Kamilin qaboyunda dil açan musiqi könülləri ovsunlayır

 

 

Musiqi alətdə, nəğmə dildə ifa edilir. Bəzi ifaçılar haqqında söz düşəndə deyirlər ki, “musiqi onun barmaqlarında dil açmışdı”. Ona görə ifa etdiyi musiqi aləti ilə xalqın yaddaşına yazılan sənətkarlarımız barmaqla sayılacaq qədər olsalar da, şöhrətləri dildə-ağızda, el-obada,  mahaldan-mahala dolaşmaqda, dünya xalqlarının da diqqətini cəlb etməkdədirlər. Belələrindən biri məşhur qaboy ifaçısı Kamil Cəlilovdur. O, dinləyicilərini daim kövrək hisslərə kökləyir, düşündürür, musiqinin dili ilə qəlblərin ağrı-acısını ifadə edir.

Qəribədir ki, onun ifalarını radio dalğalarından, televiziya  kanallarından dinləyirik təəssüf ki, ancaq matəm günlərində. Səbəbini özü çox sadə bir şəkildə dilə gətirir: “Neçə il əvvəl Xalq yazıçısı Anar bir verilişdə musiqi ilə bağlı söhbətində demişdi: “...ney ağlayır, hönkürür, sızıldayır, özünü, necə deyərlər, şəhid eləyir, amma onun səsini eşitmirlər. Lakin bir dumbul ortalığa düşür, hay-həşir salır, onun səsini tez eşidirlər”.

Daha ağrılı bir məqam: ustad ancaq qəmli mahnılar ifa etməsi barədə yayılan söz-söhbətlərdən üzülür: “Bəziləri elə bilirlər ki, ancaq matəm mərasimlərində çıxış edə bilərəm. Mənim çox zəngin repertuarım var: “Azərbaycan təranələri”ndən tutmuş, bəstəkarlarımızın mahnılarınadək...”

Maestro Niyazi onun sənətkarlığına yüksək qiymət verib: “Kamil o qədər sadədir ki, özü bilmir onda necə böyüklük var. Bəlkə elə bu böyüklükdən xəbərsiz olduğuna görə Kamil sənət zirvəsinə yüksələ bilib”.

1990-cı ilin qanlı Yanvarında Kamilin qaboyu da matəm libası geyindi. Qaboy xalqımızın dərdini, kədərini, azadlıq aşiqlərinin nakam ömürlərinin, tanklar altında qalıb qaralan işıqlı arzu istəklərinin, söndürülmüş tale ulduzlarının fəryadını  dilə gətirdi.   

Kamil Cəlilov  həm böyük sənət ustadı, həm geniş qəlbə malik, həssas ürək sahibidir. O, yanğılı nəğmələrin ifaçısı kimi sevilir. Məhz buna görədir ki, nəfəsindən qopan hər melodiya bizi ovsunlayır...

Muğam segahın özünəməxsuz ifaçısı kimi yaddaşlara yazılan unudulmaz Rübabə Muradova  Kamil Cəlilova belə vəsiyyət etmişdi: “Mən öləndə tabutum önündə birsegahçal. Bil ki, onda sən məni behiştə yola salmış olarsan”.

O, sənət dostunun vəsiyyətinə ürəkağrısı ilə əməl etmişdi: Rübabə xanımın ölümünün qaboyu necə ağlatdığının şahidi olanlar  həmin matəm musiqisinin təsirindən uzun müddət çıxa bilmədilər.

Balaban ilə çaldığı melodiya “Voyager qızıl plastinkası”na daxil  edilən, “Şöhrətordenli Kamil Cəlilov illərdir qaboyda ifa etdiyi muğamla bizi dünənimizə aparır. Onun ifasında ahəngində biz “Zəminxarə”, “Rahab”, “Zabul”, “Şur”, “Çahargah”, “Kəsmə-şikəstə”... kimi əbədiyaşar muğamlarımızı dinləyirik. Yarım əsrə yaxın müddətdə cəmi 3 qaboy dəyişib. Sonuncu qəlb həmdəmi ilə sirdaşlığı 30 ildən çoxdur. Qaboyu simfonik orkestrdən qoparıb xalq çalğı alətlərinin sırasına qoşub.

Dərdlərini ifasında anlatmağa çalışan Kamil Cəlilovun söhbətlərini dinləyəndə sanki qaboya qulaq kəsilirsən. Uşaqlığından ağrı-acılı bir ömür yolu keçib. Sonra da deyirlər ki, “niyə belə yanğılı dili, nəfəsi var”.

Kamil Cəlil oğlu  Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Atası Cəlil Böyük Vətən müharibəsindən iki ayağı şikəst qayıtdıqdan sonra Kamil cavan bacı da itirib. Onun ölümünü heç unuda bilmir: “Can verəndə yaş yarımlıq körpəsini ona göstərdilər. Gözlərindən iki gilə yaş gəldi dərindən nəfəs alıb canını tapşırdı. Anamı da tez itirdim. Ona görə həmişə dərdimi qaboyla bölüşürdüm.  Bacım xəstə olanda anam deyirdi ki, o, müvəqqəti qonaqdır. Sonra bildim ki, öləcək. Evimizin zirzəmisinə girib o qədər ağlayırdım ki... Sonralar da xalqımızın başına gələn faciələr məni daha da tərpətdi...” Sonra əlavə edir: “Azərbaycan təranələrimənə yuxuda gəlib, sonra durub gecə ilə onu maqnitofona hissə-hissə yazmışam. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Cəlilov, “Azərbaycan təranələri”ni dinləyəndə elə bil Azərbaycanın xəritəsini görürəm. Meşələrini, dağlarını, bulaqlarını, bir sözlə, mənzərəsini görürəm”. Bir dəfə mənə danışdılar ki, Ulu Öndər Heydər Əliyev Ağsu aşırımından keçirmiş, radioda elan ediblər ki, Kamil CəlilovAzərbaycan təranələri”ni çalır. Maşınları saxlatdırıb ki, yerinə düşdü, bu mənzərədə Kamilə qulaq asmasaq, olmaz. Sonra Gülarə xanımdan mənim ifalarımın səsyazmasını istəmişdi. Səfərlərə gedəndə qulaq asırmış. Ümummilli Lider elə bir şəxsiyyət idi ki, yaxşı heç vaxt onun nəzərindən qaçmazdı”.

Prezident təqaüdçüsü 40 ilə yaxındır ki, el şənliklərində ifa etməyə getmir. 20 Yanvarda, Xocalı  faciəsinin ildönümlərində radiolarda, telekanallarda, Şəhidlər xiyabanında ifaları səslənir. Zəmin-xarə”sinə qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapır.

 

 

 

O, sənətinin fanatıdır

 

 

Kamil Cəlilov orta məktəbdə müxtəlif tədbirlərdə qarmon nağara çalıb, şənlikləri yola verib. Sonra Asəf Zeynallı adına musiqi məktəbini  Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağara, sonra qarmon ifaçısı olub: “Konservatoriyada oxuyanda bizə dərs proqramına uyğun olaraq, qaboyda klassik bəstəkarların əsərlərini çalmağı öyrədirdilər. Amma mən hər dəfə qaboyu əlimə alanda ürəyimdən muğamlarımızı çalmaq keçirdi. Buna görə boş vaxtlarımda sinfə tək girib, qaboyda  muğam çalmağa çalışırdım. Doqquz-on muğamı ifa eləmişəm.Segah”, “Zəmin-xarə”, “Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, Humayun ritmik muğamlardanQarabağ şikəstəsi”ni çalmışam. Çoxlu sayda xalq bəstəkar mahnılarını da buraya əlavə etsək, görün qədər olur. Hamısı da televiziya radionun arxivində lentlərdə saxlanılır.

 Bir dəfə “Dan ulduzuilə İtaliyaya qastrola getmişdik. Konsertlərimiz çox maraqla qarşılanırdı. Mən də arabir qaboyla mahnıya uyğun solo çalırdım. Konsertlərin birində Gülarə xanım dedi ki, Kamil, axırda çıxıb bir muğam çalarsan, qoy bizim musiqinin gözəlliyini eşitsinlər. Mən isə dedim ki, bunlar muğamatı nə başa düşəcəklər? Ancaq Gülarə xanımın israrından sonra sözünə əməl etdim. Əvvəlcə “Küçələrə su səpmişəm” xalq mahnısını çaldım, keçdim “Bayatı-Şiraz”a, dalınca da “Bayatı-İsfahan”ı ifa etdim. Zəngulələri eləyəndə zaldan bir alqışlar qopdu ki, məəttəl qaldım. Sən demə, dinləyicilər arasında çoxlu türklər, cənublu soydaşlarımız varmış. Alqışlar bitəndən sonra səhnəyə bir kişi qalxdı. Yanıma gəlib dedi ki, mən neçə illərdi konservatoriyada qaboy ifaçılığına aid dərs deyirəm, ancaq heç vaxt  belə səslər eşitməmişəm, siz buna necə nail olmusunuz? Bunun notu var sizdə? Sonra o, mənim qaboyumu alıb diqqətlə baxdı. Dedim ki, notu yoxdur, bu, bizim milli muğamlarımızın improvizasiyasıdı, ürəyimdən gələn səslərdi...

“Azərbaycan təranələri”ni, “Naxçıvan təranələri”ni mən yazmışam. Bu çalğıların hamısı mənə elə bil yuxuda verilib. Bu əsərlər rəhmətlik Ulu Öndərimiz Heydər Əliyevin də çox xoşuna gəlirdi.

 

 

Sazın Ədaləti, kamanın Habili, qaboyun Kamili...

 

 

Bu sıranı genişləndirmək də olardı. Lakin adlarını böyük ehtiramla çəkdiyimiz bu korifeylərimizin daim xüsusi təqdim edilmələri əsl sənətə və sənətkara xalq sevgisinin ifadəsidir.

Hər birinin yaradıcılığı haqqında kifayət qədər söz də açılıb. Xalq artisti, Prezident təqaüdçüsü Kamil Cəlilov da öz sənəti ilə adını musiqi tarixinə yazdırmış ifaçılardandır. O Kamil ki, Şərq xalqlarına məxsus, almanların musiqi aləti kimi tanıdılan qaboyu bizimkiləşdirmişdi. O, sevincli günlərimizdə qaboyu ilə bizi sevindirib, kədərli anlarımızda  isə yalnız gözlərimizi deyil, ürəklərimizi də ağladıb...

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2022.- 6 fevral.- S.6.