cəfər
Xəndanın, Mirəli Seyidovun və rejissorumuz Hüseyn
Seyidzadənin adını çəkmək istərdim. Bu gün də bu insanlar qədirbilən Azərbaycan
xalqı tərəfindən böyük ehtiramla
xatırlanır.
Möhtərəm cənab
Prezident, Sizin qüdrətiniz və apardığınız
uğurlu xarici və daxili siyasət sayəsində biz əminik
ki, Qərbi azərbaycanlıların da tarixi torpaqlarına
qayıdacağı gün uzaq deyil. Bu gün biz
Qarabağdayıq, Şuşadayıq, Laçındayıq,
Kəlbəcərdəyik. Növbəti
ünvanımız, növbəti hədəfimiz isə tarixi
torpaqlarımız – Qərbi Azərbaycandır.
Fürsətdən istifadə edərək,
mənim fəaliyyətimi yüksək qiymətləndirdiyinizə
və Azərbaycanın ən ali ordenlərindən biri olan
1-ci dərəcəli “Vətənə xidmət ordeni” ilə
təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü,
səmimi minnətdarlığımı bildirir, bundan
sonrakı fəaliyyətimdə də Vətənə,
dövlətimizə, Ulu Öndər Heydər Əliyevin
siyasi kursuna sədaqətlə xidmət edəcəyimi bir
daha vurğulayıram.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin rektoru, professor
Gülçöhrə Məmmədova çıxış
edərək dedi:
- Möhtərəm cənab Prezident.
Bizimlə
görüşdüyünüz, zaman
ayırdığınız üçün Sizə dərin
minnətdarlığımızı bildirirəm. Bu
görüş Sizin böyük Azərbaycanın bir
parçası olan qədim İrəvan, Göyçə, Zəngəzur,
Ağbaba torpaqlarına, o torpaqların insanlarına olan diqqətinizin
və qayğınızın təzahürüdür. Sizinlə, ölkəmizin Prezidenti ilə, Müzəffər
Ali Baş Komandanla görüşmək hər birimiz
üçün böyük şərəfdir və
bütün ömür boyu yadımızda qalacaq bir hadisədir.
Ölkəmizin iqtisadi və
sosial inkişafı, beynəlxalq nüfuzunun artması,
xalqımızın rifahının yüksəlməsinə
və daha gözəl gələcəyinin təmin edilməsinə
xidmət edən siyasətiniz bütün Azərbaycan vətəndaşlarının
dərin rəğbətini qazanmışdır. Respublikamızın
bütün bölgələrində məskunlaşmış
Qərbi azərbaycanlılar da Sizin rəhbərliyinizlə əldə
edilən böyük uğurlardan, Azərbaycanın qüdrətinin
artmasından fərəhlənir, qürur hissi keçirirlər.
Qərbi Azərbaycan zəngin
tarixi, mədəniyyəti, adət-ənənəsi olan
tarixi Azərbaycan bölgəsidir. Bu bölgənin dərin
kökləri və özünəməxsus siması olan
memarlığı, xalq sənəti, musiqi ənənələri
formalaşmışdır. Dağlıq ərazilərin
sərt iqlim şəraiti, böyük zəhmət tələb
edən təsərrüfat həyatı bu torpaqlarda yaşayan
insanların xarakterinə də öz təsirini göstərmişdir.
Zəhmətkeşlik, dözümlülük,
vətənpərvərlik, dilinə, dininə, milli-mənəvi
dəyərlərinə, adət-ənənələrinə
sadiqlik Qərbi azərbaycanlılara xas olan cəhətlərdir.
Elmə, təhsilə böyük həvəs
və hörmət, mütərəqqi mədəniyyətə
rəğbət bölgənin insanları arasında görkəmli
siyasətçilərin, elm və mədəniyyət xadimlərinin
yetişməsinə səbəb olmuşdur. XX əsrdə erməni millətçilərinin
torpaqlarımızın mənimsənilməsinə yönəlmiş
düşmənçilik siyasəti Qərbi azərbaycanlıların
Vətənə məhəbbətini, vətənpərvərlik
hisslərini daha da artırmışdır. Sovet hakimiyyəti tərəfindən həyata
keçirilən deportasiyalar Qərbi azərbaycanlıları
öz yurd-yuvalarından didərgin salmış və
çoxsaylı insan tələfatı ilə nəticələnmişdir.
Bu çətinliklər bizi daha da möhkəmləndirmiş,
milli təəssübkeşliyimizi və dövlətçilik
məfkurəmizi gücləndirmişdir.
Qərbi azərbaycanlılar
böyük Heydər Əliyev şəxsiyyətinə Azərbaycana
rəhbərlik etdiyi sovet dövründən dərin məhəbbət
bəsləmişlər, ona millətin atası və
xilaskarı kimi baxmışlar. 1970-80-ci illərdə
Ermənistanda məruz qaldıqları təzyiqlərə
yalnız Heydər Əliyevin nüfuzuna və siyasətçi
kimi qüdrətinə arxalanaraq davam gətirmişlər.
Heydər Əliyevin sovet hökumətinin rəhbərliyindən
getməsi Qərbi azərbaycanlıların sonrakı acı
taleyinin başlanğıcı oldu.
Möhtərəm cənab
Prezident, 44 günlük Vətən müharibəsi günlərində
bütün xalqımız yumruq kimi birləşərək
bir arzu ilə, bir ümidlə yaşayırdı. Ali Baş
Komandanın şəhərlərimizin və kəndlərimizin
bir-birinin ardınca düşmənlərdən təmizlənməsi
və nəhayət əziz Şuşamızın azad
olunması barədə Zəfər müjdələrini
eşidərək həyatımızın ən fərəhli
anlarını yaşayırdıq. Bu zaman biz həmişə
olduğu kimi, Sizinlə idik, Sizin hər
bir sözünüz bizim ürəyimizdə əks-səda
doğururdu. Düşünürəm ki, bu
anlar, bu günlər Prezidentlə xalqın bir olmasının
ən gözəl, ən parlaq nümayişi idi. Qərbi Azərbaycan əsilli vətəndaşlarımız
Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən
müharibəsində də iştirak etdilər, Vətənimizin
qorunması üçün, torpaqlarımızın azad edilməsi
üçün əllərindən gələni əsirgəmədilər.
Qərbi azərbaycanlılar
heç zaman öz doğma torpaqlarını
unutmamışlar. Böyük Azərbaycan xalqının
bir hissəsi olaraq biz öz kiçik vətənimizin həsrətini
həmişə çəkmişik. 44
günlük müharibənin Zəfəri - işğal
altında olan Qarabağın, Şərqi Zəngəzurun
azad edilməsi bizi öz torpaqlarımıza bir qədər də
yaxınlaşdırdı. İndi biz Kəlbəcər
dağlarında, Zəngilanda dayanıb öz
torpaqlarımızı, öz kəndlərimizi,
el-obalarımızı görə biləcəyik.
Möhtərəm cənab
Prezident, böyük Qələbənin əldə edilməsinə
görə bütün xalqımız Sizə - Ali Baş
Komandana və rəşadətli Ordumuza minnətdardır. Siz ölkəyə
rəhbərlik etdiyiniz dövrdə öz siyasətinizlə
bu Qələbəni günbəgün
yaxınlaşdırmısınız. Sizin
Ulu Öndərin ideyalarına sadiqliyiniz, müdrikliyiniz, cəsarətiniz,
iradəniz bu Zəfəri təmin etmişdir, əminik ki,
bundan sonra da bütün müqavimət cəhdlərini dəf
edərək ölkəmizi yeni qələbələrə
aparacaq.
Möhtərəm cənab
Prezident, Qərbi Azərbaycan İcmasına bu qədər
böyük önəm verdiyiniz üçün Sizə
öz adımdan, həmkarlarımız adından dərin minnətdarlığımızı
bildirirəm.
Sizin proqram çıxışınızda biz
artıq gələcək fəaliyyətimiz üçün
istiqamətlərimizi müəyyənləşdirdik.
Sizi əmin etmək istəyirəm
ki, burada olan və olmayan hər bir kəs əlindən gələni
edəcək, heç nəyi, canını əsirgəməyəcək
ki, Sizin dediklərinizi həyata keçirsin və Vətənimizin
Qərbi Azərbaycan kimi gözəl, böyük bir hissəsinə,
tarixi hissəsinə bizim qayıdışımızı təmin
etsin.
Sizə təşəkkür
edirəm və Sizi ad gününüz münasibətilə
səmimi-qəlbdən təbrik edirəm.
Prezident İlham
Əliyev: Sağ
olun.
Gülçöhrə
Məmmədova: Cənab
Prezident, biz Sizinlə fəxr edirik, biz Sizinlə doğrudan da
ürəkdən fəxr edirik. Sizi ad gününüz
münasibətilə, hörmətli Mehriban xanımı da
Sizinlə bir yerdə, bütün doğmalarınızı
təbrik edirəm və Sizə uzun, sağlam, xoşbəxt
və qələbələrlə dolu ömür
arzulayıram. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ
olun, çox sağ olun.
***
Qərbi Azərbaycan
İcmasının Müşahidə Şurasının
üzvü, Xalq şairi Vahid Əziz çıxış edərək
dedi:
Dərdlərini el
danışsın, mən yazım,
Yuxusunu gün soruşsun, mən
yozum.
Yadındamı, Göyçə
gölüm, Arazım,
O tayın da, bu tayın da Vətəndir.
Möhtərəm cənab
Prezidentimiz, düşmən üzərində möhtəşəm
Zəfər çalmış qəhrəman Ordumuzun dəmir
yumruqlu Ali Baş Komandanı.
Aşıq Ələsgərimizin
məzarı, ulularımızın narahat yatdıqları
viran edilmiş yurd-yuva yerlərimizin torpaqları, müqəddəs
ziyarət yerlərimiz və məscidlərimizin bünövrələri,
Göyçə gölünün vətəni olan o tayı
və bu tayı bizim yolumuzu gözləyir. Bu gün Sizin
rəhbərliyinizlə keçirilən bu mübarək tədbirdə
sadaladığım yerlərin gözlərinə bir ümid
işığı, gerçəkləşməkdə olan
arzuların nuru səpilir.
Bu tədbirdə mənim də
iştirakımı, fikir söyləməyimi rəva
bildiyiniz üçün Zati-alilərinizə dərin minnətdarlığımı
bildirirəm.
Qeyd edirəm ki, bu, təkcə mənim deyil,
bizim də ailəmiz kimi doğma tarixi dədə-baba
torpaqlarından didərgin salınmış yüz minlərlə
həmyerlilərimin, Ərmən dağlarının ətəklərində
dünyaya gəlmiş insanların dualarının əks-sədasıdır.
Bu insanlar fürsət düşdüyü
zaman mənə bu minnətdarlığı da
çatdırmağı tövsiyə etdilər.
Möhtərəm Ali Baş
Komandanımız, cənab Prezident, mən Sizin Fərmanınızla
“Azərbaycanın Xalq şairi” kimi yüksək ada layiq
görülmüş ilk Qərbi Azərbaycan vətəndaşıyam,
ilk Ermənistan vətəndaşıyam.
Zati-aliləri, mən ona
görə Ərmən dağları, ona görə Ermənistan
deyirəm ki, o torpaqlar Ərmən dağı ilə
bağlıdır, ermənilərin adı ilə
bağlı deyil. Hələ Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində
yazırdı: “Yay gələndə Şiringilin el–obası
Ərmən dağlarına köçərdi”. Mənə elə gəlir ki, biz Ermənistan
sözünü “e” ilə deyil, “ə” hərfi ilə deməliyik.
Çünki camaat bilsin ki, bu, Ərmən
dağlarıdır və mənim hətta bununla bağlı
şeirlərim də var.
Möhtərəm cənab Prezident,
Ali Baş Komandanlığınızın bayrağı
altında düşmən üzərində möhtəşəm
Qələbə xalqımızın və Ordumuzun Vətən
sevgisi ilə yanaşı, Sizə olan böyük
inamının və ehtiramının parlaq təzahürü
oldu. Bu Zəfəri təmin etməklə Siz
yalnız BMT-nin nüfuzunu itirmiş dörd qətnaməsinin
deyil, bizə düşmən kəsilmiş çox
güclü dövlətlərə rəhbərlik edənlərin
dərsini verdiniz. Bu gün əsası qoyulan Qərbi Azərbaycan
İcmasının yaradılması ilə Siz hələ
1947-ci ilin dekabrında Stalinin erməni millətçilərinin
fətvasına tabe olaraq imzalamış olduğu o mənfur
didərginlik fərmanının üstündən qələm
çəkdiniz! Bu, böyük bir Zəfərdir,
böyük bir Qələbədir və buna heç kəs cəsarət
edə bilməzdi.
Bu gün Qərbi Azərbaycandan didərgin
salınmış insanlar və dünyasını dəyişənlərin
ruhları, uğrunda cəsarətlə vuruşduğunuz Qərbi
Zəngəzura qədəm qoyacaqları günlərə
böyük inam, həyəcan və Vətən sevgisi ilə
silahlanmış halda baxırlar. Dəfələrlə
adını çəkdiyiniz Bazar Çayın
doğulduğum Dərələyəzin Paşalı bölgəsindəki
Herher kəndiylə arası cəmi iki saatlıq yoldur.
Əhd eləmişəm, möhtərəm Prezidentimiz,
İnşallah, biz o torpaqlara qayıdacağıq və mən
doğulduğum Herher kəndindəki viran edilmiş evimizin
yerində məscid tikdirəcəyəm və onun
adını “Zəfər məscidi” qoyacağam.
Fürsətdən istifadə
edib bir-iki təklif demək istərdim. Çünki
bu gün Azərbaycanda bir neçə qəzet
çıxır ki, bunları Qərbi azərbaycanlılar
yaradıblar. “Zəngəzur”, “Dərələyəz”
qəzeti və başqaları var. Bildiyim qədər, “Qərbi
Azərbaycan” televiziyası var, Əziz müəllim bunu bilir.
Mənə belə gəlir ki, biz bütün
bunların hamısını bu İcmanın ətrafına
yığmalıyıq. Dövlət tərəfindən
vəsait ayrılmalıdır ki, bunlar birbaşa işləyə
bilsinlər. Çünki informasiya
çox güclü vasitədir və mənə belə gəlir
ki, bizim İcmamızın təkcə Azərbaycan dilində
deyil, ingilis, alman, ərəb dillərində, başqa dillərdə
mütləq bir qəzeti olmalıdır.
Başqa bir təklifim də
var. Mənə belə gəlir ki, Azərbaycan
Respublikasında Qərbi Azərbaycan adlı ensiklopediya
baş redaksiyası yaradılmalıdır. Ermənistanda, Qərbi Azərbaycanda,
- biz oraya nə vaxt qayıdacağıq, ola
bilər bir ilə, beş ilə, on ilə, zaman keçir, -
və nə qədər ki, bu gün həyatda Qərbi Azərbaycandan
gələn informasiya daşıyıcıları var, burada
oturan hörmətli alimlərimiz hamısı bu işə cəlb
olunmalıdır. Qərbi Azərbaycanda, Ərmən
dağlarının ətəyində olan hər bir qəbrin,
hər bir daşın, hər bir məscidin
hamısının adları bir-bir çəkilməlidir. Məsələn, Həsən Mirzənin 5-6 cildlik
“Dərələyəz” kitabı, müəyyən xəritələr
var.
Diqqətinizə görə
minnətdaram.
Məni sevən, şeirlərimi əzbərləyən
Qərbi azərbaycanlılar adından Sizin ad
gününüzü, doğum gününüzü təbrik
edirik.
Cənab Prezident, mənim həmyerlilərim
bayaq dedilər, Qərbi azərbaycanlılar hər zaman Sizin yanınızda olacaqlar.
***
Çıxışlardan sonra
dövlətimizin başçısı yekun nitqi söylədi.
Prezident İlham
Əliyevin yekun nitqi
- Çox sağ
olun. Burada səslənən bütün təkliflər,
əlbəttə ki, geniş təhlil ediləcək və mən
hətta səslənməyən təklifləri də
gözləyəcəyəm. Onu da bildirməliyəm
ki, mən də hesab edirəm, fəaliyyət daha məqsədyönlü
olmalıdır. Bu gün fərdi qaydada fəaliyyət
göstərən, məsələn, qəzet redaksiyaları,
ictimai birliklər artıq bir yerə
yığılmalıdır. Necə ki, Qərbi
Azərbaycan İcması yaradıldı, o vaxta qədər də
ayrı-ayrı qurumlar var idi, ictimai təşkilatlar var idi,
qeyri-hökumət təşkilatları var idi, bizim tövsiyəmizlə
artıq bir yerə cəmləşdi və bu, daha məqsədyönlü
fəaliyyət olacaq. O cümlədən bütün
informasiya resursları - qəzetlər, informasiya portalları,
mən dediyim kimi, rəqəmsal platforma və
sair məqsədyönlü şəkildə vahid konsepsiya və
siyasət çərçivəsində iş aparılmalıdır
və bunun əsas hədəfi bizim
qayıdışımızdır. İndi
Qarabağ üzrə Böyük Qayıdış
Proqramı icra edilir. İnşallah, vaxt gələcək,
biz ikinci Böyük Qayıdış Proqramını da
işləyəcəyik.
Fürsətdən istifadə
edərək mənim haqqımda dediyiniz bütün xoş
sözlərinizə görə təşəkkürümü
bildirmək istəyirəm. Mən əvvəlki
dövrdə adətən 24 dekabr günündə məcburi
köçkünlərlə bir yerdə olurdum, doğum
günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə
üzvlərimlə qeyd etmişəm. Hesab
edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə
üzvlərimlə birlikdə qeyd edirəm.
Əlli yaşım olanda
Ağcabədidə məcburi köçkünlərlə
bir yerdə idim və onlara demişdim ki, gün gələcək,
siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz,
qarşılayacaqsınız, mən sizin diyarınıza
qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik,
bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır
düzündə qeyd etmişəm, ondan əvvəl azad
edilmiş Hadrutda hərbi hissənin
açılışında iştirak etmişəm. Bu
il dekabrın 24-ü üçün əlbəttə
ki, bəzi fikirlərim var idi. Bu da bir rəmzi məna
daşımalı idi. Hesab etdim ki, ən
düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz
olmalıdır.
Bir şeyi də deməliyəm. Qarabağ
torpaqları işğal altında olanda illər keçdikcə
cəmiyyətdə və ilk növbədə, məcburi
köçkünlər arasında müəyyən bədbinlik
əhvali-ruhiyyəsi yayılırdı, yəni, artıq
bunun təzahürləri görünməkdə idi. Mənim köçkünlərlə onlarca
görüşlərim olub və son illər
görürdüm ki, onların ümidləri tükənir və
bu təbiidir, mən bunu təbii qəbul edirdim. Təbii ki, onlara deyə bilməzdim ki, nə vaxt,
necə və nə olacaq. Çalışırdım
onları inandırım ki, gün gələcək. Ancaq o təbii idi, çünki otuz ilin həsrəti
istər-istəməz hər bir insana mənfi təsir
göstərmişdir. Artıq iki ildir ki,
biz müzəffər xalq kimi yaşayırıq. Bu gün bir daha demək istəyirəm, əsas məsələ
ondadır ki, biz gərək inamımızı itirməyək.
Biz inanırdıq ki, qayıdacağıq, mən bir gün də
o inamı itirməmişdim, inanmalıyıq və bu müqəddəs
günü yaxınlaşdırmaq üçün iş
görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə
nail olacağıq.
İşğal dövründə hətta bir çox hallarda məndə də artıq belə bir fikir formalaşmışdı ki, dünyada ədalət yoxdur. Əminəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu fikrə şərik idi. Çünki bu dərəcədə ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni, biz haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm bizim hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur.
İkinci Qarabağ müharibəsindən keçən bu iki ildən bir qədər çox vaxt ərzində mənim xarici həmkarlarımla çoxlu görüşlərim olub və deyə bilərəm ki, onların mütləq əksəriyyəti soruşurdu, bu necə oldu, siz bu Qələbəyə necə nail oldunuz? Mən də deyirdim ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız. Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.
Ona görə
bu gün burada sizinlə bərabər 24 dekabr
gününü qeyd edərkən mən bir daha demək istəyirəm
ki, biz də, Qərbi azərbaycanlılar da heç vaxt
inamı itirməməliyik. İnanmalıyıq və eyni
zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq,
işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda
da belə gözəl məclis keçirəcəyik və
bu günü xatırlayacağıq. Sağ olun.
Azərbaycan.- 2022.- 25 dekabr.- S.1-4.