Gəncliyə dəyər verən siyasət

 

Hər bir xalqın və ümumən bəşəriyyətin inkişafı naminə böyük tarixi hadisələrə imza atmış liderlər bütün digər xidmətləri ilə yanaşı, həm də bütöv nəsillər formalaşdırırlar. Bu nəsillərin hansı ruhda böyüyüb tərbiyələnməsi, hansı ideyaların daşıyıcısı olması liderlərin onlar üçün yaratdıqları örnəklərdən, həyat və fəaliyyətləri ilə təlqin etdikləri prinsiplərdən çox asılıdır.

Müstəqil Azərbaycan Respublikasını tarixin ən böyük nailiyyətlərinə yetirmiş Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də gəncliyə qayğı məsələləri mühüm yer tutur. Bu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin müasir dünyamızın reallıqları şəraitində daha böyük əzmkarlıqla davamıdır.

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, təhsili, istedadlarının inkişaf etdirilməsi cəmiyyət üçün əsas vəzifələrdəndir. Onlar hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir. Təsadüfi deyil ki, müasir dövrdə gənclər sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Dünyanın bütün sivil cəmiyyətlərində onların hərbi-vətənpərvərlik, mənəvi-ideoloji tərbiyəsinə, sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Onlar bizim sabahımızdır. Bir neçə ildən sonrakı dövrün ictimai mənzərəsi indi böyüməkdə olan nəslə yaradılmış şəraitdən, inkişaf mühitindən asılı olacaq. Bu baxımdan sağlam düşüncəli, savadlı nəslin yetişdirilməsi cəmiyyət üçün mühüm məsələdir.

 

Ümidləri doğruldan gənclik

 

Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə də, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da gənclər siyasətinə xüsusi önəm verməsi məhz bu zərurətə əsaslanırdı. Ümummilli Lider hər zaman gəncliyə böyük ümidlər bəsləyirdi. Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu vurğulayırdı. Sağlam düşüncəli gəncliyin bu ümidləri doğruldub vətənin gələcəyinə sahib çıxa bilməsindən ötrü onlara diqqət və qayğısını heç bir zaman əsirgəmirdi. Bu böyük dövlət adamı fərqində idi ki, istənilən liderin gəncliyə ən böyük töhfəsi onların təhsil almasına, fərdi inkişafına kömək göstərməkdir. Ona görə də Heydər Əliyev Azərbaycana hələ birinci rəhbərliyi dövründə onlarca yeni aliorta ixtisas təhsili müəssisələri yaratmışdı. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın ən aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilməsi də hər zaman rəğbətlə xatırlanan tarixdir. Müstəqil Azərbaycana rəhbərlik illərində də Heydər Əliyevin sağlam və sarsılmaz dövlətçilik ideologiyasının davamlılığında gənclər siyasəti daim ön sıralarda dururdu. O, gəncləri ölkənin ictimai-siyasi həyatında aktiv olmağa çağıraraq, yaxın gələcəkdə daha da dinamik inkişaf yoluna qədəm qoyacaq Azərbaycanın sonrakı uğurlarını gəncliyə göstərilən etimadda görürdü. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsiniümumi fəaliyyətə cəlb edilməsini mühüm vəzifə kimi irəli sürürdü.

 

Qayğı, diqqət və inam

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən Ümummilli Lider gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı.

1996-cı ildə Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü də gəncləri daha fəal, daha məsuliyyətli və yetkin görmək istəyən Ulu Öndər Heydər Əliyevə məxsusdur. Həmin ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi artıq ənənə halını aldı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada beynəlxalq gənclər günü elan edilmədiyi vaxtda - 1997-ci ildə Azərbaycanda “2 Fevral - Ümumrespublika Gənclər Gününün təsis edilməsi haqqında mühüm strateji qərarın qəbulu da gəncliyə verilən yüksək dəyər idi.

Bu forumlar Heydər Əliyevin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə onların dövlətin və cəmiyyətin həyatında fəal iştirakına şərait yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu zamanı Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir. ...Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”

İlk forumdan ötən illər ərzində Azərbaycan gəncliyinin həyatında mühüm dəyişikliklər baş verdi. Ölkəmizdə ilk gənclər təşkilatları formalaşdı. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaradılması gənclərin iştirakına, sosial təşəbbüskarlığına mühüm təkan verdi. Bundan sonra yerli idarələr vasitəsilə regionlardakı gənclərlə aparılmağa başlanıldı. Bütün bu işlərin nəticəsidir ki, hazırda müxtəlif dövlət qurumlarında xeyli sayda gənclər təmsil olunur.

 

Tarixi nailiyyətlər

 

Ulu Öndərin Azərbaycan gəncliyinə olan inamı, ümidi tarixin yeni mərhələlərində özünü tam doğrultdu. Böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə apardığı ardıcıl, məqsədyönlü işlə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan gəncliyinin həyatında 2003-cü ildən yeni bir yüksəliş dönəmi başlandı. Gənclərin cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsi, onların sosial-iqtisadi problemlərinin həllinin təmin edilməsi məqsədilə icra olunan dövlət proqramları, quruculuq işlərində gənclərin iştirakına şərait yaradılması, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına verilən dəstək bu tarixin ayrı-ayrı xoş məqamlarıdır.

Azərbaycanda “Gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlar, gənclər siyasətinin ayrı-ayrı sahələrini əks etdirən müxtəlif normativ-hüquqi sənədlər qəbul edildi. Gənclər siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, “Gənclər sahəsində Bakı Öhdəlikləri”nin qəbul edilməsi ölkəmizin gənclər siyasətinin uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin İnkişaf Strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanlar yaradır.

Gənclərin maraqlarının təmin olunması, ideyalarının gerçəkləşməsinə dəstək sahəsində ciddi işlər görülür. Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı genişlənir. 2007-ci ildə ölkəmizdə “Gənclər ilinin elan olunması, 2008-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammitinin, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi, Prezident Administrasiyasında gənclərlə üzrə ayrıca şöbənin yaradılması Azərbaycan gəncliyinin həyatında baş verən mühüm tarixi hadisələrdir.

Ölkə rəhbərinin bəyan etdiyiqara qızılın insan kapitalına çevrilməsi” prinsipi istiqamətində reallaşdırılan tədbirlərin əsas subyekti, təbii ki, Azərbaycan gəncliyidir. Gənclərin təhsili, fərdi inkişafı, bilgi qaynaqlarına çıxışı üçün elmi-texniki infrastruktur ildən-ilə inkişaf etdirilir. Dövlət büdcəsindən gəncliyin inkişafına ayrılan vəsaitin həcmi genişlənir. Bu gün Azərbaycanda Gənclər Fondu uğurla fəaliyyət göstərir. “Gənclər evi” şəbəkəsi genişləndirilir, gənclər üçün Prezident mükafatı təsis edilib.

Hazırda Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi çıxış edir. Dövlət rəhbəri gəncləri müxtəlif yüksək dövlət vəzifələrinə irəli çəkir. Onlara etimad göstərir. Gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyillər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir.

 

Savadlı, bacarıqlı, vətənpərvər gəncliyə inam

 

Tarixin bütün dövrlərində hər bir ölkədə gəncliyin ən böyük ehtiyacı məhz təhsil imkanları ilə bağlı olub. Müasir dünyamızda isə bu, demək olar ki, həyati vacib zərurətə çevrilib. Dünya çox sürətlə dəyişir. Biliyə, təhsilə, elmə əsaslanan innovativ bacarıqlar əsas həyat şərtinə çevrilir. İnsan kapitalının formalaşdırılması müasir cəmiyyətlər qarşısında ən mühüm vəzifə kimi durur. Bu reallıq nəzərə alınaraq Azərbaycanda da gəncliyə keyfiyyətli təhsil imkanlarının təmin edilməsi, fərdi inkişaf mühitinin hər kəs üçün əlçatanlığı naminə, demək olar ki, bütün imkanlar səfərbərliyə alınır. Azərbaycan Prezidentinin ölkə gəncliyinə əsas çağırışları da məhz təhsillə, biliklərin, innovativ bacarıqların əldə olunması ilə bağlıdır. Prezident İlham Əliyev gənclərin vətənpərvərlik tərbiyəsini son dərəcə mühüm vəzifə hesab edir. Bakı Dövlət Universitetinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışı zamanı bu məsələni xüsusi qeyd edib: “Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq”.

 

Azərbaycan gəncliyi tariximizin qüdrətli dövrünün müəllifinə çevrildi

 

Xalqımızın Vətən müharibəsində tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Xalqımızın övladları canları-qanları bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edirlər.

Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Azərbaycanın igid oğulları bu qəhrəmanlıqları real həyatda göstərdilər. Canları-qanları ilə tarix yazdılar. Göstərdilər ki, belə övladları olan, cəsur, mərd qəhrəmanlar yetişdirən Vətən heç vaxt yenilməz. Azərbaycan bundan sonra hər birimiz üçün həm də igidlərimizin mərdliyinə, fədakarlığına görə dəyərlidir. Ölümsüz qəhrəmanlarımızın yaddaşlarda qalan silinməz izləri ilə müqəddəsdir.

44 günlük Vətən müharibəsinin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə çiyin-çiyinə birgə böyük əziyyətlər çəkən gənc əsgər və zabitlərimizin üzərinə düşdü.

Azərbaycan övladları əvvəlcə cəbhəətrafı kəndlərimizi, ardınca Suqovuşan qəsəbəsini, Cəbrayıl rayonunu, sonra Hadrut qəsəbəsini, Füzuli, Zəngilan, Qubadlı rayonlarını işğaldan azad etdilər. 2020-ci il noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşa 28 illik işğaldan sonra ordumuzun şücaəti sayəsində istiqlalına qovuşdu.

Mərd oğullarımız müqəddəs şəhərimizi qol gücünə, ağır silahlardan istifadənin mümkün olmadığı çətin dağlıq şəraitində düşmənlə əlbəyaxa vuruşaraq işğaldan azad etdilər. Gəncliyi tərənnüm edən əsl vətənpərvərlik ruhu budur!

Azərbaycan Prezidenti gəncliyin şücaətinə böyük qiymət verərək deyir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 2 fevral.- S.9.