Vətən müharibəsi
iştirakçılarına “Müharibə veteranı”
adı və Prezident təqaüdünün
təyinatına başlanıldı
Prezident İlham Əliyevin 2021-ci il 29 dekabr tarixli Sərəncamının icrası olaraq Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ilkin olaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında həmin qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.
DSX üzrə iştirakçılar barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.
Nazirlik tərəfindən isə altsistemə barələrində məlumat daxil edilmiş həmin hərbi qulluqçulara 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.
Təqaüdlərin təyinatı hərbi qulluqçuların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada aparılır. Təyin edildiyi tarixdən asılı olmayaraq təyinat tarixi 2022-ci il yanvarın 1-dən rəsmiləşdirilərək ödənilir.
Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatının aparılması üçün aidiyyəti işlər aparılır.
Vətən müharibəsinin bütün iştirakçılarına “Müharibə veteranı” adının verilməsi və Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yaxın günlərdə tam yekunlaşacaq.
Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi andan şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndəriləcək.
Azərbaycan.- 2022.- 2 fevral.- S.15.