Sülhü Azərbaycan
bərqərar edəcək
Havadarlarına
arxalanaraq pozuculuqla məşğul olan Ermənistan yeni
reallıqlarla barışmağa məhkumdur
Azərbaycan 44 günlük Vətən
müharibəsində torpaqlarının 30 illik
işğalına güc yolu ilə son qoydu, BMT Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini
özü icra etdi. Eləcə də onilliklər boyu vasitəçilik
adı altında münaqişənin həlli yolunda bircə
addım da atmayan və Qarabağ problemini dondurmaqla
işğala dəstək verən qüvvələrin məkrli
cəhdlərini "dəmir yumruğu"nun bir zərbəsi
ilə məhv etdi.
Azərbaycan dövləti təcavüzkar
Ermənistana, ona havadarlıq edən riyakar dövlətlərə
nümayiş etdirdi ki, milli maraqlarını təhdid edən
bütün qüvvələrə qarşı mübarizə
aparacaq və haqlı mövqeyini hər zaman qətiyyətlə
təmin edəcək.
Siyasi-diplomatik platformada
milli maraqlarımız qətiyyətlə təmin edilir
1990-cı illərin əvvəllərində
Azərbaycanda olan siyasi hərc-mərclikdən istifadə edən
Ermənistan ölkəmizin 20 faiz ərazisini işğal
etmiş və özünü tarixi torpaqlarımızın
sanki yiyəsi sanmağa başlamışdı. Ötən
illər ərzində işğal altında
saxladığı torpaqlarımızdan
çıxmağı ağlına belə gətirmək istəməyən
Ermənistan xarici havadarlarına güvənərək daha da
quduz iştaha düşür, Qarabağa açıq iddia irəli
sürür, bunu beynəlxalq platformalarda həyasızcasına
dilə gətirməkdən çəkinmirdi.
2019-cu ildə, hələ
eyforiyada yaşadığı dönəmdə Paşinyan
"Qarabağ Ermənistandır, nöqtə" deməklə
azğınlıqlarının nə həddə olduğunu,
İrəvanın çirkin niyyətini və Ermənistanın
işğal etdiyi torpaqlardan öz xoşuna
çıxmayacağını bir daha ortaya qoydu.
Lakin elə həmin
Paşinyan cəmi bir ildən sonra, Vətən müharibəsi
günlərində Ermənistanı məhv olmaqdan qurtarmaq
üçün əli çatan qlobal güclərdən
kömək dilənməyə başladı. Amma güvəndiyi
dağların heç biri ona kömək göstərmək
iqtidarında olmadı və kapitulyasiya sənədinə imza
atdı. Bir vaxtlar Şuşanın
Cıdır düzündə yallı gedərək tarixi ərazilərimizdən
çıxmayacağını həyasızlıqla
nümayiş etdirmək istəyən Nikol Paşinyan
Ağdam, Laçın və Kəlbəcəri sakitcə təhvil
verməyə məcbur edildi.
Azərbaycan
postmünaqişə dövründə siyasi platformada da
öz milli maraq və mənafelərini qətiyyətlə təmin
edir.
Vətən müharibəsini
parlaq zəfərlə başa çatdırdıqdan dərhal
sonra ölkəmiz Ermənistana münasibətlərin
normallaşdırılması üçün təkmil
sülh modeli təklif edib. Regionda təhlükəsizliyin, əməkdaşlığın,
rifahın təmin edilməsinə yönəlik təşəbbüslərlə
daim çıxış edən Azərbaycanın bu sülh
modeli, elə həm də məhvə sürüklənən,
siyasi, iqtisadi, sosial, demoqrafik böhran içərisində
yaşayan Ermənistanın özü üçün də
çıxış yoludur.
Lakin 44 günlük müharibədən
sonra biabırçı məğlubiyyətindən dərs
çıxarmayan və yenə də bölgədə
barışa nail olunmasında qətiyyən maraqlı olmayan
xarici havadarlarından aldığı dəstəklə Ermənistan
təxribatçı və revanşist mövqe sərgiləməyə
başladı.
10 noyabr üçtərəfli Bəyanatının
imzalanmasından ötən iki il ərzində Ermənistanın
sülh istiqamətində hansısa real addımlar
atdığının şahidi olmamışıq, əksinə,
rəsmi İrəvan sülh istiqamətində gedən
prosesləri yubatmağa, pozmağa yönəlik hər
cür təxribata əl atdı.
Avropa İttifaqının vasitəçiliyi
ilə keçən ilin dekabrından başlayan
"Brüssel prosesi" sayəsində üçtərəfli
görüşlərdə Ermənistan üzdə sülhə
razı olduğunu bildirsə də, hər dəfəsində
sülh sazişinin bağlanması ilə əlaqədar əməli
işlər görməkdən yayındı, ölkəmizə
qarşı növbəti təxribatlar törətməyə
çalışdı.
Azərbaycan-Ermənistan
sərhədi istiqamətində daha əlverişli mövqelərə
sahibik
Düzdür, Ermənistan hər
dəfə ölkəmizə qarşı təxribatlara əl
atdıqda layiqincə yerinə otuzdurulub. Bu il avqustun 3-də Ermənistanın
növbəti təxribatına cavab olaraq "Qisas" əməliyyatının
keçirilməsi və ordumuzun Qırxqız yüksəkliyini,
həmçinin Kiçik Qafqaz dağ silsiləsinin
Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər
əhəmiyyətli hakim yüksəklikləri nəzarətə
götürməsi, həmçinin sentyabrın 12-si gecədən
başlayaraq Azərbaycana qarşı daha bir təxribat
zamanı rəşadətli ordumuzun düşmənin layiqli
cavabını verməsi buna əyani sübutdur.
"Biz Azərbaycan-Ermənistan
sərhədində məcburən hərbi əməliyyat
keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində
bizim tarixi şəhərlərimiz bu gün artıq vizual
müşahidə yolu ilə gözümüzün
önündədir. Bu gün biz artıq Bala
Göyçənin sahilindəyik", - deyə, dekabrın
24-də qərbi azərbaycanlı ziyalılarla
görüşündə Prezident İlham Əliyev əlavə
etdi ki, sentyabr toqquşmaları bizi gələcəkdə
böyük problemlərdən sığortalayacaq:
"Çünki Ermənistanda revanşist qüvvələr
baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə,
- faktiki olaraq bizim üçün fərqi yoxdur. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək,
onların əvəzinə bizimlə müharibə aparacaq,
onlar da hər zaman olduğu kimi, hansısa himayədarın
arxasında gizlənərək yenə də bizə
qarşı öz məkrli planlarını həyata
keçirəcəklər. Bax
özümüzü bundan sığortalamaq üçün
biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində
daha əlverişli mövqelərə sahib olmalı idik və
buna nail olduq".
Arxalandığı
dairələr Ermənistanı xilas edə bilmədi
Reallıqdır ki, Ermənistanın
sülhə pozucu davranışlarının arxasında
müstəmləkəçi Fransa kimi ölkələr də
dururlar. Azərbaycana qarşı qərəzli qətnamələr
qəbul etmək kimi çirkin hərəkətlər
nümayiş etdirən Fransa heç zaman razı olmur ki, iki
ölkə arasında normallaşmaya, sülhə nail olunsun.
Fransanın Vətən müharibəsi
zamanı da Azərbaycana qarşı haqsız mövqeyinin
şahidi olmuşduq, amma bu məkrli davranışların Ermənistanı
məğlubiyyətdən xilas etməyə gücü yetmədi.
Eləcə də rəsmi Paris
postmünaqişə dövründə də Cənubi
Qafqazda sülhə xələl gətirəcək fəaliyyət
göstərir.
Bildirək ki, dekabrın 7-də
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın baş naziri Nikol Paşinyanın
iştirakı ilə növbəti üçtərəfli
görüş nəzərdə tutulurdu. Hətta bu
görüşün iki ölkə arasında sülh
müqaviləsinin bağlanmasına gətirib
çıxaracaq ümidverici nəticələrinin
olacağı da düşünülürdü, amma sülh
danışıqlarını pozmaq üçün Ermənistan
məkrli bir oyuna əl atdı. Sözügedən
danışıqlara çox qısa müddət
qalmış Ermənistanın baş naziri Nikol Paşinyan
Brüssel görüşündə Makronun iştirak etməsi
tələbini irəli sürdü.
Hiyləgər Ermənistan
yaxşı bilirdi ki, bu tələbini rəsmi Bakı
haqlı olaraq qətiyyətlə rədd edəcək.
Noyabrın 25-də Bakıda
keçirilən "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik
və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident
İlham Əliyev də çıxışında bununla
bağlı bildirmişdi ki, Fransa Senatı tamamilə təhqiredici
məlum qətnamə qəbul edib: "Fransa Milli
Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul
etməsi də gözlənilir. Bunun ardınca
Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə
qarşı hücum cəhdi oldu. Bu qəbuledilməzdir,
çünki Frankofoniya humanitar təsisatdır".
Dövlət başçısı
bildirdi ki, bütün bunlara görə Fransa sülh
danışıqlarında iştirak edə bilməz: "Bu
bizim deyil, onların günahıdır".
Bəli, məhz Fransanın belə hərəkətləri
üzündən Ermənistan sülhdən yayınır və
bu minvalla da özünü daha böyük məğlubiyyət
uçurumuna sürükləyir.
Azərbaycanın
mövqeyi prinsipialdır
Faktiki olaraq Ermənistan tərəfi
2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının
müddəalarını yerinə yetirmir. Üç
ölkə liderinin sözügedən tarixdə
imzaladığı bəyanatın dördüncü bəndinə
zidd olaraq erməni silahlı qüvvələri hələ də
Azərbaycan ərazilərindən çıxarılmayıb.
Sənədin doqquzuncu bəndi isə pozulur, belə
ki, bölgədə bütün nəqliyyat-kommunikasiya
yollarının açılmasına maneçilik törədilir.
Eləcə də Ermənistan tərəfindən
Laçın yolundan həm hərbi təxribatlar, həm də
qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə
olunaraq üçtərəfli Bəyanatın altıncı
bəndinə zidd fəaliyyət göstərilir.
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində
separatçı rejimin "Qızılbulaq" qızıl
və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz
istismarını və Laçın yolu vasitəsilə sərvətlərimizin
talanmasını həyata keçirməsi buna real nümunədir.
Göründüyü kimi,
ipi başqalarının əlində olan Ermənistan elə
öz xeyrinə olacaq sülh müqaviləsinin
imzalanmasına maneə yaratmağa çalışır. Lakin Ermənistanın
sülhü pozan destruktiv hərəkətləri Azərbaycanın
öz milli maraqlarını tam təmin etməsinə mane ola bilməyəcək. Nəyi
necə, nə vaxt etmək lazım gəldiyini bilən qalib
lider İlham Əliyev Vətən müharibəsində hərb
meydanında olduğu kimi, diplomatiya meydanında da Ermənistanı
diz çökdürəcək.
Ermənistan sülh
sazişini imzalamağı bacardıqca uzatmağa, bununla da
hansısa məkrli planlarına nail olmağa, özünü
"məzlum" obrazda tanıdaraq dünyadan dəstək
almağa çalışır, amma bu heç vaxt olmayacaq. Azərbaycanın mövqeyi
prinsipialdır və
sülhlə bağlı irəli
sürdüyü 5 baza prinsipi təmin edilməlidir. Sərhədlər delimitasiya olunacaq, kommunikasiya xətləri
açılacaq, erməni qanunsuz silahlı birləşmələri
ərazilərimizi tərk edəcək. Yəni
Ermənistan ya öz xoşu, ya da zorla Azərbaycanla sülh
müqaviləsini bağlamağa məcburdur və buna məhkumdur.
Yasəmən
MUSAYEVA
Azərbaycan.- 2022.- 29 dekabr.- S.1; 13.