İnsan hüquq və azadlıqlarının
üstünlüyü daxili
işlər orqanlarının fəaliyyətində mühüm əhəmiyyət kəsb edir
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Polis Akademiyasında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub.
Sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə BMT-nin İnsan Hüquqları Ali Komissarlığının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Milli Məclisin, Ombudsman Aparatının, Konstitusiya Məhkəməsinin, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Konfransda 20 ölkədaxili qurumdan 35 əməkdaş birbaşa, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Belarus və Qazaxıstan Respublikalarının 14 təhsil müəssisəsindən 18 əməkdaş onlayn formatda iştirak ediblər.
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev insan hüquq və azadlıqlarının üstünlüyünün daxili işlər orqanlarının fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Konfransda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti Akademiyalarının, Ədliyyə Nazirliyinin, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, həmçinin Türkiyə, Rusiya Federasiyası və Belarus Respublikasının nümayəndələri çıxış ediblər.
Daha sonra mövzu ətrafında yerli və xarici iştirakçıların təqdimatları dinlənilib, insan hüquq və azadlıqlarının təmin olunmasının demokratik ölkələrin əsas hədəflərindən biri olduğu vurğulanıb.
Sonda bəyannamə oxunub, iştirakçılara konfrans
materialları və sertifikatlar təqdim edilib.
Azərbaycan.- 2022.- 29 dekabr.- S.12.