“Gənclər paytaxtı”nın seçilməsi ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

 

 

Tovuz şəhərinin 2022-ci ilin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra Mədəniyyət evində istedadlı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Nizami” adına Mədəniyyət evində davam etdirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərinin “Gənclər paytaxtı” elan edilməsi ilə əlaqədar bütün tovuzluları təbrik etmiş, rayon gənclərinə göstərilən etimadı doğrultmaq üçün  qarşıda duran vəzifələrdən danışmışdır. Diqqətə çatdırmışdır ki, Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuşdur: “Bu, dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə mübariz, vətənpərvər, intellektual bacarığı ilə seçilən yeni nəsil yetişmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına sanballı təkan vermişdir.  Gənc nəslin vətənpərvər ruhda yetişməsinin nəticəsidir ki, Azərbaycan gəncləri Vətən müharibəsi zamanı böyük Qələbəyə imza ataraq 30 il işğal altında qalan torpaqlarımızı düşməndən azad etmişlər”.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevlə başlayan və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətindən danışmış, bu sahədə ölkədə əldə olunan uğurlardan bəhs etmişlər.

Sonra rayonun sosial-mədəni həyatında fərqlənən gənclərə Tovuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Tədbir geniş konsert proqramı ilə davam etmişdir.

 

 

Azərbaycan.-2022.- 6 fevral.- S.5.