Koronavirusun sürətlə
yayılmasının qarşısını almaq
üçün tədbirlər davam etdirilir
İki ildən artıq davam edən COVID-19-un qarşısını almağa çalışdığımız vaxtda, ondan da betər olan yeni ştamı cəmiyyəti üzücü ölümlə hədələməyə başladı, ən çox da azyaşlılara, yeniyetmələrə “hücuma” keçib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, fevralın ilk günlərində Azərbaycanda rekord yoluxma müşahidə olunub, hətta sutkalıq yoluxma 6600-ü ötüb.
Havaların gah mülayim, gah soyuq, hərdən də yağışlı və küləkli keçməsi, qışın son ömür payı olan kiçik çillənin şıltaqlığı “Omikron”un geniş yayılmasına səbəb olan əsas amillərdəndir. Son zamanlar dünya ölkələrinin əksəriyyətində koronavirusun yeni variantının çox sürətlə yayılması halları müşahidə olunur. Odur ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.
Bu baxımdan yeni ştamın spesifik xüsusiyyətlərini nəzərə alaraq test strategiyalarında, karantin müddətlərində, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər edilir.
Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, test nəticəsi müsbət olan şəxslərin və onlarla sıx təmaslıların təcrid müddəti ölkəmizdə yanvarın 24-dən etibarən 14 gündən 7 günə endirilib. Həmçinin yoluxanların 7 günədək azaldılmış karantin müddəti ayın 24-dən əvvəl test nəticəsi müsbət olanlara da şamil edilir.
“Omikron” ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq, vətəndaşlardan səhiyyə qurumları tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmək tövsiyə olunur. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. İndiyə qədər əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün gücləndirici doza ilə vaksin olunmağa çağırır.
Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazovun mətbuata açıqlamasına görə, ölkədə karantin müddəti virusun inkubasiya dövrünün qısalması və yeni ştamın spesifik xüsusiyyəti nəzərə alınaraq azaldılıb. Onun dediyinə görə, bu, ölkədə “Omikron”un geniş yayılması və aparıcı ştama çevrilməsi ilə əlaqədardır: “Çünki “Omikron”un yeni variantının törətdiyi patologiya daha yüngül keçir. Xəstəliyin inkubasiya dövrü qısadır, həmin ştama yoluxanlarda kliniki əlamətlər 1-3 gün ərzində başlayır. İnfeksiyanın yoluxuculuq dövrü də qısadır. Xəstəlik əlamətlər başlamamışdan bir-iki gün əvvəl və əlamətlər dövründə təxminən 3 gün yoluxucu olur və bundan sonra xəstənin başqalarını yoluxdurmaq qabiliyyəti aradan qalxır. Yoluxanların əksəriyyəti xəstəliyi yüngül keçirir. Xəstəliyin davametmə müddəti təxminən bir həftədir”.
Mütəxəssisin sözlərinə görə, karantin müddəti bitdikdən sonra koronavirusun əlamətləri qalarsa, bu, ətraf mühit üçün o qədər də təhlükəli deyil: “İnfeksion proses başa çatdıqdan sonra bəzi əlamətlərin qalması ətrafdakılar üçün təhlükə yaratmır. Amma “postkovid” sindromu da məlumdur. Bəzən xəstəlik ağır keçdiyi üçün immuniteti zəif olanlarda 14 günlük təcrid müddətindən sonra da virusun aktivliyi aşkar edilir. Lakin bu, istisna haldır. Belə xəstələr çoxluq təşkil etməsələr də, əsasən xəstəxana şəraitində müalicə alırlar. Testlərin nəticələri pozitiv çıxsa belə onların yoluxduruculuq qabiliyyəti yüksək olmur”.
Karantin müddətinin azaldılmasına, cəmiyyətdə koronavirusun gücdən düşməsinə münasibət bildirən Təyyar Eyvazovun dediyinə görə, bu, əsasən kütləvi immunitetin formalaşması ilə əlaqədardır: “ Əhalinin xeyli hissəsi ya xəstələnərək, ya da peyvənd olunaraq immunitet qazanıb. İmmuniteti bir qədər də yüksəltmək üçün, xüsusən də risk qruplarına aid olanların “buster” doza vurdurması tövsiyə olunur. Yalnız bu yolla xəstəliyə yoluxanların sayını azaltmaq olar. Əsas odur ki, xəstəxana çarpayıları və reanimasiya şöbələri yüklənməsin”.
Həkim Nəsimi Bağıyev isə bildirir ki, ölkədə vaksin olunanların, eləcə də xəstəliyə yoluxanların sayının ciddi surətdə artması karantin müddətinin artırılmasına, hətta uşaq bağçalarının, orta məktəblərin, ali təhsil ocaqlarının müvəqqəti bağlanmasına səbəb ola bilər. Çünki “Omikron”un yeni ştamına yoluxan xəstələrdə infeksiya sürətli yayılsa da, xəstəlik qısamüddətli olur. Əksər hallarda xəstələr 7-10 gün müddətində sağalırlar. Araşdırmalar müəyyən edib ki, 7 gündən sonra xəstə digərlərini, ümumiyyətlə, yoluxdurmur. Təcridin iqtisadi olduğu kimi, həm də sosial çətinlikləri var. İşə 14 gün gedə bilməyən vətəndaşlarda bəzi hallarda psixoloji gərginlik yaranır, onların işə adaptasiyası çətinləşir. Ona görə də mütəxəssislər reallıqları nəzərə alaraq, “Omikron”la mübarizə tövsiyələrinə ciddi yanaşmağı, təcrid müddətinin azaldılmasını doğru və mühüm addım hesab edirlər.
Həkim-ekspert Rafael Bayramov bildirir ki, “Omikron”un yeni variantı yuxarı tənəffüs yollarında “Delta”ya nisbətən daha sürətli çoxalır. Yaxşı tərəfi odur ki, ağciyər toxumasında 10 dəfə aşağı sürətlə yayılmağa meyillidir. Bu da o deməkdir ki, pnevmoniya kimi ağırlaşmalara səbəb olmur. Bu xəstəliklərin əsas ağırlaşmaları ağciyər iltihablanmasıdır. Bu xəstəliyi bir dəfə keçirmisinizsə, ikinci dəfə yoluxanda orqanizminiz onunla yad bir virus kimi davranmır. Odur ki, ikinci dəfə bu xəstəliyi daha yüngül keçiririk. Buna baxmayaraq, maskadan istifadə və gigiyenik qaydalara əməl etmək, məsafə gözləmək və peyvənd olunmaq vacibdir.
ÜST bildirib ki, “Omikron”un yeni əlavə şaxəsi hesab edilən və ilk dəfə ötən ilin dekabrında aşkarlanan BA-2 artıq dünyanın 40-dan çox ölkəsində yayılıb. Yeni şaxənin daha çox mutasiyası var. Bir sözlə, “Omikron” sanki bölünüb, ikiləşib. Alimlər klassik Cənubi Afrika “Omikron”undan fərqli olaraq, yeni ştamın ikiləşməsinin xəstəliyi identifikasiya etməyi çətinləşdirdiyini bildirir. PZR testlər virusun S zülalını ayırd edə bilmir, ona görə də hazırda nə qədər insanın koronavirusa yoluxduğu dəqiq bilinmir. Xəstələrin 60 faizinin “Omikron”, 40 faizinin “Delta” ştamına yoluxduğu ehtimal edilir. ABŞ və Britaniya mətbuatında “Omikron”u və onun yeni qolunu “görünməz virus” adlandırıblar. Yanvarda “Omikron”un yeni ştamı Çində də təsbit edilib. Hindistanda dövr edən “ata” “Omikron” yox, “bala” “Omikron”dur. Bu genomun yayıldığı ölkələrə nəzər salmaq kifayətdir ki, “Omikron”un bir yox, üç variantının olduğu təsdiqlənsin. İsrailli alim Şay Fleyşon hesab edir ki, BA-2 daha sürətli yoluxdurucudur. Amma immunitetin ona necə reaksiya göstərməsi hələ məlum deyil. Ona görə də “Omikron” özü şaxələndikcə yeni qolların fevral ayında daha pik yoluxmaya səbəb olacağı proqnozlaşdırılır. Aprelə doğru virus səngiyəcək. Hər şey insanların kütləvi immunitetinin nə səviyyədə olmasından asılı olacaq.
Buna görə də
ölkəmizdə dövlət səviyyəsində nəzarətdə
olan COVID-19 pandemiyası və onun yeni variantlarına
qarşı mübarizədə qabaqlayıcı tədbirlər
görülür, maarifləndirmə və
vaksinasiya işləri gücləndirilir.
Nazirlər Kabineti yanında
Operativ Qərargahın qayda
və tövsiyələrinə ciddi əməl
etmək isə hər kəsin vətəndaşlıq borcudur. İlk növbədə,
peyvəndləmədən heç kəs
yayınmamalıdır. Üçüncü
ildir ki, Azərbaycan Prezidentinin
tapşırığına
əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın
və cəfakeş səhiyyə işçilərinin
mübarizə apardığı COVID-19 bəlasından yaxa
qurtarmaq üçün nəinki üçüncü, məsləhət
olarsa, hətta dördüncü doza peyvənd vurdurmağa da
hazır olmaq lazımdır.
Rəhman SALMANLI,
Azərbaycan.-2022.- 4 fevral.- S.7.