Azərbaycanla Çin
arasında siyasi, iqtisadi,
humanitar və digər sahələrdə
uğurlu əməkdaşlıq
münasibətləri ətrafında fikir
mübadiləsi aparılıb
“Pekin
2022” Qış Olimpiya Oyunlarının açılış
mərasimində iştirak etmək məqsədilə
Çində işgüzar səfərdə olan Azərbaycan
Respublikasının Baş nazirinin müavini Əli Əhmədov
fevralın 5-də Çin Kommunist Partiyasının Mərkəzi
Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri,
nazir Sun Tao ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Pekin şəhərində keçirilən 24-cü Qış Olimpiya Oyunlarının açılış mərasiminin müvəffəqiyyətlə təşkil olunduğunu qeyd edən Əli Əhmədov Oyunlara uğurlar arzulayıb. “Pekin 2022” Qış Olimpiya Oyunlarının başlamasının Çin Yeni ili ilə eyni vaxta təsadüf etməsi ilə əlaqədar Əli Əhmədov həmsöhbətini, həmçinin bu bayram münasibətilə təbrik edib. O, açılış mərasimində ölkəmizin yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycanın Çinlə dostluq və əməkdaşlıq əlaqələrinə verdiyi önəm, eləcə də Olimpiya hərəkatına göstərdiyi dəstək kimi qiymətləndirib.
Sonra Azərbaycanla Çin arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə formalaşmış uğurlu əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrimizin bütün sahələrdə inkişafı üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətinə diqqət yönəldilib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında təşəkkül tapmış yüksəksəviyyəli əməkdaşlıq və fəal dialoqun ölkələrimiz arasında münasibətlərin inkişafında oynadığı rolun əhəmiyyəti qeyd olunaraq, partiyalararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə görülən işlərin yüksələn xətt üzrə davam etməsi, o cümlədən pandemiyadan sonrakı dövrdə hər iki partiyanın funksionerlərindən və gənclərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili istiqamətində addımların atılması razılaşdırılıb.
Görüş çərçivəsində, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib və Çin şirkətləri bu prosesdə daha yaxından iştiraka dəvət edilib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq
Respublikasının Sədri Si Cinpini ölkəmizə rəsmi
səfərə dəvət etdiyi bir daha məmnuniyyətlə
xatırladılıb, bu səfərin pandemiyadan sonrakı
dövrdə reallaşdırılacağına dair ümid
ifadə edilib.
Azərbaycan.-2022.- 6 fevral.- S.2.