Sərnişinlər Ağdam şəhərinin dağıntıları və tarixi abidələrlə tanış olublar

 

Yanvarın 31-də Bakı-Ağdam-Bakı marşrutu ilə hərəkət edən növbəti sərnişin avtobusu Ağdam şəhərinə gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtobusda sərnişinlərə yolboyu bələdçi tərəfindən keçilən ərazilər barədə məlumat verilib. 40 sərnişinin olduğu avtobus saat 12 radələrində Ağdam şəhərinə daxil olub. Sərnişinlər İmarət kompleksi ilə tanış olub, Cümə məscidini və Şəhidlər xiyabanını ziyarət edib, Çörək muzeyininDram Teatrının qalıqlarına baxıb, həmçinin Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar. Səfər iştirakçılarına Ağdam şəhərinin hazırkı vəziyyəti və burada həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Təhlükəsizliyin təmin olunması məqsədilə avtobusun hərəkəti polislər tərəfindən müşayiət edilib.

Səfər iştirakçıları təəssüratlarını AZƏRTAC ilə bölüşüblər. Ağdam sakini Nahid Məmmədov deyib: “30 ilə yaxın həsrətdən sonra Vətənimə gəlmişəm. Dayandığımız İmarət stadionunda uşaqlığım keçib. Futbolla, “Qarabağklubu, klubun uşaq futbolu, keçirilən oyunlar, festivallarla bağlı xatirələrim var. Ağdamın bu vəziyyətini görmək kədər doğursa da, sevincliyik. Buraya anam və qızımla gəlmişəm. Keçmiş, bu gün və gələcəyin körpüsünü qurmağa gəlmişik. Avtobus marşrutunun təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Mütəllim Şükürov deyib: “Ağdamda anadan olmuşam. Uşaqlığım, gəncliyim burada keçib. 28 ildən çox torpaq həsrəti çəkmişəm. Bu gün bu həsrətə son qoyuldu. Doğma torpağıma qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Şükürlər olsun Allaha! Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm. Bakı-Ağdam-Bakı avtobus marşrutunun açılmasını alqışlayıram. Bu işdə zəhməti olanlara minnətdaram”.

Qeyd edək ki, Bakı-Ağdam-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçirilir. Bakıdan Ağdama avtobus bileti 9 manat 40 qəpikdir. Marşrut xətlərinə bilet satışı onlayn qaydadaYolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin COVID-19 virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub.

 

Azərbaycan.-2022.- 1 fevral.- S.10.