Cənub Qaz
Dəhlizi Qərbi Balkan regionunda
yerləşən bütün dövlətlər
üçün çox
əhəmiyyətli layihədir
İlk növbədə, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısının yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Tədbir çərçivəsində bir çox məhsuldar müzakirələrimiz oldu. Cənub Qaz Dəhlizi Qərbi Balkan regionunda yerləşən bütün dövlətlər, o cümlədən Monteneqro üçün çox əhəmiyyətli layihədir. Bizim çox böyük enerji potensialımız var. Ölkəmizin zəngin enerji potensialı mövcuddur və müzakirələr zamanı biz qarşıdakı illərdə yeni bərpaolunan enerji mənbələrinin yaradılması məsələlərinə toxunduq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Monteneqronun Kapital İnvestisiyaları Nazirliyinin dövlət katibi Marko Perunoviç deyib.
Nazir bildirib ki, digər Avropa ölkələri kimi Monteneqro da “yaşıl enerji”yə keçidə yönəlib və yaxın gələcəkdə bərpaolunan enerji layihələri həyata keçirməyə hazırlaşır. Lakin sabit enerji sisteminə olan ehtiyacı qarşılamaq üçün ölkənin təbii qaza əsaslanan yeni enerji layihələrinə ehtiyacı var.
“Hələlik Monteneqronun təbii qaza çıxışı yoxdur. Lakin ümid edirik ki, bu, tezliklə mümkün olacaq. Ölkədə təbii qaz tədarükünün həyata keçirilməsinin əsas yollarından biri davamlı enerji istehsalı istiqamətində yeni layihə hazırlamaqdır. Bunun üçün isə Cənub Qaz Dəhlizinin davamı olacaq İon-Adriatik boru kəmərinə ehtiyacımız var.
Monteneqro regiondan olan tərəfdaşlarla bu istiqamətdə danışıqlar
aparır. Ümid edirik ki, hər
hansı razılaşma
əldə edilərsə,
o zaman biz Avropadan olan tərəfdaşlarımızdan,
o cümlədən TAP və
Cənub Qaz Dəhlizinin iştirakçısı
olan ölkələrdən
də dəstək
ala bilərik. Biz inanırıq
ki, tezliklə həmin layihəni uğurla həyata keçirəcəyik və
davamlı enerji istehsalını təmin etmiş olacağıq”, -
deyə Marko Perunoviç
vurğulayıb.
Azərbaycan.-2022.- 6 fevral.- S.3.