Mütərəqqi gənclər platforması

 

Hər bir ölkədə, cəmiyyətdə siyasi, iqtisadi, sosial, mədəni uğurlar bir çox amillərlə yanaşı, gənc nəslin necə formalaşmasından da asılıdır. Təsadüfi deyil ki, gənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Müasir dövrdə gənclər və idman sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, iqtisadi-sosial potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır.

 

Ulu Öndər Heydər Əliyev gənclərin böyük himayədarı idi

 

 Bütün bu qanunauyğunluqları dərindən bilən  Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənc nəslin yetişməsinə, cəmiyyət üçün lazımlı insanlar kimi formalaşmasına xüsusi diqqət yetirib. Hələ sovet dönəmində, ötən əsrin 70-ci illərində  Azərbaycanın inkişafına nəzər yetirsək, görərik ki, həmin dövrdə gənclərin təhsilinə, sağlamlığına, bacarıqlı kadr kimi yetişməsinə və bu istiqamətdə digər məsələlərə xüsusi ardıcıllıqla qayğı göstərilirdi. O dövrdə SSRİ-nin müxtəlif respublikalarının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilən azərbaycanlıların sayı 1969-cu ildə cəmi 47 nəfər olduğu halda 1980-ci illərin əvvəllərində bu göstərici 1000 nəfərə çatmışdı. Bununla yanaşı, respublikamızın özündə ali təhsil müəssisələrinin fəaliyyətinin genişlənməsi, C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, komsomol qurumlarının fəaliyyətinin canlandırılması gənc nəslin inkişafına göstərilən diqqətin təzahürü idi.

Bütövlükdə, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində idarəetmədə gənclərlə işə böyük önəm verilibbu, dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib.

1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirərək daimi edən Ulu Öndər Heydər Əliyev ilk günlərdən gənclərin problem və qayğıları ilə maraqlandı. 1993-cü ilin sentyabrında Ali Sovetdə gənclərin nümayəndələrini qəbul edərək onları dinləyən, 1994-cü ilin iyulunda gənclər və idman siyasətini həyata keçirən mərkəzi dövlət idarəetmə orqanını yaradan, bir qədər sonra bütün şəhər və rayonlarda bu nazirliyin yerli idarələrinin yaradılmasına sərəncam verən, hər il büdcədən gənclər siyasəti üçün maliyyənin artırılmasını təmin edən Heydər Əliyev gənclərə bəslədiyi böyük ümidlərini əməli işi, tarixi xidmətləri ilə təsdiqlədi.

 1996-cı il fevralın 2-də Ulu Öndərin iştirakı ilə  Azərbaycan Gənclərinin I Forumu  keçirildi. Bu forum respublikanın hər yerində gənclərlə aparılan işin canlanmasına təkan verdi. Forumdan sonra gənc istedadların “Qızıl kitabı”nın təsis edilməsi, fevralın 2-nin təqvimə “Azərbaycan Gəncləri Günükimi daxil edilməsi, 1997-ci ildə gənc yazıçılarla görüşlərin keçirilməsi, onlar üçün fərdi təqaüdlərin ayrılması və digər tədbirlər gənclərin təşkilatlanmaya olan meyillərinin artmasına, müasir gənclər hərəkatının formalaşmasına şərait yaratdı.

 

Prezident İlham Əliyev gənc nəslin inkişafını diqqət mərkəzində saxlayır

 

Fərəhli haldır ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini ardıcıllıqla davam etdirir, gənc nəslin hərtərəfli və müasir tələblər baxımından  inkişafı üçün sistemli görür.

Öncə onu qeyd edim ki, cənab İlham Əliyev özü də gənc yaşlarından böyük uğurlara imza atıb. 3 il  əvvəl - 2019-cu il fevralın 1-də gənclər forumunda  iştirak edən Prezident İlham Əliyev öz çıxışında ilk dəfə olaraq gənclik illərini qısa faktlarla da olsa xatırlatdı. Dövlət başçısı 1977-ci ildə nüfuzlu Moskva Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub, oranı uğurla bitiribbu ali məktəbdə aspirantura pilləsində təhsilini davam etdirib, 1985-ci ildə namizədlik dissertasyası müdafiə edib. Daha sonra bu təhsil ocağında gənc alim kimi dərs deməyə başlayıb. İlham Əliyev gənc yaşlarında elmdəki nailiyyətləri ilə bütün gəncliyimiz üçün nümunələr yaradıb.

Gənclik illərində böyük uğurlar qazanan İlham Əliyev dövlət başçısı kimi gənc nəslin inkişafını daim diqqət mərkəzində saxlayır. Ötən 18 ildə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. 2005-ci ildə “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında” imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. Neft gəlirlərini insan kapitalına” çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoyub və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqləyib. 2007-ci ili ölkədə “Gənclər ilielan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoyub. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icra edilməsi dövlət başçısının “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisindən doğan gənclərə etimad və münasibətinin əyani təzahürüdür.

Dövlət başçısının təsdiqlədiyi 2017-2021-ci illəri əhatə edən növbəti proqramı da qarşıya qoyulan vəzifələrin icrasında böyük rol oynayıb.

Prezident İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı da təsdiq edib.  Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Bunun üçün isə vəzifələr müəyyənləşdirilərək qarşıya qoyulmuşdu. Bu vəzifələrin icrası nəticəsində gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, onların innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, praktikada tətbiqi üçün zəmin yaradılması, gənclərin işsizlik səviyyəsinin aşağı salınması, aliorta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsi və digər istiqamətlərdə uğurlar əldə ediləcək.

İndiyədək bölgələrdə 40-dan çox gənclər mərkəzi, 45-ə yaxın idman kompleksi tikilib istifadəyə verilmişdir. 2009-cu ildə bu siyasət sahəsində çalışan QHT-lərə, ictimai birliklərə və özəl bölmələrə maliyyə dəstəyi məqsədilə “Gənclər Fondu” yaradılmışdır. 9 aprel 2002-ci ildə  “Gənclər siyasəti haqqında” qanun yenidən işlənib təsdiq olunmuşdur. Bu qanunda çoxlu maraqlı  məqamlarla yanaşı, gənc ailənin yaş tərkibi də dəqiqləşdirilmişdir. Nikaha girənlərdən birinin 35 yaşı olarsa, bu cütlük gənc ailə adlanır və bir sıra imtiyazlar qazana bilir. Bu imtiyazlar digər qanunlarda da təsbit olunmuşdur. Belə ki, gənc ailələrə mənzil ipotekası almaq üçün güzəştli kreditlər verilir. Yeri gəlmişkən onu da qeyd edim ki, Ailə Məcəlləsində və digər qanunlarda gənc ailənin  sosial müdafiəsi ilə bağlı köklü dəyişikliklər olub. Belə ki,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənclərin nikaha girmək üçün  yaş həddi 18-ə qaldırılıb. Nikaha girənlərin tibbi arayış təqdim etməsi icbariləşmiş, erkən yaşlı uşaqların qidalanması və 18 yaşadək olanların icbari dispanserizasiyası  haqqında qanun qəbul edilib. “Uşaq hüquqları haqqında” qanuna bir sıra dəyişikliklər olunub,  əlilliyi olan uşaqlara görə valideynlərə  80 manat müavinət ayrılıb, Əmək Məcəlləsi təkmilləşdirilib.

Onu da qeyd edim ki, əgər 2020-ci ildə ölkədə nikaha girən cütlüklərin sayı  35 min 348 nəfər idisə, keçən 2021-ci ildə bu rəqəm  59 min 319-a qədər artıb.

 

Gənclərə diqqət və qayğı kompleks xarakter daşıyır

 

Azərbaycanda gənclərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Həyata keçirilən bütün dövlət proqramlarında bununla bağlı vacib məqamlar öz əksini tapıb. O cümlədən sosial problemli gənclər üçünmühüm layihələr həyata keçirilir. I və II qrup əlilliyi olan gənclərin ödənişli təhsil haqqı dövlət büdcəsindən maliyyələşir, eyni zamanda  valideynini itirmiş imtiyazlı ailələrin gəncləri 23 yaşına qədər müavinət ala bilirlər. Bu müavinət təhsil alan bu qrup  gənclərə də şamil edilir.

Dövlət başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişafKaryera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir. Bu sərəncamın icrasından ötən qısa müddətdə 20 şəhər və rayonda Gənclərin İnkişafKaryera Mərkəzinin nümayəndəlikləri yaradılıb. Bu nümayəndəliklərin qısa müddətdə 56-ya çatdırılması nəzərdə tutulub.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin beynəlxalq mühitdə fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz fəaliyyətləri ilə onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxilixarici siyasətini dəstəkləyirlər.

Ölkə gənclərinin hərtərəfli inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının bir parlaq nümunəsi də YAP Gənclər Birliyinin  gördüyü işlərdir. Parlamentin say tərkibində  son seçkilərdə gənclərin faizi xeyli artıb.

Rəhbər vəzifələrə və idarəetməyə gənc kadrların hazırlanması elmi əsaslarla sistemli şəkildə aparılır. Gənclərin son vaxtlar yüksək vəzifələrə irəli çəkilməsi də  buna parlaq misaldır.

Təhsil sistemi gənclərin təlim-tərbiyə işində xüsusi  rol oynayır. Hazırda Azərbaycanda 52 ali məktəb fəaliyyət göstərir ki, bu qurumlarda da 200 minə yaxın gənc  təhsil alır. Bununla yanaşı, aktual peşələrin öyrədilməsi istiqamətində ölkədə son illər sistemli, müasir texnologiyalarla 51 orta ixtisas və113 peşə məktəbləri fəaliyyət göstərir.

 

Qabaqlayıcı sosial müdafiə tədbirləri uğurla reallaşdırılır

 

Azərbaycan sosial dövlətdir. Təsadüfi deyil ki, respublikamızda dövlət siyasətinin əsas istiqamətlərindən biri vətəndaşların sağlamlığının təmin olunmasıdır. Bu mənada sağlamlığın qorunması məqsədilə bədən tərbiyəsi və idman qurğularının sayının artırılması hər zaman ön plandadır.

Bu sırada gənclərlə bağlı fəaliyyət planlarında da idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Artıq uzun illərdir ki, Prezident İlham Əliyevin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 45-ə yaxın olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi etməsi, idmançılarımızın olimpiya oyunlarında və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.

Bütün bunların nəticəsidir ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq, göstəricilərinə görə ön sıralarda qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” I Avropa Oyunlarında ikinci, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması və digər nailiyyətlər Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurlardır.

Bədən tərbiyəsi və idmanın kütləviliyi üçün məktəblərdə, rayon mərkəzlərində və hətta kənd yerlərində maddi texniki baza gücləndirilib, bu sahədə dinamizmin həyat tərzinə keçməsi üçün böyük işlər görülüb.

Bütün qabaqlayıcı tədbirlərin bir qolu da asudə vaxtın təşkili məsələsidir. Görülən bütün silsilə tədbirlərə baxmayaraq, tütün məmulatları və narkotik maddələrdən istifadə narahatlıq doğurur. Asudə vaxtın təşkili sağlamlığın qorunmasında da mühüm rol oynayır. Son illərdə ölkə miqyasında mədəni-kütləvi tədbirlərin keçirilməsinə, turizmin inkişafına, rekreasiya xidmətlərinin əlçatanlığına xüsusi diqqət yetirilir. Bununla yanaşı, ölkədaxili tarixi abidələrin öyrənilməsinin və digər buna oxşar tədbirlərin miqyası  genişləndirilməlidir.

 

Vətən müharibəsinin qəhrəmanları

 

Ötən il oktyabrın 21-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev deyib: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də sadəcə olaraq bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik”.

Hərbi vətənpərvərlik tərbiyəsi  belə qəhrəman övladların yetişməsində mühüm rol oynadı. Vətən müharibəsində qazanılan Qələbənin kökündə dayanan əsas amillərdən biri də Azərbaycan gənclərinin vətənə, torpağa bağlılığı oldu. Müharibənin ilk günündən gənclərimiz silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdılar və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər sevincini xalqımıza yaşatdılar.

Ötən əsrin 90-cı illərində Birinci Qarabağ savaşında 10 mindən çox gəncimiz canından keçdi, 30 minə yaxın insan əlil oldu. Aprel döyüşləri və 44 günlük müharibədə 3 minə yaxın gəncimiz şəhidlik zirvəsinə yüksəldi. 10 minə yaxın gənc müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Ölkəmizdə bu qrup insanların  ailələrinə və sağlamlığını itirmiş gənclərə  qayğı göstərilir.  Belə ki, bu günə qədər şəhid ailələrinə 9670 mənzil, əlillərə 7200-dən çox avtomobil  təqdim edilmişdir. Onu da qeyd edək ki, 2025-ci ilə qədər daha 11 min  bu qrupdan olan insana mənzil veriləcək.

Respublikamızda gənclərin inkişafına, cəmiyyət həyatının bütün sahələrində fəallığının artırılmasına, mənəvi-ideoloji tərbiyəsinə, sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcək. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.

 

Hadi RƏCƏBLİ,

siyasi elmlər doktoru,  professor

 

Azərbaycan.- 2022.- 2 fevral.- S.7.