Növbəti diplomatik
uğur
Prezident dördtərəfli
görüşdə qətiyyətli mövqeyini
bir daha ortaya qoyaraq qalib Azərbaycanın tələb və şərtlərini
bildirdi
İkinci Qarabağ müharibəsinin qalib və məğlubu arasında aparılan sülh danışıqları, götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlərin vəziyyəti, eləcə də Avropa İttifaqının bu prosesdə vasitəçiliyi fevralın 4-də bir daha müzakirə mövzusuna çevrildi.
Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda baş tutan görüşdə postmüharibə dövrünün reallıqlarından, öhdəliklər və icra prosesindən söhbət açıldı.
Azərbaycan öhdəliklərinə sadiqdir
Prezident İlham Əliyev bundan əvvəl keçirilən Soçi və Brüssel görüşlərində olduğu kimi məğlub və çarəsiz görünən Nikol Paşinyandan fərqli olaraq, qalib və mövqeyini daha da möhkəmləndirmiş lider kimi əsl həqiqətləri səsləndirdi.
İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət yetirdi.
Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardan Prezident qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.
Sonra Brüssel danışıqlarının davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı. İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın qəti mövqeyini bir daha vurğuladı.
Ötənilki Brüssel görüşü zamanı da Şarl Mişelin açıqlamaları və bu dəfə ortaya qoyulan münasibət bir daha onu göstərir ki, Avropa İttifaqı regionda dayanıqlı sülhün yaranmasında, postmünaqişə dövrünün bütün yaranan problemlərinin aradan qaldırılmasında maraqlıdır.
Fevralın 4-də xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi arasında keçirilən görüşdə səslənən fikirlər də bunu bir daha təsdiqləyir. Görüş zamanı nazir bölgədə mövcud olan cari vəziyyət, Ermənistan ilə münasibətlərin normallaşması və delimitasiya prosesi, eləcə də mina təhlükəsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib. O, həmçinin bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri və bu xüsusda Aİ-nin mümkün rolundan danışıb. Komissar Oliver Varhelyi Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. O, Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayıb və iqtisadi sərmayə planı çərçivəsində ölkəmizə 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib. Bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini diqqətə çatdıran O.Varhelyi, habelə Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib.
Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir
Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan dövlətdir. Ölkəmiz region ölkələri, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlar ilə qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətini yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir.
Fevralın 4-də keçirilən görüşdə də İlham Əliyev qətiyyətli möveyini bir daha ortaya qoyaraq bildirdi ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi həll edilməli, kütləvi məzarlıqlar və onların yerləri dəqiq koordinatlarla Ermənistan tərəfindən verilməlidir.
Həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstək artırılmalıdır. Dəmir yolu xətti və avtomobil yolu ilə Zəngəzur dəhlizinin açılması prosesi reallaşmalıdır.
Bu görüş fonunda Şarl Mişel və Emmanuel Makron birgə bəyanat imzalayıblar. Sənəddə Minsk Qrupuna istinad yoxdur. Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk qrupuna istinad yer almayıb. Eyni zamanda bəyanatda Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə yoxdur.
Əlbəttə
ki, bu, Qarabağ
mövzusunun tamamilə gündəlikdən
çıxmasının növbəti nüminəsidir. Fransa ATƏT-in
Minsk qrupu həmsədr
olaraq bu reallığı qəbul
edir. Fransa bu görüşdə
həmsədr kimi deyil, Avropa İttifaqına
sədrliyi qəbul etmiş ölkə kimi iştirak edir.
Beləliklə, hadisələrin gedişatı
onu deməyə əsas verir ki, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşdırılması,
Zəngəzur dəhlizinin
açılması, itkin
düşmüş şəxslərin
taleyinin müəyyən
edilməsi, minaların
təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri özündə
ehtiva edir.
Bir sözlə,
budəfəki 4 tərəfli
görüş də
İlham Əliyevin növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Hadisələrin
gedişi bir daha göstərir ki, regionda Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşdırılmasında
dövlətlər arasında
siyasi, iqtisadi, ekoloji, sosial və mədəni sahələrdə münaqişə
dövrünün bütün
mərhələlərində və təhlükəsizliyin
həyata keçirilməsi
tədbirlərində etimad
quruculuğu məsələsi
mühüm əhəmiyyət
kəsb edir. Bu isə həm
sistemli yanaşma, həm də beynəlxalq dəstək tələb edən bir məsələdir.
Həll edilməmiş məsələlərin
davamlı həllinə
zəmin yaratmaq üçün etimad quruculuğu işində qarşılıqlı siyasi
iradə olmalıdır.
Azərbaycan tərəfi davamlı
olaraq siyasi iradə və qətiyyət göstərir.
Xüsusən də Zəngəzur
dəhlizinin açılması
istiqamətində Azərbaycanın
həyata keçirdiyi
layihələr bunu bir daha təsdiqləyir.
Ermənistanda da yaxşı
anlayırlar ki, çıxış yolu Azərbaycanla hesablaşmaqdır.
Əks təqdirdə bu ölkə yenə də acınacaqlı duruma düşəcək.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 6 fevral.- S.1-2.