“Cənub qaz dəhlizi” layihəsi başa çatıb, bizim işimiz isə davam edir

 

 

Layihə iştirakçıları Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlıq niyyətindədirlər

 

 

 

Bu il fevralın 4-də Bakıda keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı sayca 8-ci idi.

Keçən il koronavirus pandemiyası səbəbindən videokonfrans formatında keçirilən 7-ci iclası nəzərə almasaq, 2015-ci ildən üzübəri ildə bir dəfə, adətən fevral ayında baş tutan bu tədbirə həmişə Azərbaycan evsahibliyi edib. Bu da XXI əsrin nəhəng layihələrindən biri - “Cənub qaz dəhlizi”nin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğunu təsdiqləyən faktlardandır.

Yenə də toplantıda Avropa İttifaqının, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya və bir sıra digər ölkələrin yüksək-səviyyəli nümayəndələri bir araya gəldilər.  Builki iclasda keçən illə müqayisədə daha çox ölkə və şirkət iştirak edirdi. Yeni iştirakçıların olması isə o deməkdir ki, Azərbaycan qazına yeni bazarlarda ehtiyac var.

Hər dəfə olduğu kimi, Prezident İlham Əliyevin toplantıda iştirak etməsi tədbirin əhəmiyyətinə bir daha diqqət çəkir. Dövlət başçısı toplantıda çıxış edib və məşvərət şurası iclaslarının layihənin reallaşmasındakı rolunu vurğulayaraq deyib: “Məşvərət şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə biz “Cənub qaz dəhlizi”nin uğurla tamamlanması haqqında məlumat verə bilərik... Mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirmək istəyirəm, ilk növbədə, Avropa Komissiyasına. Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı olaraqbütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının məşvərət şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır”.

 

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən çox vaxt keçir. Aİ ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən əməkdaşlıq yeni mərhələyə qədəm qoyaraq “Cənub qaz dəhlizi” çərçivəsində davam etdirilir. Bu möhtəşəm layihə birgə əməkdaşlıq, tərəfdaşlıq və əlaqələndirmə şəraitində uğurla başa çatıb. 2020-ci ilin son günündə TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) işə düşməsi ilə “Cənub qaz dəhlizi” tam istifadəyə verilib.

 

Layihənin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına mavi yanacağın ixracını artıra bilib. Belə ki, keçən il ölkəmiz 19 milyard kubmetr təbii qaz ixrac edib. Türkiyəyə 8,5 milyard, İtaliyaya 7 milyard kubmetrə qədər qaz nəql olunub. Qalan həcm Gürcüstana, Yunanıstana və Bolqarıstana çatdırılıb. Öz qazpaylayıcı şəbəkəsini tamamlayandan sonra Albaniya da Azərbaycan qazı alacaq.

 

Prezident toplantıdakı çıxışında Azərbaycanın həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olduğunu qeyd edib: Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz keçən illə müqayisədə daha çox ixrac edəcəyik - böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq. Həmçinin qiymətlər də çox dəyişkəndir”.

 

Eyni zamanda Azərbaycanın özününqaza tələbatı artır. Çünki əhalinin sayı getdikcə çoxalır, sənaye sahəsi genişlənir. Dövlət başçısı bunları qeyd etməklə onu da bildirib ki, öz tələbatımızı qarşılamaq üçün daha çox qaza ehtiyacımız var. Həmçinin işğaldan azad edilmiş ərazilərimizi qazlaşdırmaq üçün tezliklə bizə əlavə həcmdə qaz lazım olacaq.   

 

Prezident yeni uğurlar qazanılacağına, yeni nəticələr əldə olunacağına əminliyini bildirərək deyib ki, “Cənub qaz dəhlizi” layihəsi başa çatıb, bizim işimiz isə davam edir.

 

Diqqətçəkən faktdır ki, budəfəki toplantı geniş mövzulu olub. Yəni söhbət təkcə qaz hasilatı və ixracından getməyib. Elektrik enerjisi, o cümlədən “yaşıl enerji” məsələlərinə toxunulub. Beynəlxalq şirkətlərlə birlikdə Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün artıq konseptual proqnoz hazırlandığı bildirilib.

 

Tezliklə Qobu qəsəbəsində 240 meqavat gücündə külək-elektrik stansiyası tikilib ərsəyə gələcək. Keçən ay Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək bu ilk bərpaolunan enerji mənbəyi layihəsinin təməli qoyulub. Hazırda Energetika Nazirliyi bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı aparıcı beynəlxalq enerji şirkətləri ilə fəal danışıqlar aparır. Bu da təsadüfi deyil. Çünki ölkəmiz artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi təsdiqləyib və hər növ enerji ixrac edir. O cümlədən ölkə daxilində olanbizi bütün qonşularımızla birləşdirən elektrik xətləri şaxələndirilib. Bir sözlə, Azərbaycanın yaxınlığında ixrac bazarları, özüartan ixrac bazarları var.

 

Təsadüfi deyil ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson toplantıdakı çıxışında bu məsələyə də toxunub: “Bərpaolunan enerji mənbələrinə gəldikdə, onlar Avropanın uzunmüddətli planlarının təməl daşını təşkil edir. Bu, nəinki bizə dekarbonlaşmanı təmin etməyə, o cümlədən daha böyük bərpaolunan enerji mənbələrinin təmin edilməsinə yardım göstərəcək. Bizim bilik və təcrübəmiz, bu sahədə atdığımız addımlar tərəfdaşlarımıza açıqdır. Məsələn, Azərbaycandan başlayaq. Hörmətli cənab Prezident, mən maraqla onu öyrəndim ki, hazırda Xəzər dənizindəki bu potensial qiymətləndirilir. Yəni aydındır ki, həmçinin “Küləklər şəhəri” kimi tanınan Bakıda bu, Azərbaycan üçün çox böyük imkandır”.

 

Məşvərət şurasının 8-ci toplantısında həm çıxışlar, həm də plenar sessiyalar geniş mövzuları əhatə etmişdir. Bunlar “Cənub qaz dəhlizi”nin istismarına, eləcə də enenrji sistemlərinin uzunmüddətli planlarına aid məsələlər idi. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson “Azərbaycanda enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac var” sözləri ilə sanki bütün tədbir iştirakçılarının fikrini ifadə etmişdir.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 6 fevral.- S.1;3.