Şirin suların acı aqibəti

 

 

Qeybolan göllər geri qayıdacaqmı?

 

 

 

Planetimizdə baş verən qlobal təzahürləri dərk etməkdə bəzən insan ağlı çətinlik çəkir. Çünki ağıl kəsən məntiqlə bir çox problemləri və qlobal təhlükələri araşdırıb həqiqəti üzə çıxarmaq bəzən mümkün olmur. Bu gün Yer üzündə şirin sular qeyb olur, göllər çəkilib harasa gedir. Bəzi su mənbələri isə elə qeyb olduqları yerdə gözlənilmədən peyda olurya geri qayıdırlar. Baş verənlər nədir: təbiətin təkrarlanan şıltaqlıqları, yoxsa biz anlamadığımız qlobal təhlükələr?

 

III minilliyin ən sirli və müəmmalı göllərindən biri də Xəzər dənizidir. Yaxşı yadımdadır, tələbəlik illərində Lomonosov adına MDU-da bizə mühazirə oxuyan professorlardan biri Azərbaycan alımlərinin qarasına belə söyləmişdi: “Xəzər dənizi quruyur, amma Bakı alimləri “qəzəl” oxuyurlar ki, dənizin səviyyəsi artacaq”. Amma 40 illik tarixi olan söhbətdən sonra həqiqətən də Xəzərin səviyyəsi gözlənilmədən artmağa başladı. Yəni bizim alimlərin proqnozu doğru çıxdı. Aradan yenə bir müddət keçdikdən sonra Xəzərin yenidən geri çəkilməsinin şahidi olduq və 1996-cı ildən üzü bəri hər il Xəzərin səviyyəsi ildə 6,72 santimetr enir. Səbəbi? Rusiya, ABŞ, Fransa və Azərbaycan geofizikləri belə qənaətə gəliblər ki, əsas problem çox güman qlobal istiləşmə ilə bağlıdır. Bu minvalla XXI əsrin sonuna kimi Xəzərin Rusiya hissəsi tam quruya bilər. Rusların belə bir planı var ki, onlar Xəzərin tən ortasından bənd atıb dənizi yarıya bölməklə onun şimal hissəsini xilas etsinlər. Lakin bu elə nəhəng layihədir ki, onu həyata keçirmək  şimal qonşumuzun imkanları xaricindədir.

 

Lakin bir var ki, Xəzər dənizində suyun səviyyəsi son 3 min il ərzində dəfələrlə 15 metrə qədər yüksəlib və enib. Ötən əsrin sonlarından suyun səviyyəsi ilə bağlı dəqiq məlumatlar əldə edə bilən alimlər belə qənaətə gəlmişlər ki, son 20 ildə gölün hövzəsində qlobal temperaturun bir dərəcə artması gölün suyunun azalmasına ciddi təsir edir. Mövcud iqlim modellərini araşdıran alimlər vahiməli nəticələrlə üzləşirlər. Əgər qlobal istiləşmə dayanmasa, yaxın 75 ildə Xəzər dənizinin dayaz şimal hissəsindən sular buxarlanıb qeyb olacaq.

 

Başqa bir təhlükə isə onunla bağlıdır ki, son 15 ildə Xəzər dənizinə ən az yağıntı düşmüş, buxarlanmanın intensivliyi isə artmışdır. Bu, Xəzər gölünə dəyən ikinci ciddi zərbədir. Peyk çəkilişlərini analiz edən alimlər 2005-2018-ci illərdə artıq Xəzərin şimal-şərq hissəsində 5000 kvadrat kilometrdən böyük ərazinin  quruduğunu müəyyənləşdirmişlər. Almanholland alimlərinin hesablamalarına görə, bu gedişlə 2100-cü ilə qədər Xəzərdə suyun səviyyəsi indiki səviyyəsindən 20 metr aşağı düşəcək. Nəticədə regionun ekologiyasında, iqtisadiyyatında və siyasi sabitliyində bir sıra problemlər yaranacaq.

 

Göründüyü kimi, bəşəriyyətin ciddi təhlükələrlə üzləşəcəyi labüddür. Çünki  bu tendensiya planetdə başqa göllərdə baş verən eynitipli proseslərdə də təsdiqini tapır. Reallıq belədir ki, qurumaq nəticəsində olanqeyb olan göllərin sayı qayıdıb yerinə gələn su mənbələrinin sayından artıqdır. Antarktidada nəhəng buzaltı göl hidravlik qırılma səbəbindən yoxa çıxmışdır. “Geophysical Research Letters” jurnalının tədqiqatçıları aydınlaşdırıblar ki, buna səbəb Antarktidada Ameri adlı buz şelfinin çökməsi olmuşdur. İndi gölün yerində böyük bir çökəklik yaranmışdır. Sputniklə buzlaqları izləyən tədqiqatçılar belə qənaətə gəliblər ki, bu göl hələ 2019-cu ildə yer üzündən itmişdir. Buzlaqları aşağı hissədən qırdıqdan sonra gölün suyu altdan axıb getmişdir. Amma gölün qeyb olması yalnız 2020-ci ildə məlum olmuşdur.

 

Məsələ burasındadır ki, “itən göl”lər anlayışı bəşəriyyətə yad deyilbundan başqa, həm də qeyb olub sonradan peyda olankabus göl”lər də mövcuddur. Bəs bu göllər hansı səbəbdən qeyb olur və onların suları hara axıb gedir?

 

Poopo Çili ilə sərhəddə yerləşən ikinci ən böyük duz gölü idi. Onun sahəsi 2337 kvadratkilometrə çatırdı. Poopo gölü sadəcə qlobal istiləşmə səbəbindən buxarlandı və yoxa çıxdıqdan sonra yerli flora və faunanın 200-dən artıq növü məhv oldu. Bəzi canlılar və hətta insanların çoxu da bu gölün sahillərindən köç etmək məcburiyyətində qaldılar.

 

Aral dənizi isə Orta Asiyanın nəhəng yaşıl vadisinin ürəyi idi. Bu dəniz dünyada dördüncü ən böyük şirin su mənbəyi idi. 40-cı illərdə Özbəkistanın səhralarında əkinlərin suvarılması üçün Aral dənizini qidalandıran Amudərya və Sırdərya çaylarından suvarma kanalları çəkməyə başladılar. Nəticədə gölün həcmi ildırım sürəti ilə azaldı. Bu gün əvvəlki Aral dənizinin yalnız 10 faizi qalmışdır. Bu isə cəmi 26300 kvadrat millik bir ərazi deməkdir. Aral dənizinin bərpa edilməsi üçün hazırda 5 dövlət Kokaril platinini inşa edirlər. Amma bu addımın vəziyyəti nə qədər dəyişəcəyi məlum deyil.

 

İranda Urmiya gölü də demək olar ki, tamamilə yox olmaqdadır və artıq onun ərazisinin 95 faizi qurumuşdur. Mahiyyət etibarı ilə bu, əsl ekoloji fəlakətdir. 1998-ci ildə şiddətli quraqlıq başlayanda Urmiya gölünün sahəsi 20000 kvadrat mil idi və Yaxın Şərqin ən böyük göllərindən sayılırdı. Bu gölə 11 çay tökülürdü. Əvvəllər İranın ən gəzəl mənzərəli yerlərindən sayılan gölə kosmosdan baxanda qurudulmuş duz gölü görünür.

 

Ukraynanın Xmelnitski vilayətinin Veselets kəndi yaxınlığında sirli kabus gölü var. Bu su vadisi yalnız 10 ildə bir dəfə və həmişə eyni yerdə peyda olurbir neçə kilometrlik əraziyə yayılır. Orada canlı varlıqlar yaşayır və nadir quşlar sahillərdə məskunlaşır. Amma qəribəsi odur ki, göl yox olanda bütün balıqları da özü ilə harasa aparır, quşlar da tədricən köç edib gedirlər.

 

Mütəxəssislər bu gölü uzun müddət tədqiq edərək belə qənaətə gəliblər ki, bu hadisəyə səbəb olan başlıca amil əkin sahələrinin meliorativ bərpası zamanı hidroloji rejimin pozulması ilə bağlıdır. Anomaliyanın günəş və ay dövrləri ilə əlaqəli olmasını ehtimal edən tədqiqatlar da mövcuddur. Lakin bu nəzəriyyələrin heç biri elmi təsdiqini tapmadığından “kabus gölü Ukraynanın ən sirli su hövzəsi olaraq qalmaqda davam edir.

 

Çad gölündə də Baykaldakı kimi unikal ekosistem inkişaf etmişdir. Bu gölün milyon illərlə ölçülən tarixi var. Afrikada Çad, KamerunNigeriya sərhədində yerləşir. Təəccüblüdür ki, göl yalnız sonuncu minillikdə yeddinci dəfədir ki, quruyur. Əvvəllər bu proses ağrısız ötsə də, indi onun yoxa çıxması əsl fəlakətə çevrilmişdir. Qurumanın səbəblərindən biri də Mərkəzi Afrikanın Çadı qidalandıran Şəri və Logone çaylarının dayazlaşması ilə bağlıdır. Fakt budur ki, Şəri sahillərinin sakinlərinin əkin sahələrini suvarmaq və içmək üçün aldıqları suların həcmi ildən-ilə artır. Bu amil artıq dünyanın digər bölgələri üçün fəlakətə çevrilməkdədir. Nəticədə Çad gölünə müxtəlif mənbələrdən axan suyun həcmi kəskin surətdə azalmışdır. Əvvəllər bu gölün sahəsi 10 000 kvadrat mildən çox idisə, 1963-cü ildən 2001-ci ilə qədər 95 faiz azalmışdır. İndi canlı varlıqlarla zəngin olan yerli yaşayış məskənləri səhralıqlara çevrilir.

 

Biz onu görürük ki, Yer kürəsində əhalinin sayı artdıqca, ərzaq məhsullarının yetişdirilməsi üçün daha çox əkin sahələri, daha çox su lazım gəlir. Həmin səbəbdən hətta gur çaylar belə quruyur, dənizə gedib çatmırlar. Bu isə o deməkdir ki, bəşəriyyət yeni qlobal təhlükələrin təhdidlərindən xilas olmaq üçün yeni xilas yollarını axtarmaq məcburiyyətindədir.

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 3 fevral.- S.10.