Avropa
İttifaqı ilə Azərbaycan arasında "yaşıl
enerji" əməkdaşlığı inkişaf etdiriləcək
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin VIII
toplantısında iştirak edən Avropa
İttifaqının energetika məsələləri üzrə
komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirakına və dəyərli çıxışına görə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsona təşəkkürünü bildirdi.
Prezident
İlham Əliyev Avropa İttifaqı ilə enerji sahəsində
əməkdaşlığa dair birgə bəyanatın
imzalanmasından 10 ildən artıq müddətin
keçdiyini qeyd etdi. Avropa
İttifaqı ilə Azərbaycan arasında bu
sahədə həyata keçirilən əməkdaşlığın
yeni mərhələyə qədəm qoyduğunu və bunun Cənub
Qaz Dəhlizi çərçivəsində
də davam etdirildiyini
bildirdi. Bu layihənin
birgə əməkdaşlıq və əlaqələndirmə
şəraitində uğurla başa
çatdırıldığını dedi.
Dövlətimizin
başçısı Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində aparılan
müzakirələrin ikitərəfli və çoxtərəfli
əsasda enerji sahəsində əməkdaşlıq üzrə
yeni ideya və planların müzakirəsi baxımından əhəmiyyətini
vurğuladı.
Bu toplantının Cənub Qaz Dəhlizi xətti ilə qazın Avropa İttifaqına çatdırılmasından bir il sonrakı dövrə, həm Avropa İttifaqı, həm də Azərbaycanın yeni “yaşıl enerji” strategiyasına keçidi mərhələsinə və hazırda dünya qaz bazarında baş verən qiymət dəyişmələri və digər tendensiyalar şəraitinə təsadüf etdiyini bildirən Prezident İlham Əliyev bu baxımdan tədbirdə aparılan müzakirələrin önəmini qeyd etdi.
Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların uğurla aparıldığını bildirdi və bu danışıqların da tezliklə başa çatdırılacağına ümidvar olduğunu ifadə etdi.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edən Kadri Simson Avropa İttifaqının enerji təminatının şaxələndirilməsinə böyük əhəmiyyət verdiyini dedi və bu xüsusda Cənub Qaz Dəhlizinin önəmini vurğuladı.
Görüşdə
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, o
cümlədən “yaşıl enerji” sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi
aparıldı. Dövlətimizin
başçısı qeyd etdi ki, Azərbaycan alternativ və bərpaolunan enerji
konsepsiyasını inkişaf etdirir və ölkəmizdə bu sahə xarici sərmayədarları
cəlb edir.
Azərbaycan.-2022.- 5 fevral.- S.1.