Mingəçevir Dövlət Universiteti müasirləşmə
mərhələsindədir
2021/2022-ci tədris ilinin payız semestri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü ilə əlaqədar olaraq bir çox əlamətdar hadisələrlə yadda qalmışdır.
Dünyada pandemiyanın davam etdiyi bir şəraitdə Azərbaycanda COVID-19 infeksiyasına qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri və uğurlu vaksinasiya siyasəti sayəsində uzunmüddətli fasilədən sonra cari tədris ilindən etibarən respublikamızın ali təhsil müəssisələrində, o cümlədən Mingəçevir Dövlət Universitetində (MDU) ənənəvi tədris bərpa edilmiş, bütün istiqamətlərdə fəaliyyətlərin mövcud çağırışlara və reallıqlara uyğun qurulmasına çalışılmışdır.
Ölkə rəhbərinin ali təhsil sahəsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hökumət tərəfindən qəbul edilmiş yeni qaydalar və təlimatlar, Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə ali təhsil müəssisələri tərəfindən həyata keçirilən tədbirlər, eləcə də universitetlərdə əldə edilən təcrübələr və yaradılan yeni imkanlar nəticəsində cari tədris ilinin payız semestri uğurla başa çatdırılmışdır.
Yeni dövrün universitetinə çevrilmək, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərmək, ölkəmizin, o cümlədən yerləşdiyi regionun hərtərəfli inkişafına davamlı töhfə vermək kimi strateji hədəflərə doğru mühüm addımlar atan MDU-da bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilmişdir.
MDU-da müasir və səmərəli ali təhsil mühitinin təmin edilməsi məqsədilə çevik və şəffaf idarəetmə, ictimai hesabatlılıq, universitetin strukturunun yenilənməsi, təhsilverənlərin və təhsilalanların hərtərəfli inkişafı və sosial rifahı, tələbəyönümlülük və cəmiyyətə fəal inteqrasiya məsələlərinə daim prioritet əhəmiyyət verilir.
Milli ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, dünya ali təhsil məkanında baş verən dəyişikliklər, universitetin strateji hədəfləri, qabaqcıl yerli və beynəlxalq təcrübə, müasir və daha səmərəli idarəetmənin təmin edilməsi zəruriliyi nəzərə alınaraq payız semestrində universitetin strukturunun təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır.
MDU-da İnformasiya texnologiyaları fakültəsinin yaradılması, Mühəndislik fakültəsinin yenidən qurulması, Pedaqoji fakültənin Təhsil fakültəsi adlandırılması, Magistratura və Doktorantura Təhsil Mərkəzinin, Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin, Karyera və İnkişaf Mərkəzinin yaradılması haqqında müvafiq qərarlar qəbul olunmuşdur.
Ölkəmizdə ali təhsilə göstərilən yüksək dövlət qayğısı, təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması prioriteti və MDU-nun mövcud maliyyə imkanları əsas tutularaq universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərinin aylıq əməkhaqları orta hesabla 20 faiz artırılmışdır.
Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə ümumilikdə, 3000-ə yaxın tələbə və magistrant təhsil alır. Bütövlükdə, 300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti üzvü çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı vardır. Bundan əlavə, cari tədris ilindən etibarən, MDU-da Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət göstərir.
Cari tədris
ilindən etibarən xüsusi karantin rejiminin mövcud tələbləri,
qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər,
mövcud infrastruktur imkanlar, təhsilalanların və akademik
heyətin COVID-19 infeksiyasından maksimum qorunması amilləri
nəzərə alınmaqla universitetin Elmi Şurası tərəfindən
“2021/2022-ci tədris ilinin payız semestrində MDU-da tədrisin
və təlim-tərbiyə prosesinin təşkilinə dair
Qaydalar” qəbul edilmişdir. Qaydalara əsasən MDU-da tədris
prosesi hibrid formada təşkil edilmişdir.
Azərbaycan Respublikasının təhsil
nazirinin “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan
sessiyasının təşkili və keçirilməsi barədə”
10 dekabr 2021-ci il tarixli müvafiq əmrinin
tələbləri və buna uyğun olaraq universitet rektorunun
müvafiq əmri ilə təsdiq edilmiş qaydalar əsasında
cari imtahan sessiyası əyani formada təşkil
edilmişdir. İmtahanlara hazırlıq məqsədilə
MDU-da hər bir struktur bölməyə konkret
tapşırıqlar verilmiş, dəqiq funksional iş
bölgüsü aparılmış və imtahan
sessiyasının mövcud qanunvericiliyin tələbləri
çərçivəsində təşkili məqsədilə
bütün zəruri addımlar atılmışdır. Habelə mühazirə mətnləri, təqdimatlar,
dərslik və dərs vəsaitləri, imtahan sualları və
onların xülasə şəklində cavablarının
elektron formatda tələbələrə
çatdırılması tədris olunan fənlərin tələbələr
tərəfindən mənimsənilmə səviyyəsinin
yüksəlməsinə və onların akademik göstəricilərinin
daha da yaxşılaşmasına hədəflənmişdir.
COVID-19 pandemiyasının
davam etdiyi bir şəraitdə MDU-da kollektiv üzvlərinin
sağlamlığına, xüsusi karantin rejiminin tələblərinə
riayət edilməsinə, tələbə və müəllim
kollektivinin müvafiq dozalar üzrə vaksinasiya prosesində fəal
iştirakına, müntəzəm olaraq tibbi-profilaktik və
dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət
yetirilmişdir.
Ölkənin və regionun
inkişafına töhfə verən, səmərəli və
nəticəyönümlü elmi fəaliyyətin həyata
keçirilməsi diqqət mərkəzində saxlanılan
MDU-da son dövrdə elmi potensialın inkişaf etdirilməsi
sahəsində meydana çıxan müsbət trendlər
2021/2022-ci tədris ilinin payız semestri ərzində daha da
gücləndirilmiş və bu istiqamətdə yeni keyfiyyət
dəyişiklikləri baş vermişdir.
MDU-da akademik heyət üzvlərinin
tədqiqat qabiliyyətinin və bacarıqlarının
artırılmasına, səmərəli elmi tədqiqat
işlərinin yerinə yetirilməsinə və elmi fəaliyyətlərinin
təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi,
elmi nəşrlərdə dərc edilən əsərlərə
görə əməkdaşların
mükafatlandırılması universitetdə elmi fəaliyyətin
genişlənməsinə və nüfuzlu beynəlxalq elmi
jurnallarda dərc edilən məqalələrin sayının
artmasına səbəb olmuşdur. Belə ki, 2019-2021-ci
illər ərzində MDU əməkdaşlarının “Web
of Science” bazasında indekslənən elmi nəşrlərdə
dərc olunan məqalələrinin sayı (15 ədəd)
1991-2018-ci illər üzrə müvafiq göstəricidən
(7 ədəd) 2 dəfədən çox olmuşdur.
Ötən tədris ilində təsis
olunan və MDU tarixində ilk elmi jurnal hesab edilən
“Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının
payız semestrində birinci və ikinci
buraxılışları çap olunmuş və elektron
variantda universitetin rəsmi saytında yerləşdirilmişdir.
2021-ci ilin may-iyun aylarında
müxtəlif elm sahələri üzrə universitetin bir əməkdaşı
elmlər doktoru, üç əməkdaşı fəlsəfə
doktoru, dekabr ayında isə daha iki əməkdaşı fəlsəfə
doktoru elmi dərəcəsini almaq üçün dissertasiya
işlərini uğurla müdafiə etmişlər. Hazırda
MDU-nun bir əməkdaşı və bir məzunu Türkiyənin
Qazi Universitetində doktorantura təhsili alırlar. Universitetin bir əməkdaşı isə Erasmus+
proqramı çərçivəsində Sloveniya
Respublikasının Nova Gorica Universitetində doktorantura təhsilini
davam etdirir.
MDU-da Ümummilli Lider Heydər
Əliyevin zəngin idarəçilik irsinin tədqiqi və təbliğinə
xüsusi önəm verilmiş, dövlət müstəqilliyinin
bərpasının 30 illiyinə, Vətən müharibəsində
əldə olunan tarixi Zəfərin birinci ildönümünə,
“Nizami Gəncəvi ili”nə və digər əlamətdar
tarixi mövzulara və cəmiyyətin
aktual məsələlərinə həsr edilən müxtəlif
formatlı çoxsaylı elmi tədbirlər
keçirilmişdir.
2021-ci ilin 10-11 dekabr tarixlərində
Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat
nazirliklərinin, Mingəçevir Şəhər İcra
Hakimiyyətinin dəstəyi ilə MDU tarixində ilk dəfə
olaraq keçirilən beynəlxalq elmi konfrans elm ictimaiyyətinin
böyük marağına səbəb olmuşdur. “Davamlı
inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr
və yeni hədəflər” mövzusunda təşkil edilən
beynəlxalq konfransa dünyanın 15 ölkəsindən 72 ali təhsil müəssisəsinin və elmi-tədqiqat
institutunun akademik heyət üzvləri və alimləri
qatılmış, 462 tezis və məqalə daxil
olmuşdur.
Cari payız semestri ərzində
MDU-da təhsilalanların və təhsilverənlərin hərtərəfli
inkişafına xidmət edən çoxsaylı təlimlər
təşkil edilmişdir. Konkret olaraq, karyera
planlaşdırma, sahibkarlıq, xarici dil, rəqəmsal,
pedaqoji və tədqiqat bacarıqlarının
artırılması məqsədilə tanınmış
ekspert və mütəxəssislər tərəfindən
MDU-da keçirilən təlimlər xüsusi maraqla
qarşılanmışdır.
Regional ekosistemin mühüm
aktorlarından birinə çevrilməyi hədəfləyən
MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi,
tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların
nəticəyönümlüyünün
artırılması məqsədilə müxtəlif
formatlı təhsil-sənaye əməkdaşlığının
inkişaf etdirilməsinə xüsusi əhəmiyyət
verilmişdir.
Ötən tədris ilində MDU, Mingəçevir Peşə
Məktəbi və “Azmade Group” MMC şirkəti arasında
“universitet-peşə məktəbi-sənaye” formatında
üçtərəfli əməkdaşlıq, “Azərbaycan
İES” MMC, “Atəşgah” Sığorta Şirkəti və “Kapital Bank” ASC ilə işbirliyi
çərçivəsində təlim-təcrübə
proqramı, elmi konfrans, nəzəri-praktiki seminar, “dəyirmi
masa”, infotur və digər müxtəlif formatlı tədbirlər
keçirilmişdir.
MDU-da tələbəyönümlü
məzmunun yaradılmasına, tələbə gənclərin
hərtərəfli inkişafına, onların universitet idarəçiliyində
fəal təmsil olunmasına, çoxşaxəli
könüllülük fəaliyyətinə cəlb edilməsinə
və tələbə təşkilatlarının fəaliyyətinin
gücləndirilməsinə xüsusi diqqət yetirilir. MDU gənclərinin nailiyyətləri
sırasında “Heydər Əliyev və Azərbaycan tarixi”
VII ümumrespublika bilik yarışında uğurlu
iştirakı, Bakı Qida Hakatonunda birinciliyin əldə
edilməsini, müxtəlif startap müsabiqələrində
və idman yarışlarında müvəffəqiyyət
qazanılmasını xüsusi qeyd etmək olar.
Gənclərin xalqına, vətəninə
və dövlətinə bağlı layiqli vətəndaş
kimi yetişdirilməsini əsas vəzifələrindən
biri kimi diqqət mərkəzində saxlayan MDU-da təhsilin məzmununda
vətənpərvərlik tərbiyəsinin önəminin
daha da yüksəldilməsi istiqamətində mühüm
addımlar atılmışdır. Bu məqsədlə
müntəzəm olaraq universitetin şəhid məzunlarının
ailələri ziyarət edilmiş, onlar haqqında silsilə
məqalələr dərc olunmuş, Şəhidlər
xiyabanında əziz xatirələri anılmış, qazi məzunlarla
görüşlər keçirilmiş, Hərbi Qənimətlər
Parkına ekskursiya təşkil edilmişdir. Şəhid məzunların ildönümü
münasibətilə anım tədbirləri
keçirilmiş, qəhrəmanlarımıza həsr
olunmuş tədbirlərdə tələbə və əməkdaşların
fəal iştirakı təmin edilmişdir. Bu fəaliyyətlərdə MDU-da yaradılan Tələbə
Vətənpərvərlik İnkişafı Mərkəzi
xüsusi rol oynamışdır.
MDU-da akademik potensialın gücləndirilməsi
və ali təhsil xidmətlərinin
keyfiyyətinin yüksəldilməsi məqsədilə
paytaxtın qabaqcıl universitetləri ilə sıx əməkdaşlığa
strateji önəm verilir. Belə ki, tərəfdaş ali təhsil
müəssisələrindən olan Bakı Dövlət
Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət
İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji
Universiteti ilə əlaqələrin inkişafı istiqamətində
əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir. 2021-ci ilin oktyabrında
MDU-nun Lənkəran Dövlət Universiteti ilə əməkdaşlığının
əsası qoyulmuşdur.
Eyni zamanda payız semestrində
universitetin beynəlxalq əməkdaşlığı
genişlənmiş və məhsuldar olmuşdur. Universitetin Erasmus+ proqramında
fəal iştirakı davam etdirilmiş, Türkiyənin Qazi
Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və KTO Karatay
Universiteti, eləcə də Ukraynanın Kiyev Milli
İqtisadiyyat Universiteti ilə işbirliyi inkişaf
etdirilmiş, Kiyev Milli Texnologiya və Dizayn Universiteti və
İstanbul Gedik Universiteti ilə əməkdaşlığa
başlanılmışdır. 2021-ci ilin dekabr
ayında MDU Çində fəaliyyət göstərən Kəmər
və Yol Universitet Alyansına üzv qəbul edilmişdir.
Fikrimizcə, ötən
dövr ərzində dövlətimizin diqqət və
qayğısı sayəsində MDU-da bütün fəaliyyət
istiqamətləri üzrə baş verən müsbət
keyfiyyət dəyişiklikləri və əldə olunan
nailiyyətlər universitetin müasirləşməsi yolunda
qarşıya qoyulan strateji hədəflərə yaxınlaşmasına
böyük zəmin yaradır.
Şahin BAYRAMOV
Mingəçevir
Dövlət Universitetinin rektoru
Azərbaycan.
- 2022.- 2 fevral.- S.11.