İnsanın bacarmadığı yoxdur

 

...Onlar sadəcə, hərəkət məhdudiyyətlilərdir. Onların arasında o qədər istedadlı, qabiliyyətli, hətta dünya səviyyəsində tanınanları var ki.

Paralimpiyaçıların arasında dünya çempionları azdırmı? Bu mənada elə özləri də istəmirlər ki, onlara əlil kimi baxılsın. Ələbaxan da deyillər, hər birinin qəlbindəki Vətən sevgisi əvəzedilməz sərvətdir.

Ulu Öndər Heydər Əliyev də məhz buna görə vaxtilə demişdir: “İnsan çox şeyə qadirdiro, nə qədər çətinliklərlə qarşılaşsa da, öz istedadını, biliyini, bacarığını cəmiyyətə təqdim etməli və öz ölkəsinə həsr etməlidir...”

Azərbaycan Prezidenti İlham Əliyevin “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlilliyi olan şəxslər cəmiyyətin həyatında da fəal rol oynasınlar” fikri dövlətin bu kateqoriyadan olan şəxslərlə bağlı apardığı sosial siyasətin ifadəsidir.

Onlara  küçə və bazarlarda addımbaşına rast gəlinmir. Cəmiyyətdən bir qədər təcrid həyat tərzi keçirməyə məhkum olanlardan söhbət gedir.  Dili qüsurluların söhbətləri sözsüz və səssiz olur. Bunu anlamaq, duymaqcavab vermək isə asan deyil. Bir sözlə, onlar həm də çox istedadlı olurlar...

1996-cı ildə Şəkidə anadan olan Novruzlu Yusif Məmməd oğlunun da istedadı və əl qabiliyyəti onu digər bu kateqoriyadan olan həmyaşıdlarından fərqləndirir. 2017-ci ildə ƏƏSM Nazirliyinin Peşə Reablitasiya Mərkəzinin ağac üzərində oyma kursuna gələn Yusif Novruzlu burada sevdiyi peşəyə olan həvəsi, bacarığı sayəsində onun sirlərinə dərindən yiyələnib.

O, talassemiyalı olsa da, geniş təxəyyülü, səbri və səliqəsi nəticəsində mükəmməl sənət əsəri nümunələri yaratmağı bacarıb. Elə həmin il Yusif Ankarada Avropa könüllüsü kimi gənclərin beynəlxalq mübadilə proqramlarında yaxından iştirak edib. Digər ölkələrdən gəlmiş, əlilliyi olan gənclərə ağac üzərində oyma peşəsini öyrətməklə özünü həm tanıdıb, həm də sevdirib. Bu tanışlıq ona həm də maddi cəhətdən  dəstək olub: həvəslə işlədiyi əl işlərinin fərdi satışı ilə də məşğuldur.

Yaratdığı sənət əsəri nümunələri arasında milli musiqi alətləri xüsusilə diqqəti cəlb edir. Onların arasında nələr yoxdur ki: saz, balaban, qara zurna, tütək, nağara, qaval...

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 2 fevral.- S.13.