Sənayemiz inkişaf
etdikcə idxaldan asılılıq
azalır
Dünya ölkələri inkişaf göstəricilərinə görə iki yerə bölünür: inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr. Bu bölgüdə əsas meyar sənayenin inkişafı və məhsul istehsalıdır. Ölkənin inkişaf etmiş sənayesi yoxdursa, onu inkişaf etmiş ölkələr kateqoriyasına daxil etmirlər.
Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında yer alır, hədəf isə inkişaf etmiş ölkələr kateqoriyasına daxil olmaqdır. Ölkələrin inkişaf göstəricilərində əsas meyar isə, vurğulandığı kimi, sənayenin inkişafıdır. Neftlə zəngin, əhalinin sosial rifahı yüksək olan ölkələr sənayeləri inkişaf etmədiyi halda inkişaf etmiş ölkə sayılmır. Biz də neft və qaz hasil edən ölkəyik, iqtisadiyyatımız və gəlirlərimizin çoxu bu sahə ilə bağlıdır. Ancaq ölkəmizdə aparılan iqtisadi islahatların əsas məqsədi qeyri-neft sənayesində yüksəlişə nail olmaqla inkişaf etmiş ölkələr kateqoriyasına daxil olmaqdır. Bu, çətin və böyük zəhmət tələb edən bir işdir.
Müstəqilliyimizi bərpa etdikdən sonra qarşıya qoyulan məqsədə çatmaq üçün ilk növbədə infrastruktur layihələrinin inkişafına böyük həcmdə kapital qoyuluşu həyata keçirildi. Ona görə ki, mükəmməl infrastruktur yaratmadan ölkəni inkişaf etdirmək mümkün deyil. Azərbaycanda icra edilən nəhəng layihələr sayəsində hazırda ölkəmiz avtomobil və dəmir yolları, hava nəqliyyatının inkişafına görə dünyada öndə gedən ölkələr sırasındadır.
Aparılan sənayeləşmə siyasəti sayəsində son 18 ildə ölkəmiz böyük uğurlara nail olub. Bu illər ərzində minlərlə kiçik, orta və iri sənaye müəssisələri yaradılıb. Həmin istehsal sahələrində istehsal olunan məhsul ölkənin daxili tələbatını ödəməklə yanaşı, xarici bazara da ixrac olunur. Xüsusilə dövlətin dəstəyi ilə yaradılan sənaye parkları və sənaye məhəllələri bu sahədə daha fəaldır. İşğaldan azad edilən ərazilərdə iki sənaye parkının tikilməsi barədə qərarın qəbul edilməsi də bununla bağlıdır.
Hazırda bir sıra sənaye məhsullarının idxalının ildən-ilə azalması da sənayemizin inkişafını göstərir. Yerli sənaye məhsullarının istehsalı artdıqca, idxaldan asılılıq aşağı düşür, yerli məhsulların dünya bazarına ixracı isə ölkəmizə əlavə valyuta qazanmağa imkan verir.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,2 faiz artaraq 54,5 milyard manat təşkil etmişdir. Hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2,6, sənayenin qeyri-neft sektorunda isə 18,9 faiz artmışdır. Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma, 29,9 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların tənzimlənməsi, emalı sektorunda istehsal olunmuşdur.
Ölkədə sahibkarlığın inkişafı sənaye məhsulu istehsalında özünü aydın şəkildə göstərir. Belə ki, həmin dövrdə sənayedə qeyri-dövlət sektorunun payı 82,2 faizə çatmışdır. Beləliklə, ümumi istehsalın 91,6 faizi sənaye məhsullarının istehsalı, 8,4 faizi isə sənaye xarakterli xidmətlərin hesabına formalaşmışdır.
Ötən il mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 35,1 milyard manat olmaqla 1,9 faiz artmışdır. Sənayenin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 34,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 32,6 milyard kubmetr təşkil etmişdir.
Eyni zamanda həmin dövrdə emal sənayesində 16 milyard 307,4 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Əvvəlki illə müqayisədə tütün məhsullarının istehsalında 54, qida məhsulalrının istehsalında 10,2, içki istehsalında isə 2,3 faiz artım müşahidə olunmuşdur. Bu sahələrin əsas məhsullardan qənd və şəkər tozunun istehsalı 33,9, cem və marmeladların istehsalı 9, qaymaq və xama məhsullarının istehsalı 1,4 faiz artmışdır.
Bu dövrdə toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalı sahələrində 531,2 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki illə müqayisədə dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalında 29,8, toxuculuq sənayesində isə 26,8 faiz artım müşahidə edilmişdir.
Hesabat dövründə ötən illə müqayisədə əczaçılıq, kimya sənayesində, rezin və plastik kütlə məmulatlarının istehsalında yüksək artım müşahidə edilmişdir. Keçən il həmçinin tikinti materiallarının istehsalında, metallurgiya sənayesi və hazır metal məmulatlarının hazırlanmasında da yüksək nəticələr əldə edilmişdir.
Sənayenin qeyri neft-qaz sektorunun inkişafı ixracda da özünü göstərir. Ötən il ixracda plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı yüksək olmuşdur.
Rüstəm KAMAL,
Azərbaycan.-2022.- 5 fevral.- S.7.