Bu il ərzində Şuşada
yerli və beynəlxalq tədbirlərin təşkili,
yeni filmlərin çəkilişi
planlaşdırılır
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub. Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” ilə bağlı "Tədbirlər planı" hazırlanır. Azərbaycanın Mədəniyyət paytaxtı Şuşada mədəniyyətin dirçəlməsi istiqamətində aparılan işlər çərçivəsində tarixi abidələrin, muzey və kitabxanaların, mədəniyyət müəssisələrin bərpası nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.
Onun sözlərinə görə, bu il ərzində Şuşada yerli və beynəlxalq tədbirlərin, konsert və festivalların, mediaturların təşkili, yeni filmlərin çəkilişi planlaşdırılır. Şuşanın mədəni adət-ənənələrinin dirçəlməsi istiqamətində “Xarıbülbül”, Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyli Musiqi Festivalı kimi ənənəvi mədəni tədbirlərlə yanaşı, bu il xan qızı Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı Şuşada ədəbiyyat festivalının keçirilməsi də nəzərdə tutulur .
Məryəm Qafarzadə deyib: “Mədəniyyət Nazirliyi tərəfindən qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə də start verilib. Layihə yeddi istiqamətdən ibarətdir: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”. Layihənin əsas məqsədi qədim tarixə malik olan Şuşa şəhərinin zəngin mədəniyyətinin daha geniş təbliğatını həyata keçirtməkdir”.
Azərbaycan.- 2022.- 2 fevral.- S.15.