Regional inkişaf davamlı və dinamikdir

 

 

Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri göstərdi ki, qarşıya qoyulmuş bütün vəzifələr tam yerinə yetirilir

 

 

 

Pandemiyanın yaratdığı qlobal çətinliklərə baxmayaraq, ölkəmizdə həyata keçirilən kompleks tədbirlər, o cümlədən sahibkarlığın inkişafının dəstəklənməsi, peyvəndləmə prosesinin davamlı aparılması 2021-ci ildə iqtisadi aktivliyin sürətləndirilməsində mühüm rol oynayıb.

Təsadüfi deyil ki, ilkin məlumatlara əsasən, 2021-ci ildə ölkədə 92857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Qeyri-neft iqtisadiyyatı isə 7,2 faiz artıb. O cümlədən sənaye istehsalında 5 faizdən çox artım qeydə alınıb. Bu rəqəmlər ondan xəbər verir ki, iqtisadi inkişafla bağlı qarşıya qoyulan vəzifələr yerinə yetirilir.

 

 

 

İqtisadi siyasətin uğuru

 

 

 

İqtisadi sahədə bərpa proseslərinin sürətlənməsi, postpandemiya dövrünə keçid və hökumətin qəbul etdiyi düzgün qərarlar iqtisadi inkişaf dinamikasını təmin edib. Bununla bağlı qeyd olunmalı məqamlardan biriondan ibarətdir ki, Azərbaycan müharibədən çıxmış dövlətdir. Bu baxımdan ötən il iqtisadiyyatda yüksək göstəricilərin əldə olunması Prezident İlham Əliyevin iqtisadi siyasətinin böyük uğurudur.

Prezident  İlham Əliyevin yanvarın 30-da Gəncəyə etdiyi səfər isə həm də regionların kompleks inkişafı və quruculuq işləri ilə bağlı qarşıya qoyulan vəzifələrin sürətlə yerinə yetirildiyini, bütün planların həyata vəsiqə  aldığını göstərdi.

Qeyd edək ki, ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, şəhər və rayonların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznesinvestisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. Bu dövlət proqramlarının icrasının və yaradılmış potensialın nəticəsidir ki, dünyada iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən yeni iqtisadi islahatlarla inkişafının yeni mərhələsinə qədəm qoyub.  Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri və bu səfərlərin nəticəsi olaraq imzaladığı sərəncamlar dövlət proqramlarının icrasını sürətləndirib, görülən işlərə əhəmiyyətli təkan verib.

 

 

 

Vətəndaş məmnunluğuna və mədəni həyata töhfə verən təşəbbüslər

 

 

 

Bu gün istənilən şəhər və rayonumuzun timsalında Azərbaycanda həyata keçirilən dövlət proqramlarının və iqtisadi islahatların real bəhrəsini görmək mümkündür. Prezident İlham Əliyevin Gəncəyə səfəri bir daha göstərdi ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası əhaliyə göstərilən müxtəlif növ xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, quruculuq işlərinin dinamik şəkildə həyata keçirilməsində müstəsna rol oynamaqdadır.

İqtisadi inkişafı şərtləndirən vacib məsələlərdən biri bütün sahələr üzrə müasir infrastrukturun olmasıdır. Reallıq da göstərir ki, dayanıqlı inkişaf ilk növbədə infrastrukturun yeniləşməsindən keçir. Dövlət başçısı İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim yenilənməsində və müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsində görür və əməli fəaliyyətin həyata keçirilməsini daim önə çəkir.

Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin Lokomotiv Deposunun istifadəyə verilməsi deyilənləri təsdiq edir. Gəncənin nümunəsində bunlar respublikamızda vətəndaşlara xidmətlərin ən müasir səviyyəyə çatdırılması ilə bağlı görülən işlərin təcəssümüdür. Bu layihələrin həyata keçirilməsi həm də onun təsdiqidir ki, vətəndaş məmnunluğuna, mədəni həyata töhfə verən istənilən layihə və təşəbbüs yüksək səviyyədə dəstəklənir.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasını təmin edən əsas məsələlərdən biriinfrastruktur layihələrinin tikintisinin gedişi ilə Prezidentin yerində tanış olmasıdır. Prezident İlham Əliyevin tikinti işlərinin gedişi ilə tanış olduğu Gəncə İdman Sarayı isə respublikamızda həyata keçirilən mütərəqqi idman siyasətinin göstəricisidir. Dövət başçısının təşəbbüsü ilə inşasına başlanan bu idman sarayında  böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.

 

 

 

İlham ƏLİYEV: “Biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik”

 

 

 

Gəncə şəhərində AZƏRTAC-a müsahibə verən Prezident İlham Əliyev görülən işləri qiymətləndirməklə yanaşı, bildirib ki, biz irəli getməliyik: Bütün bu açılışlar və təməlqoyma mərasimləri göstərir ki, ölkəmizin hər bir yerində inkişaf getməlidir, davam etməlidir, biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik, yalnız irəliyə getməliyik və bütün gücümüzü səfərbər edib insanlar üçün daha yaxşı həyat şəraiti yaratmalıyıq”.

Azərbaycan Prezidentinin hədəfləri respublikamızın daha da inkişaf etməsi, vətəndaşlar üçün ən yüksək həyat şəraitinin təmin olunmasıdır. Ölkəmizdə həyata keçirilən müxtəlif inkişaf proqramları, iqtisadisosial islahatlar da məhz bu məqsədə xidmət edir. İndiyədək əldə olunan bütün iqtisadisosial uğurlar bu istiqamətlərdə həyata keçirilən tədbirlərin səmərəli olmasından xəbər verir. Hazırkı reallıqlar isə ondan xəbər verir ki, Vətən müharibəsindən sonra yeni mərhələyə qədəm qoyan, o cümlədən pandemiyanın bütün çətinliklərini dəf edən respublikamız yaxın gələcəkdə  daha böyük iqtisadisosial uğurlara nail olacaq.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 3 fevral.- S.1;9.