Naxçıvan təhsilin
inkişafında liderdir
Muxtar respublikanın ucqar dağ
kəndlərinin şagirdləri bilik səviyyəsinə
görə Azərbaycan miqyasında davamlı şəkildə
necə rekordçu olurlar?
...Azərbaycanda ən çox xarici tələbənin hansı ali məktəbdə təhsil aldığını bilirsinizmi?
Bu, heç də yaşı 80-100 olan universitetlər,
tanınmış akademiyalar deyil. Blokada şəraitinin ağır
çətinlikləri, fəsadları altında fəaliyyət
göstərən Naxçıvan Dövlət Universitetidir...
Bu informasiya muxtar respublikada təhsillə bağlı
eşitdiyimiz ilk, ancaq son müsbət təəccübümüz
olmadı. Bəli,
təhsildə heyrətə səbəb olan faktlar, proseslər
nə yaxşı ki, hələ də var imiş...
55
yaşlı müdrik cavan
1967-ci ildə
3 ixtisas üzrə 3 ştatlı müəllim və 102 tələbə
ilə Dövlət Pedaqoji İnstitutunun Naxçıvan
filialı kimi ilk qədəmini atan, 1972-ci ildə
Naxçıvan Dövlət Pedaqoji İnstitutuna çevrilən,
artıq 22 ildir dövlət universiteti kimi fəaliyyət
göstərən bu 55 yaşlı ali məktəb indi muxtar
respublikanın təhsil bayraqdarıdır. Bununla
bərabər, ölkə miqyasında xeyli təhsil ilklərinə
müəlliflik edir və pafoslu planları, bəlağətli
hədəfləri ilə deyil, məhz konkret fəaliyyət
nəticələri, real uğurları ilə çox “təhsil
flaqmanından” önə keçir.
Heydər Əliyev Naxçıvan Dövlət
Universitetini (NDU) hər zaman xüsusi himayə edib, onun
inkişafı üçün düzgün yol müəyyənləşdirib. İlk dəfə 48 il əvvəl - 1974-cü ildə olduğu,
sonradan isə dəfələrlə ziyarət etdiyi universitet
barədə Ulu Öndər deyirdi: “Çox xoşbəxtəm
ki, mən bu universitetin yaranmasının təməlini
qoyanlardan biri və onun təşəbbüskarıyam. Böyük iftixar hissi keçirirəm ki, əsasını
qoyduğumuz bu gözəl təhsil ocağı indi
böyük şöhrətə malikdir. Naxçıvan
təhsili, məktəbi mənim üçün əzizdir.
Naxçıvan Dövlət Universiteti isə
Naxçıvan təhsilinin zirvəsidir”.
Bu qayğı Prezident İlham Əliyev tərəifndən
də davam etdirilib. Dəfələrlə olduğu, hər dəfə də
mühüm infrastruktur açılışlarını
etdiyi universitet barədə dövlət
başçısının bu sözləri xüsusilə diqqət
çəkir: “Naxçıvan Dövlət Universiteti
böyük və şərəfli yol keçmişdir. Mən şadam ki, universitet çox sürətlə
inkişaf edir, burada çox böyük işlər
görülür. Universitet dünyanın aparıcı
ali məktəbləri ilə çox
yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr
oxuyur. Bu da onu göstərir ki,
Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada
kifayət qədər yüksək səviyyədədir.
Burada görüləcək işlər, yeni fakültələrin
açılması və gələcək planlar, əlbəttə,
imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti
nəinki regionda, hətta dünya miqyasında
tanınmış ali məktəblərin
birinə çevriləcəkdir”.
Prezident
NDU qarşısında konkret məqsəd müəyyənləşdirmişdi
və 15 il öncə elan edilən bu hədəf
indi gerçəyə çevrilir. Bu
mövzuda universitetin rektoru Elbrus İsayev böyük
şövqlə, qürurla danışır. Ölkənin ən gənc rektoru olan Elbrus müəllim
universitetin sabahı ilə bağlı aydın vizyona,
prinsipial mövqeyə, ən əsası isə əminliyə
sahibdir. Onunla söhbətləşdikcə,
əməl hesabatını dinlədikcə onun öz fəaliyyətində
müasir çağırışlarla mükəmməl ənənələri
uğurla birləşdirdiyini, məsuliyyət
daşıdığı sahəni nəticəsiz, populist
eksperimentlərdən qoruyaraq düzgün məcrada
inkişaf etdirdiyini və etimada bəslədiyi sədaqəti
aydın görmək olur. Maraqlı məqam
odur ki, rektorun tələbəlikdən etibarən həyatı
məhz bu universitetlə bağlıdır. Burada bakalavr, magistr, doktorantura təhsili alıb, tələbəlik
illərində universitet Gənclər Təşkilatının,
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
vəzifələrində çalışıb. Müəllimi,
baş müəllimi, dekanı olduğu universitetə rəhbərlik
3 il öncə ona həvalə edilib.
Çoxsaylı təltif, mükafata sahibdir, elə ən
sonuncusunu xatırladaq: “2021-ci ilin ən yaxşı rektoru”
sosial sorğusunun qalibi olub.
Rektorla bərabər universitetin korpuslarını gəzirik. Onun “universitet
şəhərciyi” ifadəsi ilə razılaşmıram.
Bura şəhərcik deyil, elə şəhərdir -
müasir gənclər şəhəri, modern təhsil şəhəri!
108 hektarlıq ərazidə 13 tədris korpusundan əlavə,
elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi,
universitet xəstəxanası, olimpiya idman mərkəzi, Tələbə
evi, Qonaq evi, 2 stadion və digər çoxsaylı təhsil-sosial
infrastrukturları yerləşir. Hər biri də 4-6 mərtəbəli,
tam təmirli, ən son nəsil avadanlıqlarla təchiz
edilmiş, zövqlə tikilmiş binalar...
Əslində, bütün korpuslarda olmaq
üçün heç bir gün də kifayət etməz. Həyat burada
hər addımda qaynayır. Hazırda universitetdə 451
professor-müəllim heyəti çalışır ki,
onların da arasında Milli Elmlər
Akademiyasının müxbir üzvü, elmlər doktoru,
professor, fəlsəfə doktoru, Xalq rəssamı, Əməkdar
elm xadimi, Əməkdar müəllim, Əməkdar artist,
Əməkdar mədəniyət işçisi və digər
yüksək elmi-ictimai statusu şərəflə
daşıyanlar var. 12 fakültədə bakalavriat səviyyəsi
üzrə 70 ixtisas, magistraturada 82 ixtisaslaşma, doktoranturada
52 və rezidentura üzrə 32 ixtisasda ümumilikdə 8 minə
yaxın tələbə təhsil alır. 13 ixtisasda 516 tələbəyə
təhsil verən Musiqi kolleci də ötən il
universitetin tabeliyinə verilib. Rektor növbəti iki il ərzində tələbə sayının
10 min nəfəri keçəcəyinə əmindir.
Xarici tələbələrlə
qarşılaşırıq. Elbrus İsayev məlumat
verir ki, ümumilikdə burada bakalavr və magistratura səviyyəsində
9 ölkədən 1493 tələbə təhsil alır.
Bu rəqəm indi ölkə üzrə rekord
göstəricidir. Demək, illər boyu
muxtar respublikada minlərlə xarici tələbə təhsil
alıb. Tələbələrin hansı
ölkələrdən gəlmələri ilə
maraqlanırıq. Türkiyə, İran,
Rusiya, Pakistan, Özbəkistan və digərləri
sırasında dünyanın ən modern təhsil modellərindən
birinə malik Cənubi Koreyadan da tələbə olduğunu
eşidəndə təəccüblənirik. Cənubi
Koreyanın KOICA təşkilatı ilə birlikdə “Elektron
təhsil şəbəkəsi və rəqəmsal multimedia
infrastrukturunun yaradılması” layihəsini həyata
keçirən NDU-nun ABŞ-dan İngiltərəyə,
Çindən Rusiyaya, Fransadan Misirə, Almaniyadan Pakistana,
İspaniyadan İrana qədər, bir sözlə,
dünyanın 50-dən çox ölkəsinin 100-dən
artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq
əlaqələri var.
Maraqlıdır, axı o uzaq ölkələrdən gələn
tələbə, özü də minlərlə tələbə
niyə məhz Naxçıvanı seçir? Rektor bunun səbəblərini
izah edir: həm normal yaşam üçün tələb
olunan bölgənin yüksək inkişaf və sabitlik
göstəriciləri, həm təhsil nailiyyətləri, həm
də burada gördükləri yüksək qayğı,
himayə, qonaqpərvərlik... Digər səbəblərin
də hər biri əsaslıdır. Məsələn,
əcnəbi tələbələrə davamlı olaraq ərzaq
payı ayrılır. Pandemiya
dövründə isə muxtar respublika rəhbərliyi tərəfindən
xarici tələbələrə maddi dəstək göstərilir,
soyuducuları boş qalmır. Bu mənəvi dəyərlər
kontekstində NDU-nun xaricdə əsas təbliğatını
məhz burada təhsil almış, indi də təhsil alan tələbələr aparır və həmvətənlərini
universitetə cəlb edirlər.
Xatırladaq
ki, NDU-da təhsil alan yerli tələbələrin
coğrafiyası Azərbaycanın bütün bölgələrini
əhatə edir.
Populist
planlar yox, məhz real nəticəli innovasiyalar var
Avropa
Rektorlar Klubu tərəfindən “Minilliyin universiteti” adına layiq görülən NDU yeni
texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə
və davamiyyətə görə Azərbaycan ali məktəblərinin
reytinq cədvəlində də iki dəfə birinci yerə
sahib olub.
Universitetin
bir nailiyyəti də tələbələrin təkmil təcrübə
keçməsini və nəticədə sonradan rahat iş
tapa bilməsini təmin edəcək layihənin artıq
üç ildir icra olunmasıdır. Muxtar Respublika Ali Məclisi
Sədrinin müəllifi olduğu bu təşəbbüs əsasında
universitetdə bakalavriat səviyyəsi üzrə 70 ixtisas
müvafiq olaraq 34 dövlət təşkilatına,
subbakalavriat səviyyəsi üzrə isə 13 ixtisas 4
dövlət təşkilatına hamiliyə verilib. Dövlət strukturlarının rəhbərləri,
nazirlər tələbələrlə mütəmadi
görüşür, təmsilçiləri onlara mühazirələr
oxuyur, təcrübə prosesinin keyfiyyətli gedişini təmin
edir, nəticədə fərqlənən tələbələr
işlə təmin olunur. Rektorun təbirincə
desək, ixtisasların dövlət qurumlarına hamiliyə
verilməsi kadr potensialının inkişafı ilə
yanaşı, gənclərin istedadlarının üzə
çıxarılması, ideyaların reallaşması və
startap təşəbbüslərinin dəstəklənməsi
sahəsində mühüm addımdır.
Bu, Azərbaycan
təhsilində bir ilkdir, amma Naxçıvan miqyası
üçün yeganə ilk deyil... Ölkəmizin ali təhsil müəssisələri
arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində
Distant Təhsil Mərkəzi istifadəyə verilib. Elektron
universitetin fəaliyyətə başlaması isə Azərbaycan
ali təhsil məkanında büdcəsinə
və layihəsinin genişliyinə görə ən irihəcmli
və əhəmiyyətli layihələrdəndir. Elektron təhsil, onlayn sənəd dövriyyəsi,
akademik idarəetmə və digər təhsilin idarəedilməsi
modellərini özündə birləşdirən Elektron
universitet təhsilin elektron vasitələrlə həyata
keçirilməsi ilə yanaşı, elektron imtahanları da
əhatə edir.
İnnovasiyalar, dövrün qlobal trendlərinə
qoşulma, yeni çağırışlara uyğun mütəxəssis
yetişdirmə müasir təhsilin əsas
faktorlarıdır. Ancaq ölkə miyqasında bu sahədə hələ
də yetərincə səmərəli nəticələr əldə
etməyən ali məktəblər var. Bəs
NDU-da bu sahədə vəziyyət necədir?
Rektor Elbrus İsayev bu istiqamətdə həyata
keçirilən çoxsaylı layihə, onların nəticələrindən
danışır. Məsələn, Ali Məclis Sədrinin
təşəbbüsü ilə yaradılan “Startap
Naxçıvan” hərəkatı universitetin müasir təfəkkürlü
peşəkar mütəxəssis hazırlığına, tələbə-gənclərdə
innovativ ideyaların üzə çıxarılmasına,
yaradıcı düşüncənin inkişafına xidmət
edir. Universitetdə gənclərin layihələrini,
ideyalarını dəstəkləmək üçün
yaradılan “İnnovasiya mərkəzi” və “İnnovasiya
laboratoriyası” tələbələrin startapla bağlı
biliklərinin formalaşması, biznes layihə və
planlarının qurulması, maarifləndirici treninqlərin
keçirilməsini təmin edir. Eyni zamanda
startap hərəkatına qoşulmanı
optimallaşdırmaq və operativ əlaqələrin
qurulması məqsədilə “İdeya bankı” fəaliyyət
göstərir. Hazırda 20-yə yaxın
startap layihəsi icra olunur.
Tədris prosesində İKT-nin tətbiqi sahəsində
professor-müəllim heyətinin fənlər üzrə
mühazirə mətnləri elektronlaşdırılıb və
ixtisaslar üzrə tələbələrin şəxsi
kabinetlərinə yerləşdirilib. Bu isə etiraf edək ki, ölkə
ali məktəblərində rastlanan
azsaylı faktlardandır və daim tələbələrin
haqlı narazılığını yaradır. İmtahan sessiyasından əvvəl tələbələrin
imtahanaqədərki balları şəxsi kabinetlərinə
yüklənilir. Ötən il
elektron test üsulu ilə 1141 imtahan keçirilib. Ali təhsil ocağının “E-cədvəl” mobil
tətbiqi Azərbaycanın milli internet mükafatına layiq
görülüb. Rəqəmsal ödəniş
xidmətlərinin tətbiqi və nağdsız
hesablaşmaların genişləndirilməsi məqsədilə
tələbələrə yeni nəsil smart tələbə
kartları verilib.
Tikintisi davam edən nəhəng kompleksin qarşısındayıq. Elbrus
İsayev “Bura gələcəkdə yalnız universitetimizin və
muxtar respublikanın deyil, bütün Azərbaycanın ən
müasir elmi-texnoloji mərkəzlərindən olacaq” deyir.
Rektorun mütləq əminliklə gələcək
təyinatını müəyyənləşdirdiyi məkanla
maraqlanırıq. Bura Naxçıvan
Dövlət Universitetində Texnologiyalar Parkı olacaq.
Bu
infrastrukturu Ali Məclisin Sədri Vasif Talıbovun növbəti
innovasiya təşəbbüsü kimi səciyyələndirən
rektor qeyd edir ki, ümumiyyətlə, dünyada az sayda universitetdə texnopark vardır. Bura universitetin imkanlarını daha da genişləndirməklə
yanaşı, beynəlxalq rəqabətqabiliyyətliliyin təmin
olunması, innovativ layihələrin dəstəklənməsi
və keyfiyyətli kadr hazırılığı kimi məsələlərə
böyük təsir imkanları yaradacaq. 5
mərtəbəli Texnologiyalar Parkı universitetin 43
ixtisasının fəaliyyət sahəsinə daxil olacaq.
Layihəyə nəzər salırıq. Nano araşdırmalar,
biotexnologiyalar, prototip mərkəzləri,
proqramlaşdırma və avtomatlaşdırma, texnoservis,
innovasiya, layihələrin əlaqələndirilməsi,
informasiya texnologiyaları, süni intellekt elmi-tədqiqat mərkəzləri,
incəsənət, dizayn və memarlıq layihələri
xidməti, biznes inkubatoru, ideya bankı, energetika, startap mərkəzləri,
nəbatət bağı, kənd təsərrüfatı və
aqronomluq, coğrafiya, meliorasiya, arıçılıq sahələri,
biopark, texnopark binaları... Bəli, bunlar Naxçıvan
Dövlət Universitetində mövcud olacaq!
Qədim
alimlər yurdunda modern elmi yeniliklər
Universitet ərazisində hərbi geyimli gənclərlə
qarşılaşırıq. Məlum olur ki, onlar Tibb fakültəsində
ötən ildən fəaliyyətə başlayan “Hərbi həkim”
ixtisası üzrə təhsil alan tələbələrdir.
Tibb fakültəsində olarkən isə
maraqlı məqamla rastlaşırıq.
Əczaçılıq və biokimya laboratoriyalarında
müəllimlərlə yanaşı, tələbələr
də iş başında idi. Yeni dərman vasitələri
üzrə araşdırmalar aparılırdı. Məlum
oldu ki, fakültənin dekanı, dosent Elsevər Əsədovun
“Arı vərəmumu əsaslı oral və nazal sprey” layihəsi
artıq patent üçün Əqli Mülkiyyət üzrə
Dövlət Agentliyinə göndərilib və ilkin mərhələdən
keçib. Qeyd edək ki, bu dərman vasitəsi
universitetin müəllim və tələbələri ilə
yanaşı, artıq ətrafda da geniş populyarlıq
qazanıb və pandemiyanın fəsadlarından qorunmaq
üçün təsirli sprey kimi qəbul olunur.
Bəs NDU-da - bu gənclər şəhərində tələbələrin
dərsdənkənar asudə vaxtı necə keçir? Əvvəl
yataqxanadan başlayaq. Tam təminatlı,
müasir təchizatlı, yüksək təmirli, 2 korpuslu, ən
əsası, bəlkə də simvolik sayılan ödənişli
yataqxana 500-ə yaxın tələbənin isti
ocağına, evinə çevrilib. Yaxınlıqdakı
üç mərtəbəli Sosial Xidmət Mərkəzində
isə tələbənin cibinə uyğun kafelər, istirahət,
sərgi, mədəniyyət məkanları günboyu tələbələrin
istifadəsindədir. Universitetin öz xəstəxanası
da var. 3 mərtəbəli korpusda cərrahiyyə bloku,
reanimasiya palataları, elektrokardioqrafiya, ultrasəs, rentgen və
müayinə otaqları, klinik laboratoriya, aptek, 3 auditoriya,
oftalmoloji, stomatoloji kabinələr və digər lazımi
mükəmməl tibbi infrastruktur yaradılıb. Tələbə və müəlliflərin
ixtiyarında təmənnasız olan bu xəstəxana həm
də Tibb fakültəsinin təcrübə məkanıdır.
Tələbə
Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti,
Tələbə Turizm Assosiasiyası, Tələbə
İnformasiya Mərkəzi, tələbə teatr və opera
studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu
universitetdə tələbələrin yaradıcılıq
axtarışlarının, bilik və
bacarıqlarının, dünyagörüşlərinin, təşkilatçılıq
qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə, asudə
vaxtlarının səmərəli təşkilinə
geniş imkanlar yaradır. Universitetin gənc müəllimi
Əziz Qasımovun bu günlərdə gənclər siyasəti
və gənclərlə iş sahəsi üzrə fərqləndiyinə
görə Prezident mükafatına layiq görülməsi isə
həm də elə NDU-ya dövlət
başçısının növbəti etimadıdır. Qeyd edək ki, Universitetin Tələbə Gənclər
Təşkilatı da “İlin ən yaxşı Tələbə
Gənclər Təşkilatı” nominasiyası üzrə
mükafata layiq görülüb.
100 mindən artıq kitabxana fondu olan Naxçıvan
Dövlət Universitetində ən yüksək kampus simsiz
internet şəbəkəsindən istifadə olunur. Burada 3 internet
mərkəzi, Media mərkəzi, Universitet televiziyası,
radiosu, nəşriyyatı, “Elmi əsərlər” jurnalı,
“Yeni fikir” qəzeti və bir neçə muzey fəaliyyət
göstərir.
NDU müasir təhsil mərkəzi olmaqla yanaşı,
həm də mükəmməl elm məkanı kimi
formalaşır. Bu isə universitetin əsas fəaliyyət
göstəricilərindən, mühüm qiymətləndirmə
əmsallarından biri olmaqla yanaşı, daim “alimlər
yurdu” kimi səciyyələnən Naxçıvanın
nüfuzuna da böyük töhfədir.
Yeri gəlmişkən, bu ənənənin
yaşaması üçün Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi də
xüsusi səy göstərir. 20 il öncə
fəaliyyətə başlayan bölmədə 6 elmi tədqiqat
institutu birləşib. Burada çalışan 248 əməkdaş,
o cümlədən 93 elmi işçi sırasında iki
akademik, 4 müxbir üzvü, 5 elmlər doktoru, 50 fəlsəfə
doktoru var. İndiyədək dissertasiya şuralarında 17
elmlər, 98 fəlsəfə doktoru dissertasiyası müdafiə
olunub. Əməkdaşlarının 252 monoqrafiyası, 235
kitabı, çoxsaylı metodik və dərs vəsaiti, elmi
məqalələri, atlas və xəritələri çap
olunan bölmənin alimləri tərəfindən 2 cilddə
“Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələri
ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə
“Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”,
3 cilddə “Naxçıvanın folkloru antologiyası”, “Dədə
Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik
atlası, 2 cilddə Naxçıvan Muxtar
Respublikasının “Qırmızı kitabı”, 2 cilddə
“Naxçıvan coğrafiyası” və digər fundamental nəşrlər
işıq üzü görüb.
Prezident
qayğısının əməli nəticələri
Blokadanın məhrumiyyətləri altında fəaliyyət
göstərən 55 yaşlı universitetin hələ
çox kiçik qisminə toxunduğumuz genişmiqyaslı
nailiyyətləri ümumilikdə Naxçıvanda təhsilə,
elmə olan qayğının və himayənin təcəssümüdür. Naxçıvan
ənənələr diyarıdır, burada hər bir bucaqda
hansısa tarixi ənənənin nişanına rastlamaq, hər
bir evdə ənənələrin
yaşadıldığına şahid olmaq
mümkündür. Bu ənənələrin
ən mükəmməllərindən biri də elə qeyd
etdiyimiz təhsilə və elmə olan
bağlılıqdır.
Naxçıvanda ən ucqar yaşayış məntəqəsində,
ən hündur dağ kəndində belə iki-üç mərtəbəli,
tam isidilən, dərslikdən kompüterə, idman
zalından laboratoriyalara qədər müasir təhsil
üçün tələb olunan bütün vasitələrlə
təmin olunan orta məktəblər tikilib. Hələ kəndlərdə
üçmərtəbəli musiqi məktəblərini
görmək də böyük təəccüb yaradır.
Prezident
İlham Əliyevin Naxçıvanda açılış
lentini kəsdiyi onlarca orta məktəb necə modern və təminatlıdırsa,
dağ kəndlərindəki yüzlərlə digər məktəb
də onlardan əsla və əsla fərqlənmir!
Son
onilliklərdə muxtar respublikada 200-dən artıq məktəb
binası istifadəyə verilib, hamısı da ən
müasir səviyyədə! Muxtar
respublikanın ümumtəhsil məktəblərində
oxuyan 53 mindən çox şagirdin təhsili ilə 7257
müəllim məşğul olur. 5700-dən artıq
kompüter və 650-dən artıq elektron lövhə
quraşdırılan təhsil müəssisələrinin
hamısında sürətli internetə
çıxış var. 22 mindən çox şagird 103
ümumtəhsil məktəbində STEAM təhsilinə cəlb
olunub. İstedadı ilə fərqlənən şagirdlərin
adı gənc istedadların “Qızıl kitabı”na yazılır və onlar Ali Məclis Sədrinin
xüsusi aylıq təqaüdünü alırlar.
Bu yüksəksəviyyəli və təchizatlı məktəb
infrastrukturları Azərbaycan Prezidenti İlham Əliyevin
şəxsi nəzarəti, birbaşa himayəsi, göstərişi
əsasında inşa olunub, Ali Məclis Sədri Vasif Talıbovun
fədakarlığı, zəhməti ilə ərsəyə
gəlib. Amma
Azərbaycan reallığında bir həqiqət də var: əsas
məktəbin vizual göstəricisi deyil, mühüm olan
oradakı təhsilin keyfiyyətidir!
Düzgün
istiqamət, mükəmməl təcrübə və
vicdanlı müəllim hesabına çıraq
işığında oniliklər boyu əsl ziyalılar
yetişib, akademiklərin təhsil yolu uçuq məktəb
binalarından başlayıb! Təhsil -
sabahımızdır, təhsilin bugünkü durumu
sabahımızın necə olacağını elə indidən
müəyyənləşdirir! Təhsilin
keyfiyyət göstəricisi kimi yəqin, onlarca amil var. Bəs
biz nəyə, hansına istinad edək?
İndi əlacsız valideynlər, on minlərlə ailə
ümidi, yəni normal təhsili məktəbdə yox, ondan kənarda
axtarır.
Ən böyük gerçəklik isə “repetitor məktəbi”nin orta məktəbdən daha səmərəli,
daha əhəmiyyətli nəticə verən
olmasıdır! Naxçıvan timsalında isə
biz fərqli, ürəkaçan, təsəlli verən
nümunəni görürük. Təhsilin keyfiyyət
nəticələrini sadə insanlar birmənalı olaraq, ali məktəblərə qəbulun nəticə
statistikasında axtarır ki, bu göstəricidə də əsas
payı, əlbəttə, “repetitor məktəbi” tutur.
Naxçıvanda isə repetitorluq sadəcə yoxdur! Dil, sənət,
ilkin təlimləri öyrədən kurslar və təmənnasız,
yalnız öz 3-4 geri qalan şagirdinə gücləndirici əlavə
dərsdənkənar vaxt ayıran vicdanlı müəllimləri
kənara qoysaq, yalnız və yalnız məktəb var!
Təcrübə
və məsuliyyət - islahatların uğur rəhni
Ötən tədris ilinin qəbul statistikasının
monitorinqini Dövlət İmtahan Mərkəzi (DİM) hələ
ki, yekunlaşdırmayıb. Sadəcə o məlumdur ki, 2021-ci
ildə muxtar respublika məzunlarının ali
təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə
qəbul göstəricisi 73 faiz təşkil edib. 261 məzun
500-dən yuxarı bal toplayıb, 3-ü
Prezident təqaüdünə layiq görülüb.
Amma öncəki illərin rəqəmlərini DİM
elan edib. Kiçik araşdırma apardıq. Məsələn, 2020-ci ildə I mərhələ
üzrə buraxılış imtahanlarında bölgələr
üzrə ən yaxşı göstərici, yəni lider
mövqe Naxçıvan Muxtar Respublikasına - Ordubada məxsusdur.
II mərhələdə isə rayonlar üzrə təsnifatların
ilk onluğunda muxtar respublikanın 4 rayonu var! Hətta paytaxt
Bakının bura düşmədiyi, ilk yerində isə ən
məşhur dövlət və özəl liseylərin
toplusunun yerləşdiyi siyahıda ikinci yeri Ordubad, 5-ci yeri
Naxçıvan şəhəri, 7-ci yeri Kəngərli, 9-cu
yeri Şahbuz tutur. Yüksək bal toplayan
tələbələr siyahısında ilk beşlikdə isə
muxtar respublika 2 yaşayış məntəqəsi ilə təmsil
olunur: Naxçıvan şəhəri və Şahbuz. 2019-cu
ildə də abituriyentlərin qəbul göstəricilərinə
görə ilk 15-likdə muxtar respublika 4 yaşayış məntəqəsi
ilə təmsil olunub: Şahbuz, Kəngərli, Ordubad və
Naxçıvan şəhəri (paytaxt Bakıdan bir pillə
öndə).
Yaxud
ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə
2020-ci il qəbulunda qruplar üzrə orta bal göstəricilərində
də Naxçıvan Dövlət Universiteti öndədir.
II qrupda NDU görün kimləri üstələyir: BDU,
Dövlət Neft və Sənaye, Texniki, Memarlıq və
İnşaat, Pedaqoji, Dillər, Slavyan, Bakı mühəndislik,
Mədəniyyət və İncəsənət, Turizm və
Menecment və digər bütün bölgə universitetlərini...
III qrupda yenə də paytaxtın xeyli, bölgələrin isə
bütün ali məktəblərini gerirdə
qoyan Naxçıvan Dövlət Universiteti IV qrupda Tibb
Universitetindən sonra ikinci nəticə ilə 17 ali məktəbdən
öndədir. Ümumilikdə isə NDU qəbul balına
görə 42 ali məktəb arasında
12-ci mövqedə olub.
Unutmayaq,
Dövlət İmtahan Mərkəzinin real rəqəmləri,
hesabatı təhsilin keyfiyyəti barədə mülahizə
yürütməyə, rəy söyləməyə əsas
verən hələ ki, yeganə istinaddır və bunun
timsalında ölkə təhsilinin, o cümlədən
Naxçıvan təhsilinin vəziyyətini düzgün dəyərləndirə
bilərik. Ancaq bir məqam da var: “Ordubad, Şahbuz, Kəngərli
və digər rayon məktəbləri ölkə üzrə
öndədir” deyib, mövzunun üstündən sakitliklə
keçməyək. Blokadanın ağır və
çətin məhrumiyyətlərini, dağ kəndlərinin
spesifik problemlərini, təbiətin bu bölgə
üçün davamlı fəsadlarını və digər
onlarca obyektiv amili nəzərə alaraq, qazanılan nailiyyətə
qiymət verək.
Bu, qəhrəmanlıqdır,
səmimi vətənpərvərlikdir, əsl Azərbaycansevərlikdir,
sabahımıza ən dəyərli töhfədir!..
Naxçıvanda
Prezident İlham Əliyevin və Mehriban xanım
Əliyevanın təhsillə bağlı tələblərinin,
hədəflərinin, məqsədlərinin gerçəkləşməsinə
vicdanla, məsuliyyətlə yanaşırlar və bunu vətəndaşlıq
borcu kimi qəbul edirlər!
Buna
görə də Prezident İlham Əliyev
Naxçıvanı inkişafın bütün istiqamətləri
üzrə Azərbaycanın lider və rekordsmen bölgəsi
elan edib!
Təhsil səviyyəsini Azərbaycan miqyasında lider və rekordsmen mövqeyinə çıxardan Naxçıvanın indi Prezident İlham Əliyev qarşısında bir öhdəliyi də var: bu nailiyyətləri qlobal məkana keçirtmək. Bunu da bacaracaqlar!..
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.-2022.- 6 fevral.- S.1;4.