19 yaşında ən ali hərbi təltifi aldı
Vətən Müharibəsi Qəhrəmanı Azər
Abdullazadənin döyüş yolu gənclərin vətənpərvərliyinin
ən gözəl nümunələrindəndir
Hərbi xidmətdən ehtiyata buraxılmağına cəmi bir neçə gün qalmışdı. Səbirsizliklə oktyabr ayının gəlməsini gözləyirdi. Əsgərlik dövründə nümunəvi hərbi xidmət keçmiş, peşəkar tankçı kimi formalaşmışdı. Əsgərliklə bağlı yaxşı xatirələri vardı və bunları ailəsinə, dostlarına danışacaqdı. Danışdı, lakin yalnız əsgər kimi deyil, həm də Vətən müharibəsinin iştirakçısı kimi...
Söhbət Vətən Müharibəsi Qəhrəmanı, cəsur tankçı Azər Abdullazadədən gedir. 2001-ci il fevralın 18-də Tərtər rayonunun Cəmilli kəndində anadan olan Azər orta təhsilini başa vurduqdan sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. “N” saylı hərbi hissədə tankçı kimi qulluq edib. Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Göstərdiyi igidliklərə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
“Cəbhəyə gedən əsgərlərə
qoşulmaq istəyirdim”
Vətən müharibəsi başlayanda Azərin hərbi xidmətini başa vurmağına cəmi bir neçə gün qalmışdı. Amma ürəyində bir arzusu var idi. Cəbhəyanı bölgədə böyüdüyü, əmisi Birinci Qarabağ müharibəsində şəhid olduğu üçün torpaqlarımızın azadlığı uğrunda döyüşmək, şəhidlərimizin intiqamını almaq arzusu onda hələ uşaq yaşlarından yaranmışdı. 2016-cı ilin Aprel döyüşləri isə ürəyində və hafizəsində dərin iz buraxmışdı. Yaşadığı kənddən keçən ordumuzun kolonlarının arxasınca qaçaraq əsgərləri izləyərmiş, onlara qoşularaq torpaqlarımızın azadlığı uğrunda döyüşə yollanmaq üçün alışıb yanmışdı...
- Məni hələ kiçik yaşlarımdan müharibəyə bağlayan, düşmənlə mübarizəyə səsləyən xatirələr vardı.
Atam Abdullayev Rizvan Birinci Qarabağ müharibəsi iştirakçısıdır, birinci qrup əlildir. Əmim leytenant Abdullayev Natiq isə Birinci Qarabağ müharibəsində Ağdərə istiqamətində şəhid olub, hərbi həkim idi. Nənəmi kənd qəbiristanlığına əmimin qəbrini ziyarətə hərdən mən aparırdım. Hələ onda nənəmə demişdim ki, vaxt gələcək əmimin və bütün şəhidlərimizin qisasını alacağıq.
Aprel döyüşləri də xatirəmdə böyük bir iz buraxmışdı. O zaman məktəbdə oxuyurdum, hərbi əməliyyatların getdiyi ərazilərə yaxın yaşayırdıq. 4 gün davam edən döyüşlərdəki atəşlərin səsi indiyədək qulağımdadır. Hər dəfə cəbhəyə gedən əsgərləri gördükdə onlara qoşulmaq istəyirdim. Böyük qardaşım əsgərlərə yardım aparırdı, məni isə yaşım az olduğu üçün yaxın qoymurdular. Ancaq maşınların arxasınca qaçıb əsgərlərə su verirdim.
Həmin vaxt tez-tez ordumuzun erməni mövqelərini necə yarıb keçdiklərini eşidirdim. Bilirdim ki, ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji yüksəkliklərə sahib olub. Hansı ki, həmin strateji mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verirdi ki, təmas xəttində mövcud olan vəziyyətə nəzarət edək və istədiyimiz tədbiri görək. Hər kəs rayonumuzun ərazisinin bir hissəsinin işğaldan azad olunmasından böyük fəxarətlə söz açırdı. Ona görə ən böyük arzum erməni işğalçılarına qarşı döyüşmək idi və görünür, qismətim Vətən müharibəsinə imiş...
Özümüzə, gücümüzə və Ali
Baş Komandanımıza inanırdıq...
Azər danışır ki, sentyabrın 27-də səhər saatlarında əsgər yoldaşları ilə birlikdə tankları təmizləyən vaxt hərbi hissəyə “həyəcan” siqnalı verildi. Əvvəlcə bunun təlim üçün verilən siqnal olduğunu düşündük. Amma çox keçmədən elan olundu ki, Ermənistan cəbhə xəttində hərbi təxribat törədib və ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün əks hərbi əməliyyatlara başlayıb. O, cəbhəyə yola düşməyini belə nəql edir:
- “Döyüşə!” əmri ilə tanklarla Füzuli rayonuna doğru hərəkət etdik. Artıq Füzulidə olarkən başa düşdük ki, müharibə başlayıb. Beləliklə, 2020-ci il sentyabrın 27-dən artıq müharibənin iştirakçısı idik. Mən həyatımın əsgərlikdən fərqli bir mərhələsinə qədəm qoymuşdum. Bir vaxtlar həsədlə izlədiyim döyüşə gedən əsgərlərdən biri idim. Çox sevinirdim və əmin idim ki, torpaqlarımızı azad edəcəyik və şəhidlərimizin qisasını alacağıq. Buna qədər döyüşdə iştirak etməmişdim. Lakin Füzuliyə yetişəndə komandirdən əsgərə qədər bütün şəxsi heyət olduqca nikbin əhvali-ruhiyyədə idi. Çünki özümüzə, gücümüzə və Ali Baş Komandanımıza inanırdıq.
Azər bildirir ki, ilk gündən döyüşdə qazandıqları uğurun əsas səbəblərindən biri hərbi təlimlərdə qazandıqları təcrübə olub.
- Hərbi xidmət dövründə təlimlərimiz çox olmuşdu, komandirlərimdən tankın peşəkar idarə olunmasının, düşmənə döyüş zamanı effektiv zərbə endirilməsinin sirlərinə yiyələnmişdim. Dəfələrlə düşmənin ön xəttinin yarılması üzrə məşqlər etmişdik. Ermənistan ordusunun işğal dövründə yaratdığı və möhkəmləndirdiyi müdafiə mövqelərini, mühəndis-istehkam qurğularını görməsəm də, müəyyən təsəvvürlərim var idi.
Ermənilər bir neçə mərhələdən ibarət mürəkkəb müdafiə mövqeləri yaratmışdılar. İlk sədlərdən biri avtomobil və zirehli texnikaların hərəkətinin qarşısını almaq üçün qazılan xəndək idi. Düşmən xəndəyi qazarkən torpağı öz tərəfinə tökmüşdü ki, hücum edən bölmələrimiz xəndəyi doldura bilməsinlər.
Növbəti səd tank əleyhinə mina sahəsi idi. Ondan sonra tank əleyhinə dirəklər, metal kirpilər gəlirdi. Həmçinin piyadalar üçün minalanmış sahələr, tikanlı məftildən hazırlanmış torlar və daha nələr... Məhz peşəkarlığımız nəticəsində sürətlə və minimal itki ilə düşmənin müdafiə xətlərini yardıq və hücuma keçdik.
Elə ilk anlardan mən müharibənin nə demək olduğunu anladım. Onu da deyim ki, keçirdiyim ilk duyğu fəxarət hissi oldu. Müharibə nə qədər həyəcanlı, qan qoxulu olsa da, Vətən üçün haqq savaşına qalxan əsgərlərimiz, zabitlərimiz, çavuş və gizirlərimiz bu sədləri, istehkamları elə yarıb keçirdilər ki, düşmənin canına vəlvələ düşürdü. Silahını atıb qaçmaqdan başqa ermənilərin çarəsi qalmamışdı.
Qüdrətli Sərkərdəmizin “Dəmir
yumruğ”u ilk saatdan başlayaraq qələbə qazandı
Sentyabrın 27-də Azər və döyüşçü dostları Füzuli rayonunun ərazisində tanklarla düşmənin ön xətt mövqelərini uğurla yarmağa nail olurlar. Elə əks-hücumlar həyata keçirirlər ki, ermənilər gözlərini belə açmağa imkan tapmırlar. Qəhrəman döyüşçü danışır ki, ilk saatlardan düşmənin onlarca ağır hərbi texnikasını və müxtəlif nəqliyyat vasitələrini məhv etdilər, atəş mövqelərini susdurdular. Onun idarə etdiyi T-90 tankı isə elə ilk döyüşdə düşmənin bir tankını və çoxsaylı canlı qüvvəsini sıradan çıxartdı:
- İlk döyüşdə bizim tankımız minaatanla vuruldu, mən də yaralandım. Amma tankımız döyüş qabiliyyətini itirmədi və xəsarət almağımıza baxmayaraq döyüş tapşırığını sona qədər yerinə yetirdik. Axşam hava qaralandan sonra məni Füzuli rayonunun Əhmədbəyli kəndindəki hospitala gətirdilər. Bir gün hospitalda müalicə aldıqdan sonra düşündüm ki, burda çox qala bilmərəm. Səhəri gün hərbi hissənin arxadakı bölmələrinin yanına gəldim. Orda da qala bilmədim və hərbi hissə komandirinin icazəsi ilə ərzaq maşını ilə ön xətdəki bölmələrimizin yanına qayıtdım.
Ön xətdə əvvəlcə mənə dedilər ki, bölüklərin tank heyətləri tam komplektləşdirilib. Amma əvvəlki uğurlu döyüşümü nəzərə alaraq məni hərbi hissənin ikinci bölüyünün tərkibinə saldılar və növbəti dəfə döyüşə girdim. Ermənilər geri çəkilsələr də, arxadakı eşelonlarda mövqe tutmuşdular. Hərbi hissəmizin döyüş əmri həmin ərazilərdəki atəş nöqtələrini məhv etmək, piyada motoatıcı bölmələrimizin hücumlarını dəstəkləmək idi. Dayanmadan irəliləyirdik. İtkimiz, tanklarımızdan vurulanı olsa da, düşməni qovaraq, məhv edərək irəliləyirdik.
Cəbrayıl rayonunun Rüzgar kəndi ətrafında gedən döyüşlər zamanı ermənilər xüsusilə möhkəmləndirdikləri mövqelərindən iriçaplı silahlardan əsgərlərimizi, həm də texnikanı atəşə tuturdular. Bu, elə bir mövqe idi ki, düşməni susdurmaq üçün dəqiq atəş açmaq lazım gəlirdi. Əvvəl başqa bir tank, sonra isə mən atəş açdım və mərmi kiçik pəncərədən daxil olaraq ermənilərin mövqeyini darmadağın etdi. Döyüşü uğurla başa vurduq, düşmənin atəş nöqtələrini susdurduq və motoatıcı bölmələrimiz hücuma keçdilər.
Döyüşdə iştirak edən 8 tankın heyətinin hamısı sağ-salamat tapşırığı yerinə yetirdi. Sonra əmr gəldi ki, tanklar iki qrupa ayrılmalıdırlar. Bizim qrup xüsusi təyinatlı bölmələrlə birlikdə oktyabrın əvvəllərində Cəbrayıl şəhəri istiqamətində hücuma keçdi. Qrupumuz irəliləyərək rayonun Şükürbəyli kəndinin yaxınlığında mövqe tutdu. Şükürbəylidən düz yol Cəbrayıl şəhərinə gedirdi, sola burulan yol isə Zəngilan və Qubadlıya aparırdı. Hər iki istiqamətdə gedən döyüşlər zamanı düşmənə sarsıdıcı zərbələr vurduq.
Ermənilərin zirehli texnikasını, “UAZ” avtomobilini
və iki “Ural”ını məhv etdik, 3 atəş nöqtəsini
susdurduq
Azər deyir ki, Cəbrayıl rayonu ərazisində düşmənin alayının yerləşdiyi bir hərbi hissə var idi. Döyüş tapşırıqlarından biri həmin hərbi hissənin alınması idi:
- Bizim tank hərəkət edərək yüksəklikdə mövqe tutdu. Baxdıq ki, ermənilər hərbi hissədədirlər. Ərazinin tam müşahidəsini həyata keçirdikdən sonra hərbi hissəni tank atəşinə tutmağa başladıq. Bu vaxt ermənilər gizlənmək üçün toplu şəkildə hərbi hissədəki binalara doluşdular. Həmin binaları yerləyeksan etdik.
Ermənilər bu döyüşdə bir neçə dəfə tanklarımızı hədəfə aldılar. Amma biz aldadıcı manevrlərlə döyüşürdük və hər dəfə atəşdən sonra cəld hərəkət edərək yerimizi dəyişirdik. 3-cü atəşdən sonra tankımızın hədəfə düşdüyü barədə siqnal aldıq. Tez tüstü qumbarasını atdım. Bu qumbara düşmənin nişan ala bilməməsi üçün tankı maskalayan xüsusi vasitədir. Beləliklə, ermənilər nə qədər cəhd etsələr də, bizi hədəfə ala bilmədilər.
Həmin an gördüm ki, “Ural” avtomaşınına doluşan ermənilər qaçmaq istəyirlər. Cəld sərrast atəşlə maşını əsgərlərlə birlikdə göyə uçurdum. Bu vaxt kənardan maşının vurulduğunu görən 30-a yaxın erməni bir qədər aralıdakı sığınacağa doluşdu. Sərrast atəşlə sığınacağı da darmadağın etdik və içəridəkilərin hamısı məhv oldular.
Bunun ardınca erməni
zabitlərin olduğu minik avtomobilini vurdum. Ümumilikdə,
bu döyüşdə tankla ermənilərin bir zirehli
texnikasını, iki “Ural” avtomaşınını və bir
“UAZ” avtomobilini məhv etdim, 3 atəş nöqtəsini
susdurdum. Məhv etdiyimiz erməni hərbçilərinin
isə sayı çox idi. Ordumuz hərbi
hissəni ələ keçirdi. Biz isə
geri qayıdaraq tanklara yeni mərmilər yüklədik.
Bundan sonra Cəbrayıl
şəhəri də azad edildi və mən düşmənin
bir zirehli texnikasını qənimət götürdüm. Bütövlükdə,
Cəbrayıl istiqamətində düşmənin xeyli sayda
silah-sursatını, döyüş və avtomobil
texnikasını ələ keçirdik. Bu
döyüşlərdə Cəbrayılın Karxulu,
Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən,
Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad, Horovlu,
Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy
və Quycaq kəndləri işğaldan azad edildi. Müxtəlif istiqamətlərdə bir neçə
strateji yüksəkliyə nəzarəti ələ
keçirdik.
Birinci vitse-prezident
Mehriban Əliyevanın qayğısı və diqqəti ilə
əhatə olundum
Qəhrəman tankçının
sözlərinə görə, onlar döyüşlərdə
olan vaxt Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlər
etmişdi:
- Televizora baxmaq, radio dinləmək
imkanımız yox idi. Amma Prezidentimizin müraciətlərindən xəbərdar
idik və bu, bizə güclü motivasiya verirdi. Deyirdilər ki,
Prezident İlham Əliyev bizim işğaldan azad etdiyimiz kəndlərin
adını elə həmin gün çəkir, xalqa zəfər
xəbərini yetirir. Sevncimizin həddi-hüdudu
olmurdu. Ali Baş Komandan ermənilər barədə
“qovuruq onları”, “axıra kimi qovacağıq” sözlərini
deməklə bizim hücum əməliyyatlarımıza dəqiq
qiymət verirdi. Həqiqətən, erməniləri qovurduq,
onlar arxalarına
baxmadan qaçırdılar.
Oktyabrın 11-nə kimi
bütün hücumlarda uğurla iştirak etdim,
döyüş əmrlərini tam yerinə yetirdim. Oktyabrın 11-də
hücum zamanı mənim olduğum tank Cəbrayılın
Hacılı kəndi istiqamətində düşmən tərəfindən
vuruldu. Bizi tank əleyhinə raketlə
vurmuşdular. Zərbədən sonra
huşumu itirdim. Özümə gələndə hiss
etdim ki, gözlərim görmür. Həmin an
fikirləşirdim ki, düşmənə əsir
düşməkdənsə, döyüşüb şəhid
olaram. Bir az keçmiş eşitdim ki,
kimsə tankın lükünü döyür, amma səs-küydən
onun nə dediyini başa düşə bilmirdim. Yavaş-yavaş lükü açanda bildim ki,
tankın üstündəki bizim hərbi hissənin əsgəri
Elsevər Hümbətlidir. Elsevər məni
tankdan çıxartdı. Sonra ərazidən təxliyə
etdilər...
Azəri əvvəlcə
Füzulinin Əhmədbəyli kəndindəki hospitala gətirirlər. Onun ilk cərrahi
əməliyyatını burada doğma əmisi, polkovnik
Elçin Abdullayev edir. Daha sonra Müdafiə
Nazirliyinin mərkəzi hospitalına köçürürlər
və burada növbəti dəfə əməliyyat olunur.
Əməliyyatdan çıxandan sonra 4 gün komada qalır:
- Ayılandan sonra həkimlərin ilk
işi mənim görüb-görmədiyimi yoxlamaq oldu.
Qarşıma bir saat qoymuşdular və rəqəmləri
göstərib soruşurdular: onları seçə bilirsənmi?
Cavab verirdim ki, yox.
Hospitalda bildim ki, sağ
gözümü itirmişəm, sol gözümün vəziyyəti
isə yaxşı deyil və görə də bilərəm,
görməyə də. Çünki hələ qəlpə
qalmışdı. Bundan sonra məni yenidən
əməliyyat etdilər, 4 həftə gözlərim
bağlı qaldı. Daha sonra digər xəstəxanalarda
müalicə aldım, tədricən zəif də olsa,
görməyə başladım. Ümumiyyətlə
isə, 7 dəfə əməliyyat olundum.
Tankımız vurularkən
üzüm yanmışdı, dişlərim
sınmışdı. Hospitalda həkimlərimiz bütün bu
xəsarətlərimi ən yüksək səviyyədə
müalicə edərək aradan götürdülər.
Müalicə müddətində
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
böyük qayğısı, diqqəti ilə əhatə
olunmuşdum.
Bu himayədarlıq bütün yaralı hərbçilərə
aid idi. Mehriban xanım davamlı olaraq bizim
vəziyyətimizlə maraqlanırdı. Müalicəmizi
şəxsi nəzarətinə götürərək, gərəkli
bütün tədbirləri görürdü.
Ali Baş Komandan
İlham Əliyevin əsgəriyəm
Azər 2020-ci ilin
dekabrında hospitaldan buraxılır. Əvvəlcə xidmət etdiyi hərbi
hissəyə gedir, əsgər yoldaşları və komandirləri
ilə görüşür və evlərinə
qayıdır:
- Axşam saatlarında komandirim,
polkovnik-leytenant Firdovsi Bəyova zəng etdim. Səsindən
hiss olunurdu ki, sevinc içərisindədir. Dedi ki, Azər, səni
təbrik edirəm, Ali Baş Komandan İlham Əliyev sənə
“Vətən Müharibəsi Qəhrəmanı” adı verib.
Ailəmiz həm Birinci, həm
də İkinci Qarabağ müharibəsində Vətən
qarşısındakı borcunu layiqincə yerinə yetirib. Atamın, əmimin
yolunu mən, hərbi həkim olan digər əmim, o cümlədən
Suqovuşan və Talış istiqamətlərində
döyüşən qardaşım Yaqub Abdullazadə layiqincə
davam etdirdik. Həm torpaqlarımızı
işğaldan azad etdik, həm də əmimin və
bütün şəhidlərimizin qisasını aldıq.
İllər öncə nənəmə verdiyim
sözü tutduğum üçün qürur hissi
keçirirəm.
Ali Baş Komandan İlham Əliyev tərəfindən
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmək mənim
üçün böyük şərəfdir. Həm də 83 nəfərin sırasında bu
adı daşıyan cəmi 3 əsgərdən biriyəm.
Vətən Müharibəsi
Qəhrəmanı Azər Abdullazadənin döyüş
yolu Azərbaycan gənclərinin vətənpərvərliyinin
ən gözəl nümunələrindəndir. Cəsur
tankçı deyir ki, qazi olsa da, Ali Baş Komandan İlham
Əliyevin əsgəridir və Vətən
qarşısında borcunu qəhrəmancasına icra etdiyi
kimi, mülki həyatda da öz vətəndaşlıq
borcunu layiqincə yerinə yetirəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.-2 fevral.- S.1; 6.