Peter Siyarto: Macarıstan dost
ölkə olan Azərbaycanla münasibətlərin
inkişafına böyük önəm verir
Fevralın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə
Macarıstan arasında ikitərəfli münasibətlərin
inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və
çoxtərəfli platformalarda əməkdaşlıq
perspektivləri, habelə regional məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. İki ölkə arasında mövcud siyasi dialoq yüksək qiymətləndirilib və strateji tərəfdaşlıq ruhunda inkişaf edən əlaqələrimizin daha da genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Nazirlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, təhsil, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər.
Nazir Ceyhun Bayramov iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlərin iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza təşkil etdiyini qeyd edib. Bu xüsusda, iqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu vurğulanıb.
Öz növbəsində, Peter Siyatro ölkəsinin Azərbaycan ilə Macarıstan arasında mövcud əlaqələrin bir çox sahələrdə genişləndirmək əzmində olduğunu ifadə edib. O, Macarıstanın dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və ölkəmizin ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını vurğulayıb. Nazir Macarıstanın Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakda maraqlı olduğunu bildirib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, 44 günlük müharibə nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, münaqişədən sonrakı bərpa və quruculuq işləri, azad olunmuş ərazilərdə sürətlə davam edən infrastruktur layihələri barədə məlumat verib. Bu xüsusda, Macarıstan şirkətlərinin azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesində iştirak marağının yüksək qiymətləndirildiyi ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.
Sonda Nazirlər tərəfindən “M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Seçeni adına Macarıstan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Görüşdən sonra
nazirlər mətbuat konfransı keçiriblər.
Azərbaycan.-2022.- 4 fevral.- S.3.