“Taclı virus”
və qlobal iqtisadiyyat
Reallıq və proqnozlar
nədən xəbər verir
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatla bağlı proqnozlarına dəyişikliklər etmişdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) yaydığı məlumatda belə deyilir: “Hesabatda gözlənildiyinin əksinə olaraq, 2022-ci ilə qlobal iqtisadiyyat daha zəif göstəricilərlə daxil olmuşdur. Yeni ştamların meydana gəlməsi ilə bir sıra ölkələrdə məhdudiyyətlərin tətbiqinin yenilənməsi bu prosesə öz mənfi təsirini göstərmişdir. Enerji qiymətlərinin artması və təklif kanallarındakı pozulmalar inflyasiya proseslərinin gözləniləndən daha yüksək olmasına səbəb olmuşdur”.
Beləliklə, BVF qlobal iqtisadiyyatın 2021-ci ilin 5,9 faizlik artımı ilə müqayisədə, 2022-ci ildə 4,4 faiz artım göstərəcəyi proqnozlaşdırılır, 2023-cü illə bağlı 3,8 faiz kimi qeyd olunmuşdur. Bu isə 2022-ci ildə daha çox vaksinasiya aparılacağına və xəstəliyin müalicəsinə olan ümid və gözləntilərə bağlıdır.
Lakin BVF-nin hesabatına rəğmən bu gün dünyada elə proseslər gedir ki, hadisələri və iqtisadi göstəriciləri stabillik illərində olduğu kimi öncədən dəqiqliklə müəyyənləşdirmək çətindir. O cümlədən peyvendlərin vurulmasında da artımı proqnozlaşdırmaq mümkün olsa da, onun nə dərəcədə reallıqlarla uzlaşacağı məlum deyil.
Belə ki, bir sıra Aİ ölkələrində bu il yanvarın 15-də pandemiya ilə mübarizə tədbirlərinə qarşı kütləvi etirazlar keçirilmişdir. Almaniya, Avstriya, Fransa və İtaliyada minlərlə insan bu ölkələrin hökumətlərinin koronavirusla mübarizə siyasətinə etiraz etmək üçün küçələrə çıxdılar. Düzdür, Avropada vaksinasiyadan imtina edənlərə qarşı da etiraz mitinqləri təşkil edilir.
Yanvarın 15-də Almaniyanın Münhen, Furth, Hannover, Osnabrück, Schwerin, Flensburg və ölkənin bəzi digər şəhərlərində də anti-COVID məhdudiyyətlərinə qarşı kütləvi nümayişlər keçirilmişdir. Düsseldorfda keçirilən etiraz aksiyalarında 7 minə yaxın, Frayburqda isə 6 minə yaxın insan iştirak etmişdir.
Hadisələrin hansı səmtə inkişaf etməsindən asılı olaraq BVF-nin qarşıdakı il üçün növbəti proqnozlarında da bu ildəki kimi müəyyən xətalara yol verilə biləcəyini ehtimal etmək olar.
Bütün sadalanan amillərdən başqa BVF qlobal miqyasda iki mühüm məsələnin narahatlıq döğurduğunu diqqətə çatdırır: birincisi, inkişafda olan ölkələrdən kapitalın qaçışı, ikincisi, qlobal geopolitik risklərin yüksək səviyyədə qalmaqda davam etməsidir.
İİTKM-nin departament rəhbəri Ayaz Müseyibov qeyd edir ki, BVF bütün bunları nəzərə alaraq ölkələrə inflyasiyanın cilovlanması üçün daha sərt monetar siyasətin yeridilməsi, limitlənmiş fiskal imkanların isə səhiyyə və sosial istiqamətə yönəldilməsini təklif edir. Qeyd edim ki, daha öncəki hesabatlarında bank sektoru üçün, xüsusilə də inkişafda olan ölkələrdə korporativ borclar, bank olmayan kredit təşkilatlarında həssas maliyyə vəziyyəti, maliyyə bazarlarına çıxış, gəlirliliyin azalması kimi çağırışlarla adekvat mübarizə aparmaq üçün BVF kifayət qədər aktuallıq kəsb edən makroprudensial siyasət çərçivəsinin formalaşdırılmasını tövsiyə edir”.
İİTKM-nin məlumatında göstərilir ki, eyni zamanda, vaksinləşmənin artırılması, qlobal əməkdaşlığın gücləndirilməsi kimi ənənəvi məqsədlər müsbət nəticələrə səmtləndirilə bilər.
Lakin problem ondadır ki, artıq yuxarıda qeyd etdiyimiz kimi, nədənsə inkişaf etmiş dövlətlərdə digərlərinə nisbətən vaksinləşmə bir sıra məqamlarda daha çox müqavimətlə qarşılanır. Bu barədə bütün Avropa dövlətlərinin KİV-də ətraflı məlumatları dərc edilir.
Bunu izləmək üçün, sadəcə, dünya mətbuatını vərəqləmək kifayətdir. Bu il yanvarın 15-də Avropa İttifaqının digər ölkələrində də anti-COVID məhdudiyyətlərinə, koronavirusa və məcburi peyvəndlərə qarşı kütləvi etiraz aksiyaları keçirilmişdır. Avstriyanın paytaxtı Vyanada Kurier qəzetinin məlumatına görə, 27 min narazı vətəndaş küçələrə çıxmışdır. Fransada “Radio Deutschlandfunk”a görə, yanvarın 15-də 50 min insan yeni “sağlamlıq pasportu”na və ya peyvənd pasportuna etiraz mitinqi təşkil etmişdir. Bundan əlavə, Romada böyük miqyaslı anti-COVID etirazları keçirilib. Onların iştirakçıları yaşı 50-dən yuxarı olan ölkə sakinləri üçün koronavirusa qarşı məcburi peyvəndin tətbiqinə və onun sahibinin COVID xəstəsi kimi bu xəstəliyə qarşı peyvənd olunduğunu və ya koronavirus testinin mənfi olduğunu təsdiqləyən “koronavirus pasportu”na qarşı çıxıblar.
Pandemiyanın fonunda təbii fəlakətlərin sürətlə artması da daha böyük narahatçılıqlar doğurur. Dənizlərin suyu azalır, göllər quruyur, çaylar və şəlalər sürətlə qeyb olur! Biz, ehtimal etmək olar ki, ümumbəşəri fəlakətlərin bir addımındayıq, ya artıq bütün qırmızı xətləri keçmişik. Faktiki olaraq iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi günün aktual məsələsinə çevrilir. Bu isə təsadüfi deyil, çünki iqlim dəyişikliyi ilə qlobal mübarizənin “iqlimin xilası” üçün deyil, məhz iqtisadiyyatların öz inkişafları naminə aparıldığını təsdiqləyir.
Hadisələrin bu halda necə inkişaf etdiyini demək çətindir. Bütün istiqamətlərdə COVID ssenariləri dövlətlərin proqnozları ilə nə qədər harmonik uzlaşacaqsa, perspektivlərə də bir o qədər asan köklənmək olacaq.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2022.- 6 fevral.- S.1;8.