Zəfərin
gəncləri
Gənclik bütün cəmiyyətlərdə
uğur və dinamizm rəmzi, intellekt və mübarizə
simvoludur. Gənclik bütün proseslərin avanqardı,
lokomotivi, yüksək enerjinin, yeni ümidlərin, xəyalların
yaradıcısı və ən əsası, bir ölkənin
gələcəyidir.
Müasir Azərbaycan gəncliyi
haqqında da ən müsbət fikirləri söyləmək
və gənclərlə qürurlanmaq mümkündür. Bu
gün Azərbaycan gəncinin səsi dünyanın ən
nüfuzlu ali məktəblərində eşidilir, kreativ
yaradıcı gənclərin yeni kəşfləri,
ixtiraları dünya miqyasında yüksək mükafatlara
layiq görülür. Azərbaycan gəncliyi bütün sahələrdə
aparıcı qüvvə kimi iştirak edir,
yaradıcılıq eşqi, yüksək potensialı ilə
dövlətimizin inkişafı naminə
çalışır.
Gənclik yeni nəsil deməkdir.
Kökünə bağlı, əcdadının yolu ilə
gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz,
alnıaçıq, həm də tükənməz
gücdür.
Bu gün Azərbaycan gənci həm
də yüksək vətənpərvərlik ruhunda
böyüyən qəhrəmandır, igiddir. 44 günlük
Vətən müharibəsindəki Şanlı Zəfər
bunun bariz təcəssümüdür. Məhz müstəqillik
dövrünün gəncləri göstərdiyi şücaət,
igidliklə adlarını Azərbaycan tarixinin şərəfli
səhifələrinə yazdılar. Bu tarixi Zəfər eyni
zamanda xalqın, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik
ruhunun yüksək olduğunu, Vətən, dövlət,
bayraq sevgisini parlaq şəkildə nümayiş etdirdi.
Ali Baş Komandan İlham
Əliyevin çağırışına səs verərək
könüllü şəkildə silaha sarılan gənclər
vətən uğrunda qan töküb can verdilər. Bu
savaşda vətən uğrunda döyüşmək, vətəni
sevmək, vətəni qorumaq gənclərin əsas vəzifəsi
idi və bütün bunlar Azərbaycan gəncinin simasında
öz ifadəsini tapdı.
Ali Baş Komandanımızın təbiri
ilə desək, Qarabağı azadlığa qovuşduran əsgər
və zabitlərimizin mütləq əksəriyyəti
Qarabağın işğalından sonra dünyaya gəliblər.
Bu vətənpərvər gənc nəsil Qarabağı
görmədən onun həsrətini yaşayıblar və
işğaldan qurtulması üçün qanlı
mübarizəyə atılıblar. Qalib Sərkərdə
haqq savaşımızda qəhrəmanlıq göstərən
gənclərin şücaətini belə qiymətləndirib:
“Müharibədə bütün nəsillərin nümayəndələri
iştirak ediblər, qəhrəmanlıq göstəriblər.
Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim
Prezidentlik dövrümdə yetişən gənclər yerinə
yetiriblər, İlk növbədə, biz onlara borcluyuq.
Əsas yükü, əsas vəzifəni gənc nəsil
yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15
yaşı olanların bu gün 27-32 yaşı var.
Onların məhz vətənpərvərlik ruhunda tərbiyə
alması, düşmənə nifrət hissi bizi Qələbəyə
apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Həqiqətən də, dünənədək
sıradan, adi, bəzən “uşaq” saydığımız
on minlərlə gənc könüllü olaraq öz cəsarətləri,
mərdlikləri ilə bir anın içində sanki aslana
çevrildilər, “Qarabağ Azərbaycandır!” milli hərəkatının
qələbə Nidasını qoydular!.
Məhz onların rəşadəti
sayəsində əldə olunan şanlı Zəfər
ölkəmizin ərazi bütövlüyünü bərpa
etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi
torpaqlarına qovuşdu.
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin müasir gənclərlə
bağlı səsləndirdiyi digər fikirdə də bu, bir
daha öz əksini tapır: “Bu gün Azərbaycan gəncləri
cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə
fəxr edə bilərik. Bizim gənclərimiz torpaq
uğrunda, vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin
böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim
gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.
Onu da qeyd etməliyik ki, gənclərimiz
vətən uğrunda döyüşlərlə
yanaşı, arxa cəbhədə də yüksək fəallıq
göstərib, ölkəmizlə bağlı həqiqətlərin,
işğalçı Ermənistanın əzəli
torpaqlarımızda törətdikləri vandallıq
aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak ediblər. Arxa
cəbhənin qəhrəmanları sırasında gənclərin
çoxluq təşkil etməsi bunun əyani təsdiqidir.
Müharibə dövründə, eləcə də
savaşdan sonra məhz gənclərimizin müxtəlif əcnəbi
dillərdə yaydıqları həqiqətlər əsl erməni
xislətini, vandallığını,
barbarlığını dünyaya nümayiş etdirdi.
Vaxtilə Ulu Öndər Heydər
Əliyev deyirdi ki, hər bir xalqın, hər bir millətin, hər
bir ölkənin gəncləri onun həm
bugünüdür, həm də sabahıdır, ümididir.
Bu fikir dövlət gənclər siyasətinin fəlsəfi
və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri
Azərbaycanın sabahı naminə səfərbər edir. Vətən
savaşı da bir daha təsdiqlədi ki, müasir Azərbaycan
gənci əsl vətənpərvər, dövlətini,
xalqını, bayrağını sevən, dövlətçiliyin
mühafizəsində dayanan, lazım gəlsə canından
keçməyə hazır olan igid qəhrəmandır.
Əminliklə deyə bilərik
ki, bu gün Azərbaycanda vətənpərvərlik hissinə,
milli düşüncəyə malik gənclər
formalaşır. Prezident İlham Əliyevin gənclərin
potensialının gerçəkləşməsinə,
onların vətənpərvər, savadlı kadr kimi
yetişməsinə yönələn tədbirləri
dövlətin uzaqgörən siyasətinin göstəricisi
kimi qiymətləndirilir. Ölkəmizdə gənclər
siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun
artmasına, ölkənin aparıcı qüvvəsinə
çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin
formalaşmasına şərait yaradıb.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.
- 2022.- 2 fevral.- S.1; 10.