Üç beynəlxalq müsabiqənin
laureatı
Gənc dirijor Mustafa
Mehmandarov həm də dünyanı
uğurları ilə dolaşan
istedadlılarımızdan biri kimi tanınır
İstedadları ilə sərhədləri aşan gənclərimiz az deyil. Onlardan biri də Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı yazılan, “Caspian Virtuosos” Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Kamera Orkestrinin qonaq-dirijoru və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarovdur.
1992-ci il iyunun 2-də Bakıda dünyaya göz açıb. 1998-2009-cu illərdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasında mərhum professor Bayandur Mehdiyevin sinfində skripka ifaçısı ixtisası üzrə dərs alıb. O, tanınmış simfonik orkestrlərin iştirakı ilə ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, İtaliya, Slovakiya, Finlandiya, Türkiyə, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Serbiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib.
Azərbaycanın hərb tarixinə adlarını qızıl hərflərlə yazan məşhur Mehmandarovlar soyuna şöhrət gətirənlər çox olub. İlk azərbaycanlı ali təhsilli hüquqşünas Mirzə Sadıq bəy Mehmandarovun, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general-leytenant Səməd bəy Mehmandarovun, ilk azərbaycanlı ali təhsilli həkim, tanınmış ictimai xadim Kərim bəy Mehmandarovun xidmətləri böyükdür. Mustafa Mehmandarov da istedadı, sənətdə pillə-pillə ucalmağı ilə bu missiyanı davam etdirir.
Təlim-tərbiyəsində valideynləri ilə yanaşı, nənəsi Leyla xanımın da xüsusi rolu olub. Leyla xanım məşhur Rüstəmbəyovlar nəslindən olmaqla yanaşı, həm də Bakı milyonçusu, mesenant Hacı Zeynalabdin Tağıyevin nəticəsidir. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən, Musiqi tarixi kafedrasında dosent vəzifəsində çalışan Leyla xanımın evdəki pianosu Mustafa üçün ilk musiqi aləti olub.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının musiqi redaktoru Həmidə Adilova deyir ki, Mustafa Mehmandarovun gənc olmasına baxmayaraq, erkən qazandığı uğurları kifayət qədərdir. O, skripkaçı kimi də bir sıra beynəlxalq müsabiqələrin laureatıdır: “2007-ci ildə Bolqarıstanda keçirilən Beynəlxalq Müsabiqədə 2-ci yerə çıxıb və “Laureat” adını qazanıb. 2011-ci ildə isə Lüksemburqda “Qızıl medal”ın və “Laureat” diplomunun sahibi olub. 2012-ci ildə İtaliya və Avstriyada qazandığı uğura görə, “Laureat” diplomu ilə təltif edilib. Vətənə I yerin sahibi kimi dönüb. Mustafa Mehmandarov 2013-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Skripka fakültəsini fərqlənmə diplomu ilə bitirib. Dərslərini görkəmli dirijor, Xalq artisti, professor Rauf Abdullayevdən alan, 2018-ci ildə Vyana Konservatoriyasının Opera-Simfonik Dirijorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirən ilk azərbaycanlı dirijor da məhz Mustafa Mehmandarov olub. Gənc dirijorun repertuarına Avropa, rus klassikləri, həmçinin Azərbaycan bəstəkarlarının əsərləri daxildir...”
2019-2020 və 2021-ci illərdə Mustafa Mehmandarov dövlət başçısının müvafiq sərəncamına əsasən, Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, ixtisas və peşəsi ilə bağlı suala cavabı da peşəkarlıqla verir: “... Doğrudur, 15 il skripka ifa etmişəm, hətta 3 beynəlxalq müsabiqənin laureatı da olmuşam. Amma skripka ifa etdiyim zamanlarda belə dirijorluğa böyük marağım olub. Bir neçə dirijorla çalışmışam. Öz ixtisasımda qalsaydım, işim ancaq solo ifadan ibarət olacaqdı. Mənsə bununla kifayətlənə bilməzdim. İrihəcmli musiqiyə lap əvvəldən maraq vardı və bu, məni dirijorluq sənətinə gətirib çıxardı...”
Mustafa Mehmandarov Vyanada təhsil aldığı illərdə Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasına yazdığı uvertüranı tədris proqramına saldırıb. Bu, heç də asan məsələ deyildi. Deyir ki, buna tək o, özü yox, professor Maksimilian Çençiçin köməyi ilə nail olub: “Heç ağlıma da gəlməzdi ki, belə bir şey mümkün olar, çünki bu, çox çətin idi. Professor təklifimi müsbət qarşıladı və yarım il ərzində orada təhsil alan bütün tələbələr bu əsəri öyrənməyə başladılar. Mən dahi bəstəkarımız Üzeyir bəy və əsər haqqında onlara geniş məlumat verirdim. Təhsil aldığım məkanda imtahanlar publik konsertlər şəklində olurdu. Həmin konsertlərdən birində “Koroğlu” uvertürası səsləndi. Avstriya tarixində ilk dəfə idi ki, Azərbaycanın simfonik musiqisi Vyanada ifa olunurdu...”
Musiqi redaktoru onu da xüsusi vurğulayır ki, hər bir insan üçün öz ailəsi və kökləri əzizdir, üstündür. Mustafa söhbətlərinin birində bildirib ki, onun həyatında bu, ikiqat üstünlük təşkil edir. Yəni, Mehmandarovlar nəsli Azərbaycan tarixində bir çox ilklərə imza atıb. Gənc dirijorumuz fikirlərini belə ifadə edir: “Öncəliklə Azərbaycanın ilk ali təhsilli həkimlərindən olan ulu babam Əbdülkərim bəy Mehmandarovun adını çəkməliyəm. Azərbaycan Demokratik Respublikasının qurulmasında xüsusi rol oynamış digər ulu babam Səməd bəy Mehmandarovun da adını qeyd etməliyəm. Bu səbəbdən soyadım məndə hər zaman böyük bir məsuliyyət hissi yaradıb və bu, son nəfəsimə qədər davam edəcək. Ona görə də atdığım addımların soyadıma layiq olmasına çalışıram...”
Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada Mehmandarovlara da məxsus mülk-malikanə var. Şuşanın həsrətini illər uzunu çəkən Mehmandarovlardan biri kimi, Mustafa da həmin mülkü ziyarət edib. Və həm də ilk növbədə Şuşaya “əliboş” getməyib.
Ötən il Milli Musiqi Günü ərəfəsində Şuşaya səfər etmək, orada rəhbəri olduğu orkestrlə konsert vermək kimi bir müqəddəs ziyarəti heç zaman unutmayacağını deyir. Üzeyir bəyin əsərlərinin Şuşada səsləndirilməsi bir vaxtlar onun xəyalında qanad açan arzulara dönmüşdü. Reallaşdığına görə də kollektivi və ümumiyyətlə, musiqisevərlər adından Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü çatdıran Mustafa Mehmandarov ömrünə o anların qızıl hərflərlə yazıldığını deyir.
Televiziya kanallarında tez-tez nümayiş etdirilən Şuşadakı məşhur ev Kərim bəy Mehmandarova və onun həyat yoldaşı İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub. Kərim bəy Mehmandarov ali tibb təhsili alan ilk azərbaycanlılardan biri idi. O, həm də xalqımız qarşısında böyük xidmətləri olan “Difai” təşkilatının Qarabağ bölməsinin rəhbəri olub. O, qarabağlıların yaddaşında insanları təmənnasız müalicə edən və xalqı erməni təcavüzkarlarından qoruyan həkim kimi qalıb.
Mustafa Mehmandarov
deyir ki, onlar əmioğlu kimi çox mehriban olublar.
Səməd bəy
Peterburqda təhsil alan zaman Kərim
bəy Mehmandarovun kirayə götürdüyü
evdə qalıb: “Bu gün Mehmandarovların bütün nəsli Şuşanın işğaldan
azad olunmasına və Kərim bəy Mehmandarovun evinin bərpasına başlanmasına görə
Azərbaycan xalqının
dahi oğlu, möhtərəm
Prezident İlham Əliyevə çox minnətdardırlar. Prezidentə və
hörmətli birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirirlər.
Şükürlər olsun ki, işğalda qalan illər ərzində ulu babamızın mülkü dağıdılmayıb.
Yanında ulu babam Mirzə Əli bəyin tikdirdiyi məscid də durur. Bunu da qeyd
edim ki, Yuxarı Gövhər ağa məscidi ilə bizim malikanənin memarı Kərbəlayi Səfixan Qarabaği olub...”
İnanırıq ki, bundan sonra
Şuşada keçiriləcək
musiqili-nəğməli tədbirlərdə
gənc dirijorun rəhbərlik etdiyi orkestrin səs-sədası
Cıdır düzünü,
İsa bulağını,
Topxana meşəsini,
qartallı dağları
bürüyəcək. O günlər üçün
Zəfər yolunuz daima açıq olsun, gənc sənət fədaisi...
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2022.- 2 fevral.- S.13.