Azərbaycan
beynəlxalq arenada çox böyük nüfuz qazanıb
“Rossiya
24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 30 illiyinə və Prezident İlham
Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Hakimiyyət
formulu” verilişi yayımlanıb
Yanvarın 30-da “Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb. AZƏRTAC həmin verilişi təqdim edir.
Müəllifdən: Azərbaycan Cənubi
Qafqazın Şərqində, Xəzər dənizinin sahilində
yerləşir. Ölkənin ümumi sahəsi 86,6 min
kvadratkilometrdir. Şimalda Rusiya Federasiyası, şimal-qərbdə
Gürcüstan, qərbdə Ermənistan, cənub-qərbdə
Türkiyə, cənubda isə İran ilə həmsərhəddir.
Quru sərhədlərinin uzunluğu 2647 kilometr, dəniz sərhədlərinin
uzunluğu isə 816 kilometrdir. Əhalisi 10 milyon 383 min 704 nəfər,
paytaxtı Bakı şəhəridir. Bir neçə ay bundan
əvvəl Azərbaycan dövlət müstəqilliyinin bərpasının
30 illiyini qeyd edib.
Mixail Qusman: “Hakimiyyət formulu” verilişində Azərbaycan Prezidenti İlham Əliyev ilə dəfələrlə görüşmüşük. Lakin hər dəfə bizim görüşlərimiz çox maraqlı, məzmunlu, dərin xarakter daşıyıb. Bu gün mən filmimizə 10 il bundan əvvəl olmuş bir söhbət epizodundan başlamaq istərdim: “İlham Heydər oğlu, istər-istəməz artıq 50 yaşın astanasındasınız. Çox iş görülüb. Şəxsən Siz öz qarşınızda növbəti yarım əsr üçün hansı vəzifələri qoyursunuz?
Prezident İlham Əliyev: Açığını deyim ki, mən həyatda qabaqcadan qarşıma heç bir vəzifə qoymuram. Amma Prezident kimi bunu özümə rəva görə bilmərəm, çünki əgər gələcəyi düşünməsək, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Lakin mən məhz sizin dediyiniz kimi, yarım əsr irəliyə baxıram. Energetika sahəsində bu müddət 100 ildir. Yəni, Azərbaycan ən azı yüz il beynəlxalq enerji bazarında əvəzedilməz və çox mühüm aktora çevrilir. Biz nəqliyyat sahəsində elə infrastruktur yaradırıq ki, o, əsrlər boyu ölkəmizin rifahı naminə işləyəcək. Təhsil – o da bir neçə onillik irəlini nəzərdə tutmalıdır.
Mixail Qusman: Bunlar gələcəyə investisiyalardır.
Prezident İlham Əliyev: Əlbəttə, kadrların, informasiya texnologiyalarının hazırlanması. Dünya irəliyə doğru hərəkət edir, biz də geri qalmamalıyıq. Əgər istək, siyasi iradə və yaxşı təşəbbüskarlıq varsa, çox iş görmək olar.
Mixail
Qusman: O vaxtdan 10 il keçib. Bir neçə
ay bundan əvvəl Azərbaycan dövlət müstəqilliyinin
bərpasının 30 illiyini, bir ay bundan əvvəl isə
Azərbaycan Prezidenti İlham Əliyev 60 illik yubileyini qeyd
edib. Ölkə yetkinləşir, təcrübə
toplayır, dünyada daha mühüm yer tutur və bunu BMT
Baş Assambleyasının tribunasından bəyan edir.
Prezident
İlham Əliyev: BMT-nin Davamlı İnkişaf Məqsədlərinin
həyata keçirilməsi Azərbaycan üçün
xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan
2030-cu ilin gündəliyinin icrası barədə
üçüncü Könüllü Milli Hesabat təqdim
etmiş 12 ölkədən biri və öz regionunda birinci
dövlətdir.
Müəllifdən:
Son onilliklərdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən
çox artıb. Azərbaycan gəlir səviyyəsi
ortadan yuxarı olan dövlətlər qrupuna daxil olub. Ölkədə davamlı demoqrafik artım
müşahidə olunur. Neft hasilatı
artır. Bu gün Azərbaycan dünyada enerji təhlükəsizliyinə
nail olmaqda liderlər sırasındadır. 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərin sulu hissəsinin birgə işlənməsi
barədə yeni Saziş imzalanıb. Bu layihəyə
36 milyard dollardan çox sərmayə qoyulub. 500 milyon ton neft çıxarılıb. 2018-ci
il mayın 29-da Cənub Qaz Dəhlizinin
mühüm hissəsi olan Trans-Anadolu qaz kəməri –
TANAP-ın rəsmi açılışı olub. Azərbaycanda
təsdiqlənmiş qaz ehtiyatları 2,6
trilyon kubmetrə, proqnozlaşdırılan ehtiyatlar təqribən
3 trilyon kubmetrə bərabərdir.
Mixail
Qusman: Azərbaycan tarixən neft hasil edən ölkədir,
lakin bununla bərabər Siz artıq neçə illərdir
deyirsiniz ki, Azərbaycan neftdən asılılıqdan xilas
olmalıdır.
Prezident
İlham Əliyev: Siz tamamilə haqlısınız. Mən bu mövzunu çox fəal şəkildə
qaldırmışam və qaldırıram. Bu istiqamətdə müəyyən addımlar
atılır. Ona görə də
qeyri-neft sektoruna istiqamətlənmə əsas prioritet olub və
yenə belədir.
Müəllifdən:
Azərbaycan əlavə regional layihələr həyata
keçirir. Şərq-Qərb, Şimal-Cənub
və Şimal-Qərb nəqliyyat dəhlizləri sayəsində
bu ölkə Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən
birinə çevrilib. Şimal-Cənub Nəqliyyat
Dəhlizinin Azərbaycan hissəsi yekun mərhələyə
qədəm qoyub. Bu dəhliz Hindistanı,
Pakistanı, İranı, Azərbaycanı, Rusiyanı və
Şimali Avropa ölkələrini birləşdirəcək.
Prezident
İlham Əliyev: Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya
layihələri praktiki olaraq başa
çatdırılıb. Nəqliyyat-logistika
infrastrukturunun yaradılması tamamlanıb. Bu gün biz daşımanı çoxaltmaq və Azərbaycanın
tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla,
qonşularımızla işləyirik.
Müəllifdən:
2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars
dəmir yolu istifadəyə verilib, Trans-Avropa və Trans-Asiya
dəmir yolu şəbəkələrinin birləşdirilməsi
təmin edilib. Mahiyyət etibarı ilə Qədim
İpək Yolu bərpa olunub. 2018-ci il
mayın 14-də Bakının Qaradağ rayonundakı Ələt
qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı Kompleksi təntənəli şəkildə
açılıb. Bu kompleksin
yükaşırma qabiliyyəti 15 milyon tondur. Bu həcm 25 milyon tona qədər artırıla bilər.
Prezident İlham Əliyevin
tapşırığına əsasən, Ələt qəsəbəsində
yaradılan azad ticarət zonası 130 milyon nəfəri əhatə
edən regional miqyaslı bazara xidmət edəcək. Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrinə
böyük investisiyalar cəlb etmək üçün bank
islahatı aparır.
Prezident
İlham Əliyev: İnformasiya-kommunikasiya texnologiyaları
sektorunda da təməl pis deyil. Artıq
üç peykə malik olan Azərbaycan kosmik klubun
üzvüdür. İKT sahəsi
çox fəal inkişaf edir və bu sahədə
mühüm artım var. Başqa sahələrə gəldikdə
isə, əlbəttə, mən ilk növbədə, kənd
təsərrüfatını qeyd edərdim. Burada çox böyük potensial var, çox
böyük sərmayə qoyulub və yetərincə ciddi
artım var. Biz turizmə böyük diqqət yetirmişik və
yenə yetiririk, müasir turizm infrastrukturu yaradılıb.
Lakin, əlbəttə, pandemiya bu sektora
çox güclü zərbə vurub. Hazırda
biz daxili turizmin stimullaşdırılması barədə
düşünürük.
Mixail
Qusman: Bütün dünyanı faciəli şəkildə cənginə
almış koronavirus pandemiyası, əlbəttə, Azərbaycanda
da həyata təsir göstərməyə bilməzdi. Azərbaycan rəhbərliyi koronavirusun ölkəyə
nüfuz etməsinə, onun inkişafına mane olmaq
üçün nə mümkündürsə edib. Qeyd etmək lazımdır ki, Azərbaycanın
hakimiyyət orqanlarının fəaliyyəti Ümumdünya
Səhiyyə Təşkilatı tərəfindən yüksək
qiymətləndirilib.
Müəllifdən:
2021-ci ilin yanvar ayı. Azərbaycanda vaksinasiya
kampaniyasının başlanğıcı. Hər yüz nəfər üçün istifadə
edilmiş vaksin dozalarının həcmi 80 faizdən
çoxdur. Əhalinin və sahibkarlıq
subyektlərinin dəstəklənməsi üçün 2
milyard 700 milyon dollar həcmində sosial-iqtisadi paket təqdim
olunub. Ümumdünya Səhiyyə Təşkilatının
proqramlarına Bakının könüllü maliyyə
yardımı 10 milyon dollar olub. 30-dan
çox ölkəyə humanitar və maliyyə
yardımı göstərilib. Dörd
ölkəyə təmənnasız olaraq 150 min doza vaksin
göndərilib.
Prezident
İlham Əliyev: Yeri gəlmişkən, bizim təşkil
etdiyimiz, həyata keçirdiyimiz işi Ümumdünya Səhiyyə
Təşkilatı da qiymətləndirib. Bu təşkilatın
Baş direktorunun mənə ünvanladığı məktubda
Azərbaycan rəhbərliyinin fəaliyyəti yüksək
qiymətləndirilib, habelə Azərbaycan nümunəvi
ölkə, yəni bu bəla ilə mübarizədə
nümunə göstərən ölkə
adlandırılıb.
Müəllifdən:
2020-ci ilin may ayı. Prezident İlham Əliyevin
təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının
Təmas Qrupu ölkələrinin Zirvə
görüşü keçirilib. Bu
görüş COVID-19-a qarşı mübarizəyə həsr
edilib. Qoşulmama Hərəkatı üçün
yubiley ili olan 2021-ci ildə təşkilatın
120 üzvünün qərarı ilə Azərbaycanın sədrlik
müddəti 2023-cü ilə qədər uzadılıb.
Prezident
İlham Əliyev: Azərbaycan yekdilliklə Hərəkatın
sədri seçilib, bu da çox əlamətdar amildir. Bildiyiniz kimi, Hərəkatda 120 ölkə
iştirak edir və bu ölkələrin bəziləri
arasında münasibətlər, yumşaq desək, gərgindir.
Lakin bizə göstərilən hörmət və
etimad ona dəlalət edir ki, Azərbaycan beynəlxalq arenada
çox böyük nüfuz qazana bilib.
Müəllifdən:
2020-ci ilin dekabr ayı. Azərbaycan Prezidentinin təşəbbüsü
ilə BMT Baş Assambleyasının dövlət və
hökumət başçıları səviyyəsində
koronavirusa qarşı mübarizəyə həsr edilmiş
xüsusi sessiyası keçirilib. İlham
Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında
çıxışında yeni təşəbbüs irəli
sürüb.
Prezident
İlham Əliyev: Biz COVID-19-dan sonra ümumi bərpa üzrə
BMT-nin yüksək səviyyəli panelinin
yaradılmasını təklif edirik. O, postpandemiya
dövründə qlobal tədbirlər barədə tövsiyələr
hazırlayacaq.
Mixail
Qusman: Azərbaycan əksər beynəlxalq təşkilatların
özünəinamlı və fəal
iştirakçısıdır. O, Təhlükəsizlik
Şurasının daimi üzvü də olub. Azərbaycan
Müstəqil Dövlətlər Birliyi sistemində,
ATƏT-də və digər qurumlarda fəal işləyir.
Prezident
İlham Əliyev: Azərbaycana gəldikdə, biz iştirak
etdiyimiz bütün təşkilatlarda məhz həmin təşkilatı
gücləndirmək, habelə bu təşkilatın fəaliyyəti
çərçivəsində öz milli mənafelərimizi
maksimum təmin etmək üçün iştirak edirik. Hər bir beynəlxalq təşkilat qüdrətli
ölkələrdən, ortabablardan, bir də hələ bir qədər
böyüməli olan ölkələrdən ibarətdir.
Ona görə də burada bütün ölkələrin
mənafelərinin nəzərə alınması vacibdir.
Bu səbəbdən beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı
hörməti mühüm prioritetlərdən biri hesab edirəm.
Azərbaycan qanunun aliliyini və beynəlxalq
hüququn aliliyini həmişə üstün tutur.
Mixail Qusman:
Azərbaycanda ən qədim dövrlərdən ən
müxtəlif dini və etnik qrupların nümayəndələri,
ən müxtəlif xalqlar sülh və mehriban qonşuluq
şəraitində yaşayırlar. Mən bunu
başqalarından eşitdiyimə görə demirəm.
Tam inamla deyə bilərəm ki, multikulturalizm
azərbaycanlıların qanındadır.
Müəllifdən:
2018-ci il mayın 2-də Bakıda Mədəniyyətlərarası
Dialoq üzrə V Ümumdünya Forumu keçirildi. BMT bu Forumu mədəniyyətlərarası dialoqun
təşviq edilməsi üçün mühüm qlobal
platforma kimi qiymətləndirir.
Prezident
İlham Əliyev: Əlbəttə, gənc nəslə
müraciət edərək demək istərdim ki, onlar öz əcdadlarından
nümunə götürərək fədakarlıqla,
yüksək vətənpərvərlik hissi ilə
yaşamağı, mübarizə aparmağı öyrənsinlər,
öz Vətənini qoruyarkən canını belə əsirgəmədən
qəhrəmanlıq göstərsinlər.
Mixail
Qusman: 10 il bundan əvvəl Azərbaycan
Prezidenti ilə söhbət zamanı biz Onunla çox
ağrılı bir məsələni – Dağlıq
Qarabağ ətrafında vəziyyəti müzakirə
edirdik.
Dəhşətli dərəcədə çətin
düyünə düşmüş siyasi problemlər, əlbəttə,
öz həllini tələb edir. Sizin fikrinizcə, bu
düyünü əmələ gətirən sapları
bir-birinin ardınca dartmaqla açmaq mümkündür, yoxsa
bu, Qordi düyünüdür, onu yalnız kəsmək olar?
Prezident
İlham Əliyev: Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri,
ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının,
digər təşkilatların qətnamələri var. Bu sənədlərin
hamısında tələb eynidir – Azərbaycanın ərazi
bütövlüyü bərpa edilsin. Bu, bizim
suveren hüququmuzdur.
Müəllifdən:
2020-ci ilin sentyabr ayı. Dağlıq
Qarabağda hərbi münaqişənin yeni mərhələsi.
44 gündən sonra, noyabrın 9-dan 10-na
keçən gecə atəşkəs barədə
üçtərəfli Saziş Rusiyanın vasitəçiliyi,
Prezident Putinin şəxsən iştirakı ilə imzalandı.
Qarabağda Rusiya sülhməramlı
kontingentinin yerləşdirilməsi barədə qərar qəbul
edildi.
Prezident
Vladimir Putin: Rusiyanın həlledici töhfəsi sayəsində
Dağlıq Qarabağda münaqişə
dayandırılıb. Rusiya sülhməramlıları
regionda sülhə və təhlükəsizliyə
etibarlı təminat verirlər.
Prezident
İlham Əliyev: Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi
yolla nizamladı, öz ərazi bütövlüyünü və
tarixi ədaləti bərpa etdi. Dağlıq
Qarabağ münaqişəsi keçmişdə qaldı.
Müəllifdən:
Prezident Əliyevin qərarı ilə Qarabağ “yaşıl
enerji” zonası elan edilib. Yaxın dörd ildə
orada 240 meqavat gücündə yeni günəş elektrik
stansiyası tikiləcək. 2030-cu ilədək
bütün ölkədə daha 10 belə layihə həyata
keçirilməsi planlaşdırılır.
2016-cı
il. Azərbaycan İqlimə
dair Paris Sazişini ratifikasiya edir. 2030-cu ilədək
istixana effekti yaradan qazların səviyyəsini 35 faiz azaltmaq
barədə könüllü öhdəlik
götürür. Bu gün ölkədə
ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17
faiz təşkil edir. Ən yaxın hədəf
10 ildən sonra bu rəqəmi ikiqat artırmaqdır.
Mixail
Qusman: Son illərdə Azərbaycan çoxlu sayda
böyük idman, mədəni, siyasi, iqtisadi tədbirlər,
müxtəlif forumlar keçirib. Siz postpandemiya
dövründə dünyanı necə təsəvvür
edirsiniz? Biz hamımız həmin
dünyada yaşamalı olacağıq.
Prezident
İlham Əliyev: Dünya artıq başqalaşıb, biz tədricən
işin yeni formatına, həyatın yeni formatına,
özünütəcrid rejiminə öyrəşirik. Əlbəttə, ünsiyyət
çatışmazlığını hiss edirik. Beynəlxalq forumlara gəldikdə isə, siz tamamilə
haqlı olaraq qeyd etdiniz ki, artıq Azərbaycan, ilk növbədə,
humanitar əməkdaşlıq üçün mühüm
məkana çevrilib. Rusiya və Azərbaycan prezidentlərinin
himayəsi ilə keçirilən və təşəkkülündə
sizin, Mixail Solomonoviç, şəxsən çox
böyük rol oynadığınız Bakı Beynəlxalq
Humanitar Forumu da, Mədəniyyətlərarası Dialoq Forumu
da, keçirilməsi bu gün təxirə
salınmış çoxlu başqa tədbirlər də
suallar doğurur: biz onları necə keçirəcəyik? Lakin mənim fikrimcə, əsas məsələ, hər
halda, o cümlədən beynəlxalq praktika məsələlərində
əməkdaşlığın məzmununu, bu sahədə
müsbət təcrübəni qoruyub saxlamaqdır.
Mixail
Qusman: 25 il bundan əvvəl, 1997-ci ildə
Rusiya və Azərbaycan Dostluq, Əməkdaşlıq və
Qarşılıqlı Təhlükəsizlik haqqında
Müqavilə imzalayıblar. 2008-ci ildə bu
müqavilə Dostluq və Strateji Tərəfdaşlıq
haqqında Bəyannamə ilə möhkəmlənib. Şübhə yoxdur ki, ölkələrimiz
arasında ikitərəfli münasibətlərin əsasını
hüquq bərabərliyi və mehriban qonşuluq prinsipləri
təşkil edir. Əslində, bu prinsiplər
Rusiya və Azərbaycan xalqları arasında əsrlər
boyu yaranmış dostluq, qarşılıqlı hörmət
ənənələrinin davamıdır.
Mən
Rusiya Prezidenti Vladimir Putin ilə Sizin
münasibətlərinizə toxunmaq istərdim. Bilirəm ki, Sizin aranızda yetərincə sıx
yoldaşlıq münasibətləri, necə deyərlər,
“personal chemistry”, şəxsi münasibətlər yaranıb.
Siz Rusiyaya səfərlər etmisiniz, Prezident
Putin Azərbaycanda olub.
Prezident
İlham Əliyev: Sizin qeyd etdiyiniz kimi, Rusiya
Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də
Azərbaycanda yetərincə tez-tez
görüşürük. Buna görə bizim
ünsiyyətimiz və görüşlərimiz
qarşılıqlı fəaliyyətimizin inkişafına
çox müsbət təkan verir, qarşılıqlı
siyasi fəaliyyət də çox yüksək səviyyədədir.
Mixail
Qusman: Keçən il dekabrın 24-də
Azərbaycan Prezidenti İlham Əliyev 60-cı doğum
gününü qeyd etdi. Rusiya Prezidenti Vladimir
Vladimiroviç Putin bu yubiley münasibətilə İlham
Əliyevi səmimi təbrik etdi.
Prezident
Vladimir Putin: İlk növbədə, Onun ölkəsinə əmin-amanlıq,
firavanlıq arzu edirəm. Ona görə ki, mən
Onu neçə illərdir tanıyıram. Yüksək vəzifə tutan hər hansı
abırlı insan kimi Onun da həyatının əsas məqsədi
ondan ibarətdir ki, ölkəsi üçün yaxşı
olsun, insanlar üçün, Azərbaycan xalqı
üçün yaxşı olsun. Mən Ona, ilk növbədə,
həyati məqsədlərinin, niyyətlərinin
reallaşmasında uğurlar diləyirəm. Əlbəttə,
Ona firavanlıq, cansağlığı arzu edirəm. Nəisə
dolaşıq salacağımdan qorxuram, məncə Azərbaycan
folklorunda bir atalar sözü var: “Həqiqi dost yüz ildən
sonra da dostdur”. O bilməlidir ki, onun dostları var, o cümlədən
Rusiyada da. Ümidvarıq ki, O da bizə, Rusiyaya
eyni hisslər bəsləyir. Ona ən
xoş arzularımı bildirirəm və yubileyi münasibətilə
təbrik edirəm.
Müəllifdən:
2024-cü ilə qədər olan dövrdə Rusiya – Azərbaycan
əməkdaşlığının əsas istiqamətləri
üzrə fəaliyyət planı 5 yol xəritəsində əks
olunub. Bu xəritələr çərçivəsində
ticarətdə maneələrin aradan qaldırılması; nəqliyyat
infrastrukturunun inkişafı; elmtutumlu birgə istehsalatlar
yaradılması; qarşılıqlı turist mübadilələrinin
artırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev: Əlbəttə, humanitar sahədə əməkdaşlığı hökmən qeyd etmək lazımdır və Rusiya Prezidenti ilə biz həmişə belə edirik. Fikrimcə bu, qonşular arasında əməkdaşlığın nümunəsidir. Azərbaycanda təhsilin rus dilində olduğu 330-dan çox məktəbin, Rusiyanın aparıcı ali məktəblərinin filiallarının mövcud olması və yetərincə zəngin mədəni proqramın olması Rusiyada çox yüksək qiymətləndirilir. Biz daim əlaqə saxlayırıq, yaxın dostlar və tərəfdaşlar kimi işləyirik.
Mixail Qusman: Bu gün Azərbaycan gələcəyə istiqamətlənib. İqtisadi islahatlar uğurla inkişaf edir, kənd təsərrüfatı və sənaye yüksək səmərəlilik nümayiş etdirir. Biznes üçün gözəl şərait yaradılıb. Azərbaycan xalqı quruculuqla məşğuldur. Əlbəttə, çox iş görülüb, lakin ölkənin daha da firavanlaşması üçün Prezident Əliyev qarşıya daha yüksək məqsədlər və genişmiqyaslı vəzifələr qoyur.
Azərbaycan vətəndaşları: - Azərbaycan mənim Vətənim, şərəfim və ləyaqətim, vicdanımdır. Biz əsrlər boyu bu torpağı Vətən adlandırmaq hüququnu insanların həyatı bahasına qazanmışıq.
- Mənim doğmalarım və yaxınlarım, mənim işim buradadır.
- Azərbaycanın dünyada öz mövqeyi və öz səsi var.
- Azərbaycan mənim üçün hər şeydir – mənim Vətənim, torpağım, ata yurdumdur, mən burada doğulmuşam, boya-başa çatmışam və xoşbəxt yaşayıram.
- Bu diyarın çöllərindən başlamış uca dağlarına qədər sərhəd bilməyən nadir təbiəti var.
- Öz Vətəninə xidmət etmək hər bir vətəndaşın borcudur.
- Mən öz Vətənimin firavanlığı üçün hər şeyi edirəm və edəcəyəm.
- Azərbaycanın qarşısında
çox vəzifələr var. Biz öz Vətənimiz
uğrunda canımızdan keçməyə hazırıq.
Azərbaycan.-2022.- 1 fevral.- S.1;5.