Ermənistan ordusunda
ölüm kabusu
yaşanır
Ötən il
ölkənin 76 hərbçisi həlak olub
Ermənistanda getdikcə ağırlaşmaqda olan sosial-iqtisadi vəziyyət ölkədə hakimiyyətə qarşı etiraz dalğalarını da genişləndirir.
Bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük problemlər yaşanır. Bunu şərtləndirən əsas səbəblər ölkənin həm ağır iqtisadi durumu, üzləşdiyi maliyyə çətinlikləri, həm də hakimiyyətin orduya etinasız münasibətidir.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhd, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı artan xətt üzrə inkişaf edib. Bütün bunlar həm də orduda çoxsaylı itkilərin yaşanmasına gətirib çıxarır. Özü də bu itkilərin əksəriyyəti qeyri-döyüş şəraitində baş verir.
Orduda xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları müalicə etmək üçün nə maddi vəsait, nə də yer çatışır. Bu isə xəstəlikdən ölən erməni əsgərlərinin sayının durmadan artmasına səbəb olur. Qarşıdakı dövr ərzində Ermənistan ordusunda vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Çünki ordunun maddi təminatı üçün Ermənistan hakimiyyətinin bütün resursları tükənmiş durumdadır.
Belə vəziyyətdə orduda
fərarilik hallarının miqyasının daha
da genişlənəcəyi gözlənilir.
Yaranan
acınacaqlı vəziyyətdən qorxuya
düşən valideynlər indi müxtəlif
üsullarla övladlarını hərbi
xidmətdən yayındırmağa
çalışırlar. Ən geniş
yayılmış üsul isə erməni
gənclərinin hərbi çağırış
yaşına çatmağa az qalmış xarici
ölkələrdən birinə, əsasən də Rusiyaya göndərilməsidir. Bu da Ermənistan ordusunun insan resursu baxımından
ciddi problemlər yaşamasına təkan verib.
Göründüyü kimi, İkinci Qarabağ müharibəsində
ağır itkilərlə
üzləşmiş Ermənistan
ordusu hələ də normal fəaliyyətini
bərpa edə bilməyib. Son iki
ildə fərarilik edən, qeyri-döyüş
şəraitində ölən
hərbçilərin də
sayı artıb.
Bu cür faktları
erməni mediası ilə yanaşı, ictimai-siyasi fəallar da üzə çıxarırlar. Təkcə bir
məqamı xatırladaq
ki, ötən ilin yazında qeyri-döyüş şəraitində
xidmət aparan erməni hərbçini nə yaxınları, nə də Müdafiə Nazirliyi tapa bilir.
2021-ci il fevralın
8-də hərbi xidmətə
çağırıldıqdan sonra Basarkeçər rayonunun ərazisində xidmət aparan Koxb sakini 18 yaşlı Norik Mkrtçyan mayın 14-nə
kimi orduda olub. Əsgər gözlənilmədən naməlum şəkildə
itib. Hadisədən
bir il
ötməsinə baxmayaraq,
hərbçinin anası
hələ də oğlu haqqında heç bir məlumat əldə edə bilmir. Maraqlısı isə budur
ki, əsgərin qeybə çəkilməsini
məhz sadə vətəndaşlar üzə
çıxarıblar. Mkrtçyanın itkin düşməsi
barədə informasiyanı
ötən ilin mayında Tavuş bölgəsinin Koxb icmasının rəhbəri
Arsen Aqababyan mətbuata ötürmüşdü.
“XQA Vanadzor” isə rəsmi mənbələr, eləcə də mətbuatın sorğularına cavab olaraq yayılan informasiyalara əsaslanaraq ötən il Ermənistanda və sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycanın Qarabağ ərazisində ölən hərbçilərlə bağlı maraqlı faktlar yayıb. Qeyd edilir ki, 2021-ci ildə Ermənistan silahlı qüvvələrində və Qarabağda 76 hərbçi həlak olub. Bu 76 ölümün müxtəlif səbəbləri var. 19 fakt “atəşkəs rejimi”nin pozulması, 17 ölüm faktı sağlamlıq problemləri ilə əlaqələndirilir. 15 hərbçi isə avtomobil qəzaları nəticəsində həlak olub.
Ordudakı xaosu əks etdirən hesabatda 11 qətl işi də əks olunub. Onlardan 3-ü 2 və ya daha çox şəxsi öldürmə, 4-ü hərbi xidmət qaydalarının pozulması, 2-si silahdan düzgün istifadə edilməməsi, 1-i təhlükəli hava şəraitində adam öldürmə, 1 fakt isə qəsdən qətl törətmək ilə bağlıdır. Bundan başqa, 9 hal intihar etmək, 5 təbii qəza - 1 ölüm qar uçqunu, 1-i isə ildırım vurması ilə əlaqələndirilir. Həmçinin bura 1 avtomobil qəzası, 1 ağac uçması və 1 qəfil ölüm halı da aiddir. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə hərbi əməliyyatlarla birbaşa əlaqəsi olmayan 100 hərbçi ölümü qeydə alınıb. Qeyd edək ki, hadisələrin əksəriyyəti, 75 faizi qeyri-döyüş şəraitində baş verib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hərb sistemində ciddi xaos yaşanır. Hətta İrəvan son bir ildə bir neçə dəfə müdafiə nazirini dəyişməklə ordudakı qarışıq vəziyyəti, böhranı düzəldə bilmir. Ölkədə hələ də fərarilərin çox olması səbəbindən hərbi amnistiya elan edilmir.
Valideynlərin dəfələrlə keçirdikləri etiraz aksiyalarında hökumətə övladlarının taleyi ilə bağlı çağırışlarına baxmayaraq, Paşinyan iqamətgahının divarları arxasında gizlənərək iştirakçıların qarşısına çıxmağa cəsarət etməyib. Bu səbəbdən erməni əhalisi arasında ona və ordu rəhbərliyinə inam tamamilə itib.
Elçin CƏFƏROV,
Azərbaycan.-2022.- 6 fevral.- S.1;8.