Litva Seyminin sədri: Azərbaycan Litvanın tvininq proqramı çərçivəsində
ən sıx əməkdaşlıq etdiyi
ölkələrdən biridir
Litva Seyminin sədri: Azərbaycan Litvanın tvininq proqramı çərçivəsində ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir
Milli Məclisin sədri Sahibə Qafarova Litva Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin (Seym) sədri Viktoriya Çmilite Nielsen ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Viktoriya Nielsen ölkələrimizin yaxın tərəfdaş olduqlarını bildirib. O, ölkələrimiz arasında münasibətlərin yüksək inkişafından məmnunluğunu ifadə edib. Əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanlar mövcud olduğunu diqqətə çatdıran Seymin sədri informasiya-kommunikasiya texnologiyaları, qida, aqrar, təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlardan danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Litvanın tvininq proqramı çərçivəsində ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran Viktoriya Nielsen regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
O, Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edərək, Şərq Tərəfdaşlığı Sammitinin əhəmiyyəti, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakını xüsusi vurğulayıb.
İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın hazırkı yüksək səviyyəsini təqdir edən Viktoriya Nielsen bu səfərlərin və parlament dostluq qruplarının fəaliyyətinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini deyib.
Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Litvaya ilk rəsmi səfəri olduğunu söyləyib. Həmçinin inamını ifadə edib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək. Azərbaycan və Litvanın dost və tərəfdaş ölkələr olduğunu bildirən Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu vurğulayıb. O, bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya 1 rəsmi və 2 işgüzar səfərini, həmçinin Litva Respublikası prezidentlərinin Azərbaycana 2 rəsmi və 3 işgüzar səfərini qeyd edib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan ilə Litva arasında əməkdaşlıq siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edir. Onun sözlərinə görə, Azərbaycan ilə Litva arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Bu gün qanunverici orqanlarımız arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Sahibə Qafarova parlamentarilərimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin müsbət təcrübəsini qeyd edib. Həmçinin iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edərək, bu qrupların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynadığını söyləyib. O, Litva parlamentində dostluq qrupunun Xocalı soyqırımı ilə bağlı bəyanatlarını yüksək qiymətləndirib. Milli Məclisin sədri həmkarına Ermənistan tərəfindən törədilən bu soyqırımı haqqında geniş məlumat verib.
Litvanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirən S.Qafarova 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən danışıb. Milli Məclisin sədri vurğulayıb ki, bu Qələbə sayəsində Azərbaycan öz ərazilərini 30 il davam edən erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib.
S.Qafarova hazırda regionda yaranmış yeni vəziyyət və şərtlər haqqında da danışaraq deyib ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və tarixin səhifələrində qalıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub.
Görüşdə Milli Məclisin sədri, həmçinin Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, regional
kommunikasiyaların bərpa olunmasının vacibliyi,
ölkəmizin təşəbbüsü və birbaşa dəstəyi ilə
reallaşdırılan nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi
haqqında məlumat verib.
Azərbaycan.-2022.- 5 fevral.- S.4.