“Pekin-2022” - Qış Oyunları başladı

 

 

Çində keçirilən bu beynəlxalq yarışda süni qardan istifadə olunacaq

 

 

 

Dünya idman ictimaiyyətinin diqqəti hazırda Pekinə yönəlib. Çinin paytaxtı XXIV Qış Olimpiya Oyunlarına evsahibliyi edir.

İdmansevərlərin hələ 2008-ci il Yay Olimpiya Oyunlarından yaxşı tanıdığı məşhur “Quş yuvası” stadionu dünən növbəti dəfə Olimpiya oyunlarının mərkəzinə çevrildi. 1 saat 40 dəqiqə davam edən mərasimdə 3 minə yaxın insan iştirak edib ki, bunların da əksəriyyəti gənclər idi. “Pekin-2022” Qış Olimpiya Oyunlarına 19 minə yaxın könüllü cəlb olunub.

 

 

 

91 komanda idmanın 15 növü üzrə yarışacaq

 

 

 

Qeyd edək ki, fevralın 2-dən idmanın bir neçə növü üzrə yarışlara start verilib. Olimpiya Oyunları üzrə yarışlar üç fərqli yerdə keçirilir. BunlarQuş yuvası” stadionu daxil olmaqla, bəzi idman arenalarının yerləşdiyi “Olimpiya” parkı, Pekinin Yançin rayonu və açıq məkan yarışlarının keçiriləcəyi Canciakou şəhəridir.

 

Hər üç yerdə “Atletlər kəndi” fəaliyyət göstərir. “Pekin-2022” Olimpiya Oyunları üçün 39 məkan ayrılıb ki, onların 12-si idman arenasıdır.

 

Artıq Olimpiya oyunlarında iştirak edən idmançıların, o cümlədən heyətlərin böyük hissəsi Pekinə gəlib. Olimpiya oyunlarında 91 komanda ümumilikdə idmanın 15 növü üzrə yarışacaq.

 

Pandemiya ilə əlaqədar Olimpiya Oyunlarını arenalarda izləmək üçün xaricdən tamaşaçılar qəbul edilmir. Yerli tamaşaçılara isə açıq bilet satışı ləğv edilib. Yalnız dəvətnamə əsasında məhdud sayda tamaşaçı yarışları məkanlarda izləyə biləcək. Proqnozlara əsasən, yarışları, ümumilikdə, 150 min tamaşaçı izləyə biləcək. Başqa sözlə, COVID-19 pandemiyası idmansevərləri “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra “Pekin-2022” Qış Olimpiya Oyunlarını da arenalarda izləməkdən məhrum etdi.

 

Azərbaycanı olimpiadada Vladimir LitvintsevYekaterina Ryabova təmsil edəcəklər. Hər iki idmançımız fiqurlu konkisürmə yarışlarında mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.

 

 

 

Süni qar necə yaradılacaq?

 

 

 

Qış Olimpiya Oyunlarının traslarında kifayət qədər qar olacaq. Bunu yarış təşkilatçıları vəd edirlər. Amma nəyin bahasına? Bəs ekoloqlar niyə həyəcan təbili çalırlar?                                                                                                                                                                                                                                                                                               

 

 Pekində keçirilən Qış Olimpiya Oyunlarında süni qardan istifadə mövzusu qızğın müzakirələrə səbəb olub. Pekin Olimpiadasının Təşkilat Komitəsi ətraf mühitə zərər verməyən oyunların keçiriləcəyini bildirsə də, çoxları bunun haqqında şübhələrə malikdirlər və bu, əsassız deyil. Xüsusilə, bu, idman yollarındakı qarla bağlıdır. Olimpiada ərəfəsində rəsmi olaraq bildirilmişdi ki, olimpiya meydançalarında kifayət qədər qar olması üçün 186 min kubmetr su tələb olunacaq.

 

Strasburq Universitetinin hidrologiya professoru Karmen de Jon hesab edir ki, əslində, daha çox su lazım olacaq: “186 min kubmetr su yalnız bir xizək yolunda qar üçün tələb olunan miqdardır”. Amma bu, təxminən 2 milyon kubmetr təşkil edən həqiqi rəqəmlərdən uzaqdır”.

 

Vəziyyəti daha konkret olaraq aşağıdakı rəqəmlər göstərir: “Alp dağlarında bir hektar trası qarla təmin etmək üçün 3 min kubmetrdən 6 min kubmetrə qədər su tələb olunur”, - deyə de Jon bildirir. Alimin dediyinə görə, Pekinin xizək yolları üçün hər hektardan iki-üç dəfə çox su lazımdır, bu isə hər hektara 10 min kubmetrdən çox su deməkdir. Səbəb ondan ibarətdir ki, oradakı iqlim süni qar üçün yaramır.

 

 

 

Təşkilat komitəsi heç bir problemin yaranmayacağını bildirir

 

 

 

Xizək yarışlarının keçiriləcəyi Çjantszyakou Çində ən quru regiondur. Orada demək olar ki, yağıntı yoxdur. Buna görə qar topları üçün su Pekinin şimal-şərqindəki dağlara uzaqdan gətirilməlidir. Bu bölgə həm küləkli olduğundan, ideal şəraitlə müqayisədə iki-üç dəfə çox su lazımdır.

 

Olimpiadanın Təşkilat komitəsi bunda heç bir problem görmür. Jurnalistlərin suallarını cavablandıran çinli mütəxəssislər bildiriblər ki, yarışların keçiriləcəyi bütün olimpiya obyektləri nəzarətdən keçib ekspertlərin yüksək tərifinə layiq görülüb. Bununla yanaşı, yarışların keçiriləcəyi bütün meydançaları təchiz etmək bütün atletlərin eyni şəraitdə çıxış edəcəyinə əmin olmaq üçün qar örtüyündən asılı olmayaraq, idman yollarında süni qardan istifadə etmək lazımdır.

 

Qar topları”nın intensiv işinin regionun su ilə təchizatına ətraf mühitə təsir göstərəcəyinə dair narahatlıqlar Təşkilat Komitəsi tərəfindən paylaşılmır.

 

 

 

İqlimi qorusaq, əsl qar olacaq

 

 

 

Olimpiadanın Təşkilat komitəsi öz mövqeyini onunla əsaslandırır ki, 2021-ci ilin noyabrında həm Yantsində, həm Çjantszyakouda güclü qar yağıntıları olub. Bu qar fırtınaları süni qar üçün lazım olan su ehtiyatlarını azaltmaq üçün əlverişli şərait yaradıb. Lakin bu rəylə hidroloq de Jon razı deyil. Onun dediyinə əsasən, dağlarda qar demək olar ki, yoxdur, buna görə oyunlar 100 faiz süni qarla təşkil ediləcək.

 

Olimpiadada süni qar üstündə yarışacağımız faktı dünyada baş verənlərə və gələcəyimizin necə olacağına dair proqnozları dəqiqləşdirməyə daha bir sübutdur”, - deyə amerikalı xizəkçi Rayver Redemas KİV-ə bildirib. “Bu, qardır, biz yarışlarda iştirak edə bilərik, şəraitimiz yaxşı olacaq, lakin bu, Olimpiya Oyunlarının ruhuna yaddır və  mənim gələcəkdən gözlədiyim şey deyil. Dünyada hələ də çox qar var və düşünürəm ki, əgər biz planetin iqlimini qoruyarıqsa, gələcəkdə də qar olacaq”.

 

 

 

Süni qar və ətraf mühit

 

 

 

Qış Olimpiadası zamanı tətbiq olunan yalnız süni qar deyil, həm də ətraf mühitə vurulan digər ziyan tənqidə səbəb olur. Olimpiya oyunları üçün yeni idman obyektlərinin tikintisi çoxdan qızğın müzakirə mövzusudur. Yarışların keçiriləcəyi YantsinÇjantszyakou  Sunşan milli parkında yerləşir.

 

Lakin Oyunların Təşkilat Komitəsi bildirib ki, hər iki yerdə tikintinin ətraf mühitə təsiri barədə müstəqil ekspertiza keçirilib. Flora və faunanı mümkün qədər müdafiə etməyə çalışıblar - tikinti zamanı gecə işləri qadağan edilib və vəhşi heyvanlar üçün xüsusi dəhlizlər quraşdırılıb.

 

Karmen de Jon bununla razılaşmır: “2015-ci ildə Çin bioloqları bu problemi qabardıblar və olimpiya obyektlərini başqa yerə köçürməyi tövsiyə ediblər”. Keçən il fransalı alimQuqlda xəritələri və fotoları müqayisə etməyə başlayıb və meydançaların köçürülmədiyini, milli parkın sərhədlərinin dəyişdirildiyini müəyyən edib: “Yarışların keçirilmə yerləri qalıb, 1100 hektar qoruq ərazisi isə pozulub - bu, ümumi sahənin təqribən 25 faizidir. Milli parkın mərkəzi hissəsi  xizək və giriş yolları, helikopterlər üçün meydançalar, parkinqlər və traslar dağıdılıb”.

 

 

Rizvan HİLALOĞLU,

Azərbaycan.-2022.- 5 fevral.- S.1;8.