İlham
Əliyev: "18 ildir ki, mən ölkə Prezidentiyəm və
18 dəfə Gəncədə olmuşam"
Prezident
İlham Əliyev Gəncə Dövlət Dram
Teatrının yeni binasının
açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da
Gəncə Dövlət Dram Teatrının yeni
binasının açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, Gəncə Dövlət Dram Teatrı
1921-ci ildə Bakıda yaradılıb. 1925-ci ilədək “Tənqid-təbliğ”
teatrı, 1932-ci ilədək “Bakı-işçi-kəndli”
teatrı adlandırılıb. 1932-ci ilin dekabr ayında teatr
bütün heyəti ilə birlikdə Gəncəyə
köçürülüb və fəaliyyətini burada
davam etdirib. Görkəmli teatr xadimləri İsmayıl
Talıblı, Ələsgər Ələkbərov,
Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov,
Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə
Veysəlova kimi şəxsiyyətlərin sənət yolu məhz
buradan keçib.
Dövlətimizin
başçısına Gəncə Dövlət Dram
Teatrının yeni binasında görülən işlərlə
bağlı məlumat verildi.
Qeyd
edildi ki, Gəncə Dövlət Dram Teatrının
2014-cü ildə təməli qoyulan yeni binasında 478 yerlik
böyük tamaşaçı zalı, 22
tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik
tamaşaçı zalı var. Yeddimərtəbəli binada,
həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən
ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya
zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri
infrastruktur yaradılıb. Bir sözlə teatrın yeni
binasında tamaşaların nümayişi üçün
müasir texniki şərait təmin edilib, yaradıcı heyətin
məşqləri ilə bağlı bütün məqamlar
nəzərə alınıb.
Azərbaycan.-2022.- 1 fevral.- S.2.