Şəhidlik ən uca zirvədir
Bu zirvəni fəth edənlərin ömürləri min illərlə, əslində, ölümsüzlükləri ilə ölçülür. Müqəddəslərimizin üz qoyduğu torpaq o zaman vətən sayılıb ki, uğrunda şəhid olublar, düşmənlə cihada çıxıblar.
Qarabağımıza iki yüz il ərzində diş qıcayan yadellilərin, dünyada işğalçı, terrorçu kimi tanınan ermənilərin də diş altındakı iştahı az olmadı. Amma niyyətləri bəd olduğu üçün “öz başlarını yedi”...
Qarabağın əlimizdən zorla alınmasına çalışan, 30 ilə yaxın bu diyarımızı işğalda saxlayan, sərvətini talayan daşnakların cavabını verib, torpaqlarımızı azad edən cəngavər oğullarımız da uca zirvəyə yüksəldilər - şəhidlik məqamına!
Belə vətənpərvərlərimizdən biri də 1996-cı il martın 14-də Sumqayıtda dünyaya göz açan Ruslan Natiq oğlu İmanquliyev idi. Kiçik yaşlarından atasını “itirmişdi”, anasının himayəsində böyümüşdü. Orta məktəbi başa vurmamış ixtisas-peşə təhsili almaqla ailənin güzəranını yaxşılaşdırmaqdan ötrü anasına dəstək olmaq istəyirdi. Məhz buna görə də Sumqayıt şəhər H.Aslanov adına orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 1 nömrəli Sumqayıt şəhər peşə təhsili liseyinin telekommunikasiya texnologiyalarının kompüter üzrə operatoru ixtisasına yiyələnmişdi.
2015-ci ilin iyin ayı Ruslanın həyatına əlmətdar tarix kimi yazılmışdı: o, həqiqi hərbi xidmətə çağırılmışdı. DSX-nin “N” saylı hərbi hissəsinin çevik alay taborunda xidmətə başlamışdı.
Hərbi xidmət müddəti başa çatdıqdan sonra anasının arzularından birini yerinə yetirib, sevib-seçdiyi Elvina xanımla ailə həyatı qurmuşdu.
Anasının yeganə övladı olmasına baxmayaraq, Ruslan 2019-cu ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Vətənə xidmət göstərməyi vacib saydı. Tank əleyhinə qumbaraatan taqımın komandiri vəzifəsinə təyinat aldı. MAHHX-nın qulluqçusu işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə fəallığı ilə seçildi.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ savaşında ön cəbhədə olanlardan biri də Ruslan İmanquliyev idi. Torpaqlarımızın bütövlüyü uğrunda aparılan mübarizənin yeni və son mərhələsi olan bu döyüşlərdə Ruslan da Vətənə sədaqətinə sadiq qaldı. Füzuli istiqamətində gedən ağır döyüşlərdə fəallıq göstərən Ruslan hətta minalanmış ərazilərdən keçməyi də bacardı. Canını fəda etməyə belə hazır olduğunu göstərən Ruslan ağır “artilleriya yağışı”nın altında irəliyə doğru şığıdı. Təəssüf ki, mənfur və amansız düşmənin gülləsindən yayınmadı...
Həmin məqam igidimizin Vətən uğrunda apardığı döyüşlərin son anı kimi tarixə yazıldı.
Ruslan kimi qorxmaz igidlərimizin Vətənə sevgisi ilə xidməti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin imzaladığı sərəncamlarda da tarixləşdi. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ruslan Natiq oğlu İmanquliyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
Yeganə oğul anası Ramiyyə xanım isə şəhid balasının məzarı başında bunları söylədi: “...Mən fəxr edir və qürur duyuram ki, oğlum Vətənə layiq övlad oldu! Ruslan da faşist xislətli ermənilərdən xalqımızın qisasını aldı! Bütün şəhidlərimizin anaları kimi, mən də südümü oğluma halal edirəm! Nur içində yat, şəhid balam! 44 günlük Vətən müharibəsində Qələbə qazandıq!”
Məşədi ZEYNALOV,
Sumqayıt şəhər Veteranlar
Təşkilatının
məsul katibi, qabaqcıl maarif xadimi
Azərbaycan.-
2022.-2 fevral.- S.6.