XXI
əsrin nəhəng layihələrindən biri həyata
keçirilib
"Cənub
Qaz Dəhlizi"nin tamamlanmasından sonra Azərbaycan beynəlxalq
bazarlara ixracı artırıb
Fevralın
4-də Bakıda, "Gülüstan" sarayında Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin VIII toplantısı keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev toplantıda iştirak edib.
Azərbaycanın
energetika naziri Pərviz Şahbazov çıxış edərək
dedi:
- Zati-aliləri
cənab Prezident.
Hörmətli komissarlar.
Hörmətli nazirlər, xanımlar və cənablar.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin VIII
toplantısında sizi salamlamaqdan məmnunluq hissi keçirirəm. Azərbaycan
Respublikasının Prezidenti, cənab İlham Əliyevin
giriş nitqi ilə çıxış etmək
üçün bizimlə bir arada olması bizim
üçün böyük şərəfdir. Cənab
Prezident, söz sizindir.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə
çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-
Sabahınız xeyir, əziz dostlar, hörmətli komissar
Simson, hörmətli komissar Varhelyi.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Hamınızı Azərbaycanda salamlamaq istəyirəm
və bizi ziyarət etdiyiniz üçün sizə təşəkkürümü
bildirirəm.
Bildiyiniz
kimi, keçən il iclasımız
videokonfrans vasitəsilə olmuşdu. Lakin
pandemiya ilə bağlı bəzi narahatçılıqlara
baxmayaraq, çox şadam ki, siz iclasda şəxsən
iştirak etmək qərarını verdiniz. Eyni zamanda, təəssüf hissi ilə demək istəyirəm
ki, iclasın bəzi iştirakçılarının
koronavirusa yoluxması aşkar olunub və buna görə də
onlar bu gün fiziki olaraq burada iştirak edə bilmirlər.
Mən onlara möhkəm
cansağlığı, tezliklə sağalmalarını
arzulayıram. Əminəm ki, Azərbaycan
həkimləri onların mümkün olduğu qədər
tez normal həyata qayıtması üçün hər
şey edəcəklər.
Qeyd
etdiyim kimi, keçən il iclas videokonfrans
formatında keçirildi. Bu gün biz
qarşılıqlı əlaqəmizin ənənəvi
formatını bərpa edirik. Əlbəttə
ki, belə format təkcə önümüzdə olan əhəmiyyətli
məsələləri həll etmək üçün yox,
eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar
qurmaq üçün daha yaxşı imkanlar yaradır.
Hər ilin fevral ayında biz ənənəvi
olaraq əvvəlki ildə görülmüş işləri
nəzərdən keçiririk və gələcək
addımlarımızı planlaşdırırıq.
Qeyd etmək istəyirəm ki, Məşvərət
Şurasının hər bir iclasında müəyyən
nailiyyətlər əldə edilmişdir. Hər il
biz müəyyən yeni nailiyyətlər haqqında məlumat
verirdik. Biz çox şadıq və
özümüzü təbrik edə bilərik ki, bu dəfə
biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında
məlumat verə bilərik. Biz çox
şadıq ki, 2020-ci ilin sonuncu günü - dekabrın 31-də,
- yeri gəlmişkən, bu, Dünya Azərbaycanlıların
Həmrəylik Günüdür, - azərbaycanlılar
üçün mühüm olan bu gündə biz Cənub
Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin
tamamlanması haqqında məlumat verdik. Əlbəttə
ki, mən layihədə iştirak edən bütün tərəflərə
minnətdarlığımı bildirmək istəyirəm,
ilk növbədə, Avropa Komissiyasına. Avropa
Komissiyası və Azərbaycan həmtəşkilatçı
olaraq və bütün ölkələr, şirkətlər
və beynəlxalq maliyyə institutlarının Məşvərət
Şurasının iclasında səylərinin
koordinatorları olaraq il ərzində bu
layihənin həyata keçirilməsində çox
mühüm rol oynamışdır. Bu gün
iki komissarın burada olması faktı buna dəlalət edir.
Həmçinin mən regionda enerji təhlükəsizliyi
layihələrinə dəstək verdiyi üçün
Prezident Şarl Mişelə minnətdarlığımı
bildirmək istəyirəm və minnətdarlığımı
ona çatdırmağınızı xahiş edirəm.
Eyni zamanda, Azərbaycan və Ermənistan
arasında münasibətlərin
normallaşdırılması prosesində şəxsən
iştirak etdiyinə görə də ona minnətdarlığımı
bildirirəm. Həmçinin Cənub Qaz Dəhlizi
layihəsinin iştirakçıları olan ölkələrin
hökumətlərinə də təşəkkürümü
bildirmək istəyirəm - Türkiyəyə,
Gürcüstana, Yunanıstana, Bolqarıstana, Albaniyaya və
İtaliyaya. Biz həqiqətən də
bir komanda olaraq çalışdıq.
Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə
bu nəhəng layihəni - XXI əsrin ən böyük
layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə
kömək etdi. Onun dəyəri 33 milyard ABŞ
dollarıdır. Eyni zamanda, əlbəttə
ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin,
investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik.
Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq
maliyyə institutlarının töhfəsi çox dəyərli
idi. Cənub Qaz Dəhlizi layihəsi həm də
müasir tarixdə çox azsaylı layihələrdən
biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq
maliyyə institutları öz töhfəsini vermişdir -
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə
institutları bu layihənin icrası üçün kredit və
maliyyə vəsaiti ayırdı. İndi
biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb
olan bu layihənın yüksək səmərəliliklə
tamamlanmasına görə həqiqətən də fərəhlənə
bilərik.
Əlbəttə, biz gələcəyə
baxmalıyıq və mən əminəm ki, bugünkü
iclasda iştirakçılar ənənəvi əməkdaşlıq
sahələrini, gələcək planlarımızı
müzakirə edəcək. Çünki
hamımızın bildiyi kimi, əlavə qaz mənbəyınə
tələbat artmaqdadır. Eyni zamanda, bərpa
olunan enerji mənbələri ilə bağlı məsələlər
də müzakirə olunacaq. Azərbaycan
öz “yaşıl enerji” siyasətinə münasibətdə
çox işlər görür. Dediyim
kimi, yeni mənbələrdən qaz üçün tələbat
artır. Cənub Qaz Dəhlizi layihəsinin
tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o
cümlədən Avropa bazarlarına ixracı artıra bilib.
Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac
edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki,
7 milyard kubmetr. Yerdə qalan həcm komandanın
başqa üzv ölkələrinə - Gürcüstana,
Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan
Albaniyada öz qazpaylayıcı şəbəkəsini
tamamlayan kimi Azərbaycan qazını əldə edəcək.
Həmçinin o faktı vurğulaya bilərik ki,
bugünkü iclasda keçən illə müqayisədə
daha çox sayda ölkə və şirkətlər
iştirak edir.
Yeni iştirakçılarımız var və
bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına
ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə
beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı
olmuşdur.
Biz neft ixracatına 2006-cı ildən
başlamışıq, artıq uzun illərdir. Təchizatda
heç bir fasilə olmamışdır, müqavilə şərtləri
pozulmamışdır, enerji siyasəti arxasında heç
bir siyasi gündəm yox idi. Bizim enerji
siyasətimiz həmişə çox açıq, şəffaf,
biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa
və qarşılıqlı dəstəyə gətirib
çıxarıb. İndi isə mən qaz alan ölkələrin
bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar
son məlumatlara baxanda görürəm ki, bu ölkələrin
bəziləri qaz istehlakının 80 faizini, digərləri
isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər
artır. Çünki biz hasilatı
artırmağı planlaşdırırıq. Bu il biz keçən illə müqayisədə
daha çox ixrac edəcəyik - böyük potensial var,
xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit
olmamasını nəzərə alaraq. Həmçinin
qiymətlər də çox dəyişkəndir.
Hesab edirəm ki, yeni nəticələrin necə əldə
olunması üçün biz gələcəyimizi
koordinasiya və xoşməramlı şəkildə birlikdə
planlaşdırmalıyıq. Azərbaycanın isbat edilmiş qaz
ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr. Əlbəttə ki, ən böyük yataq “Şahdəniz”dir
- bir trilyon kubmetr. Əminəm ki, daha
çox olacaq. Çünki neft və qaz
yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə
baxsanız, görərsiniz ki, biz həmişə yolumuzun əvvəlində
gözlənildiyindən daha böyük həcmdə ehtiyatları
görürük. Bunlar yeni yataqların kəşfi
və yeni texnologiyalar sayəsində mümkün olmuşdur.
Çünki bu gün bu sahədə texnologiya
sürətlə inkişaf edir. Buna
görə də mən əminəm ki, Azərbaycanın
isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Dediyim kimi, “Şahdəniz” Azərbaycanda əsas qaz
yatağıdır və bu vaxtadək Cənub Qaz Dəhlizinə
töhfə verən yeganə yataqdır. Lakin digər
layihələr üzərində də iş gedir. Ümid edirik ki, ən böyük qaz kondensatı
yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata
başlanılacaq. Ola bilsin, bir ildən də az müddətdə. İş mərhələlərlə
aparılacaq. “Abşeron”da birinci mərhələdə
1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin
düşünürəm ki, bəzi ölkələr
üçün əhəmiyyətli göstəricidir.
Bu, bizim də artan tələbatımızı
qarşılaya bilər və həmçinin ixrac
imkanlarını da təmin edə bilər.
Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz
digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan
qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid”
yatağının qaz ehtiyatı ən azından 200 milyard
kubmetrdir. Əlbəttə ki, bizim
çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri – “Azəri-Çıraq-Günəşli”dən
böyük gözləntilərimiz var. Onun tezliklə
istismara veriləcəyinə ümid etdiyim dərin qaz hissəsində
yüz milyardlarla kubmetr qaz olacaq və düşünürəm
ki, qısa zamanda hasil edilə biləcək. Beləliklə, bu, bizim bugünkü
potensialımızdır. Bizi 4 ölkə,
4 qonşumuzla birləşdirən şaxələndirilmiş
qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas
ixrac marşrutu - Cənub Qaz Dəhlizi tamamlanandan sonra,
düşünürəm ki, bizim planlarımız həyata
keçiriləcək. Lakin əlbəttə
ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa
çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə
edəcəyik.
Həmçinin demək istərdim ki, ilk növbədə,
əhalinin sayının artması ilə əlaqədar bizim
daxili tələbatımız da artır. Azərbaycanın
demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə
rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb.
Əlbəttə ki, bizim öz tələbatımızı
qarşılamaq üçün daha çox qaza
ehtiyacımız var. Həmçinin ümidvaram ki, 2020-ci ildə
Vətən Müharibəsi ərzində işğaldan azad
edilən ərazilərimizi qazlaşdırmaq
üçün çox tezliklə bizim əlavə həcmdə
qaza ehtiyacımız olacaq. Bu, tamamilə
dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb.
Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur.
Siz bizim qarşımızda necə
çağırış olduğunu təsəvvürünüzə
gətirə bilərsiniz. Biz artıq bu
ildən etibarən keçmiş qaçqınlarımızı
geri qaytarmağı planlaşdırırıq. Ona görə də, bizim öz istehlakımız
üçün əlavə qaza ehtiyacımız olacaq.
Burada biz bərpaolunan enerji mənbələri
ilə bağlı diqqətimizi cəmləşdirdiyimiz
çox mühüm bir məqama gəlirik. Yeri gəlmişkən,
Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları,
neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən
daxili istehlaka hesablanıb.
Biz elektrik enerjisi infrastrukturuna böyük həcmdə
investisiya yatırmışıq və deyə bilərəm
ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə
əsasən, enerjiyə əlçatanlıq reytinqində
biz dünyada ikinci yerdəyik. Beləliklə, biz
böyük həcmdə vəsait yatırmışıq və
elektrik enerjisi xətlərini demək olar ki, tamamilə
müasirləşdirmişik, yeni elektrik stansiyaları
tikmişik. Misal üçün, tezliklə
biz Bakının Qobu rayonunda demək olar ki, 400 meqavat
gücündə yeni elektrik stansiyasının
açılışını edəcəyik. Ötən
ay bu zalda biz tamamilə əcnəbi investor, enerji bazarında
tanınmış, Səudiyyə Ərəbistanının
“ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək
ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin
- 240 meqavat gücündə külək elektrik
stansiyasının təməlqoyma mərasimini qeyd etdik.
Mən, həmçinin demək istərdim ki, bizim
elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də,
biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki
bu gün biz dörd qonşu ölkəyə - Türkiyə,
Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik.
Həcm artır. Bizim Azərbaycanda
bərpaolunan enerji mənbəyimiz nə qədər çox
olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik.
Məsələn, mənim indicə qeyd etdiyim
elektrik stansiyası – külək elektrik stansiyası ilə
biz 200 və ya 300 milyon kubmetr qaza qənaət edəcəyik.
Bu, yaxşı göstəricidir və istehlakı
böyük olmayan ölkələr üçün ciddi dəyişiklik
ola bilər. Beləliklə,
bizim “yaşıl enerji” strategiyamız hazırda təkcə
qiymətləndirilmə deyil, həm də planlamanın yekun
mərhələsindədir.
Bizim
işğaldan azad edilmiş ərazilər üçün
xüsusi proqramımız var. Energetika Nazirliyimiz
aparıcı beynəlxalq şirkətlərlə birlikdə
artıq Qarabağ və Şərqi Zəngəzurda
“yaşıl enerji” zonası üçün konseptual proqnoz
hazırlayıb. Biz artıq Qarabağ və
Şərqi Zəngəzurda bərpaolunan mənbələrin
potensialının beynəlxalq qiymətləndirməsini
aparmışıq və ilkin rəqəmlər çox
ümidvericidir. Külək enerjisində
potensial təxminən 7200 meqavat, Günəş enerjisində
potensial isə 2000 meqavatdan çoxdur. Yeri
gəlmişkən, sizi məlumatlandırmaq istərdim ki,
bizim neft-qaz sahəsində strateji tərəfdaşımız
olan BP işğaldan azad edilmiş ərazilərdə,
xüsusilə Cəbrayıl rayonunda işləməyə
böyük maraq göstərir. Biz
artıq orada 200 meqavatdan çox gücə malik bərpaolunan
enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə
danışıqlar mərhələsindəyik.
Mən, həmçinin demək istərdim ki, hazırda
bizim Energetika Nazirliyi bərpaolunan enerjiyə investisiyaların
yatırılması ilə bağlı aparıcı beynəlxalq
enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir. Bizdə bununla bağlı
böyük ruh yüksəkliyi var. Düşünürəm
ki, bu, Azərbaycanda “yaşıl enerji”nin
inkişafına dair bizim daxili strategiyamızın bir hissəsi
olmaqla yanaşı, ixracdan əldə olunan gəlirlər
üçün əlavə mənbə ola bilər və
enerji mənbələri idxal edən ölkələr
üçün də faydalı olacaq. Bizim, həmçinin
Xəzər dənizinin qiymətləndirilməsinə dair
xüsusi proqramımız var. İlkin rəqəmlər
göstərir ki, Xəzər dənizinin texniki potensialı
150 min meqavatdan çoxdur. Artıq biz bu
potensialın inkişafı ilə bağlı aparıcı
beynəlxalq enerji şirkətlərindən müəyyən
ilkin təkliflər almışıq. Düşünürəm
ki, bu, çox təbii olacaq. Çünki,
Azərbaycan artıq uzun illərdir özünü
etibarlı enerji mənbəyi kimi sübut edib.
Qeyd etdiyim kimi, biz hər növ enerji mənbələri
ixrac edirik. Biz ölkə daxilində olan və bizi bütün
qonşularımızla birləşdirən elektrik xətlərini
şaxələndirmişik. Bizim
yaxınlığımızda ixrac bazarları, özü də
artan ixrac bazarları var. Məsələn, iqtisadiyyatı
artan, əhalisi artan Türkiyə kimi ölkə,
düşünürəm ki, bizim üçün əsas
bazardır, həmçinin əhalisi eynilə artan İran. Mən Qara dənizin dibi ilə Mərkəzi
Avropanı bizim regionumuzla birləşdirən elektrik xətlərinin
çəkilməsi ilə bağlı müəyyən
planlardan xəbərdaram. Azərbaycan
Gürcüstanın elektrik enerjisi təchizatçısı
olaraq burada iştirak edə bilər. Bizim
burada həqiqətən də böyük potensialımız
var.
Biz çox fəal işləyirik, üzərimizə
düşəni edirik. Eyni zamanda, şadam ki, Avropa Komissiyası
ilə bizim Energetika Nazirliyimiz arasında buna həsr
olunmuş xüsusi sessiya keçirilməsi üçün
razılıq əldə olunub. Bunu həqiqətən
də təqdir etməyə dəyər. Başqa
sözlə, Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim
işimiz davam edir. Biz bir komanda kimi işləməyə
davam etməliyik.
Mən bir daha məmnunluğumu ifadə etmək istərdim
ki, bu dəfə daha çox iştirakçımız var.
Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi
ilə bağlı məsələlərin nə dərəcədə
mühüm olduğunu sübut etməyə ehtiyac yoxdur. Biz
hamımız bunu başa düşürük. Əlbəttə ki, Azərbaycan nəhəng
neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına
malik ölkə olduğundan, sözsüz ki, biz öz məsuliyyətimizi
başa düşürük. Sizə deyə
bilərəm ki, biz daha yaxşı imkanlar yaratmaq
üçün gələcəkdə də məsuliyyətli
şəkildə davranacağıq. Bundan əlavə,
həmçinin demək istərdim ki, bizim birgə
yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi
və enerji təhlükəsizliyi məsələlərinin
də hüdudlarını aşır. Çünki
bu, ölkələr arasında yeni bağlantılar
yaradır və əlaqələrin inkişafına kömək
edir, bu prosesə cəlb olunmuş bütün ölkələr
arasında qarşılıqlı etimad səviyyəsinin
artırılmasına kömək edir.
Beləliklə, bizim gördüyümüz işlərin
çox sayda müsbət nəticələri var. Bir daha qeyd
edim ki, biz bu yola çıxanda işlərin necə
olacağı çox aydın deyildi. Biz əməkdaşlığın
yeni formatına qədəm qoymuşduq, bu ölkələrin
bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız
olmamışdı. Lakin bu, uğurlu oldu.
Çünki biz səmimi, açıq və
vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz
budur, layihələr müxtəlif ola bilər,
lakin əməkdaşlığın ruhu bizə
planlaşdırdığımız hər şeyə nail
olmağa kömək edəcək.
Bir daha bizimlə birlikdə olduğunuz üçün
təşəkkür edirəm. Məşvərət
Şurasının iclasına uğurlar arzulayıram.
Sağ olun.
x x x
Azərbaycanın
energetika naziri Pərviz Şahbazov: Cənab Prezident, dərin məzmunlu
çıxışınıza görə Məşvərət
Şurası iştirakçıları adından Sizə
minnətdarlığımızı bildiririk. Sizin təşəbbüsünüzlə
yaradılmış Məşvərət Şurası
çoxtərəfli əməkdaşlığın
uğurlu nümunəsi olaraq, Sizin rəhbərliyiniz və
tövsiyələrinizlə Cənub Qaz Dəhlizi layihəsinin
reallaşmasına mühüm töhfələr verdi. Məşvərət
Şurasının budəfəki iclasında da səsləndirdiyiniz
fikirlər, aktuallaşdırdığınız məsələlər
Cənub Qaz Dəhlizi üzrə gələcək fəaliyyətimiz
üçün aydın istiqamətlərdir. Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinizə
görə Sizə bir daha dərin təşəkkürümüzü
bildiririk.
İndi isə mən sözü Avropa
Komissiyasının enerji məsələləri üzrə
komissarı xanım Kadri Simsona vermək istəyirəm. O, həmçinin bizim Məşvərət
Şurasının həmsədridir. Buyurun,
xanım, söz sizindir.
x x x
Avropa
Komissiyasının enerji məsələləri üzrə
komissarı
xanım
Kadri Simsonun çıxışı
- Sağ
olun.
Hörmətli Prezident Əliyev.
Hörmətli nazir Şahbazov.
Zati-aliləri, xanımlar və cənablar.
Bu gün sizinlə Məşvərət
Şurasının iclasını açıq elan etməkdən
olduqca məmnunam. Çıxışıma təşəkkür
bildirməklə başlamaq istərdim. İlk olaraq, bu
gün tədbirə ev sahibliyi edən
Prezident Əliyevə və nazir Şahbazova təşəkkürümü
bildirirəm. Artıq ikinci dəfədir ki, mən
bu tədbirdə iştirak edirəm. Birbaşa
isə, ilk dəfədir.
Görürəm ki, bu gün Məşvərət
Şurasında Qərbi Balkanlardan bir çox nazir və təmsilçilər
iştirak edir.
Sizin burada olmağınız Cənub Qaz Dəhlizinin
Avropa İttifaqı və region üçün nə dərəcədə
əhəmiyyətli olmasının kifayət qədər
sübutudur. İkincisi, mən Cənub Qaz
Dəhlizi ilə Avropa İttifaqına nəql edilən
qazın artırılmasında Azərbaycanın göstərdiyi
səylərə görə Sizə təşəkkürümü
bildirmək istəyirəm. Bu, bizim qaz təchizatı
təhlükəsizliyi baxımından çox vacib bir məqamdır
və Azərbaycan Avropa İttifaqı üçün
etibarlı tərəfdaşdır.
İndi isə keçək bugünkü müzakirələrimizə.
Bu günün gündəliyi qarşımızdakı
çağırışları və imkanları aydın
şəkildə əks etdirir. Onlardan bəziləri
Cənub Qaz Dəhlizinin istismarına aiddir. Biz onları birinci sessiyada müzakirə edəcəyik.
Digər məsələlər enerji sistemlərimizin
uzunmüddətli planlarına aiddir. Buna
ikinci sessiyada baxılacaq. İcazə
verin, bu məsələlərin hər biri üzrə bəzi
fikirləri bölüşüm.
İlk
olaraq, bu gün keçirilən iclas Cənub Qaz Dəhlizinin
bir il ərzində tam istismarından sonra
ümumi işləməsinə nəzər salmaq
imkanıdır. Biz bunu hər dəfə
görüşdüyümüz zaman etiraf etməliyik. Həmin dəhliz altı ölkədən keçərək,
3500 kilometr məsafə qət edərək və tərəfdaşlar
arasında əməkdaşlığın nəticələrinin
bariz nümunəsidir. Ötən ilin
dekabrından Trans-Adriatik boru kəməri ilə Avropa
bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib.
Hamımız bu layihə zamanı dəf etdiyimiz çətinlikləri
və maneələri yaxşı xatırlayırıq. Lakin bu gün
hətta ən skeptik yanaşan insanlar onun baş tutmasına
görə minnətdarlıq bildirir. Etibarlı,
rəqabətcil və qəbul edilən qiyməti olan qaz Cənub-Şərqi
Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz
olunur, binalar isidilir və vətəndaşlar ehtiyac
duyduğu enerjini alırlar. Artan enerji qiymətləri
və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa
İttifaqı üçün heç vaxt görünməyən
strateji əhəmiyyət kəsb edir. Fikrimizcə,
Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri
kimi, bu məsələ növbəti mərhələyə
çıxır və biz baxmalıyıq ki, dəhliz öz
ötürücülük qabiliyyətini artıra, yaxud hətta
coğrafi baxımdan genişləndirə bilərmi?
Ötən il nazirlərin iclasında bu məsələlərin
öyrənilməsinə başlandı.
Ötənilki iclasdan sonra dəhlizlə bağlı
siyasi söhbətlər və qazla əlaqədar geniş
müzakirələr aparıldı. Avropa İttifaqı
qazın keçid dövründə rolu, onun tənzimləyici
və infrastruktur təsiri ilə əlaqədar öz
mövqeyini aydınlaşdırdı.
Biz ötən ilin dekabrında hidrogen və
dekarbonlaşmış qaz bazarlarına aid paketi qəbul etməklə
qaz sektorunun dekarbonlaşmış gələcəyə
doğru çərçivəsini müəyyən etdik,
hidrogen və bioqaz sahəsində yeni imkanlar yaratdıq. Bu paketə gəldikdə
o, həmçinin bugünkü qaz bazarının
yaxşı formalaşdırılmasına xidmət edir.
Onu daha müqavimətli, istehlakçıları nəzərə
alan bazara çevirir. Biz, həmçinin
mühüm və tarazlaşdırılmış
qaydaları qəbul etmişik ki, enerji sektorunda metan
emissiyaları azaldaq. İki gün öncə
komissiya taksonomiya ilə bağlı ümumi bir aktı qəbul
edib. Orada qaz sektoruna aid olan fəaliyyətlər
müəyyən edilir və onlar iqlim dəyişməsinin
qarşısının alınmasına töhfə verməlidir.
Bu, əslində, özəl sektoru həvəsləndirməlidir
ki, onlar birbaşa bu kimi layihələrə sərmayələr
yatırsınlar. Çünki Avropaya təmiz
enerji keçidi lazımdır və biz hər bir üzv
ölkə ilə bunu həyata keçirəcəyik. Hazırda biz Trans-Avropa Şəbəkəsini
yaratmışıq və o sahədə maliyyə vəsaitlərini
ayırırıq ki, Avropa İttifaqında hidrogen şəbəkələri
daha da genişlənsin. Bununla bağlı
biz Avropa İttifaqının qonşuluğunda, həmçinin
iqtisadi və sərmayə planı çərçivəsində
qaz infrastrukturuna sərmayə yatırmağa
açığıq.
Bizim tənzimləyici və infrastruktur çərçivəmiz,
əslində, qarşıdakı illər ərzində
qazın rolunu etiraf edir. Eyni zamanda, biz hidrogen və
aşağı karbonlu qazlara keçidi də nəzərdə
tuturuq. Biz hesab edirik ki, 2030-cu ilə qədər
qaz Avropanın ümumi enerji istehlakının 22 faizini təşkil
edəcək. Bu gün enerji qiymətləri
artdıqca, geosiyasi gərginlik olduqca Avropada da həmin bu
şaxələndirilmənin əhəmiyyətini daha
yaxşı anlayırlar.
Təbii qaz təchizatı, o cümlədən maye qaz
boru kəmərləri vasitəsilə nəql edilməlidir. Qazın
öz marşrutumuzla nəqlinə və xalis sıfır
karbona keçidə gəldikdə biz bunu təşviq edirik.
Biz istərdik ki, bu, həm bizim
qonşularımızda olsun, həm də Qərbi Balkanlarda.
Bu region üçün aydın bir prioritet var
ki, biz kömürdən daha çox
dekarbonlaşdırılmış sistemə keçməliyik.
Bizim bu gün kömürdən istifadə edən
stansiyalarımızın istismar müddəti bitib, onlar
artıq standartlara cavab vermir və bu da ətraf mühitə
təhlükədir.
Biz çalışırıq ki, enerji biliyimizlə
dekarbonlaşma planlarına dəstək verək, bütün
region ölkələrinə kömək edək. Hər bir
ölkənin enerji sistemində o ölkənin
unikallığı nəzərə alınmalıdır.
Bu, o deməkdir ki, hər bir ölkənin
öz gedəcəyi istiqamət var və qaz ənənəvi,
yəni, çirkləndirici enerji mənbələrini əvəz
etməlidir.
Qərbi Balkan ölkələrinə gəldikdə, mən
onların buradakı təmsilçilərini salamlayıram. Onlar da öz
enerji keçidlərinin təmin edilməsi üçün
gələcək qaz planlarını tərtib edirlər.
Gələn aylar ərzində onların etdikləri
seçim bu regionda yeni layihələrə imkan
yaradacaqdır. Lakin, həmçinin deməliyəm
ki, biz regiona dəstək verdiyimiz zaman onların seçimləri
müvafiq olmalıdır. Biz onlarla əhatəli
strategiya çərçivəsində əməkdaşlıq
edəcəyik ki, daha yaşıl və daha dayanıqlı
enerji sistemləri qurulsun və region üçün
investisiya planları tərtib edilsin. Cənub
Qaz Dəhlizi daha aydın şəkildə bu tənzimləyici
kontekstdə oturur və bu gün bazar imkanları əsas hesab
olunur. Bu kontekstdə, biz hesab edirik ki, Trans
Enerji Konsorsium tərəfindən həyata keçirilən
bu sınaq vacib bir addımdır. 2022-ci
ilin iyulunda artıq nəticələri bilinəcək ki, bu
da Avropa İttifaqı üçün əhəmiyyətlidir.
Bu, elə bir məsələdir ki, biz komissiya
çərçivəsində buna diqqət yetiririk. Bütün bu elementlər bu gün müzakirə
olunacaq. Cənub Qaz Dəhlizinə gəldikdə,
inanıram ki, biz bu gün bunu daha yaxşı
anlayacağıq.
İndi isə, icazə verin, təmiz enerjiyə
keçidlə bağlı ikinci sessiyamız haqqında
danışım. Bu sessiya çərçivəsində
vacib məsələlər nəzərdən keçiriləcək.
Təmiz enerjiyə keçid yeni imkanlar yarada
bilər, yeni gəlir mənbələrini formalaşdıra
bilər və bizim sistemlər adi ənənəvi enerji mənbələrindən
azad olunar. Bu baxımdan bir neçə
mövzu artıq müəyyən edilib. Lakin bizim
qarşımızda vahid bir sual dayanır: biz sabit enerji təchizatının
təmin edilməsi ilə iqlim neytrallığına necə
nail olmalıyıq?
Mən metanın atmosferə atılmalarının
azaldılmasının vacibliyini xüsusilə qeyd etmək
istəyirəm. İstəyirəm ki, bu, bizim
debatlarımızda xüsusi yer tutsun. Çünki
iqlimə gəldikdə metan potensial olaraq təhlükəli
maddədir və onun ətraf mühitə təsiri sürətlə
arta bilər. Bu baxımdan Avropa
İttifaqı bu gün məhz innovativ texnologiyalara daha
çox sərmayə yatırılmasını vacib hesab edir
ki, karbon qazının təsiri azalsın.
Bərpaolunan enerji mənbələrinə gəldikdə,
onlar Avropanın uzunmüddətli planlarının təməl
daşını təşkil edir. Bu, nəinki bizə
dekarbonlaşmanı təmin etməyə, o cümlədən
daha böyük bərpaolunan enerji mənbələrinin təmin
edilməsinə yardım göstərəcək.
Bizim bilik və təcrübəmiz, bu sahədə
atdığımız addımlar tərəfdaşlarımıza
açıqdır. Məsələn, Azərbaycandan başlayaq.
Hörmətli cənab Prezident, mən maraqla onu
öyrəndim ki, hazırda Xəzər dənizindəki bu
potensial qiymətləndirilir. Yəni,
aydındır ki, həmçinin “Küləklər şəhəri”
kimi tanınan Bakıda bu, Azərbaycan üçün
çox böyük imkandır.
Avropa, eləcə də növbəti onillik ərzində tam genişmiqyaslı hidrogen bazarının formalaşdırılmasına diqqət yetirir. Biz istərdik ki, güclü hidrogen sənaye sektorumuz olsun. Avropa böyük hidrogen bazarıdır və biz üçüncü ölkələrdən idxala açığıq. Bərpaolunan enerji mənbələrinə, o cümlədən hidrogenə gəldikdə, hesab edirəm ki, regional strateji əməkdaşlıq üçün imkanlar çox genişdir.
Onu da bildirməliyəm ki, biz öz gələcəyimizi karbondan azad gələcək kimi formalaşdırırıq. Bunun üçün Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac var. Biz bu gün fikir mübadiləsi aparmalıyıq ki, qısa və uzun müddətli əməkdaşlığımız necə formalaşdırılmalıdır. Gələcəkdə bizim Məşvərət Şuramız həm də ümumi təmiz enerji məsələlərinin həllində fikir mübadiləsi aparmaq üçün faydalı platformaya çevriləcək.
Xanımlar və cənablar, nazirlər, cənab Prezident, mən bununla öz çıxışımı bitirirəm və ümid edirəm ki, siz fikir mübadiləsi əsnasında bəzi ideyalarla çıxış edəcəksiniz. Ümid edirəm ki, bu gün bizim maraqlı müzakirələrimiz olacaq. Sağ olun.
x x x
Pərviz Şahbazov: Xanım komissar Simson, Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyində roluna dair fikirlərinizə və ətraflı çıxışınıza görə təşəkkür edirəm. İndi isə mən təşəkkürümü bildirirəm ki, siz bizimlə bu layihə üzrə əməkdaşlıq istəyinizi bildirdiniz və bununla bu açılış sessiyamız başa çatır.
Cənab Prezident, çox sağ olun ki, bizimlə oldunuz.
x x x
Toplantı işini panel sessiyalarla davam etdirib.
Azərbaycan.-2022.- 5 fevral.- S.1-3.