İlham Əliyevin "ASAN"ı
Prezidentin 10 il öncə
yaratdığı milli brend
mütərəqqi islahatların təzahürü, ictimai xidmətlər sahəsində mükəmməl
nümunədir
2003-cü ildə xalqın mütləq əksəriyyətindən etimad mandatı alan İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən siyasətinin prioritetlərini elan edərək dövlət orqanları qarşısında əhalinin problemlərinin operativ öyrənilməsi və səmərəli həllini ən vacib vəzifə kimi müəyyənləşdirdi. Həmçinin bu sahədə ən mükəmməl nümunəni yaratmaqla rəsmi strukturların xalqın xidmətçisi funksiyası daşıdıqlarını daim təbliğ etdi.
Siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 19 ildə xalqın rahatlığı naminə həyata keçirdiyi islahatlar bu gün öz mükəmməl nəticəsini verməkdədir. Prezidentin ictimai xidmətlər sahəsində reallaşdırdığı islahatların nəticəsidir ki, bu gün vətəndaş-dövlət münasibətləri yüksək səviyyədədir.
10 ildə 24 "ASAN xidmət" mərkəzi
Bu münasibəti yaradan islahatların bəhrəsindən biri də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki "ASAN xidmət"dir.
Prezidentin sözü ilə desək, "ASAN xidmət"in yaradılması Azərbaycanda aparılan ciddi islahatların təzahürüdür. Bu, yeni sistemdir. Bu, Azərbaycan brendidir". 10 il öncə - 2012-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzlərinun yaradılmasını və gələcək fəaliyyətini dəyərləndirərkən İlham Əliyevin söylədiyi bu fikirlər bu gün bir daha öz təsdiqini tapır.
Prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, etik davranış qaydalarına nəzarət və rahatlıq olan "ASAN xidmət" sisteminin yaradılması islahatların real nümunəsidir. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. "ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına xidmət edir.
"ASAN xidmət" mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
Dövlət başçısının 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradılsa da, qurum həmin ilin 29 dekabr tarxindən fəaliyyətə başlayıb.
Hazırda 24 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
Lənkəran, Salyan və Naxçıvanda isə ilk "ASAN xidmət" mərkəzləri inşa olunur.
Bir mərkəzdə 360-dan çox
xidmət
"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir.
"ASAN Kommunal" mərkəzlərində isə "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən 55 növ xidmət mövcuddur.
Bu günədək "ASAN xidmət" mərkəzlərinə 8 milyon 500 mindən çox vətəndaşın 60 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.
İlham Əliyevin müəllifi olduğu "ASAN xidmət"in yaradılması ictimai xidmətlər sahəsində inqilabi dəyişiklik sayılır. Eyni zamanda bu, yeni davranış qaydalarının tətbiq edilməsidir.
Əvvəllər xidmət sektoru problemli sahə idi. Həm pozuntular olurdu, həm də diqqətsizlik. Vətəndaşlara bir çox hallarda hörmətsizlik edilirdi, laqeyd münasibət göstərilirdi. Vətəndaşlar onlara çatacaq sənədləri, arayışları günlərlə, həftələrlə ala bilmirdilər, yaxud da ki onlardan nə isə tələb olunurdu, qanunsuz şərtlər irəli sürülürdü. Bu gün isə məmnunluq əmsalı 100 faizə yaxın olan "ASAN xidmət" mərkəzləri ölkə ictimaiyyətinin ən çox etibar etdiyi, inandığı, güvəndiyi mərkəz kimi fəaliyyət göstərir.
Könüllülər ordusu, 10 səyyar
"ASAN xidmət" avtobusu və 1
"ASAN qatar"
Hazırda regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmət göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 722 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Könüllülər "ASAN xidmət"in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 30 000-dən şox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5000-dən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə həyata keçirilib və 3300-ə yaxın könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub.
Dövlət Agentliyi və tabeliyində olan qurumlar öz fəaliyyətləri çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzayıblar. Bu çərçivədə İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə anlaşma memorandumları imzalanıb.
Eyni zamanda ICESCO və UCLG Afrika təşkilatları ilə imzalanmış anlaşma memorandumlarını qeyd etmək olar.
İndoneziya, Monteneqro, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyası və bir sıra digər ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumlarının nümayəndələrinə dövlət agentliyinin ekspertləri tərəfindən təlimlər keçirilib.
Həmçinin bir neçə dövlətdən "ASAN xidmət" təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.
10 illik yubiley
medalı, mükafatların yaradılmasının əsas məqsədi
2022-ci ilin may ayında dövlət agentliyi və UCLG Afrika təşkilatının təşəbbüsü, eləcə də Mərakeş Merlər Assosiasiyasının (AMPCC) tərəfdaşlığı ilə "UCLG Afrika - ASAN -Yerli Afrika Dövlət Xidməti Mükafatı" təsis olunub.
Milli Məclisin dekabrın 27-də keçirilən iclasında isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)" Azərbaycan Respublikasının yubiley medalının və "ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi haqqında qanun layihəsi təsdiqlənib və həmin gün dövlət başçısı imzaladığı fərmanla sənədi təsdiqləyib.
Ümumiyyətlə, mükafatların yaradılmasının əsas məqsədi Afrika qitəsinin yerli və regional hökumətləri tərəfindən yerli idarəetmə və ictimai xidmətlərin göstərilməsi zamanı qarşılaşılan çətinliklərin azaldılması və ya aradan qaldırılmasına yönəlmiş yeni həllərin, innovasiyaların, uğurlu təcrübə və təşəbbüslərin beynəlxalq səviyyədə tanıdılması və mükafatlandırılmasıdır. İlk qaliblər Bakıda keçirilmiş "Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru" mövzusunda baş tutan beynəlxalq forum çərçivəsində mükafatlandırılıblar.
2019-cu ilin iyun ayında Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu çərçivəsində "Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası"nın ("ASAN Assosiasiyası") yaradılması barədə niyyət bəyannaməsi imzalanıb. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq qurumlarının rəhbərləri imzalayıblar.
"ASAN Assosiasiyası"nın əsas məqsədi dövlət xidmətləri və onun göstərilməsinin səmərəli idarə edilməsi sahəsində yaranan aktual problemlər və müasir çağırışların həll edilməsi yollarını və vasitələrini müzakirə etmək, dövlət xidmətlərinin göstərilməsi strategiyası və onun həyata keçirilmə çərçivəsini yaratmaq məqsədilə mütəxəssislər və ekspertlərin institusional şəbəkəsini təşkil etməkdir.
Göründüyü kimi, milli brendimiz olan "ASAN xidmət" fəaliyyətini getdikcə daha da şaxələndirir. "ASAN xidmət"də çalışan hər bir şəxs öz işi ilə həm vətəndaş məmnunluğunun daha da yüksəlməsi, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin artması üçün operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsiplərinə sadiqlik nümayiş etdirir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2022.- 29 dekabr.- S.1; 16.