Tələbələrin yataqxana problemi
Hələ də həll olunmamış qalır
Yataqxanalar ali təhsil müəssisələrinin reytinqində vacib meyarlardan biri hesab olunur. Lakin statistik rəqəmlər və real mənzərə göstərir ki, respublikamızda bu sahədə vəziyyət qənaətbəxş deyil. Bu gün tələbələrin yataqxana ilə təminatının olduqca aşağı səviyyədə olması onların ailəsi üçün əlavə xərclərin yaranmasına gətirib çıxarır. Ailənin maddi təminatı aşağı olduqda isə bu vəziyyət daha da kəskinləşir.
Birinci kurs tələbəsi olan Günay Müslümova da bu çətinlikləri yaşayan tələbələrdən biridir. Ali məktəbə daxil olduğu zaman ailəsinin maddi imkanını nəzərə alaraq, oxuduğu təhsil müəssisəsinin yataqxanasında qalmağı planlaşdırsa da, buna nail olmayıb, çünki yer tapa bilməyib. Buna görə də bir necə tələbə yoldaşı ilə birlikdə kirayə evdə qalmaq məcburiyyətindədir. Günay növbəti tədris illərində bu məsələnin həll ediləcəyinə ümid bəsləyir. Lakin mövcud reallıq tələbələrin bu ümidlərini gercəkləşdirməyə imkan verirmi?!
Ali təhsil alanların cəmi 2,5 faizi yataqxana ilə təmin
edilir
Hazırda ali təhsil müəssisələrinin ümumi tələbə sayının 200 min nəfərə yaxın olmasına baxmayaraq, yataqxana ilə təmin edilən tələbələrin sayı 2,5 faiz təşkil edir. Bu isə bir çox dünya ölkələri ilə müqayisədə olduqca aşağı göstəricidir.
Mövcud yataqxanalar təhsilalanların çox az hissəsinin yaşayış yeri ilə təminatına imkan verdiyindən tələbələr vəziyyətdən yeganə çıxış yolunu dərs ilindən əvvəl münasib qiymətlərlə kirayə evlər tapmaqda görürlər. Əmlakçılar da dərs ili ərəfəsində kirayə bazarında canlanmanın artmasının və qiymətlərin yüksəlməsinin bundan qaynaqlandığını etiraf edirlər.
Əmlakçıların sözlərinə görə, kirayə bazarında canlanma artdıqca tələbələrin ucuz qiymətə kirayə ev tapması da çətinləşir. Digər tərəfdən, şəhərin mərkəzində ucuz kirayə evlərin verildiyi binaların sökülməsi və onların yerində hündürmərtəbəli binaların tikilməsi qiymətlərin iki dəfə artmasına gətirib çıxarır. Bu səbəbdən tələbələrin məktəblərə yaxın ərazilərdə, yəni şəhərin mərkəzində kirayə ev tutması onlara getdikcə daha baha qiymətə başa gəlir. Şəhərdən kənarda kirayə evlərin tutulması isə gediş-gəlişin çətinliyi baxımından sərfəli olmur. Bütün bu amillər tələbələrin yataqxanalara olan ehtiyacını getdikcə daha çox artırır və bu problemin həlli zərurətini aktuallaşdırır.
Ölkə üzrə 53 yataqxanadan 16-sı təmirlidir
Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinin tabeliyində 53 yataqxana binası olsa da, onlardan yalnız 3859 nəfərlik tutumu olan 16 bina təmirlidir. Hazırda fəaliyyət göstərən bu təmirli yataqxanalar Azərbaycan Memarlıq və İnşaat Universitetinə (1 bina), Azərbaycan Dövlət Pedaqoji Universitetinə (1 bina), Naxçıvan Dövlət Universitetinə (2 bina), Lənkəran Dövlət Universitetinə (2 bina), Bakı Mühəndislik Universitetinə (2 bina), Azərbaycan Dillər Universitetinə (1 bina), Bakı Dövlət Universitetinə (1 bina), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (1 bina), Azərbaycan Dövlət Aqrar Universitetinə (2 bina), Gəncə Dövlət Universitetinə (3 bina) aiddir.
Bunlardan əlavə, 1141 nəfərlik tutumu olan 11 təmirsiz yataqxana binası mövcuddur. Təmirsiz yataqxanası olan binaların 2-si Bakı Dövlət Universitetinin, 1-i Azərbaycan Texniki Universitetinin, 1-i Bakı Slavyan Universitetinin, 1-i Azərbaycan Dillər Universitetinin, 4-ü Gəncə Dövlət Universitetinin, 2-si Azərbaycan Texnologiya Universitetinin tabeliyindədir. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün onların tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür. Bu binaların 5-i Azərbaycan Texniki Universitetinin, 5-i Azərbaycan Memarlıq və İnşaat Universitetinin, 5-i Azərbaycan Dövlət İqtisad Universitetinin, 5-i Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 3-ü Bakı Slavyan Universitetinin, 1-i Azərbaycan Dillər Universitetinin, 1-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 2-si Sumqayıt Dövlət Universitetinin, 1-i Gəncə Dövlət Universitetinin balansındadır.
Son illər ərzində bəzi
yataqxanalar təmir edilib. 2020-2021-ci illərdə Gəncə Dövlət
Universitetinin 706 nəfərlik tutumu olan 3, Bakı Dövlət
Universitetinin isə 216 nəfərlik tutumu olan 1, Dövlət
Aqrar Universitetinin 1040 nəfərlik tutumu olan 2 yataqxana
binası təmir edilib. Heydər Əliyev Fondu tərəfindən
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində 800
nəfərlik yataqxana binası tikilərək istifadəyə
verilib. Lakin
mövcud vəziyyət göstərir ki, hazırkı
yataqxana sayı tələbələr üçün yetərli
deyil və bu sayın artırılması üçün
yeni işlərin görülməsi vacibdir.
Azərbaycan Texniki
Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova
bildirir ki, tələbə şəhərciklərindəki
yataqxanalarda 1988-90-cı illərdə məcburi
köçkün ailələri məskunlaşıblar. Yataqxanalarda
ümumilikdə 900-dək məcburi köçkün ailəsi
yaşayırdı. Hazırda binalarda 124 ailə
qalıb: “Yataqxana kompleksi tamamilə yararsız hala
düşüb. Binalardakı vəziyyət hər
hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə
kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən
öz məişətlərinə uyğun dəyişdirilib.
Yataqxana kompleksindəki ərazidə vaxtilə
mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə
obyektləri, habelə ətraf yollar və
yaşıllıqlar tamamilə yararsız hala
düşüb. Məcburi
köçkünlər köçürüldüyü təqdirdə
belə yataqxanalar əsaslı təmir edilmədən öz
təyinatı üzrə istifadə edilə bilməz”.
S.İsgəndərova bildirir ki,
hazırda universitetin yataqxanalarında məskunlaşan məcburi
köçkünlər yeni qəsəbələrə
köçürülür və proses davam edir. Köçürülmə prosesi tam
yekunlaşdıqdan sonra yataqxanalar əsaslı şəkildə
təmir olunacaq.
Dövlət İqtisad
Universitetindən isə bildirdilər ki, hazırda 5
yataqxanaları olsa da, onların hamısında məcburi
köçkünlər məskunlaşdığından tələbələri
yerləşdirə bilmirlər.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynovun sözlərinə
görə, hazırda bu təhsil müəssisəsinin 240 nəfərlik
1 yataqxanası var. Yataqxana universitetin “Gənclik” metrosuna
yaxın olan ikinci korpusunun yanında yerləşir: “Otaqlar
geniş və iki nəfərlikdir, tam təmir edilib. Aylıq ödəniş 70 manatdır. Yataqxananın tam şəraiti var. Əsaslı təmir
olunub. Yataqxanaya yerləşdirmə
zamanı maddi vəziyyəti ağır olan xanım tələbələrə
üstünlük verilir, daha sonra boş qalan yerlərə
digər tələbələr yerləşdirilir”.
Tədris müəssisələrinin
özləri də problemə laqeyd yanaşırlar
Bir çox ölkələrdə
tələbələrin yataqxana ilə təminatı həm
dövlət, həm də özəl sektorun dəstəyi
hesabına öz həllini tapır. Məsələn, Türkiyədə
təhsil alan tələbələr üçün həm
dövlət, həm
də özəl yataqxanalar fəaliyyət göstərir. Tələbə maddi büdcəsinə və
müraciət tarixinə görə hər hansı bir
yataqxana seçə bilər. Dövlət
yataqxanalarında aylıq ödəniş 120-250 türk lirəsidir.
Bu vəsaitə gündə 1 dəfə yemək,
kommunal xərclər, çamaşırxana və digər
xidmətlərin ödənişləri də daxildir.
Özəl yataqxanalarda isə
aylıq ödənişlər 500-2000 lirə arasında dəyişir. Bu qiymətlər
yataqxananın yerləşdiyi şəhərə, otaqda adam sayına görə dəyişir.
Yataqxanalarda yüksək sürətdə internet, 10 gündən
bir camaşırların yuyulması, məşq zalı,
stolüstü tennis, sinema otağı, sağlıq mərkəzi,
mətbəx, dinlənmə və dərs otaqları,
çanta və yüklərin saxlanılması
üçün depolar, qaraj və s. təklif edilir. Yataqxanaların təhlükəsizliyi özəl
güvənlik şirkətləri tərəfindən təmin
edilir.
Azərbaycanda isə tələbələrin
yaşadıqları yataqxanalar, demək olar ki, dövlət tərəfindən
tikilib.
Tələbələrin yataqxana ilə
təminatı onların akademik nailiyyətlərinə təsir
göstərdiyi üçün bütün ali
məktəblər, istər dövlət, istərsə də
özəl məktəblər yataqxanalarının
olmasına maraq göstərməlidirlər. Ərazisi
olan məktəbə yataqxana tikməyə icazə verilir.
Məktəblər bu imkandan istifadə etməlidirlər.
Onlar təhsil haqlarından əldə etdikləri
gəlirlərdən bu problemin tam olmasa belə, qismən həllinə
vəsait yönəldə bilərlər. Özəl sektoru da ərazilərində
yataqxanaların inşasına cəlb edərək kirayədə
qalan tələbələrin bu ağır yükün
altından çıxmasına yardım göstərmək
mümkündür.
Ancaq bir çox dövlət
məktəbləri bu məsələyə laqeyd yanaşaraq
yataqxana probleminin yalnız dövlət büdcəsindən
ayrılan maliyyə vəsaiti hesabına həll edilməsini
gözləyir, mövcud yataqxanaların təmiri və ya yeni
yataqxananın inşası üçün öz büdcələrindən
vəsait xərcləmək istəmirlər. Hesablama Palatasının
ötən illər ərzində apardığı
araşdırmalardan da bu qənaətə gəlmək olur
ki, ali məktəblər istədikləri
təqdirdə bu istiqamət üzrə maliyyə vəsaiti xərcləyə
bilərlər. Yoxlamalar nəticəsində aşkarlanan
faktlar - ali məktəblərin minlərlə
manat həcmində büdcə və qeyri-büdcə vəsaitlərinin
təyinatı üzrə istifadə edilməməsi də
bunu təsdiq edir ki, məktəblərin vəsaitləri var,
sadəcə, bu problemin həlli üçün istəkləri
yoxdur...
Digər tərəfdən,
bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda
da özəl sektor bu sahədə müstəqil bir subyekt
olaraq fəallıq göstərə bilər. Lakin bu gün
ölkəmizdə özəl sektor tələbələrin
yataqxana ilə təminatında nəinki iştirak etmir, hətta
buna maraq belə göstərmir. Əsas səbəbsə
şirkətlərin bu sahəyə daha az
mənfəət verən sahə kimi baxması, tikdikləri
binaların yataqxana kimi istifadəsindənsə, mənzillərin
satılmasına daha çox üstünlük verməsidir.
Sözsüz ki, tikinti şirkətləri
özəl sektor olaraq, daha çox öz iqtisadi
maraqlarını önə çəkərək yataqxana
probleminin həllində maraqlı deyillər. Ancaq ali məktəblər
bu məsələnin həllindən kənarda qalmamalı və
tələbələri üçün ayrıca
yaşayış binasının tikilməsində, yaxud
mövcud olanının təmir edilib istifadəyə verilməsində
təşəbbüskar olmalıdırlar.
Qiymətlərə gəldikdə,
Azərbaycanda dövlət ali məktəblərin
yataqxanalarında aylıq ödənişlər 30-100 manat
arasında dəyişir. Yalnız “Univerium”
yüksək səviyyəli yataqxana olduğu
üçün burada aylıq ödənişlərin məbləği
200 manatdır. Dövlət müəssisələri
yataqxanalarının ödəniş qiymətlərini
özləri müəyyən edirlər. Qiymətlərin
müəyyən edilməsi zamanı oradakı şərait
nəzərə alınır.
Tələbə
yataqxanasının inşasının
planlaşdırılmış şəkildə aparılması
da olduqca əhəmiyyətlidir. Bunun üçün
tədqiqat aparılaraq müvəqqəti yaşayış
yerinə ehtiyac duyan tələbələrin təxmini
sayının müəyyən edilməsi vacibdir.
Çünki elə ali məktəblər
var ki, oraya rayondan gəlib qəbul olanların sayı
azlıq təşkil etdiyindən yataqxanaya o qədər də
ehtiyacı yaranmır. Başqa bir universitetdə
isə bunun əks vəziyyəti müşahidə edilir.
Yataqxana yerləri
ən azı dörd-beş dəfə
artırılmalıdır
Təhsil üzrə ekspert
Elçin Süleymanov deyir ki, hazırda universitetlərin tələbələrə
təqdim edə biləcəyi yataqxana yeri təxminən 4-5
min nəfər civarındadır. İki yüz minlik tələbə
kontingentinin ən azı 30-40 faizinin regionlardan gələn tələbələr
oldugu nəzərə alınarsa, bu yerlər ən azı
dörd-beş dəfə artırılmalıdır.
Ekspert belə hesab edir ki, yataqxanası
olan universitetlər istisna olmaqla, digər universitetlərə
ya birbaşa, ya da dolayı yolla dəstək verilməlidir. Dövlət və ya özəl
sektorla birgə yataqxanalar inşa etməklə problemi həll
etmək mümkündür: “Düzdür, dövlət
sifarişli yerlərin artması və tələbə təhsil
krediti sisteminin fəaliyyətə başlaması tələbələrin
maliyyə
problemini qismən həll edib. Amma yenə
də kirayə qiymətlərinin yüksək olmasını
nəzərə alıb yataqxana tikintisinə diqqət
artırılmalıdır. Tələbənin
xərclərinin əhəmiyyətli bir hissəsini
yaşayış xərcləri təşkil edir. Yataqxana məsələsi tələbələrimizin
üzləşdiyi ən böyük problemdir. Kirayə qiymətləri çox zaman tələbələrin
büdcələrinə ekvivalent olmur. Bəzi
tələbələr var ki, universitetə qəbul olur, amma təhsil
haqqı və kirayə qalmaq məsələsinə görə
təhsilini davam etdirə bilmir. Milli Məclisin Elm və
təhsil komitəsinin hazırladığı “Ali təhsil
haqqında” qanun layihəsinə görə, ali
təhsil müəssisələri qanunvericiliklə müəyyən
edilmiş qaydalara uyğun olaraq yaşayış yerinə
ehtiyacı olan tələbələri yataqxanada yerləşdirməlidirlər.
Belə bir maddənin
qanun layihəsində yer alması çox təqdirəlayiqdir.
Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi həssas kateqoriyadan olan tələbələrin
yataqxanalarda yaşayış yeri ilə ilk növbədə
təmin ediləcək kateqoriya olması da çox aktual
addımdır”.
E.Süleymanov hesab edir ki, məcburi
köçkünlərin məskunlaşdıqları, uzun
müddət təyinatı üzrə istifadə edilməyən
yataqxanaların təmirinin və ya yenidən tikilməsinin
hansısa bir proqram çərçivəsində həll
edilməsi daha yaxşı olardı. Onun sözlərinə görə,
tələbələr üçün sosial yataqxanalar tikilə
və onlar güzəştli qiymətlərlə təklif
edilə bilər: “Məsələn, Türkiyədə Kredit
və Yataqxanalar Qurumu tərəfindən ehtiyacı olan tələbələrə
bu sistemdən yararlanmağa şərait yaradılır. Nəticədə tələbələr
yaşayış yeri üçün cüzi vəsait ödəyirlər.
Qalan borcu isə məzun olduqdan sonra işləyərək
geri qaytarırlar. Tələbənin
oxuduğu dövrdə dövlət onun həm təhsil, həm
də yaşayış haqqını öz öhdəsinə
götürür. Məzun olduqdan sonra isə
tələbə ödənişi geri qaytarır və qurum
da o vəsaitdən daha yaxşı, keyfiyyətli xidmət
üçün istifadə edir”.
E.Süleymanovun fikrincə,
yataqxanaların olması universitetlərin reytinqində önəmli
nüanslardan və istifadə edilən meyarlardan biridir. Hazırda bəzi
universitetlərin komfortlu şəraiti olan yataqxanaları olsa
da, onların ödənişləri bahadır. Ona görə də tələbə orada qalmaqda
çətinlik çəkir. Bu səbəbdən
sosial yataqxanaların açılması önəmlidir.
Sirr deyil ki, bəzi tələbələr
kirayə pulunu ödəyə bilməkdən ötrü dərsdən
sonra işləmək məcburiyyətində qalırlar. Bu isə
sözsüz ki, tələbənin akademik nailiyyətlərinin
zəifləməsinə və onun gələcəkdə
savadlı kadr kimi yetişməməsinə gətirib
çıxarır.
Azərbaycanda son illərdə
yataqxanaların bərpası istiqamətində müəyyən
işlər görülsə də, bunlar tələbənin
münbit təhsil şəraitində oxuması
üçün yetərli deyil. Buna görə də inkişaf
etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da
ehtiyacı olan tələbələrin yaşayış yeri
ilə təminatı ali məktəblər
üçün ən vacib məsələlərdən biri
olmalı və bu istiqamətdə səmərəli
addımlar atılmalıdır.
İlhamə
İSABALAYEVA
Azərbaycan.- 2022.- 2 fevral.- S.13.