Akademik Yaqub Mahmudov
İtaliyanın Bonifasiana
Akademiyasının həqiqi üzvü seçilib
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudov İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü seçilib.
“Azərbaycan
Tarixçiləri” İctimai Birliyindən AZƏRTAC-a verilən
məlumata görə, o, Azərbaycan-İtaliya əlaqələri
tarixinin araşdırılmasına töhfələr verib.
Yaqub
Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə
Azərbaycanın Avropa ölkələri ilə geniş
diplomatik əlaqələr saxladığını və həmin
ölkələrlə danışıqlar aparmış bir
çox Azərbaycan diplomatlarının adlarını üzə
çıxarıb. O, 1966-cı ildə “Ağqoyunlu dövlətinin
Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin
60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası,
1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Tarix fakültəsinin Elmi Şurasında
“Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi
Avropa ölkələri ilə qarşılıqlı əlaqələri
(XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)”
mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bundan
başqa, onun “İrəvan xanlığı: Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi” (həmmüəllif,
Roma, 2014) və “Azərbaycan diplomatiyası” (Roma, 2015)
kitabları italyan dilində nəşr olunub.
Xatırladaq
ki, bundan əvvəl o, Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının,
Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər
Akademiyasının və Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət
Elmləri Akademiyasının həqiqi üzvü
seçilib.
Azərbaycan.-2022.- 3 fevral.- S.10.