Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ölkəmizdə bir sıra görüşlər keçirib

 

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti bir sıra görüşlər keçiriblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti ölkəmizin prokurorluq orqanlarının, o cümlədən Baş Prokurorluğun yeni inzibati binası, Elm-Tədris Mərkəzi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə tanış olub.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzeyeksponatlar barədə ətraflı məlumat verilib.

Daha sonra heyət 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu Hərbi Qənimətlər Parkında olub, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan park qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Həmçinin, nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub, eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Qonaqlar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Baş Prokurorluğun əməkdaşları və veteranları ilə birlikdə Azərbaycan Dövlət OperaBalet teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “1001 gecə” baletinə tamaşa ediblər.

Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin səfəri dekabrın 29-da başa çatıb və Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

 

Azərbaycan. - 2022.- 30 dekabr.- S. 5.