Dövlət-özəl tərəfdaşlığı
haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Əsas anlayışlar
Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
dövlət-özəl tərəfdaşlığı - dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair bu Qanuna uyğun olaraq bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyəti;
dövlət-özəl tərəfdaşlığı layihəsi - ümumi dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdən yuxarı olan dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsinə yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusu;
dövlət-özəl tərəfdaşlığı qaydaları - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən və dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsini tənzimləyən sənəd;
iddiaçı - dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün keçirilən müsabiqədə və ya birbaşa danışıqlarda iştirak edən və ya özəl təşəbbüs irəli sürən fiziki və ya hüquqi şəxs;
dövlət tərəfdaşı - özəl tərəfdaşla dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan dövlət orqanları (qurumları), habelə bələdiyyələr və ya bələdiyyə müəssisələri;
özəl tərəfdaş - dövlət tərəfdaşı ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan, müsabiqə və ya birbaşa danışıqlar əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün seçilmiş fiziki və ya hüquqi şəxs;
dövlət xidmətləri - dövlət orqanları (qurumları) tərəfindən istehsal edilən mal, göstərilən xidmət, görülən iş, habelə dövlət əmlakının, o cümlədən dövlətin iştirak payı olan hüquqi şəxslərin idarə edilməsi;
infrastruktur - dövlət xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş maddi və qeyri-maddi aktivlər;
strateji sənədlər - dövlət-özəl tərəfdaşlığı layihələrini özündə ehtiva edən dövlət proqramları, strategiyaları, konsepsiyaları və milli fəaliyyət planları;
səlahiyyətli orqan - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
layihə şirkəti - dövlət-özəl tərəfdaşlığı layihəsinin icrasını təmin etmək məqsədilə özəl tərəfdaş tərəfindən yaradılan hüquqi şəxs.
Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Dövlət-özəl tərəfdaşlığına
dair qanunvericilik
Dövlət-özəl tərəfdaşlığına dair Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "İnvestisiya fəaliyyəti haqqında", "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarından və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Bu Qanunun tətbiq dairəsi
Bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarının müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir.
"Dövlət satınalmaları haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanunları bu Qanunla tənzimlənən münasibətlərə şamil edilmir.
Bu Qanunun müddəaları "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq neft-qaz sahəsində fəaliyyətə şamil edilmir.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət-özəl tərəfdaşlığı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Ələt Azad İqtisadi Zonasında dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətlər "Ələt Azad İqtisadi Zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Dövlət-özəl tərəfdaşlığının
əsas prinsipləri
Dövlət-özəl tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
qanunun aliliyi;
azad rəqabətin qorunması;
şəffaflıq və səmərəliliyin artırılması;
iddiaçıların hüquq bərabərliyi;
tərəflər arasında maraq və risk balansının qorunması.
Dövlət-özəl tərəfdaşlığı
layihələrində dövlətin iştirakı
Dövlət-özəl tərəfdaşlığı layihələri Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir.
Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən edilir və müsabiqənin şərtlər toplusunda qeyd olunur.
Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları (səlahiyyətli orqanın razılığı əsasında iqtisadi və (və ya) maliyyə əsaslandırmaları olduğu hallar istisna olmaqla) dövlət-özəl tərəfdaşlığı müqaviləsinin bağlanılmasından sonra dəyişdirilə bilməz.
Bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən edilir.
2-ci fəsil
Dövlət-özəl tərəfdaşlığının
tənzimlənməsi
Dövlət-özəl tərəfdaşlığı
sahəsində dövlət siyasəti
Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin məqsədləri aşağıdakılardır:
dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması;
dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, onlara əlçatanlığın artırılması;
iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılması;
iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılması;
sosial-iqtisadi və biznesyönümlü infrastrukturun qurulması və idarə edilməsi;
yeni iş yerlərinin yaradılması, habelə regionların tarazlı inkişaf imkanlarının təmin olunması;
rəqabətqabiliyyətli məhsul ixracının artırılması;
iqtisadiyyatda səmərəliliyin və şəffaflığın yüksəldilməsi.
Səlahiyyətli orqan
Dövlət-özəl tərəfdaşlığı sahəsində səlahiyyətli orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Səlahiyyətli orqan:
dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir;
dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üzrə müsabiqə sənədlərinin və müqavilələrin layihəsini və ya müqavilələrin əsas şərtlərini hazırlayır;
özəl tərəfdaşın müəyyən edilməsi məqsədilə müsabiqəni və ya birbaşa danışıqları təşkil edir;
dövlət-özəl tərəfdaşlığı ilə bağlı layihə təkliflərinin qiymətləndirilməsini və bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasının yaradılmasını təmin edir;
müsabiqənin şərtlər toplusunun hazırlanmasını və layihə üzrə dövlət tərəfdaşı ilə razılaşdırılmasını, dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə çıxarılmasını və ya birbaşa danışıqlar əsasında müqavilənin bağlanılmasını, habelə müqaviləyə dəyişiklik edilməsini təşkil edir;
hər bir layihə üzrə müsabiqə iştirakçılarına dair tələbləri müəyyən edir;
bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan layihələrin siyahısını təsdiq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir;
7.2.8. müsabiqə üzrə layihə təkliflərinə baxılması və qalibin seçilməsi müddətini müəyyən edir;
7.2.9. dövlət-özəl tərəfdaşlığı müsabiqəsinə təqdim edilmiş hər bir layihə üzrə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun fəaliyyət göstərən işçi qruplar yaradır;
7.2.10. dövlət-özəl tərəfdaşlığı layihəsinin icrasının bu Qanunun 36-cı maddəsinə uyğun olaraq monitorinqini aparır və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat təqdim edir;
7.2.11. bu Qanunun 36-cı maddəsinə uyğun olaraq aparılan monitorinqin nəticələri əsasında dövlət resurslarının effektiv istifadə olunmasının qiymətləndirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər təqdim edir.
3-cü fəsil
Dövlət-özəl tərəfdaşlığı
layihələri, onların seçilməsi
qaydası və iddiaçılara dair tələblər
Dövlət-özəl tərəfdaşlığı
layihəsi
Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını qüvvədə olan strateji sənədlər əsasında hazırlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra hər il üzrə bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasında və özünün rəsmi internet səhifəsində yerləşdirir, habelə mediada dərc etdirir.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi birdən çox dövlət tərəfdaşının səlahiyyətinə aid olduğu hallarda, səlahiyyətli orqan dövlət tərəfdaşını müəyyən edir və ya dövlət-özəl tərəfdaşlığı layihəsinin onlar tərəfindən birgə həyata keçirilməsi barədə qərar qəbul edir.
Bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan dövlət-özəl tərəfdaşlığı layihələri aşağıdakı meyarlar nəzərə alınmaqla müəyyən edilir:
layihənin əhəmiyyəti;
layihənin iqtisadi səmərəliliyi;
layihənin icrası zamanı yarana biləcək maliyyə riskləri və bu risklərin tərəflər arasında bölgüsü.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 (qırx doqquz) ildir. Bu müddət, aşağıdakılar nəzərə alınmaqla, səlahiyyətli orqan tərəfindən müəyyən edilir:
8.4.1. dövlət-özəl tərəfdaşlığı nəticəsində yaradılacaq infrastrukturun yararlılıq müddəti;
8.4.2. özəl tərəfdaş tərəfindən investisiya qoyuluşunun forması və həcmi, o cümlədən cəlb edilmiş vəsaitin qaytarılması müddəti, şərtləri və layihələr üzrə gəlirlilik.
8.5. dövlət-özəl tərəfdaşlığı layihələri bu Qanunun 10-cu maddəsinə uyğun olaraq iddiaçılar tərəfindən də təqdim edilə bilər.
Dövlət-özəl tərəfdaşlığı
üçün layihələrin seçilməsi
Səlahiyyətli orqan tərəfindən bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan siyahı səlahiyyətli orqanın rəsmi internet səhifəsində, bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasında yerləşdirildikdən və ya mediada dərc edildikdən sonra layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslər bu barədə niyyətlərini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq səlahiyyətli orqana bildirmək hüququna malikdirlər.
Səlahiyyətli orqan layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslərin niyyətləri əsasında və ya öz təşəbbüsü ilə bu Qanunun 24-cü maddəsi nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı layihəsini bu Qanunun 12-ci maddəsinə uyğun olaraq müsabiqəyə hazırlayır.
İddiaçının özəl təşəbbüsü
İddiaçı bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş siyahıdan əlavə özəl təşəbbüs irəli sürə bilər.
Səlahiyyətli orqan iddiaçının özəl təşəbbüsünün bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulan meyarlara uyğunluğunu yoxlayır.
Səlahiyyətli orqan 60 (altmış) gün müddətində iddiaçının özəl təşəbbüsünün növbəti mərhələyə qəbul edilməsi, növbəti mərhələyə qeyd-şərtlə (dəyişikliklərlə) qəbul edilməsi və ya bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmadıqda rədd edilməsi barədə qərar qəbul edir və bu barədə 2 (iki) iş günü müddətində iddiaçını məlumatlandırır.
İddiaçının özəl təşəbbüsü növbəti mərhələyə qəbul edildikdə, səlahiyyətli orqan 10 (on) gün müddətində həmin özəl təşəbbüsün xülasəsini özünün rəsmi internet səhifəsində, bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasında yerləşdirir və ya mediada dərc etdirir.
İddiaçının özəl təşəbbüsü növbəti mərhələyə qeyd-şərtlə (dəyişikliklərlə) qəbul edilərsə, səlahiyyətli orqanla iddiaçı arasında, bu Qanunun 10.3-cü maddəsinə uyğun olaraq, məlumat göndərildiyi tarixdən 30 (otuz) gün müddətində həmin qeyd-şərtlərlə (dəyişikliklərlə) bağlı danışıqlar aparılır. Səlahiyyətli orqanla iddiaçı arasında qeyd-şərtlərə (dəyişikliklərə) dair razılıq əldə edildikdə, bu Qanunun 10.6-cı maddəsinə uyğun tədbirlər görülür.
Səlahiyyətli orqan özəl təşəbbüs qaydasında verilmiş təklifin xülasəsini dərc etdikdən sonra 60 (altmış) gün müddətində digər şəxslər səlahiyyətli orqana müraciət etməklə həmin dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində özəl tərəfdaş qismində iştirak etmək niyyətlərini bildirə bilərlər. Azı iki digər şəxs tərəfindən səlahiyyətli orqana belə niyyət bildirildiyi halda səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsini bu Qanunun 12-ci maddəsinə uyğun olaraq müsabiqəyə hazırlayır.
Bu Qanunun 10.6-cı maddəsinə uyğun olaraq azı iki digər şəxs tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində iştirak etmək niyyəti bildirilmədiyi halda səlahiyyətli orqan müsabiqə keçirmədən dövlət tərəfdaşının, bu Qanunun 24-cü maddəsinə uyğun olaraq, özəl tərəfdaşla 45 (qırx beş) gün müddətində müqavilə bağlamasını təşkil edir.
İddiaçının özəl təşəbbüs qaydasında təqdim etdiyi təklif müsabiqəyə çıxarıldıqdan sonra həmin iddiaçının müsabiqədə iştirak etməkdən imtina etdiyi və ya müsabiqədə qalib gəlmədiyi hallarda, səlahiyyətli orqan özəl təşəbbüs irəli sürmüş iddiaçının hazırladığı sənəd və məlumatlardan istifadə etdiyi halda həmin sənədlərin hazırlanması və məlumatların əldə edilməsi üçün iddiaçının çəkdiyi xərcləri ödəməlidir. Bu zaman səlahiyyətli orqan bu xərclərin müsabiqənin qalibi tərəfindən özəl təşəbbüsü irəli sürən, lakin müsabiqədə iştirak etməkdən imtina edən və ya müsabiqədə qalib gəlməyən iddiaçıya ödənilməsini müsabiqənin şərti kimi müəyyən edir.
İddiaçılara dair tələblər
Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində iştirak etmək üçün iddiaçılara dair tələblər aşağıdakılar nəzərə alınmaqla dövlət-özəl tərəfdaşlığı qaydaları ilə müəyyən edilir:
iddiaçı müvafiq fəaliyyət və ya oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olmalı;
iddiaçı dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün maliyyə resurslarına və (və ya) həmin maliyyə resurslarını cəlb etmək imkanına malik olmalı;
iddiaçı maddi və (və ya) qeyri-maddi aktivlərə və ya həmin aktivlərin cəlb edilməsi imkanına malik olmalı;
iddiaçı idarəetmə imkanlarına, bilik, innovasiyaya və texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olmalı;
fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvlərinin korrupsiya, dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və ya onlar barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması faktı olmamalı;
fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində beynəlxalq sanksiyalar mövcud olmamalı, habelə vətəndaşı və ya rezidenti olduğu ölkədə həmin şəxsin dövlət-özəl tərəfdaşlığı layihəsində iştirakını məhdudlaşdıran və ya qadağan edən məhdudiyyətlər tətbiq edilməməli;
fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində dövlət-özəl tərəfdaşlığı layihəsində nəzərdə tutulan fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qoyulan məhdudiyyət və ya qadağa olmamalı;
iddiaçı barəsində onun iflası haqqında icraat, hüquqi şəxs olduğu təqdirdə isə həmçinin ləğvi haqqında icraat olmamalı.
Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici iddiaçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici iddiaçıların müsabiqədə iştirak etməsinə, özəl təşəbbüs qaydasında təklif verməsinə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə birbaşa danışıqlarda iştirak etməsinə məhdudiyyətlər qoyula bilər. Səlahiyyətli orqan belə məhdudiyyətin müəyyən olunduğunu müsabiqənin şərtlər toplusunda və müsabiqə barədə elanda göstərməlidir.
Bu Qanunun 11.1-ci və 11.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı layihəsinin məqsədi, strukturu və xüsusiyyətlərindən asılı olaraq özəl tərəfdaşa dair tələblər səlahiyyətli orqan tərəfindən müsabiqənin şərtlər toplusunun hazırlanması mərhələsində dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq müəyyən edilir.
4-cü fəsil
Dövlət-özəl tərəfdaşlığı
müsabiqəsi
Dövlət-özəl tərəfdaşlığı
layihəsinin müsabiqəyə hazırlanması
Səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihələrinin müsabiqəyə hazırlanması mərhələləri aşağıdakılardır:
dövlət tərəfdaşı tərəfindən layihə üzrə müfəssəl texniki-iqtisadi əsaslandırmanın hazırlanması və səlahiyyətli orqana təqdim edilməsi;
müsabiqənin şərtlər toplusunun hazırlanması;
iddiaçının özəl təşəbbüsünə münasibətdə dövlət tərəfdaşının müəyyən edilməsi (tələb olunduqda);
dövlət-özəl tərəfdaşlığı müqaviləsinin layihəsinin və ya müqavilənin əsas şərtlərinin hazırlanması.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl texniki-iqtisadi əsaslandırması aşağıdakıları əhatə etməlidir:
dövlət-özəl tərəfdaşlığı layihəsinin ətraflı təsviri;
dövlət-özəl tərəfdaşlığı layihəsi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun Əlavəsində nəzərdə tutulan fəaliyyətlə bağlı olduqda həmin Qanuna uyğun olaraq ətraf mühitə təsirinin qiymətləndirilməsi nəticələrini təsdiq edən sənəd;
xarici investorların və kreditorların cəlb edilməsi nəzərdə tutulduğu halda işgüzar adətlərlə tələb olunan məlumat və sənədlər;
dövlət-özəl tərəfdaşlığı layihəsinin riskləri, onların qiymətləndirilməsi və tərəflər arasında bölüşdürülməsi;
dövlət tərəfindən veriləcək dəstək və təminatların müəyyən edilməsi.
Bu Qanunun 12.1.1 - 12.1.4-cü maddələrində nəzərdə tutulmuş işlər başa çatdıqdan sonra səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsini müsabiqəyə çıxarır.
Dövlət-özəl tərəfdaşlığı
müsabiqəsinin mərhələləri
Dövlət-özəl tərəfdaşlığına dair müsabiqə aşağıdakı mərhələlərdən ibarət olmaqla açıq formada keçirilir:
müsabiqə barədə elanın verilməsi;
iddiaçılar tərəfindən müsabiqədə iştirakla bağlı müraciətlərin təqdim edilməsi;
müsabiqədə iştirak üçün müraciət etmiş iddiaçıların bu Qanunun 16.1-ci maddəsinə uyğun olaraq ixtisas uyğunluğunun qiymətləndirilməsi;
ixtisas uyğunluğundan keçmiş iddiaçılara müsabiqənin şərtlər toplusunun təqdim edilməsi, ixtisas uyğunluğundan keçməmiş iddiaçılara bu barədə yazılı bildirişin göndərilməsi;
iddiaçılar tərəfindən təqdim olunmuş layihə təkliflərinin qiymətləndirilməsi;
müsabiqə qalibinin, həmçinin ikinci və üçüncü yeri tutmuş iddiaçıların seçilməsi.
Hər bir müsabiqə iştirakçısı eyni müsabiqəyə birdən çox layihə təklifi verə bilməz. Müsabiqə iştirakçısı öz layihə təklifini təkliflərin təqdim edilməsi üçün müəyyən edilmiş son müddət başa çatanadək istənilən vaxt dəyişdirə bilər.
Müsabiqənin elan edilməsi
Müsabiqənin keçirilməsi barədə elan, layihənin xüsusiyyətindən asılı olaraq, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş müddətdə səlahiyyətli orqanın rəsmi internet səhifəsində yerləşdirilir, həmçinin mediada dərc edilir.
Dövlət-özəl tərəfdaşlığı layihəsi haqqında aşağıdakı məlumatlar səlahiyyətli orqanın və dövlət tərəfdaşının rəsmi internet səhifəsində, habelə bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş məlumat bazasında yerləşdirilir:
layihənin qısa təsviri və həyata keçiriləcəyi yer;
layihə üzrə dövlət dəstəyi və təminatlar (olduğu halda);
müsabiqənin şərtlər toplusunun qısa məzmunu.
14.3. Bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş elanda bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş tələblər və müsabiqədə iştirakla bağlı müraciətlərin təqdim edilməsi müddəti göstərilməlidir.
İddiaçıların müsabiqədə
iştirakı
Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslər və bu Qanunun 10-cu maddəsinə uyğun olaraq özəl təşəbbüs irəli sürmüş iddiaçılar, eləcə də digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq keçirilən müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Müraciətlər elanda göstərilən müddətdə səlahiyyətli orqana təqdim edilməlidir.
İddiaçılar tərəfindən müraciətə əlavə olunmalı sənədlər dövlət-özəl tərəfdaşlığı qaydaları ilə müəyyənləşdirilir.
Dövlət-özəl tərəfdaşlığı layihəsində bir neçə iddiaçı öz maliyyə, təşkilati, insan resurslarını, habelə maddi-texniki bazasını və dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün tələb olunan digər imkanlarını müqavilə əsasında birləşdirməklə iştirak edə bilərlər.
İddiaçılar bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulan müqaviləni səlahiyyətli orqana təqdim etməlidirlər. Həmin müqavilədə hər bir iştirakçının dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası ilə əlaqədar vəzifələri, iştirakçılar arasında məsuliyyət bölgüsü və onları təmsil etmək hüququna malik olan əsas iştirakçı müəyyən edilməlidir.
Müsabiqədə ixtisas uyğunluğunun qiymətləndirilməsi
Bu Qanunun 15-ci maddəsinə uyğun olaraq müsabiqədə iştirakla bağlı müraciət təqdim etmiş iddiaçıların ixtisas göstəriciləri bu Qanunun 11-ci maddəsinin tələblərinə uyğun olaraq səlahiyyətli orqan tərəfindən iddiaçıların əqli mülkiyyəti və kommersiya sirri qorunmaqla qiymətləndirilir.
İddiaçıların ixtisas uyğunluğunun qiymətləndirilməsinə dair bu Qanunun 11-ci maddəsində nəzərdə tutulanlardan başqa əlavə meyarlar, tələblər və prosedurlar nəzərdə tutula bilməz.
Müsabiqənin şərtlər toplusu
Müsabiqənin şərtlər toplusuna aşağıdakı məlumatlar daxil edilir:
dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl təsviri;
dövlət tərəfindən təqdim edilməsi nəzərdə tutulan dəstək və təminatlar;
dövlət-özəl tərəfdaşlığı layihəsinin xüsusiyyətləri və icra müddəti, icrasının ehtimal olunan nəticələri;
dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində yerli resurslardan (işçi qüvvəsi, mal, iş və xidmətlərdən) istifadəyə, onların yaradılmasına və ya inkişaf etdirilməsinə dair tələblər;
iddiaçıların layihə təkliflərinə dair tələblər;
iddiaçıların layihə təkliflərinin qüvvədə olma müddəti;
iddiaçıların layihə təkliflərinin təminatı (dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq təminatın forması, qüvvədə olma müddəti, geri qaytarılmadığı hallar);
müsabiqənin keçirilməsi qaydasının müfəssəl təsviri, layihə təkliflərinin qiymətləndirilməsi, müsabiqə qalibinin seçilməsi meyarları, hər bir meyarın xüsusi çəkisi;
dövlət-özəl tərəfdaşlığı müqaviləsinin bu Qanunun 22-ci maddəsində göstərilən əsas şərtləri;
layihə şirkətində dövlət tərəfdaşının iştirakı (qərar qəbul olunduqda), layihə şirkətinin iştirakçıları (səhmdarları) arasında müqavilənin əsas şərtləri.
Müsabiqə başlandıqdan sonra müsabiqənin şərtlər toplusunda dəyişikliklər edildikdə, müsabiqənin müddəti dövlət-özəl tərəfdaşlığı qaydalarında müəyyən edilmiş müddət daxilində uzadıla bilər. Belə dəyişikliklər barədə müsabiqənin bütün iddiaçılarına məlumat verilməlidir.
Layihə təkliflərinin hazırlanması və təqdim
edilməsi
İddiaçılar layihə təkliflərini bu Qanunun 17-ci maddəsində nəzərdə tutulan müsabiqənin şərtlər toplusuna uyğun hazırlamalı və təqdim etməlidirlər.
Layihə təklifləri müsabiqənin şərtlər toplusu ilə müəyyən edilmiş son müddətə qədər təqdim olunmalıdır. Müəyyən edilmiş müddətdən sonra təqdim olunan təkliflər qəbul edilmir.
Layihə təkliflərinin qiymətləndirilməsi
Layihə təkliflərinin qiymətləndirilməsi səlahiyyətli orqan tərəfindən aşağıdakı qaydada aparılır:
layihə təkliflərinin müsabiqənin şərtlər toplusu ilə müəyyən edilmiş minimal texniki tələblərə uyğunluğu yoxlanılır və belə tələblərə cavab verməyən təkliflərə baxılmır;
səlahiyyətli orqan tərəfindən layihə təklifləri müsabiqənin bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan hər bir meyar üzrə həmin meyarın xüsusi çəkisi nəzərə alınmaqla balların verilməsi üsulu ilə qiymətləndirilir.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin xüsusiyyətlərindən asılı olaraq layihə təklifləri aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
dövlət tərəfdaşı tərəfindən özəl tərəfdaşa ediləcək ödənişlərin məbləği və bunların dövlət-özəl tərəfdaşlığı müddətində bölüşdürülməsi;
özəl tərəfdaşa verilən dövlət dəstəyi və təminatların məbləği, səviyyəsi və bunların dövlət-özəl tərəfdaşlığı müqaviləsi müddətində bölüşdürülməsi;
layihənin icra müddəti özəl tərəfdaş tərəfindən təklif edildiyi halda dövlət-özəl tərəfdaşlığının müddəti;
dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası zamanı gözlənilən nəticələr və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə dəymiş zərərin ödənilməsi;
layihə təklifinin texniki,
estetik-funksional, innovativ xassələri;
iddiaçı tərəfindən risklərin
qarşısını almaq üçün təklif olunan tədbirlər.
Layihə təkliflərinin
qiymətləndirilməsi meyarları və hər bir
meyarın xüsusi çəkisi müsabiqənin şərtlər
toplusunda göstərilməlidir. Dövlət-özəl
tərəfdaşlığı qaydalarında müəyyən
edildiyi hallarda, müsabiqənin şərtlər toplusunda
layihə təkliflərinin əsaslandırılmaqla
yalnız bir meyar əsasında qiymətləndirilməsi nəzərdə
tutula bilər.
Müsabiqənin
qalibinin elan edilməsi və layihə şirkəti
Layihə təkliflərinin qiymətləndirilməsi
nəticəsində ən çox bal
toplamış iddiaçı müsabiqənin qalibi elan olunur
və ona, habelə müsabiqədə ikinci və
üçüncü yerləri tutmuş iddiaçılara
bu barədə 5 (beş) iş günü müddətində
bildiriş göndərilir.
Müsabiqənin qalibi, ikinci
və üçüncü yer tutmuş iddiaçılar barədə
məlumat səlahiyyətli orqanın rəsmi internet səhifəsində
yerləşdirilir.
Müsabiqənin qalibi və
ya müsabiqənin şərtlər toplusunda nəzərdə
tutulduğu halda müsabiqə qalibinin layihənin icrası
üçün yaratdığı layihə şirkəti ilə
dövlət-özəl tərəfdaşlığı
müqaviləsi 60 (altmış) gün müddətində
bağlanılır, bu müddət tərəflərin
qarşılıqlı razılığı ilə
uzadıla bilər.
Müsabiqənin qalibi
dövlət-özəl tərəfdaşlığı
müqaviləsini bağlamaqdan imtina etdiyi halda onun təminatı
geri qaytarılmır. Bu zaman dövlət-özəl tərəfdaşlığı
müqaviləsi ikinci və ya müvafiq olaraq
üçüncü yer tutmuş iddiaçı ilə
bağlanıla bilər və bu barədə məlumat səlahiyyətli
orqanın rəsmi internet səhifəsində və bu Qanunun
35.1-ci maddəsində nəzərdə tutulan məlumat
bazasında yerləşdirilir.
Müsabiqənin şərtlər
toplusu ilə müəyyən edildiyi halda səlahiyyətli
orqan dövlət-özəl tərəfdaşlığı
müqaviləsinin, digər layihə müqavilələrinin
hazırlanması və ya dövlət-özəl tərəfdaşlığı
layihəsinin texniki şərtlərinin dəqiqləşdirilməsi
məqsədilə müsabiqənin qalibi ilə son
danışıqlar apara bilər.
Dövlət-özəl tərəfdaşlığı
layihəsinin icrasını təmin etmək məqsədilə
iddiaçı layihə şirkəti yarada bilər. Dövlət-özəl
tərəfdaşlığı layihəsinin icrası məqsədilə
layihə şirkətinin yaradılması müsabiqənin
şərtlər toplusunda nəzərdə tutula bilər.
Səlahiyyətli orqan layihə
şirkətində dövlət tərəfdaşının
iştirakı (nizamnamə kapitalının 49 faizindən
çox olmamaq şərtilə) barədə qərar qəbul
edə bilər.
Müsabiqənin şərtlər
toplusunda layihə şirkətinin yaradılması nəzərdə
tutulduqda, şərtlər toplusunda həmin layihə şirkətinə
dair tələblər müəyyən edilir. Layihə şirkəti
yalnız dövlət-özəl tərəfdaşlığı
layihəsinin həyata keçirilməsi fəaliyyəti ilə
məşğul ola bilər.
Layihə şirkəti
yaradıldığı halda müsabiqənin şərtlər
toplusunda iddiaçı tərəfindən layihə şirkətinin
öhdəlikləri üzrə təminatın verilməsi nəzərdə
tutula bilər.
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsində müəyyən edilmiş müddət
ərzində iddiaçının layihə şirkəti
üzərində nəzarətinin saxlanılmasına
(iddiaçı tərəfindən layihə şirkətinin
nizamnamə kapitalında üstün iştirakına və ya
iddiaçı və layihə şirkəti arasında
müqaviləyə əsasən layihə şirkətinin qərarlarını
müəyyənləşdirmək hüququ) dair müddəalar
nəzərdə tutula bilər.
5-ci fəsil
Dövlət-özəl
tərəfdaşlığı müqaviləsinin şərtləri,
bağlanılması,
dəyişdirilməsi və ləğvi
qaydası
Dövlət-özəl
tərəfdaşlığı müqaviləsi
Dövlət-özəl tərəfdaşlığı
müsabiqəsinin qalibi və ya birbaşa
danışıqlar aparılması yolu ilə cəlb
edilmiş özəl tərəfdaşla bu Qanunun 20.3-cü
maddəsinə uyğun olaraq dövlət-özəl tərəfdaşlığı
müqaviləsi bağlanılır.
Dövlət-özəl tərəfdaşlığı
layihəsi kreditor (kreditorlar) tərəfindən maliyyələşdirildikdə
kreditora (kreditorlara) əlavə təminat verilməsi məqsədilə
dövlət tərəfdaşı, özəl tərəfdaş
və kreditor (kreditorlar) arasında birbaşa müqavilə
imzalana bilər. Kreditorlarla birbaşa müqaviləyə
tərəflər arasında dövlət-özəl tərəfdaşlığı
layihəsinə dair məlumat mübadiləsi, kreditorun
(kreditorların) hüquqları və bu hüquqların həyata
keçirilməsi şərtlərini nəzərdə tutan
işgüzar adətlərlə tələb olunan müddəalar
daxil edilə bilər.
Özəl tərəfdaş xarici
fiziki və ya hüquqi şəxs, xarici hüquqi şəxsin
filialı və ya payların (səhmlərin) nəzarət zərfi
xarici fiziki və ya hüquqi şəxsin mülkiyyətində
olan hüquqi şəxs olduğu təqdirdə və ya
dövlət-özəl tərəfdaşlığı
layihəsi xarici və ya beynəlxalq kredit təşkilatı,
bank və ya maliyyə qurumu tərəfindən maliyyələşdirildikdə
dövlət-özəl tərəfdaşlığı
müqaviləsi və digər layihə müqavilələri
xarici elementli mülki hüquqi münasibət hesab olunur və
tərəflər onlar arasında olan mülki hüquq
münasibətlərinə tətbiq edilən hüququ
"Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən seçə bilərlər.
Dövlət-özəl
tərəfdaşlığı müqaviləsinin şərtləri
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsində aşağıdakılar nəzərdə
tutulmalıdır:
müqavilənin tərəfləri;
müqavilənin predmeti, istehsal ediləcək
malların, yerinə yetiriləcək işlərin və
göstəriləcək xidmətlərin həcmi və
xüsusiyyətləri, infrastrukturun yaradılması, idarəetməyə
verilməsi;
müqavilədə nəzərdə
tutulmuş infrastruktura mülkiyyət hüquqlarının tərəflər
arasında ötürülməsi və
bölüşdürülməsi qaydası (olduğu halda);
müqavilənin müddəti;
layihə üzrə tərəflərin
öhdəlikləri, o cümlədən maliyyə öhdəlikləri;
dövlət dəstəyi və (və
ya) özəl tərəfdaşa nəzərdə tutulan
güzəştlər (olduğu halda);
müqaviləyə xitam verilməsi qaydası və
onun nəticələri;
layihə tərəflərinin dəyişdirilməsinin
şərtləri və qaydası;
dövlət-özəl tərəfdaşlığı
layihəsinin həyata keçirilməsi üçün
torpaq sahəsinin ayrılması nəzərdə tutulduğu
halda, səlahiyyətli orqan və özəl tərəfdaş
arasında torpaq icarəsi və ya istifadəsi ilə
bağlı münasibətlərin tənzimlənməsi;
özəl tərəfdaşa verilən
dövlət təminatı;
dövlət-özəl tərəfdaşlığı
layihəsi çərçivəsində dövlət tərəfdaşı
və özəl tərəfdaş arasında öhdəliklərin
bölüşdürülməsi;
layihənin ümumi dəyərində
dövlət tərəfdaşının və özəl tərəfdaşın
iştirak payı;
dövlət tərəfdaşı
(layihənin xüsusiyyətindən asılı olaraq səlahiyyətli
orqan) və özəl tərəfdaş arasında investisiya
qoyuluşuna dair məsələlər;
podratçılara və subpodratçılara
dair tələblər (olduğu halda).
Müsabiqənin şərtlər
toplusunda özəl tərəfdaşa dövlət dəstəyinin
və təminatların verilməsi nəzərdə
tutulduğu halda, özəl tərəfdaşla dövlət
təminatı müqaviləsini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
bağlayır.
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsinin tərəfləri, özəl tərəfdaşın
öhdəliklərini yerinə yetirməsi şərtilə,
özəl tərəfdaşın çəkdiyi xərclərə,
qoyduğu investisiyaya və üzərinə
götürdüyü öhdəliklərə mütənasib
kompensasiya və gəlir əldə etməsinə nail olmaq
üçün ödəniş şərtlərini, eyni
zamanda belə ödəniş şərtlərinin
vaxtaşırı olaraq nəzərdən keçirilməsi
və dəyişən şəraitə
uyğunlaşdırılması mexanizmlərini
razılaşdırmaq və dövlət-özəl tərəfdaşlığı
müqaviləsinə daxil etmək hüququna malikdirlər.
Müqavilənin
dəyişdirilməsi və ləğv edilməsi
Dövlət-özəl tərəfdaşlığı
qaydalarının tələbləri nəzərə
alınmaqla dövlət-özəl tərəfdaşlığı
müqaviləsi ilə müəyyən edilmiş hallarda
dövlət-özəl tərəfdaşlığı
müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun dəyişdirilə və ya ləğv edilə bilər.
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsində onun ləğvi və ya ona xitam verilməsinin
nəticələri müəyyən edilməlidir. Bunlara
aşağıdakılar aiddir:
bu Qanunun 29-cu maddəsi ilə müəyyən
edilmiş nəticələr;
bu Qanunun 22.3-cü maddəsində nəzərdə
tutulmuş kompensasiya məbləğinin müəyyən
edilməsi və onun ödənilməsi qaydası;
dövlət-özəl tərəfdaşlığı
layihəsi üzrə zəruri olan infrastruktur və əqli
mülkiyyət üzərində hüquq sahibinin müəyyən
edilməsi.
Birbaşa
danışıqlar əsasında müqavilənin
bağlanılması
Aşağıdakı hallarda
müsabiqə keçirilmədən birbaşa
danışıqlar əsasında səlahiyyətli
orqanın qərarı ilə iddiaçı ilə dövlət-özəl
tərəfdaşlığı müqaviləsi
bağlanılır:
dövlət-özəl tərəfdaşlığı
layihəsində nəzərdə tutulan dövlət xidmətini
yalnız bir iddiaçı həyata keçirmək
imkanına malik olduqda;
müdafiə və təhlükəsizlik məqsədləri
ilə əlaqədar dövlət-özəl tərəfdaşlığı
layihələri həyata keçirildikdə;
24.1.3. müsabiqə
elan edildiyi halda daxil olmuş təkliflər bu Qanunun və
müsabiqənin şərtlər toplusu ilə müəyyən
edilmiş layihə təkliflərinin qiymətləndirmə
meyarlarına uyğun olmadıqda və ya yalnız bir layihə
təklifi daxil olduqda;
24.1.4. bu Qanunun
10.7-ci, 29-cu və 37.3-cü maddələrində nəzərdə
tutulmuş hallarda.
6-cı fəsil
Özəl tərəfdaşlara
və kreditorlara verilən dövlət dəstəyi və təminatlar
Dövlət dəstəyinin
formaları
Dövlət-özəl tərəfdaşlığı
layihəsinə "İnvestisiya fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulan təşviq tədbirləri, habelə vergi və digər
dövlət ödənişləri üzrə güzəştlər,
əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və
kompensasiyalar şamil edilir.
Özəl tərəfdaşa
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən
müsabiqənin şərtlər toplusunda nəzərdə
tutulmuş aşağıdakı dövlət dəstəyi
və təminatlar verilə bilər:
dövlət-özəl tərəfdaşlığı
layihəsinin həyata keçirilməsi üçün mal,
material, xammal, avadanlığın verilməsinin təşkili;
dövlət-özəl tərəfdaşlığı
layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;
dövlət-özəl tərəfdaşlığı
layihəsi çərçivəsində istehsal edilən məhsulların,
göstərilən xidmətlərin, görülən işlərin
müəyyən həcmdə alınmasına dair təminat;
subsidiyaların və (və ya) kreditlərin
verilməsi, kapital qoyuluşu;
tənzimlənən qiymətlərin səviyyəsinə
dair təminat;
Azərbaycan Respublikasının ərazisi
və ya onun bir hissəsində xidmətlərin göstərilməsi,
işlərin görülməsi, məhsulun satışı
üzrə müvəqqəti olaraq müstəsna
hüquqların verilməsi;
dövlət-özəl tərəfdaşlığı
müqaviləsində nəzərdə tutulan hallarda, özəl
tərəfdaşın çəkdiyi xərclərin və əldən
çıxmış faydanın əvəzinin ödənilməsi.
Özəl tərəfdaşın
fəaliyyətinə təminat
Özəl tərəfdaşın
investisiyası, məhsulları və ya gəlirləri üzərində
müstəqil sərəncam vermək, dövlət-özəl
tərəfdaşlığı layihəsinə aid olan əmlakı
və fəaliyyəti idarə etmək və ona nəzarət
etmək hüququnu məhdudlaşdıran və ya özəl
tərəfdaşın fəaliyyətinə mane olan və Azərbaycan
Respublikasının qanunları ilə qadağan olunan hər
hansı formada müdaxiləyə yol verilmir.
Qanunvericiliyin dəyişməsinin
təsirlərinə dair təminat
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsinin bağlandığı tarixdən sonra Azərbaycan
Respublikasının normativ hüquqi aktlarında edilən dəyişikliklər
özəl tərəfdaşın dövlət-özəl tərəfdaşlığı
müqaviləsi üzrə xərclərinin artmasına və
ya əldə edəcəyi gəlirin azalmasına səbəb
olduqda, özəl tərəfdaşa dövlət-özəl
tərəfdaşlığı qaydaları ilə müəyyən
edilmiş qaydada kompensasiya ödənilir. Bu
zaman ödəniləcək kompensasiyanın məbləği
dövlət-özəl tərəfdaşlığı
müqaviləsində müəyyən edilə bilər.
Kreditorların
hüquqlarının təminatı
28.1.
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsi ilə müəyyən olunan istisnalar nəzərə
alınmaqla, özəl tərəfdaş dövlət-özəl
tərəfdaşlığı layihəsinin kənardan
maliyyələşməsinə nail olmaq məqsədilə
kreditorların xeyrinə tələblər və hüquqlar
da daxil olmaqla, dövlət-özəl tərəfdaşlığı
layihəsinə münasibətdə özünün
mülkiyyətində olan (və ya gələcəkdə
olacaq) bütün və ya hər hansı əmlakı, habelə
özünün malik olduğu iştirak payları (səhmləri)
üzərində Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
"Daşınar əmlakın yüklülüyü
haqqında" Azərbaycan Respublikası Qanunu və bu sahədə
münasibətləri tənzimləyən digər qanunlarla
qadağan olunmayan istənilən yüklülük yarada və
(və ya) öhdəliyin icrasının digər təminat
üsullarından istifadə edə bilər.
28.2. Dövlət tərəfdaşı
layihə şirkətində iştirak etdiyi halda, dövlət
payı (səhmləri) üzərində girovun və ya digər
yüklülüyün yaradılması Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr üzrə
götürdüyü öhdəliklər nəzərə
alınmaqla həyata keçirilə bilər.
28.3. Kreditorlarla birbaşa müqavilədə
nəzərdə tutulduğu halda, bu Qanunun 28.1-ci maddəsində
müəyyən edilmiş yüklülüyə tutma
yönəldilərkən, səlahiyyətli orqan yüklü
edilmiş əmlakı satın almaqda üstünlük
hüququna malik ola bilər.
28.4. Dövlət-özəl tərəfdaşlığı
müqaviləsində və (və ya) kreditorlarla birbaşa
müqavilədə tərəflərin
razılaşdırdığı və kreditorların
hüquqlarının qorunması və təmin edilməsinə
dair Azərbaycan Respublikasının qanunlarına zidd olmayan
digər müddəalar (dövlət-özəl tərəfdaşlığı
müqaviləsinə vaxtından əvvəl xitam verildikdə
kreditorlara ödənilməli olan kompensasiyalar və ya özəl
tərəfdaşa edilməli olan ödənişlərin
birbaşa olaraq kreditor (kreditorlar) tərəfindən
alınmasına dair müddəalar) nəzərdə tutula
bilər.
Dövlət tərəfdaşının
və kreditorların dövlət-özəl tərəfdaşlığı
layihəsini idarə etmək hüquqları
29.1. Dövlət-özəl tərəfdaşlığı
müqaviləsində nəzərdə tutulan risk halları
yarandıqda, dövlət-özəl tərəfdaşlığı
qaydalarına uyğun olaraq dövlət tərəfdaşı
səlahiyyətli orqanın müəyyən etdiyi qaydada layihəni
idarə etmək hüququndan istifadə edə bilər və
ya bu Qanunun 24-cü maddəsinə uyğun olaraq səlahiyyətli
orqan və ya onun razılığı ilə kreditor
(kreditorlar) tərəfindən yeni özəl tərəfdaş
təyin edilə bilər.
29.2. Kreditorlarla birbaşa müqavilədə
dövlət-özəl tərəfdaşlığı
layihəsinin idarə edilməsi hüququndan dövlət tərəfdaşının
və ya kreditorun (kreditorlar) istifadə edəcəyinə dair
müddəalar müəyyən edilməlidir.
Dövlət-özəl
tərəfdaşlığında maliyyələşmə
üsullarının seçilməsinə təminat
Dövlət-özəl tərəfdaşlığı
layihəsinin maliyyələşdirilməsi üzrə bir
neçə üsulun tətbiqi mümkün olduqda,
iddiaçılara dövlət-özəl tərəfdaşlığı
layihəsinin maliyyələşdirilməsi üsullarından
birinin əsaslandırılmaqla seçilməsi təklif
oluna bilər.
Hesablaşma və
valyuta ilə əməliyyatların aparılmasına təminat
Özəl tərəfdaş
dövlət-özəl tərəfdaşlığı
layihəsinin maliyyələşdirilməsi üçün
qeyri-rezident banklardan aldığı kreditlər üzrə
öhdəliklərini yerinə yetirmək məqsədilə
qeyri-rezident banklarda bank hesabları açmaq və həmin
öhdəliklərin yerinə yetirilməsi üçün
tələb olunan həddə xarici valyuta vəsaitini həmin
hesablara mədaxil etmək (və ya köçürmək),
Azərbaycan Respublikasında əldə etdiyi gəliri qeyri-rezident banklarda
açdığı bank hesablarına köçürmək,
həmin hesablarda saxlamaq və həmin hesablardan ödənişləri
həyata keçirmək hüququna malikdir.
Müsabiqənin şərtlər
toplusunda nəzərdə tutulduğu halda xarici elementli
dövlət-özəl tərəfdaşlığı
müqaviləsində Azərbaycan Respublikasının milli
valyutasının xarici valyutalara qarşı dəyərinin dəyişməsinin
dövlət-özəl tərəfdaşlığı
layihəsinə mənfi təsirinin azaldılmasına və
ya aradan qaldırılmasına dair müddəalar nəzərdə
tutula bilər.
Tənzimlənən
qiymətlərlə bağlı təminat
"Tənzimlənən qiymətlər
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq
göstərilən xidmətlərin tariflərinin
dəyişməsi dövlət-özəl tərəfdaşlığı
layihəsinin iqtisadi göstəricilərinə mənfi təsir
göstərdiyi hallarda, dövlət-özəl tərəfdaşlığı
müqaviləsində belə mənfi təsirin
azaldılması və ya aradan qaldırılması şərtləri
müəyyən edilə bilər.
Əmlakdan istifadəyə
və mülkiyyətə təminat
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsində həmin müqavilə başa
çatdıqdan və ya ona xitam verildikdən sonra özəl
tərəfdaşa verilməli olan, habelə dövlətə
qaytarılmalı və ya verilməli olan əmlak müəyyən
edilməlidir.
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsində başqa hal nəzərdə
tutulmadıqda, özəl tərəfdaş dövlət tərəfdaşının
əvvəlcədən yazılı razılığı ilə
infrastrukturu dövlət-özəl tərəfdaşlığı
müqaviləsində müəyyən edilmiş müddətdən
artıq olmayan müddətə icarəyə və ya istifadəyə
vermək hüququna malikdir.
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsində başqa qayda nəzərdə
tutulmadığı halda, həmin müqavilə ləğv
edildikdə və ya ona xitam verildikdə:
özəl tərəfdaşın
yaratdığı infrastruktur özəl tərəfdaşın
mülkiyyətində qala və ya dövlət tərəfdaşının
mülkiyyətinə keçə bilər;
dövlət tərəfdaşı
özəl tərəfdaşın yaratdığı
infrastrukturu sonuncudan satın almaqda üstünlük
hüququna malik ola və ya belə öhdəlik daşıya
bilər;
dövlətin infrastrukturu özəl tərəfdaşın
mülkiyyətinə verilə bilər və ya özəl tərəfdaş
onun idarəetməsinə verilmiş infrastrukturu dövlətdən
satın almaqda üstünlük hüququna malik ola bilər.
Özəl tərəfdaşa
torpaq sahəsinin ayrılması
Dövlət-özəl tərəfdaşlığı
layihəsinin həyata keçirilməsi üçün tələb
olunan torpaq sahələrinin müsabiqənin şərtlər
toplusunda nəzərdə tutulduğu formada və müddətdə,
lakin dövlət-özəl tərəfdaşlığı
müddətindən çox olmamaq şərtilə özəl
tərəfdaşa
ayrılması Azərbaycan Respublikasının
mülki və torpaq qanunvericiliyinin tələblərinə
uyğun olaraq səlahiyyətli orqan tərəfindən təşkil
olunur.
Dövlət mülkiyyətində
olan torpaq sahəsi özəl tərəfdaşa icarəyə,
istifadəyə verilə bilər və ya layihə şirkətinə
pay şəklində qoyula bilər. Dövlət-özəl
tərəfdaşlığı layihəsinin həyata
keçirilməsi özəl tərəfdaşa dövlət
mülkiyyətində olan torpaq sahəsinin icarəyə
verilməsini zəruri edirsə, özəl tərəfdaşla
torpaq sahəsinin icarə müqaviləsi səlahiyyətli
orqan tərəfindən bağlanılır. Özəl tərəfdaşa icarəyə verilən
torpaq sahəsinin icarə haqqı "Torpaq icarəsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq dövlət-özəl tərəfdaşlığı
layihəsinin maliyyə-iqtisadi göstəriciləri nəzərə
alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Bu Qanunun 34.3-cü və 34.4-cü maddələrinə
uyğun olaraq icarəyə götürülmüş torpaq
sahələri özəl tərəfdaşa icarəyə və
ya istifadəyə verilə bilər.
Dövlət-özəl tərəfdaşlığı
layihəsinin həyata keçirilməsi üçün tələb
olunan bələdiyyə mülkiyyətində olan torpaq sahələri
üzərində hüquqların özəl tərəfdaşa
ötürülməsi məqsədilə həmin torpaq sahələri
açıq torpaq hərracları və ya müsabiqələri
keçirilmədən dövlət mülkiyyətinə və
ya icarəsinə verilir.
Dövlət-özəl tərəfdaşlığı
layihəsinin həyata keçirilməsi üçün tələb
olunan xüsusi mülkiyyətdə olan torpaq sahələri
üzərində hüquqların özəl tərəfdaşa
ötürülməsi məqsədilə həmin torpaq sahələri
mülkiyyətçi ilə müqavilə əsasında
dövlət tərəfindən satın alınır və
ya icarəyə götürülür.
"Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında"
Azərbaycan Respublikasının Qanununa əsasən dövlət-özəl
tərəfdaşlığı layihəsi dövlət
ehtiyacı hesab edildikdə, torpaqların alınması həmin
Qanun əsasında həyata keçirilir.
7-ci fəsil
Dövlət-özəl
tərəfdaşlığı layihələrinin
icrasının monitorinqi və
hesabatlılığı
Dövlət-özəl
tərəfdaşlığı layihələrinin məlumat
bazası
Səlahiyyətli orqan dövlət-özəl
tərəfdaşlığı layihəsi, müsabiqə
qalibinin seçilməsi şərtləri və meyarları,
dövlət-özəl tərəfdaşlığı
müqaviləsinin əsas şərtləri, dövlət-özəl
tərəfdaşlığı layihələrinin
hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı
müqaviləsi çərçivəsində davam edən
və başa çatdırılmış layihələr,
layihələrin icra vəziyyətinə dair hesabatlar
haqqında elektron məlumat bazasını yaradır və
idarə edir.
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsinin tərəfləri dövlət-özəl
tərəfdaşlığı müqaviləsinin surətini,
ona edilən dəyişiklikləri müvafiq sənədlərlə
birlikdə bu Qanunun 35.1-ci maddəsində nəzərdə
tutulan məlumat bazasına daxil edilməsi məqsədilə
müqavilə bağlandıqdan və ya ona dəyişiklik
edildikdən sonra 7 (yeddi) iş günü müddətində
səlahiyyətli orqana təqdim etməlidir.
Dövlət, kommersiya və vergi
sirri təşkil edən məlumatlar, habelə fərdi məlumatlar
istisna olmaqla, bu Qanunun 35.1-ci maddəsində nəzərdə
tutulan məlumat bazası ictimaiyyətə açıq
olmalıdır.
Dövlət-özəl
tərəfdaşlığı layihələrinin
icrasının monitorinqi
Səlahiyyətli orqan
dövlət-özəl tərəfdaşlığı
müqaviləsində nəzərdə tutulan öhdəliklərin
icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı
qaydalarına uyğun olaraq monitorinq etmək hüququna
malikdir.
Dövlət-özəl tərəfdaşlığı
layihəsinin hesabatlılığı
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsinin tərəfləri dövlət-özəl
tərəfdaşlığı layihəsinin və tərəflərin
öhdəliklərinin icra vəziyyəti barədə ildə
bir dəfə səlahiyyətli orqana dövlət-özəl
tərəfdaşlığı qaydalarında nəzərdə
tutulan formada və qaydada hesabat təqdim edir.
Səlahiyyətli orqan
dövlət-özəl tərəfdaşlığı
qaydalarında müəyyən edilmiş formada dövlət-özəl
tərəfdaşlığı layihələri ilə
bağlı illik hesabatları özünün rəsmi
internet səhifəsində və bu Qanunun 35.1-ci maddəsində
nəzərdə tutulmuş məlumat bazasında yerləşdirir.
Səlahiyyətli orqan bu
Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan hesabat əsasında
dövlət-özəl tərəfdaşlığı
layihəsinin icraçısının müqavilə öhdəliklərini
yerinə yetirmədiyini və ya yerinə yetirmək
iqtidarında olmadığını müəyyən etdikdə,
layihənin başa çatdırılması
üçün yeni tərəfdaşın seçilməsi
məqsədilə dövlət-özəl tərəfdaşlığı
qaydalarına uyğun olaraq müsabiqə keçirir və ya
birbaşa danışıqlar yolu ilə müqavilənin
bağlanılmasını təşkil edir.
Səlahiyyətli orqan bu
Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan hesabatlar əsasında
dövlət-özəl tərəfdaşlığının
təkmilləşdirilməsi barədə təkliflər
hazırlayaraq müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) təqdim edir.
8-ci fəsil
Yekun müddəalar
Mübahisələrin
həlli
İddiaçılar səlahiyyətli
orqanın müsabiqənin təşkili və keçirilməsi
ilə bağlı qərarlarından, hərəkətlərindən
(və ya hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə
şikayət verə bilərlər.
Dövlət-özəl tərəfdaşlığı
müqaviləsinin və dövlət-özəl tərəfdaşlığı
layihəsinə dair digər müqavilələrin tərəfləri
arasında mübahisələr həmin müqavilələrdə
nəzərdə tutulmuş qaydada həll olunur. Həmin müqavilələrdə
mübahisələrin həlli qaydası nəzərdə
tutulmadığı halda, mübahisələr Azərbaycan
Respublikasının qanunları ilə nəzərdə
tutulmuş qaydada həll olunur.
Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Keçid müddəalar
Bu Qanun qüvvəyə mindiyi gündən "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 633; 2019, ¹ 1, maddə 30, ¹ 6, maddə 990, ¹ 11, maddə 1689; 2021, ¹ 7, maddə 701) ləğv edilir.
"Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında bağlanılmış müqavilələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2022-ci il
Azərbaycan.- 2022.- 28 dekabr.- S.3-4.