Ermənistanda cinayətkarlıq
50 faizdən çox artıb
Ağır sosial-iqtisadi
durum ölkədə kriminogen
vəziyyəti də xeyli gərginləşdirib
Ermənistanda cinayət hadisələrinin sayında əhəmiyyətli dərəcədə artım baş verib ki, bu da sözügedən ölkənin ümumilikdə kriminallar məskəninə çevrilməkdə olduğunu göstərir.
Ölkənin bölgələrində də cinayətkarlıq səviyyəsi əsas etibarı ilə mülkiyyət oğurluğu, özgənin əmlakını qanunsuz yolla mənimsəmək və bu qəbildən olan qanunazidd əməllər hesabına yüksəlməkdədir. Məhz bu da iqtisadi problemlərin Ermənistan üçün daha bir fəsad yaratdığını, ölkənin kriminogen durumunu xeyli ağırlaşdırdığını göstərir.
Korrupsiya və rüşvətxorluq əhəmiyyətli dərəcədə artıb
Ermənistan İstintaq Komitəsinin sədr müavini V. Mesropyan ötən ilin statistikasına toxunaraq qeyd edib ki, 2021-ci il ərzində komitənin ərazi istintaq idarə və bölmələrinin icraatında 32544 (2020-ci ildə 26450) cinayət işi və ya 2020-ci ildəkindən 6094 sayda çox iş araşdırılıb. Vurğulanıb ki, 2020-ci illə müqayisədə araşdırılmış cinayət işlərinin sayı 3018 və ya 56,4 faiz artıb. İbtidai istintaqı tamamlanan cinayət işləri üzrə 394 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib ki, onlardan 50-si zabit, 2-si gizir, 89-u müqaviləli hərbi qulluqçu, 199-u çağırışçı, 9-u ehtiyatda olan hərbçi, 45-i mülki şəxsdir.
Proqnozlara görə, qarşıdakı dövrdə Ermənistanda sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi gözlənir. Bu fonda cinayət hallarının miqyasının da əhəmiyyətli dərəcədə genişlənməsi istisna olunmur. Ermənistanda, ilk növbədə, mülkiyyətlə bağlı cinayətlərin sayı daha çox artacaq və belə cinayətlərə maddi vəziyyəti ağır olan xeyli sayda insanın cəlb edilməsi ehtimalı kifayət qədər böyük olacaq. Artıq bu, erməni sosioloqları tərəfindən istisna edilmir. Bütün bunların fonunda kriminallaşan erməni cəmiyyətinin məhvi prosesinin daha da tezləşməsi isə qaçılmazdır.
Ölkədə real durumu şərh edərkən xüsusi olaraq vurğulanır ki, əhalinin rifah halının daha sürətlə pisləşməyə başlaması, yaranmış ağır vəziyyətdən xilas üçün hökumətin konkret nəticələr verə biləcək planlarının olmaması, korrupsiya və rüşvətxorluğun miqyasının əhəmiyyətli dərəcədə artması və bu qəbildən olan digər məsələlər əhalinin Nikol Paşinyan iqtidarından yaranan narazılığını həqiqətən də təhlükəli həddə çatdırır. Bu vəziyyət isə Ermənistanda hər an sosial partlayışların yaranmasına səbəb ola bilər.
Yoxsulluğun artım dinamikası ilə bağlı acınacaqlı rəqəmlər ortaya çıxıb
Ermənistanın 2021-ci ilin dövlət statistikası yoxsulluğun artım dinamikası ilə bağlı acınacaqlı rəqəmlər ortaya çıxarıb. Statistik rəqəmlər göstərir ki, ölkədə həyat keyfiyyəti aşağı düşməkdə davam edir, eyni zamanda, yoxsulluq artır, sosial problemlər kəskinləşir.
ARF İqtisadi Araşdırmalar Bürosunun proqram koordinatoru Tadevos Avetisyan özünün təhlili məqaləsində yazıb ki, ölkədə statistik rəqəmlər vətəndaşların nəzərəçarpan hissəsinin minimum əməkhaqqı ilə işlədiyini göstərir. Həmçinin məlum olub ki, 2021-ci ildə minimum əməkhaqqı, həmçinin dövlət qulluqçularının əməkhaqqı artmayıb, minimum istehlak səbətinin adambaşına düşən aylıq dəyəri isə 21,7 faizə yaxın yüksəlib. O cümlədən 2021-ci ildə minimum aylıq əməkhaqqı 68 min dram (482,78 dram 1 ABŞ dollarıdır), adambaşına düşən minimum istehlak səbətinin aylıq dəyəri isə təxminən 73,4 min dram təşkil edib.
Məqalədə qeyd edilib ki, 2022-ci ildə minimum əməkhaqqı, baza pensiyaları, bir il xidmət stajı, sosial müavinətlərin baza məbləği artmayacaq. Amma təkcə 2021-ci ildə istehlak qiymətlərində 7,2, ərzaq məhsullarının orta qiymətlərində 11,5, minimum istehlak səbətinin aylıq dəyərində təxminən 21,5 faiz artım var. 2021-ci ildə Ermənistan vətəndaşları COVID-19 pandemiyası səbəbindən kütləvi və əsassız iqtisadi məhdudiyyətlərə məruz qalıb. Eyni zamanda 2019-cu illə müqayisədə 2020-ci ildə yoxsulluğun orta səviyyəsi təxminən 0,6 faiz artıb və bu rəqəmlərin 2022-ci ildə də artacağı gözlənilir.
Görünən odur ki, bu il Ermənistan vətəndaşlarının yaşayışı ötənilkindən daha ağır olacaq. Qeyd olunanlar Ermənistanın bir dövlət olaraq sürətlə öz məhvinə doğru yaxınlaşdığını deməyə əsas verir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2022.- 3 fevral.- S.1;12.