Ermənistanın maliyyə ehtiyatları tükənmək üzrədir

 

 

Ölkə ciddi iqtisadi, ictimai-siyasi böhrana doğru sürətlə irəliləyir

 

 

 

Mart ayında Ermənistanda keçiriləcək prezident seçkiləri və bunun ölkənin ictimai-siyasi həyatına necə təsir edəcəyi indi ən müxtəlif rakurslardan şərh edilən gündəm mövzusudur.

Artıq məlumdur ki, hakim Vətəndaş Razılaşması Partiyasından prezidentliyə namizəd yüksək texnologiyalar sənayesi naziri Vaaq Xaçatryan olacaq. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib ki, onun namizədliyi parlamentin 65 deputatı tərəfindən irəli sürülüb.

Xatırladaq ki, ölkədə prezidentin xalq tərəfindən seçilməsi proseduru ləğv edilib. 2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçib. Ölkə prezidenti 7 il müddətinə parlament üzvləri tərəfindən seçilir. Prezident vəzifəsinə son 6 il ərzində  Ermənistanda daimi yaşayan, yalnız Ermənistan vətəndaşı olan, seçki hüququna malik, erməni dilini bilən, qırx yaşı bitmiş şəxs seçilə bilər. Eyni şəxs bir dəfədən artıq ölkə prezidenti seçilə bilməz və prezident səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir siyasi partiya üzvü ola bilməz.

Amma baş nazirin özünə yaxın hesab etdiyini prezident vəzifəsinə gətirməsi və sonra onun fəaliyyətini istədiyi kimi yönləndirməsi elə də asan olmayacaq.

Çünki cəmiyyətdə indiki hakimiyyətdən, o cümlədən Paşinyandan böyük narazılıq var və əhali onun idarəçiliyinin davam etməsinə qarşıdır. Xüsusən də yeni ildən başlayaraq sosial-iqtisadi böhranın daha da dərinləşməsi hakim komandanın durumunu ağırlaşdırır. İqtisadi, siyasi və hərbi böhranın dərinləşməsi Paşinyanın əleyhinə işləyir.

Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər ötən gün narazılıqları daha da artırır. Hökumət isə problemlərin qarşısında acizdir. Ölkənin maliyyə ehtiyatları tükənmək üzrədir. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı tam şəkildə xarici dövlətlərin inhisarındadır və ölkəyə qoyulan sərmayələr yalnız xaricdə yaşayan erməni lobbisi tərəfindən idarə olunduğu üçün böyük siyasi gərginlik hökm sürür.

Paşinyan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsinin həllinə nail ola bilməməsi də erməni ictimaiyyətinin ciddi narahatlığına səbəb olur. Siyasi ekspertlər bu vəziyyətin aradan qaldırılmasının yeganə yolunu Ermənistanı təcrid vəziyyətinə salmış Paşinyan rejimini devirməkdə görürlər.

Siyasi analitik Manvel Qasparyan hazırda cinayətkar qrupun hökuməti idarə etdiyini bildirib. O, vurğulayıb ki, bu cinayətkar dəstənin yürütdüyü siyasət hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir. Azərbaycanla sərhədə göndərilən Ermənistan gəncləri ya dözməyib intihar edir, ya da öz hərbçi yoldaşlarının gülləsinə tuş gəlirlər. Bu faktlar əksər hallarda Paşinyan hakimiyyəti tərəfindən gizlədilir. Lakin cəmiyyət Ermənistan ordusunun əsgərlərinin ciddi psixoloji gərginlikdə olduğunu yaxşı bilir. Qeyd olunur ki, hazırkı durum sosial partlayışla nəticələnə bilər.

Ermənistan parlamentininHayastan” fraksiyasının deputatı Tadevos Avetisyan isə deyib ki, hazırkı hakimiyyət nümayəndələrinin yalan vədləri gündən-günə üzə çıxır və daha böyük yalanlarla əvəz olunur. Onun sözlərinə görə, 2021-ci il üçün Ermənistanın sosial-iqtisadi göstəriciləri nəşr olunub. Bu, vəziyyətin hansı həddə olduğunu göstərir: “Beləliklə, bir daha sübut olunur: Ermənistanda həyat keyfiyyəti aşağı düşməkdə davam edir, eyni zamanda yoxsulluq artır və sosial problemlər kəskinləşir. Ermənistanda işçilərin təxminən dörddəbir hissəsi minimum əməkhaqqı ilə işləyir. 2020-ci illə müqayisədə 2021-ci ildə minimum aylıq əməkhaqqı, o cümlədən dövlət qulluqçularının əsas əməkhaqqı artmayıb, minimum istehlak səbətinin adambaşına düşən aylıq dəyəri isə 21,7 faizə yaxın artıb”.

 

Erməni deputat vurğulayıb ki, Ermənistanda 2020-ci illə müqayisədə 2021-ci ildə sosial müavinətlərin əsas və orta ölçüləri, təqaüdün minimum və əsas ölçüləri, stajının birillik dəyərləri artmayıb.

 

Bu ölkədə qütbləşmə, müxtəlif siyasi əlamətlər üzrə bölünmə müşahidə olunur. Belə bir vəziyyətdə Ermənistanın ciddi ictimai-siyasi böhran yaşadığını qeyd etmək olar. Bu ictimai-siyasi böhran isə qiyama, qarşıdurmalara, bütövlükdə, Paşinyan hakimiyyətinə qarşı ciddi çıxışlara gətirib çıxara bilər. Eyni zamanda hesab olunur ki, bütün bunlara qarşı çıxmaq üçün xalqın mövcud hakimiyyətə qarşı səfərbər olmasına ehtiyac var.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 4 fevral.- S.1;8.