Döyüş meydanında silahını, bayrağını atıb qaçan erməni gəncləri

 

Ermənistanda gənclər ağır vəziyyətdən bezib ölkəni tərk edir, ordudan yayınır, ailə qurmaq belə istəmirlər

 

Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanda müasir gənclər ordusu ölkəmizin sosial-iqtisadiictimai-siyasi həyatında yaxından iştirak edir.

Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq  sahəsində uğurlar qazanaraq  Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.

Regionun məğlub ölkəsi olan Ermənistanda isə tam fərqli vəziyyət müşahidə olunur. Gənclərin üçdəikisi respublikanı tərk etmək haqqında düşünür. Qalanları isə sanki gənclik dövründən məhrum olublar.

 

Erməni gənclər gələcəklərini başqa ölkələrdə axtarırlar

 

Bu ölkədə perspektivin olmaması səbəbindən gənclərin qruplar halında əsasən Rusiya istiqamətində miqrasiya etmələri və Sovet İttifaqının süqutundan sonra Ermənistanın 16-30 yaş arasındakı vətəndaşlarının bir milyonundan çoxunun öz gələcəyini itirdiyi qeyd olunur. Ermənistan hökuməti xüsusilə gənclərin ölkəni birdəfəlik tərk edərək digər ölkələrə üz tutmasından heç bir narahatlıq keçirmir, əksinə, miqrasiya edən gənclərlə narazı elektoratın və gələcək potensial inqilabçı-gənclərin sayının azalmasına və bu yolla hakimiyyətdə qalmaqda davam etməsinə ümid edir.

Bildirilir ki, Ermənistandan qısamüddətli mövsüm işlərinə yollanan gənc mühacirlərin 95-96 faizi və uzunmüddətli tərk edənlərin 75-76 faizi Rusiyaya üz tutur. Hökumət isə vəziyyətdən çıxış yolu üçün heç bir addım atmır. Ölkəni tərk edən gənclərin əksəriyyəti isə birdəfəlik gedənlərdir.

Ermənistanda gənc kişi qıtlığı səbəbindən başsız qalan erməni qadınları daha çox süni mayalanmaya üstünlük verirlər. Belə ki, İrəvanda fəaliyyətə başlayanFertility center” mərkəzinin direktoru, ginekoloq-reproduktoloq Eduard Ambarsumyan son illər ərzində bu mərkəzə müraciət edən erməni qadınlarının çoxaldığını etiraf edib.

Yerli mətbuat yazır ki, hələ 14 il bundan əvvəl hökumət miqrasiyanın azaldılmasını nəzərdə tutan strateji proqram hazırlayıb. Ancaq indiki mənzərəyə əsasən görürük ki, bu proqram heç bir nəticə verməyib. Gənclər ağır vəziyyətdən bezib ölkəni tərk edirlər. Digər tərəfdən, qanunun selektiv tətbiqi səbəbindən onlar ölkədən çıxıb gedirlər. Yəni Ermənistan vətəndaşları çoxdan bilirlər ki, qanunlar yazılırsa, bu, hələ onların adi vətəndaşlara şamil ediləcəyi demək deyil. Oliqarxlar, o cümlədən məmur və deputatlar, siyasi hamiləri olanlar inhisarçıya çevriliblər. Onların iqtisadi bazarda başqalarına yer verməklə bağlı nə iradəsi, nə istəyi, nə də planı var. Bu da ölkəni tərk edən gənclərin sayının daha da artmasına səbəb olur.

 

Ermənistan qocalar ölkəsinə çevrilib

 

Ekspertlər ona da diqqət yönəldirlər ki, görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 50 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır. Ermənistan əhalisi bu durumun dəyişəcəyinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Əhalinin bir hissəsi köçsə də, yerdə qalanlar üçün yeri tapılmır. Bu isə sosial gərginliyi daha da artırır.

Digər tərəfdən, erməni demoqrafların fikrincə, müstəqillik illərində Ermənistan qocalan millət ölkəsinə çevrilib, çünki yaşı 63-dən çox olan ölkə sakinlərinin sayı əhalinin ümumi sayının 12,6 faizi qədərdir. Demoqrafların hesablamalarına görə, yaxın zamanda Ermənistanda yaşı 65-ə çatmış sakinlərin sayı əhalinin ümumi sayının 25-27 faizi qədər olacaq. Rəsmi məlumatlara əsasən, ölkənin əhalisi 2,9 milyon nəfər, doğum səviyyəsi isə olduqca aşağıdır.

Ekspertlər bildirirlər ki, Ermənistan artıq demoqrafik böhran həddinə çatıb və tədricən depopulyasiyaya, yəni ölüm nisbətinin doğum səviyyəsini ötdüyü mərhələyə yaxınlaşır. Çünki bütün ölkə üzrə ölüm nisbəti doğum səviyyəsini aşıb. Ermənistan Statistika Komitəsinin son məlumatları da vəziyyətin acınacaqlı olduğunu təsdiqləyir. Qurumun bildirdiyinə görə, bu ölkənin ali məktəblərində 15 min tələbə yeri boş qalıb. Qeyd olunur ki, bu, ölkənin gələcəyi üçün əsl fəlakətdir. Çünki proses getdikcə dərinləşir və bu göstərici hər il artmaqda davam edir. Ölkə əhalisinin sayının azalması artıq gənc nəslin sayında özünü büruzə verməyə başlayıb. Məlumata görə, əvvəllər ölkəni əsasən qabiliyyətli əhalinin yaşı 30-dan yuxarı olanları tərk edirdisə, indi  ailələr uşaqları ilə birlikdə gedirlər.

Ölkəni tərk edən ailələrin uşaqlarını özləri ilə aparması halları 2020-ci ilin payızında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da sürətlənib. İctimai fəalların dediyinə görə, erməni ailələr uşaqlarının gələcəkdə baş verəcək növbəti müharibələrə qurban getməməsi üçün onları başda Rusiya olmaqla digər xarici ölkələrə aparır, oradakı məktəblərə qoyurqeydiyyata saldırırlar. Qeyd olunur ki, 2021-ci ilin 8 ayı ərzində Ermənistanı hava yolu ilə tərk edən ölkə vətəndaşlarının sayı gələnlərdən 64 min 78 nəfər çoxdur.

 

10 min gənc fərarilik edib

 

Ölkədə yaşanan demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminatı  indi daha sürətlə pisləşməkdə davam edir. Sərhədə göndərməyə lazımi sayda insan resursu yoxdur. Artıq Ermənistan rəhbərliyi də yaxşı bilir ki, həqiqi hərbi xidmətə çağırışla silahlı qüvvələri komplektləşdirmək olmur. Digər tərəfdən, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması adi hal alır. Belə vəziyyətdə ordudan yayınanların sayının artmasına görə  qaldırılan cinayət işlərinin sayı çoxalır. Bir sözlə, Ermənistan ordusunda xaosun yeni dalğası başlayır.

Vətən müharibəsinin gedişində hər iki ölkənin döyüşən ordusu arasında qabarıq görünən faktlardan biri də şəxsi heyətlər arasında gedən müqayisələrdə ortaya çıxdı. Belə ki, gənclərin ölkəni tərk etməsi ucbatından orduya cəlb etmək üçün adam tapmayan Paşinyan hakimiyyəti qocalara ümid bağladı.

Döyüş meydanında papağını, hərbi biletini qoyub qaçan, yaralı əsgərlərini və meyitlərini götürüb aparmayan erməni gənclərin fərarilik halları müharibə müddətində daha çox diqqət mərkəzində yer aldı. Açıqlanan rəqəmlərdə qeyd olundu ki, ümumilikdə Ermənistanda axtarışa verilən 12 mindən çox gəncin 10 min nəfəri hərbi xidmətdən boyun qaçıranlar olub. Onlar barəsində Cinayət Məcəlləsinin 327-ci maddəsi ilə cinayət işi açılıb.

Bu, bir tərəfdən Ermənistan ordusunda olan dözülməz şəraitlə bağlı idisə, digər tərəfdən erməni gənclərinin özününkü olmayan torpaqlar uğrunda döyüşmək istəməməsinin nəticəsi idi. Prezident İlham Əliyev də Ermənistan ordusunun hansı prinsiplər və əsaslar üzərində qurulduğuna, hansı mənəvi normalarla idarə edildiyinə diqqət çəkərək, əslində, onların silahlı qüvvələrinin mahiyyətini göstərmişdi. Ali Baş Komandan Ermənistan ordusu barədə demişdir: “Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar”.

Müharibənin gedişində Ermənistan parlamentinin növbədənkənar iclasının sessiyasında ikinciyekun oxunuşda müharibə dövründə bəzi əməllərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişikliklər qəbul edilmişdi. Bu dəyişikliyə əsasən, müharibə dövründə hərbi xidmətdən, təlim düşərgələrindən və ya səfərbərlikdən yayınanlar əvvəllər nəzərdə tutulduğu 4 ildən 8 ilədək deyil, 6 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Müharibə dövründə vəzifə borcunu yerinə yetirməkdən və ya vergi ödəməkdən yayınan şəxslər üçün cəzanın ən yüksək həddi - 4 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə maddəsi bir ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə maddəsi ilə əvəzlənib. Müharibə dövründə əmrə tabe olmamağa görə cəza isə 5 ildən 15 ilədək müddətə deyil, 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə təsdiqlənib.

Ermənistan ordusunun baş qərargah rəisinin keçmiş müavini, keçmiş hərbi komissar general-mayor Levon Stepanyan demişdi ki, ordu sıralarından minimum 10 min əsgər fərarilik edərək döyüşü tərk edib. Qarabağın şimalındakı döyüş mövqelərindən ordunun bir hissəsi geri çəkilib. Arxa cəbhəni təmin etmək üçün kifayət qədər resursun olmadığını bəhanə gətirən bəzi bölmələr isə irəlidə mövqe tutmaqdan imtina ediblər.

Ermənistan ordusunda hökm sürən xaos, nizamnamədən kənar münasibətlər, özbaşınalıq, ruh düşkünlüyü səbəbindən hərbi qulluqçular arasında özünəqəsd faktı da artıb. Lakin hakimiyyət bütün vasitələrdən istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hərbi hissələrdə əsgərlərin valideynləri ilə əlaqə saxlaması üçün yaradılan internet otaqlarını isə məlumatların sızmasının qarşısını almaq üçün bağlayıblar. Bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, Ermənistan ordusunda vəziyyət təsəvvür edildiyindən də qat-qat ağırdır. Etirazçılar davamlı şəkildə hökumət əleyhinə şüarlar və bəyanatlar səsləndirir, valideynlər övladlarının ölüm səbəbinin onlara açıqlanmasını tələb edirlər.

Beləliklə, mövcud vəziyyət qarşıdakı dövrün Ermənistanda hər sahədə ağır fəsadların yaranacağını göstərir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.-2 fevral.- S.1; 10.